Həzrət Ayətullah Xamenei Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətdə vəhdət və mənəviyyatın Həccin iki əsas sütunu, İslam ümmətinin izzət və səadət amili olduğunu vurğuladı. O, İslami oyanış və özünüdərkin inkişafının parlaq nəticilərinə və heyrətamiz müqavimət fenomeninin təşəkkülünə işarə edərək belə qeyd etdi: “İmperialist Qərb bizim həssas regionumuzda, son vaxtlar isə bütün dünyada gündən-günə zəifləməkdədir. Təbii ki, düşmənin hiyləsini, hətta bir an belə gözdən qoymaq olmaz. Gələcəyi qurmaq üçün ən böyük sərmayə olan ümid və özünə etimadı səy və ayıqlıqla artırmalıyıq”.
İsalm İnqilabının Rəhbərinin bu gün (cümə) səhər Ərəfat səhrasında Vəliyyi-fəqihin Həcc və ziyarət məsələləri üzrə nümayəndəsi, iranlı hacıların rəhbəri Höccətül-İslam vəl-müslimin Nəvvab tərəfindən oxunan müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Həmd Aləmlərin Rəbbi olan Allaha məxsusdur. Muhəmməd-Mustafa, onun pak ailəsi və seçilmiş səhabələrinə Allahın salavat və salamı olsun!
İzzət və hikmət sahibi olan Allaha şükür edirəm ki, mübarək Həcc mövsümünü bir daha müsəlman xalqlarının görüş yeri edərək bu fəzilət və rəhmət yolunu onların üzünə açdı. İslam ümməti artıq yenidən öz vəhdət və birliklərini bu şəffaf və əbədi güzgüdə görə, ixtilaf və parçalanma motivlərindən üz çevirə bilərlər.
Müsəlmanların vəhdəti Həccin iki əsas sütunundan biridir. Sözügedən komponent sirr və rəmzlərlə dolu olan bu vacib ibdaətin digər əsas sütunu hesab edilən zikr və mənəviyyatla birlikdə olarsa, İslam ümmətini izzət və səadətin zirvəsinə yetirə, onu “İzzət Allaha, Onun rəsuluna və möminlərə məxsusdur” ayəsinin nümunəsinə çevirə bilər. Həcc bu iki siyasi və mənəvi komponenetdən təşkil olunmuşdur. Müqəddəs İslam dini siyasət və mənəviyyatdan təşkil olunmuş əzəmətli bir fenomendir.
Müsəlman xalqlarının düşmənləri son vaxtlar xalqlarımızın bu iki həyatverici iksirini – vəhdət və mənəviyyatı – zəiflətmək üçün səylərini intensivləşdiriblər. Mənəvi ruhu olmayan, dayaz maddi baxışdan qaynaqlanan Qərb həyat tərzini yaymaqla mənəviyyatı zəiflədir, gözdən salır, dil, rəng, irq və coğrafiya amilləri kimi süni təfriqə motivlərini yaymaq və gücləndirməklə vəhdəti problemə çevirirlər.
Hal-hazırda kiçik bir nümunəsi simvolik Həcc mərasimində gözə dəyən İslam ümməti bütün varlığı ilə mübarizəyə qalxmalıdır. Yəni bir tərəfdən özlərinin kollektiv düşüncələrində Allahı xatırlamaq, Allah üçün çalışmaq, Allahın kəlamını düşünmək və Allahın vədlərinə etimad etmək hissini gücləndirməli, digər tərəfdən də ixtilaf və parçalanma motivlərinə qalib gəlməlidir.
Bu gün qətiyyətlə deyə bilərik ki, dünyanın və İslam dünyasının hal-hazırki şəraiti bu qiymətli fəaliyyət üçün həmişəkindən daha əlverişlidir.
Çünki, birincisi, İslam ölkələrinin elit simaları və xalq kütlələrinin çoxu öz əzəmətli maarifi və mənəviyyatlarının fərqinə vararaq onun qiyməti və əhəmiyyətini anlamışlar. Artıq Qərb mədəniyyətinin ən mühüm ərməğanı hesab edilən liberalizm və kommunizm yüz və əlli il əvvəlki effektivliyinə malik deyil. Qərbin pulmərkəzli demokratiyası ciddi suallarla qarşı-qarşıyadır. Qərb mütəfəkkirləri etiraf edirlər ki, elmi və epistemoloji çaşqınlıq içərisindədirlər. İslam dünyasında gənclər, mütəfəkkirlər, elm və din adamları bu vəziyyəti müşahidə etməklə özlərinin epistemoloji sərvətləri, ölkələrində geniş yayılmış siyasi xətlərlə bağlı yeni baxış əldə edirlər. Bu, daim vurğuladığımız İslami oyanışdır.
İkincisi, İslami özünüdərk İslam dünyasının qəlbində elə bir heyrətamiz və möcüzəvi hadisə yaradıb ki, imperialist dövlətlər onun qarşısında böyük bir çətinliyə düşüb. Bu hadisənin adı müqavimətdir. Onun həqiqəti iman, cihad və təvəkkülün həqiqətinin təzahürüdür. İslamın ilk vaxtlarında bu hadisənin bir nümunəsini ehtiva edən belə bir ayə nazil olmuşdur: “اَلَّذینَ قالَ لَهُمُ النّاسُ اِنَّ النّاسَ قَد جَمَعوا لَکُم فَاخشَوهُم فَزادَهُم ایمانًا وَ قالوا حَسبُنَا اللَّهُ وَ نِعمَ الوَکیلُ* فَانقَلَبوا بِنِعمَةٍ مِنَ اللَّهِ وَ فَضلٍ لَم یَمسَسهُم سوءٌ وَ اتَّبَعوا رِضوانَ اللَّهِ وَ اللَّهُ ذو فَضلٍ عَظیم” (Bunlar o adamlardır ki, insanlar onlara: “Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər və O, ən yaxşı himayəçidir!” – deyə cavab verdilər. Buna görə də Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük nemət və mərhəmət sahibidir).
Fələstin səhnəsi təcavüzkar sionist rejimini hücum və qışqır-bağır mövqeyindən əl çəkib müdafiə və passivlik mövqeyi almasına, açıq-aşkar siyasi, təhlükəsizlik və iqtisadi problemlərlə qarşılaşmasına səbəb olan bu heyrətamiz hadisənin təzahürlərindən biridir. Müqavimətin digər parlaq nümunələrini Livan, İraq, Yəmən və digər nöqtələrdə açıq şəkildə görmək olar.
Üçüncüsü, bütün bunlarla yanaşı, bu gün dünya İslamın İran İslam dövlətindəki siyasi gücü və hakimiyyətinin müvəffəq bir formasına, qürurlu bir nümunəsinə şahidlik edir. İslam Respublikasının sabitliyi, müstəqilliyi, inkişafı və izzəti hər bir ayıq müsəlmanın düşüncəsini və duyğularını özünə cəlb edə biləcək kifayət qədər əzəmətli, məzmunlu və cəzbedici bir hadisədir. Bu dövlətin bizim kimi işçilərinin bir İslam hökumətinin bütün bərəkətlərinə kamil şəkildə nail ola bilməyimizi təxirə salan bəzi xətaları və bacarıqsızlıqları İslam dövlətinin əsas prinsiplərindən qaynaqlanan möhkəm əsaslarını və qətiyyətli addımlarını laxlada, maddi və mənəvi inkişafı dayandıra bilməmişdir. Sözügedən əsas prinsiplər siyahısının başında qanunverici və icraedici müstəvidə İslam hakimiyyəti, ölkə idarəçiliyinin ən mühüm məsələlərində xalqın səsinə əsaslanmaq, tam siyasi müstəqillik, zalım qüdrətlərə arxalanmamaq prinsipləri dayanır. Bunlar müsəlman xalqlarını və hökumətlərini bir yerə toplaya, İslam ümmətini strategiyalar və əmək
daşlıqlar kontekstində birləşdirə bilən prinsiplərdir.
Bunlar vahid və bütöv şəkildə hərəkət etməsi üçün İslam dünyasının hal-hazırda malik olduğu əlverişli vəziyyətə zəmin yaradan amillərdir. Bu əlverişli şəraitdən faydalanmaq üçün müsəlman hökumətlətləri, dini və elmi elitlər, müstəqil ziyalılar, həqiqət axtarışında olan gənclər hər kəsdən çox düşünməlidirlər.
İmperialist güclərin, ən çox da ABŞ-ın İslam dünyasındakı bu tendensiyadan narahat olması, onunla mübarizə aparmaq üçün bütün imkanlarını səfərbər etməsi təbiidir. Hal-hazırda bu belədir. İslam dünyasını ayıqlıq və səadət yolundan sapdırmaq üçün ABŞ və digər imperialistlər tərəfindən media imperiyası və yumşaq müharibə üsullarından tutmuş müharibə odunu yandırmaq, proksi müharibələrini (vasitəçilik müharibələri) qızışdırmaq, siyasi xəbərçilik və vəsəvsəçilik, təhdid, tamahlandırmaq və rüşvətə qədər hər şeydən istifadə edilir. Cinayətkar və üzüqara sionist rejimi regionda sözügedən hərtərəfli fəaliyyətin maşalarından biridir.
Allahın iradəsi və lütfü sayəsində bu fəaliyyət bir çox məqamlarda iflasa uğramışdır. İmperialist Qərb həssas regionumuzda, son dövrlərdə isə bütün dünyada gündən-günə zəifləməkdədir. ABŞ və onun cinayətkar ortağı olan qəsbkar rejimin regionla bağlı narahatlığı və uğursuzluğunu Fələstin, Livan, Suriya, İraq, Yəmən və Əfqanıstanda baş verən hadisələr səhnəsində açıq şəkildə görmək olar.
İslam dünyası isə istəkli və yüksək əhval ruhiyyəli gənclərlə doludur. Gələcəyi qurmaq üçün ən böyük sərmayə bu gün İslam dünyası, xüsusilə region ölkələrini əhatə edən ümid və özgüvən dalğasıdır. Bu sərmayəni qoruyub artırmaq hamımızın vəzifəsidir.
Bütün bunlara baxmayaraq, düşmənin hiyləsini də, bir an belə, unutmaq olmaz. Təkəbbür və qəflətdən qorunmalı, səylərimizi və ayıqlığımızı artırmalı, bütün hallarda diqqət və yalvarışlarla qüdrət və hikmət sahibi olan Allahdan yardım istəməliyik. Həcc mərasimi və ayinlərində iştirak təvəkkül və yalvarış, habelə təfəkkür və qərar qəbul etmək üçün böyük bir fürsətdir.
Dünyanın hər yerindəki müsəlman qardaş və bacılarınızı dua edin, Allahdan onlara uğur və qələbə diləyin.
Bu qardaşınıza ilahi hidayət və kömək istəməyi də pak duanıza daxil edin.
Allahın salam və rəhməti üzərinizə olsun
Seyid Əli Xamenei
5 zilhiccə 1443
05 iyul 2022
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir