Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İR Əhli-beytdən (ə) ilhamlanaraq imperailizm əjdəhasını geri oturtdu

İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin üzvləri və bu cəmiyyətin yeddinci konqresinin qonaq iştirakçıları ilə görüşdə Əhli-beytin (ə) İslam dünyasındakı əzəmət və sevgisinin misilsiz olduğunu dedi: “İslam Respublikası Əhli-beytin (ə) imperializmə qarşı qaldırılmış bayrağı kimi İslam dünyasında heç bir məzhəbi, milli, irqi və həqiqi ayırıcı xətt olmadığına, yeganə həqiqi və böyük sərhədin İslam dünyası ilə küfr cəbhəsi və beynəlxalq imperializm arasındakı sərhəd olduğu inancındadır”.

Həzrət Ayətullah Xamenei Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinə Əhli-beytin İslam dünyasındakı əzəmət və sevgisindən faydalanmağı şiddətlə tövsiyə etdi: “Cəmiyyət bütün müsəlmanların və Əhli-beyt (ə) maarifinə vurğun canların ilham mənbəyi və bazası olmalı, Əhli-beytə (ə) yaraşan şəkildə davranmalıdır”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Əhli-beyt (ə) maarifi ayrı-ayrı fərdlərin və insan cəmiyyətlərinin bütün ehtiyaclarının tam antalogiyasıdır: “Müasir İslam cəmiyyətlərinin Əhli-beyt (ə) maarifinin bütün yönlərinə ciddi ehtiyacı vardır. Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyəti dəqiq və düzgün proqram işləyib hazırlamqla, habelə effektiv vasitələr və rasional metodlardan istifadə etməklə bu ağır vəzifəni yerinə yetirməlidir”.

O, İslam Respublikasının imperializmə qarşı qaldırılmış bir bayraq olduğuna işarə edərək dedi: “Əhli-beyt (ə) ardıcılları və dünya şiələri İslam dövlətinin öz sinəsini imperializmin yeddi başlı əjdəhasına qarşı sipər etməsi və imperialistlərin öz etiraflarına əsasən, onların çoxlu planlarını məhv etməsi ilə fəxr edirlər”.

İnqilabın Rəhbəri bildirdi ki, İslam Respublikasının dayanaqlığının sirri Əhli-beytdən (ə) ilhamlanmaqdadır: “O parlaq ulduzlar öz nəzəri maarifləri və əməli davranışları ilə bizə Quranı düşünüb ona əməl etməklə əziz İslam yolunu necə qət etməyi öyrətdilər”.

Həzrət Ayətullah Xamenei İslam Respublikasının bayrağının ədalət və mənəviyyat bayrağı olduğunu dedi: “Bütün inancları və əməlləri maddiyat, pul və zorakılığa əsaslanan imperializm dünyasının bu bayrağa qarşı çıxıb onunla düşmənçilik etməsi təbii və gün kimi aydın bir məsələdir”.

O, ABŞ-ın imperializm cəbhəsinin başında dayandığını dedi: “Böyük İmam Qurandan ilhamlanaraq hər kəsə İslam cəmiyyətləri arasındakı qeyri-həqiqi sərhədləri bir kənara qoymağı, yalnız bir sərhədi, yəni İslam dünyası ilə küfr və imperializm arasındakı sərhədi qəbul etməyi öyrətdi”.

Həzrət Ayətullah Xamenei dedi: “Məhz bu dərin inanc əsasında Fələstinə dəstək elə ilk günlərdən İslam İnqilabının gündəliyinə daxil edildi, İmam bütün varlığı ilə Fələstin məsələsi üzərində israrla dayandı”.

O qeyd etdi ki, bütün müsəlman xalqları ilə İran xalqı arasında mövcud olan isti münasibətin səbəbi İran xalqının İmamın strategiyasına bağlı olması, yəni İslam dünyasındakı məzhəb, firqə və irqi sərhədlərə yox deməsdir: “Bu əsasla biz həmişə bütün İslam ölkələrini şiə və sünni, ərəb və əcəm kimi məsələlərə və digər ayrıseçkiliklərə etina etməməyə, əsas və prinsiplərə əməl etməyə çağırırıq”.

İnqilabın Rəhbəri digər xalqların hegemoniyaya qarşı müqavimətə təşviq edilməsinin imperializmi qəzəbləndirən və düşmənçilik etməsinə səbəb olan amillərdən olduğunu dedi: “ABŞ-ın ayrı-ayrı ölkələrdə, bir nümunəsi də İŞİD olan cinayətkar planlarının məhv edilməsi kütləvi şəkildə İranafobiya və şiəfobiya təbliğatlarının aparılmasına, İranın digər ölkələrə müdaxilədə ittiham edilməsinə səbəb olmuşdur”.

O vurğuladı ki, İslam Respublikası başqa ölkələrə müdaxilə etmir; imperialistlərin ittihamları İslam dövlətinin çox böyük nailiyyətlərinin qarşısını ala bilməməklərindən və acizliklərindən qaynaqlanır: “Hər kəs imperializm siyasətlərinə qarşı ayıq olmalı və onlarla yoldaşlıq etməməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, imperializmin indiki siyasəti İslam dünyasında mövcud olan qeyri-həqiqi fərqlilikləri və sərhədləri daha qabarıq göstərməkdir: “Bəzi ölkələrdə göründüyü kimi, şiə ilə sünni, ərəblə əcəm, şiə ilə şiə, sünni ilə sünni müharibəsi planını çəkmək və buna təhrik etmək böyük şeytanın, yəni ABŞ-ın siyasətidir. Buna qarşı ayıq olmaq lazımdır”.

O qeyd etdi ki, Əhli-beyt (ə) ardıcılları uyğunlaşma və uzlaşmanın bayraqdarı olmalıdırlar: “İlk gündən dediyim kimi, Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin təşkil edilməsi qeyri-şiə olanlarla mübarizə və düşmənçilik demək deyil. İlk gündən doğru yolda hərəkət edən qeyri-şiə qardaşlarla yoldaşlıq etmişik”.

İnqilabın Rəhbəri “İslam dünyasının düşmənlərin düşmənçiliklərinə qarşı mübarizə aparmaq gücü varmı?” sualına belə cavab verdi: “Yumşaq və sərt proqram imkanlarına əsasən, imperializmi durdurmaq və geri oturtmaq imkanı mütləq var”.

O, İslam həqiqətləri və maarifi, Allaha təvəkkül, tarixə ümidvar baxış və məhdəviyyət məsələsinin İslam dünyasının yumşaq proqramları olduğunu dedi. Sonra Qərbin və demokrat liberalizm sisteminin intellektual çıxılmazlığı məsələsinə toxunaraq əlavə etdi: “Sərt sistemə gəlincə, imperialistlər istismar, İslam dünyasının mənbələrindən istifadə və müxtəlif hiylələr vasitəsilə gücləniblər. Amma inkişaf etmək üçün İslam dünyasının çox böyük təbii imkanları var. Onlardan biri hesab edilən neft və qazın əhəmiyyəti bu gün hər kəsə bəllidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, imkan və potensialların çiçəklənməsi möhkəm iradə, düşməni tanımaq, böyük İmamın verdiyi istiqamətləndirmə və tənbəlliyin bir kənara qoyulması ilə şərtlənir: “Bu gün İslam Respublikası canlı bir nümunə və həqiqət kimi düşmənçiliklər və hücumlar qarşısında tab gətirə, yeni əkilmiş fidanı iri gövdəli bir ağaca çevirə bilmişdir. Nümunə deyilərkən siyasi strukturdan nümunə götürmək yox, böyük İmamın üsul və prinsiplərinə əsaslanmaq nəzərdə tutulur”.

O, çıxışının sonunda dedi: “İslam dünyasının gələcəyi parlaq bir gələcəkdir. Şiə camiəsi onda böyük bir rol ifa edə bilər”.

Görüşün əvvəlində çıxış edən Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin baş katibi Höccətül-İslam vəl-müslimin Rəməzani bu cəmiyyətin 117 ölkənin təmsilçiliyi və “Əhli-beyt (ə) rasionallıq, ədalət və əzəmətin mehvəridir” şüarı ilə təşkil edilmiş yeddinci assambleyası ilə bağlı məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /