İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər məhkəmə hakimiyyətinin sədri, bir qrup yüksək vəzifəli rəsmisi və işçiləri ilə görüşdə Allahın cəmiyyətlərlə bağlı dəyişməz qanunlarından söz açaraq dedi: “İran xalqı və İslam Respublikasının 1360-cı ilin böyük və acı hadisələrindən başıuca çıxması və heyrətamiz qələbəsinin səbəbi müqaviməti, əzmkarlığı və düşmənlərdən qorxmaması olmuşdur. Bu ilahi qanun bütün dövrlərdə təkrar olunandır. 1401-ci ildəki Allahın elə 1360-cı ildəki Allah olduğunu bilməyimiz lazımdır”.
Məhkəmə hakimiyyətinin dövlət məsələlərinin mühüm və təsiredici sütunu olduğunu deyən Ali Rəhbər məhkəmə hakimiyyətinin məsul şəxslərinə bütün səviyyələrdə dəyişikliklər aparılması sənədinin icrası, korrupsiya ilə ciddi mübarizə, ictimai hüquqların pozulmasının qarşısının alınması, xalqın psixoloji təhlükəsizliyinin qorunması, məhkəmə ilə məhkəmə icraçıları idarəsi arasındakı əlaqənin tənzimlənməsi, ictimai rəydə açıq qalmış işlərə xitam verilməsi istiqamətində səkkiz bənddən ibarət tövsiyələr verdi.
İslam İnqilabının Rəhbəri bu görüşdə şəhid Ayətullah Behişti və 7 tir şəhidlərinin xatirəsini hörmətlə anaraq şəhid Behiştinin, həqiqətən, üstün bir şəxsiyyət olduğunu vurğuladı. O, 7 tir 1360-cı il hadisəsi yekunlaşan və ondan sonrakı aylarda mövcud olan mürəkkəb və xüsusi şəraitə işarə edərək dedi: “O dövrün şəraitini araşdırmaq bu günümüz üçün maarifləndirici və bələdçi rolunu oynayır”.
Həzrət Ayətullah Xamenei 1360-cı il və 7 tirdən əvvəlki aylarda mövcud olan şəraitlə bağlı xatırlatma edərək məcburi müharibənin ağır vəziyyəti, Səddamın qüvvələrinin ölkənin qərb və cənubundakı bir neçə böyük şəhərin yaxınlıqlarına qədər irəliləməsindən söz açdı: “Çox əlverişsiz müharibə şəraiti ilə yanaşı, Tehranda münafiqlər əməli şəkildə daxili müharibə aparırdılar. Siyasi şəraitə gəlincə, yeddi tir tarixindən bir neçə gün əvvəl parlament prezidentin siyasi yetərsizliyinə səs vermiş və ölkənin başçısı yox idi. Belə bir şəraitdə inqilab və dövlət şəhid Behişti kimi bir sütundan məhrum edildi”.
O, habelə prezident və baş nazirin də şəhadətinə, tir hadisəsindən iki ay sonra baş vermiş hadisəyə və ondan sonra ağır təyyarə qəzası zamanı bir neçə yüksək rütbəli zabitin şəhid olmasına işarə edərək dedi: “Gənclər və yeni nəslin bu hadisələrdən xəbəri yoxdur. Onlar bu məsələləri öyrənməli və haqlarında düşünməlidirlər. Belə ağır və qorxulu hadisələr qarşısında tənəzzülə uğramamış hansı dövlət və hökuməti tanıyırsınız?”
İslam İnqilabının Rəhbəri dedi: “İmam bütün bu hadisələr qarşısında Dəmavənd dağı kimi dik dayanmaqla, mərhəmətli məsul şəxslər, xalq və inqilabçı gənclər dirəniş göstərməklə ölkənin mövcud şəraitini yüz səksən dərəcə dəyişə bildilər. Belə ki, ardıcıl uğursuzluqlar ardıcıl qələbələrlə əvəzləndi, münafiqlər küçələrdən yığışdırıldı, ordu və Sepah daha da gücləndi, ölkə normal vəziyyətinə döndü”.
Həzrət Ayətullah Xamenei bəzi dönəmlərdə bir sıra daxili çatışmazlıqlar və zəifliklər səbəbindən düşmənin sevindiyinə işarə edərək dedi: “Həm 1360-cı ildə, həm də ondan sonrakı qırx il ərzində düşmən müəyyən məqamlarda sevinib ümidlənmiş, inqilabın və dövlətin sonunun çatdığını təsəvvür etmişdir. Lakin bu ümid ümidsizliyə çevrilmişdir. Onların problemi bu imidsizliklərinin fərqinə varmamalarıdır”.
O vurğuladı: “Düşmən bu dünyada siyasi hesablamalarla yanaşı, Allahın qanunları olan digər hesablamaların olduğunu anlaya bilmirlər”.
İnqilabın Rəhbəri Allahın dininə yardım edilməsi və ya Allahın nemətlərinə qarşı nankorluq edilməsinin nəticələri ilə bağlı Quranda qeyd edilmiş ilahi qanunlardan bir neçəsinə işarə edərək dedi: “Qurani-Kərim ilahi qanunlardan bəhs edən məzmunlarla doludur. Bu qanunların ümumi hasili ondan ibarətdir ki, əgər cəmiyyətlər düşmənlərə qarşı müqavimət göstərsələr, Allaha təvəkkül edib öz vəzifələrinə əməl etsələr, qələbə və inkişafa nail olacaqlar. Əgər ixtilafa düşsələr, rahatlıqlarını güdsələr və zəiflik göstərsələr, məğlubiyyətə uğrayacaqlar”.
Həzrət Ayətullah Xamenei ilahi qanunların sosioloji baxımdan araşdırılmasının zəruriliyini vurğulayaraq çıxışının bu hissəsini belə yekunlaşdırdı: “İran xalqı 1360-cı ildə ilahi qanunlardan biri olan cihad və müqavimət xəttini tutmaqla düşməni ümidsizliyə uğrada bildi. Bu gün də həmin qanun və qayda yerindədir, 1401-ci ildəki Allah elə 1360-cı ildəki Allahdır. İnkişaf və qələbə əldə etmək üçün ilahi qanunların nümunəsinə çevrilməyə çalışmalıyıq”.
İnqilabın Rəhbəri çıxışının davamında məhkəmə hakimiyyətinin bütün ölkənin mühüm və təsiredici bir sütunu olduğunu dedi: “Qurani-Kərimin ayələrinə əsasən, İslam hökumətinin vəzifəsi namazı ayaqda tutmaq, yəni bəndəlik ruhiyyəsini İslam Respublikasına yaymaq, zəkat vermək, yəni İslam cəmiyyətində paylaşmaq ədalətini bərqərar etmək, yaxşıya çağırış, pisdən çəkindirmək, yəni ədalət, insaf, qardaşlıq kimi dəyərlərə çağırış, zülm, fəsad və ayrıseçkilikdən çəkindirməkdir. Bu prinsip konstitusiyada da vurğulanmışdır. Qeyd edilənlər məhkəmə hakimiyyətinin də vəzifələrindəndir”.
O əlavə etdi: “Əgər məhkəmə və prokurorluq imkanları kimi müxtəlif imkanlardan istifadə edilərək bu vəzifələrə əməl edilməzsə, ilahi nemətlər məhv olacaq və bu cəhətdən zərbə alacağıq”.
Həzrət Ayətullah Xamenei məhkəmə hakimiyyətinin sədrinin mömin, inqilabçı, zəhmətkeş, xalqla olan, dəbdəbədan uzaq, məhkəmənin müxtəlif yönlərindən xəbəri olan, tənqidçilərin tənqidlərini dinləyən bir adam olduğunu vurğulayaraq bu qurumun məsul şəxsləri və işçilərinə səkkiz tövsiyə verdi.
O, birinci tövsiyəsində əvvəlki rəhbərlik zamanı hazırlanmış dəyişiklik sənədinin ən mütərəqqi islahat sənədi olduğunu vurğulayaraq əlavə etdi: “Bu sənədə əməl edilməli və onun əsasında şəxsiyyət və kadr yetişdirilməlidir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, dəyişiklik sənədinə əməl edilməsi müxalifətlər qarşısında passivlik göstərilməsinin qarşısının alınmasına səbəb olacaq: “Məhkəmə hakimiyyətinin sədri sənədə əməl edir, amma digər müstəvilərdə, yəni hakimlər, işçilər və sədrlər səviyyəsində bu iş qətiyyətlə izlənməlidir. Bəzi məlumatlara görə, bu sahədə lazımı şəkildə iş görülməmişdir”.
Korrupsiya ilə ciddi mübarizə Ayətullah Xameneinin məhkəmə hakimiyyətinin məsul şəxslərinə ünvanladığı növbəti tövsiyə oldu.
O, məhkəmə hakimiyyətinin sədrinin məhkəmə hakimiyyəti daxilində korrupsiya ilə mübarizənin prioritet olması ilə bağlı sözlərinə toxunaraq vurğuladı: “Hakimlərin çoxu şərəfli, təmiz, nəcib, mömin və zəhmətkeş insanlardır. Amma digərlərinin işinə və abrına ziyan vuran azsaylı korrupsionerlərlə mübarizə aparılmalıdır. Təbii ki, korrupsiya ilə mübarizə kontekstində əsas iş fəsad yayan strukturlarla mübarizə və onların darmadağın edilməsidir”.
İnqilabın Rəhbəri hüquq elminin gücləndirilməsi, zəif və ya qüsurlu hökmlərin çıxarılmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq növbəti tövsiyəsində şərəfli və zəhmətkeş hakim və məhkəmə işçilərinin stimullaşdırılmasını tövsiyə etdi.
Məhkəmə hakimiyyətinin səlahiyyət və vəzifələrinin heç biri ilə bağlı güzəştə gedilməməsi Həzrət Ayətullah Xameneinin məhkəmə hakimiyyətinin məsul şəxslərinə verdiyi növbəti tövsiyə oldu: “Məsələn, Baş Prokurorluğun sosial hüquqlarla bağlı vəzifələri var. Bu orqan hiss, emosiya və şüarçılıqdan uzaq tam bir izləmə ilə sosial hüququn pozulmasının qarşısını almalıdır”.
O qeyd etdi ki, cinayətin qarşısını almaq məhkəmə hakimiyyətinin vəzifələrindəndir: “Məsələn, şəhər və kəndlərdə torpaq mülkiyyətlərinin təyin edilməsi sahəsində qanuni vəzifəyə əməl edilməsi vasitəsilə torpaqlar və dağlardan qeyri-qanuni istifadələrin qarşısı alınmalıdır”.
İnqilabın Rəhbəri altıncı tövsiyəsində məhkəmə hakimiyyəti ilə məhkəmə icraçılarının əlaqələrinin tənzimlənməsinin vacibliyini vurğuladı: “İcraçıların davranışlarına nəzarət edilməlidir ki, müttəhimin hüququ pozulmasın və ya ifrata yol verilməsin. Məhkəmə hakimiyyəti də habelə icraçının təsiri altında olmamalı, əksinə, məsələlərə müstəqil şəkildə baxmalıdır. Təbii ki, icraçıların mütəxəssis nəzarəti də görməzdən gəlinməməlidir”.
O əlavə etdi: “İcraçıların məhkəmə ilə bağlı şikayətlərindən biri qanuni boşluqlara görə bəzi işləri buraxmaq məcburiyyətində qalmalarıdır. Halbuki qanunların təkmilləşdirilməsi ilə bu boşluq ortadan qaldırılmalıdır”.
Həzrət Ayətullah Xamenei növbəti tövsiyəsində məhkəmə hakimiyyətinin xalqın psixoloji təhlükəsizliyi ilə bağlı vəzifəsinə işarə edərək dedi: “Psixoloji təhlükəsizlik ictimai hüquqlardandır. Məhkəmə bilinən və bilinməyən şəxslərin şayiələr, dezinformasiyalar və qorxu yaradan xəbərlər vasitəsilə KİV-lər və virtual məkanda xalqı narahat etməsi və fikirlərini qarışdırmasının qarşısını almalıdır”.
İnqilabın Rəhbəri səkkizinci və sonuncu tövsiyəsində ictimai rəydə zavodlar və ya qeyri-qanuni mənimsəmələr kimi mühüm və müxtəlif işlərin açıq qalmasına işarə edərək vurğuladı: “İctimai rəydə açıq qalan işlərin qasnaqları açıq qalmamalıdır. Hər bir iş sona qədər davam etdirilib yekunlaşdırılmalıdır”.
O, çıxışının sonunda məhkəmə işinin çox çətin işlərdən olduğunu bildirdi: “Əlbəttə, bu işi Allah üçün və Allahın hidayəti ilə yerinə yetirsəniz, onun mükafatı da ağır olacaqdır”.
Bu görüşün əvvəlində məhkəmə hakimiyyətinin sədri Höccətül-İslam vəl-müslimin Mohsini Ejei bu qurumun son dövrdə əhalinin ayrı-ayrı təbəqələri ilə əvvəlkindən daha çox əlaqə yaradılması, digər qurumlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi, məhkəmə islahatı sənədinin həyata keçirilməsinə çalışmaq, yeni texnologiyalardan istifadə və məhkəmə xidmətlərinin intellektuallaşdırılmasında sıçrayış, istehsalın himayə edilməsi və maneələrin ortadan qaldırılması, məhrum regionlarda məhkəmə xidmətlərinin bəzisinin havayı edilməsi, xüsusilə məhkəmə hakimiyyəti daxilində korrupsiya ilə ciddi mübarizə, ictimai rəydə əhəmiyyəti olan və daha çox şübhə yaradan işlərə üstünlük verilməsi, qanunlar və icrası lazım olan qərarların icrasının yaxşılaşdırılmasına nəzarətin gücləndirilməsi, habelə işçilərin məişətinin yaxşılaşdırılması üçün davamlı nəzarətin olması, məhkəmə hakimiyyətinin büdcə bazasının gücləndirilməsi istiqamətindəki fəaliyyətləri ilə bağlı hesabat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir