Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sübut etdiniz ki, müqavimətin hər bir sahəsi düşmənin burnunu yerə sürtə bilər

Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ziyad ən-Nəxalənin məktubuna göndərdiyi cavabında İslami Cihadın şücaətli müqavimətinin bu hərəkatın müqavimət sahəsindəki mövqeyinin daha da yüksəlməsinə, sionist rejiminin hiyləsinin puça çıxmasına və onun burnunun yerə sürtülməsinə səbəb oduğunu yazmışdır. O, bütün fələstinli qrupların vəhdətinin qorunmasının zəruriliyini vurğulayaraq belə qeyd etmişdir: “Qəsbkar düşmən zəifləməkdə, Fələstinin müqaviməti güclənməkdədir”.

İslam İnqilabının Rəhbərinin cavab məktubunun tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Mücahid qardaşım cənab Ziyad ən-Nəxaləyə (uğurları davamlı olsun)

Salam aleykum

Zati-alinizin müjdə verən qətiyyətli məktubunu aldım. Allah sizə gözəl mükafat versin, başıuca və məzlum Fələstin xalqının son qələbəsini daha da yaxın etsin.

Son hadisə İslami Cihad Hərəkatının fəxrlərini ikiqat artırdı, İslami Cihadın Fələstin xalqının əzəmətli müqavimət hərəkatındakı mövqeyini yüksəltdi. Siz öz şücaətli müqavimətinizlə qəsbkar rejimin hiyləgər siyasətini puça çıxardınız. Siz sübut etdiniz ki, müqavimət birliyinin hər bir hissəsi təklikdə düşmənin burnunu yerə sürtə bilər. Siz Qəzza ilə Qərb sahilində aparılan mübarizələri birləşdirməklə və digər müqavimət qüvvələri cihad hərəkatını dəstəkləməklə Fələstin xalqının cihadının vəhdət halında olduğunu xəbis və hiyləgər düşmənə göstərə bildiniz. Fələstinli qrupların Fələstin torpaqlarındakı bütün səyləri bu vəhdəti qorumağa köklənməlidir. Qəsbkar düşmən zəifləməkdə, Fələstinin müqaviməti güclənməkdədir. Güc və qüvvət yalnız Allahın əlindədir. Biz sizin yanınızdayıq. Salam aleykum, əhdlər toxunulmazdır.

Seyid Əli Xamenei
20 mordad 1401

Ziyad Nəxalə fələstinli mücahidlərin, xüsusilə İslami Cihad Hərəkatının və Səraya əl-Qüds Hərbi Briqadasının bütün Fələstin torpaqlarında, xüsusilə Qəzza və Qərb sahilindəki fəaliyyətlərinə işarə edərək yazmışdı: “Elə bir gün yoxdur ki, müqavimət batalyonlarının Qərb sahilində sionist rejimlə toqquşmaları olmasın”.

İslami Cihad Hərəkatının baş katibi Qəzzadakı vəziyyətlə bağlı məlumat verərkən bu regionun işğalçı rejim qarşısındakı qüdrətli müqavimətini və son üç günlük toqquşmalarını vurğulamışdır: “Biz bu toqquşmaları “Vəhdətus-sahat” (meydanların birliyi) adlandırırıq. Bununla bütün gücü və planları ilə xalqımızın vəhdətini yox etməyə çalışan düşmən qarşısındakı milli vəhdətimizi göstəririk”.

Ziyad Nəxalə vurğulamışdı ki, bu döyüşdə Fələstinin işğal altında olan bütün əraziləri İslami Cihadın müqavimət raketlərinin zərbələri altında olmuşdur: “Bu döyüş sionist rejiminin hesablamalarını alt-üst etdi. Nəticədə onlar üç gün içərisində atəşkəs elan etmək və müqavimətin şərtlərini qəbul etmək məcburiyyətində qaldılar”.

İslami Cihad Hərəkatının baş katibi bildirmişdi ki, düşmənin müqavimət qüvvələri arasına təfriqə salmaq planı var: “Onlar elan etmişdilər ki, məqsədləri təkcə İslami Cihad Hərəkatı ilə döyüşməkdir. Amma İslami Cihad Hərəkatı öz şücaətli və qüdrətli mübarizəsi ilə regiondakı və dünyadakı bütün qüvvələri heyrətləndirərək onların dəstəyini ala bilmiş, Fəlsətin xalqı, başda HƏMAS hərəkatı olmaqla bütün müqavimət təşkilatları tərəfindən himayə edilmişdir”.

İslami Cihad Hərəkatının baş katibi müqavimətin bu nailiyyətini Fələstin xalqının gələcəkdə əldə edəcəyi daha böyük qələbələrin müqəddiməsi olduğunu yazmış, cənab Seyid Həsən Nəsrullahın rəhbərlik etdiyi Hizbullah Hərəkatına, habelə İranın bütün cəhətlərdən verdiyi dəstəyə görə İslam İnqilabının Rəhbərinə təşəkkür edərək yazmışdır: “Əgər sizin bu davamlı və daimi dəstəkləriniz və dayanıqlığınız olmasaydı, bu və keçmişdəki qələbələr əldə edilməzdi”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /