Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikalılar Suriyada Fərat çayının şərq ərazilərindən çıxarılmalıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra Rusiyanın prezidenti cənab Vladimir Putin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında əldə edilmiş anlaşmalar və bağlanmış müqavilələrin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq Qərbin hiyləgər siyasətlərinə qarşı ayıq olmağın vacibliyini dedi: “İran və Rusiyanın uzunmüddətli əməkdaşlıqları hər iki dövlətin dərindən xeyrinədir”.

Həzrət Ayətullah Xamenei bu görüşdə vurğuladı ki, qlobal hadisələr İran və Rusiyanın qarşılıqlı və daha sıx əməkdaşlığa ehtiyacı olduğunu göstərdi: “İki dövlət arasında əldə edilmiş müxtəlif razılaşmalar və imzalanmış müqavilələr, o cümlədən neft və qaz sahəsində bağlanmış müqavilələr sona qədər izlənərək gerçəkləşdirilməlidir”.

O, xüsusilə Qərbin sanksiyalarından sonra İran və Rusiyanın iqtisadi əməkdaşlıqlarının zəruri və hər iki dövlətin xeyrinə olduğunu vurğulayaraq Ukrayna hadisələrinə də toxundu: “Müharibə sərt və ağır bir hadisədir. İslam Respublikası sivil insanların bu hadisəyə məruz qalmasından qətiyyən məmnun deyil. Lakin Ukrayna hadisəsində, əgər siz təşəbbüsü ələ almasaydınız, qarşı tərəf öz təşəbbüsü ilə müharibənin baş verməsinə səbəb olacaqdı”.

Qərblilərin, ümumiyyətlə, güclü və müstəqil Rusiyaya qarşı olduqlarını vurğulayan İnqilabın Rəhbəri NATO-nun təhlükəli bir təşkilat olduğunu dedi: “Əgər NATO-nun önü açıq olsa, həd və sərhəd tanımaz. Əgər Ukraynada onun qarşısı alınmasaydı, bir müddətdən sonra Krımı bəhanə edib müharibəni başladacaqdılar”.

Həzrət Ayətullah Xamenei dedi: “Qeyd edim ki, bu gün ABŞ və Qərb əvvəlkindən daha zəifləyib. Göstərdikləri səylərə və çəkdikləri külli miqdarda xərclərə rəğmən, regionumuzdakı, o cümlədən Suriya, İraq, Livan və Fələstindəki siyasi uğurları kəskin şəkildə azalmışdır”.

Suriya məsələsinin çox mühüm əhəmiyyət daşıdğını deyən Ali Rəhbər İslam Respublikasının bu ölkəyə hərbi hücum edilməsinə qarşı olduğunu və bu hücumun qarşısının alınmasının vacibliyini qeyd etdi: “Suriya ilə bağlı başqa bir mühüm məsələ Fəratın məhsuldar və neft ehtiyatının bol olduğu şərq sahillərinin amerikalılar tərəfindən işğal edilməsidir. Sözügedən problem onların bu regiondan qovulması ilə həll edilməlidir”.

Həzrət Ayətullah Xamenei sionist rejimin regionda baş verən hadisələrə müdaxilələrini qınayaraq Rusiya prezidentinin sionsitlərə qarşı olan son mövqelərinin təqdirəlayiq olduğunu dedi.

O, çıxışının davamında vurğuladı: “İslam Respublikası İran və Ermənistanın sərhədlərinin bağlanması ilə nəticələnəcək siyasətlərə və proqramlara qətiyyən dözümlülük göstərməyəcək”.

İran və Rusiyanın uzunmüddətli əməkdaşlıqlarının dərindən və ciddi şəkildə hər iki ölkənin xeyrinə olduğunu deyən İnqilabın Rəhbəri cənab Putinə xitabən dedi: “Zati-aliniz və bizim prezidentimiz, hər ikiniz əzmkar və əməl adamısınız. Buna görə də iki ölkə arasındakı əməkdaşlıqlar bu dövrdə özünün zirvə nöqtəsinə çatmalıdır”.

O, Rusiya prezidentinin Rəşt-Astara dəmiryolu xəttinin istifadəyə verilməsinin zəruriliyi ilə bağlı sözlərinə toxunaraq bu işin şimal-cənub nəqliyyat xəttinin təkmilləşməsinə səbəb olacağını və iki ölkənin xeyrinə olduğunu bildirdi.

Həzrət Ayətullah Xamenei Qərbin hiyləgərliyinə qarşı ayıq olmağın zəruriliyini vurğuladı: “Amerikalılar həm zorakıdırlar, həm də hiyləgər. Keçmiş SSRİ-nin dağılma səbəblərindən biri ABŞ-ın siyasətlərinə aldanmaq oldu. Əlbəttə, Rusiya zati-alinizin vaxtında öz müstəqilliyini qorudu”.

O, habelə iki ölkə arasındakı əlaqələr kontekstində milli pulların alternativliyi siyasətinin, dollar əvəzinə digər valyutalardan istifadə edilməsinin vacib olduğunu dedi: “Dolları tədricən beynəlxlaq əməliyyatlar sistemindən çıxarmaq lazımdır. Bu iş tədrici şəkildə mümkündür”.

Ölkəmizin başçısı cənab Rəisinin də iştirak etdiyi bu görüşdə cənab Putin Ukrayna hadisələrinə toxunaraq dedi: “Heç kəs müharibə tərəfdarı deyil. Sivil insanların həlak olması böyük bir faciədir. Amma Qərbin davranışı bizi əksül-əməl seçmək məcburiyyətində qoydu”.

Rusiyanın prezidenti Rusiya və Ukrayna arasındakı ixtilafların səbəbləri və kökləri, xüsusilə son illərdə Qərbin və ABŞ-ın təxribatçı fəaliyyətləri, o cümlədən Ukraynadakı çevriliş, Rusiya istiqamətində hər növ irəliləmənin olmayacağı ilə bağlı öhədliklərinə baxmayaraq, NATO-nun genişləndirmə siyasəti yürütməsi məsələsini qeyd edərək dedi: “Bəzi Avropa dövlətləri dedilər ki, biz Ukraynanın NATO-ya üzv olmasını istəmədiyimiz halda, ABŞ-ın təzyiqi ilə buna razı olduq. Bu, onların hakimiyyətin və müstəqilliklərinin olmadığını göstərir”.

Sərdar Süleymaniyə qarşı terror edilməsinin amerikalıların cinayətlərinin bir nümunəsi olduğunu vurğulayan cənab Putin çıxışının başqa bir yerində Qərbin Rusiyaya qarşı sanksiyalarına işarə edərək dedi: “Bu sanksiyalar Qərbin zərərinədir və neftin qiymətinin artması, habelə qida məhsullarının təmin edilməsi böhranı kimi problemlərlə nəticələnəcək”.

ABŞ-ın sanksiya tətbiq etmək və digər dövlətləri qarət etmək üçün dollardan sui-istifadə etdiyini vurğulayan Rusiya prezidenti bu işin sonda onların öz ziyanlarına, bu valyutaya olan beynəlxalq etimadın zəfiləməsinə, ölkələrin alternativ pullardan istifadə etmək üçün hərəkətə keçməsinə səbəb olacağını dedi: “Rusiya və İran iki dövlət arasındakı əlaqələrdə milli pullardan istifadə etmək üçün yeni üsullar hazırlamaqdadırlar”.

Rusiya prezidenti İnqilabın Rəhbərinin Qafqaz regionu ilə bağlı mövqelərini dəstəkləyərək iki dövlətin Suriya hadisəsi, o cümlədən bu ölkənin şimalına hərbi hücum edilməsinin yolverilməzliyi ilə bağlı mövqelərinin tamamilə bir-birinə uyğun olduğunu dedi: “Fərat çayının şərq əraziləri Suriyanın hərbi qüvvələrinin nəzarəti altında olmalıdır”.

Cənab Putin iki dövlətin bütün sahələr və layihələr üzrə əməkdaşlıqlarının inkişaf etməkdə olduğunu dedi: “İran və Rusiya Suriyada terrorizmə qarşı müştərək mübarizə aparır. Hərbi sahədə də iki dövlət arasındakı əməkdaşlıqları, habelə Çinlə üçtərəfli əməkdaşlığı və manevrləri inkişaf etdirməliyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /