Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Suriyanın şimalına hərbi hücum Türkiyə, Suriya və regionun zərərinə olacaq

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortan qabaq Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı əməkdaşlıqların, xüsusilə ticari əlaqələrin artırılmasının zəruriliyini vurğuladı.

Sionist rejimin İslam ölkələri arasında ixtilaf yaradan əsas amillərdən olduğunu, ABŞ və qəsbkar rejimin fələstinlilərin dərin hərəkatının qarşısını ala bilməyəcəyini vurğulayan Ali Rəhbər Suriya məsələsinə toxunaraq dedi: “Suriyanın ərazi bütövlüyünü qorumaq çox vacibdir. Suriyanın şimal bölgəsinə istənilən hərbi hücum mütləq şəkildə Türkiyə, Suriya və regionun zərərinə, terrorçuların isə xeyrinə olacaq”.

Həzrət Ayətullah Xamenei bu görüşdə iki ölkə arasındakı iqtisadi mübadilə və əməkdaşlıqların mövcud potensiallardan qat-qat aşağı olduğunu dedi: “Bu problem prezidentlər arasındakı müzakirələrdə öz həllini tapmalıdır”.

O bildirdi ki, İslam ümmətinin izzət və əzəməti yanaşma fərqliliyindən doğan ixtilafların bir kənara qoyulması və təfriqəçi siyasətlərə qarşı ayıqlıqla şərtlənir: “Regionda ixtilaf və düşmənçilik yaranmasına səbəb olan amillərdən biri ABŞ-ın da himayə etdiyi qəsbkar sionist rejimdir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Fələstin İslam dünyasının birinci dərəcəli məsələsidir: “Bəzi dövlətlərin sionist rejimə meyil göstərməsinə baxmayaraq, xalqlar sionist rejimə qarşı dərindən müxalifdirlər”.

O vurğuladı ki, ABŞ və sionist rejimə güvənmək olmaz: “Bu gün nə sionist rejim, nə ABŞ, nə də başqaları fələstinlilərin dərin hərəkatlarının qarşısını ala biləcək. Nəticə Fələsitn xalqının xeyrinə olacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında Suriyanın ərazi bütövlüyünün çox mühüm əhəmiyyət daşıdığını dedi və Suriyanın şimal bölgəsinə hərbi hücum ediləcəyi ilə bağlı söz-söhbətlərə işarə edərək vurğuladı: “Bu iş mütləq şəkildə həm Suriyanın, həm Türkiyənin, həm də regionun zərərinə olacaq və Suriya hökuməti tərəfindən gözlənilən siyasi addım da gerçəkləşməyəcək ”.

O, Türkiyə prezidentinin terrorçu qruplaşmalara qarşı nifrətini ifadə edən açıqlamasına işarə edərək dedi: “Terrorizmlə mütləq mübarizə aparmaq lazımdır, amma Suriyaya hərbi hücum terrorçuların xeyrinə olacaq. Əlbəttə, terrorçular da xüsusi bir qruplaşma ilə məhdudlaşmayıblar”.

İslam İnqilabının Rəhbəri Türkiyə prezidentinin terrorçu qruplaşmalarla mübarizə aparmaq üçün İrandan əməkdaşlıq etməsi istəyinə cavab olaraq dedi: “Terrorizmlə mübarizədə biz sizinlə mütləq əməkdaşlıq edərik”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Türkiyə və onun sərhədlərinin təhükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik. Sonra o, cənab Ərdoğana xitabən dedi: “Siz də Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyiniz hesab edin. Suriya məsələlərini müzakirələr yolu ilə həll etmək lazımdır. İran, Türkiyə, Suriya və Rusiya danışıqlar yolu ilə bu məsələyə son qoymalıdırlar”.

O, habelə Qarabağın Azərbaycana qayıtmasından məmnun olduğunu bildirdi: “Bir məsələni də qeyd edim ki, İran və Ermənistan sərhədinin bağlanması siyasəti ortaya atılarsa, İslam Respublikası buna qarşı çıxacaq. Çünki bu sərhəd neçə min illik bir əlaqə yoludur”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İran və Türkiyənin regionun bütün məsələlərində əməkdaşlıqlarını artırması faydalı və lazımlıdır: “Daxili məsələlərinizdə və müdaxilələrə qarşı mövqeyinizdə biz həmişə sizin hökuməti müdafiə etmişik. Qeyd etdiyiniz kimi, biz çətin günlərin dostuyuq. Türkiyənin müsəlman əhalisinə dua edirik”.

Dövlət başçımız cənab Rəsinin də iştirak etdiyi bu görüşdə cənab Ərdoğan Qurban və Qədir-Xum bayramları münasibətilə təbrikini qeyd etdikdən sonra İslam ümmətinin vəhdəti və İranla Türkiyənin birliyinin artırılmasının zəruri olduğunu vurğuladı: “Türkiyə İrana qarşı haqsızlıqlarla mübarizədə heç vaxt sakit dayanmayıb. İran və Türkiyənin qardaşlığı bütün sahələrdə möhkəmlənməlidir”.

Cənab Ərdoğan vurğuladı ki, həmişə İrana qarşı birtərəfli sanksiyalara qarşı olmuş və olacaqdır: “İranın HBFP ilə bağlı qanuni gözləntilərini dəstəkləyir və Türkiyə şirkətlərini İrana investisiya yatırımı etməyə çağırırıq”.

Türkiyə prezidenti İran və Türkiyənin uzun illər terrorizmlə mübarizə apardığını qeyd edərək dedi: “Suriyadakı terrorçu qruplaşmalar Almaniya, İngiltərə və Fransa kimi qərb dövlətləri, xüsusilə ABŞ tərəfindən ağır silahlarla təmin edilir”.

Cənab Ərdoğan bildirdi ki, Türkiyənin Suriya dövlətinin ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir: “Suriya dövlətinin siyasi proseslərə başlamasını gözləyirik. Astana sammitində Suriya məsələsi xüsusi şəkildə gündəliyə daxil edilmişdir. Yaxşı nəticə əldə edəcəyimizə ümidvaram”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /