Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Milli kimiliyə malik müqavimətçi və ayıq nəsil tərbiyə etmək lazımdır

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər yüzlərlə müəllim və pedaqoqla görüşdə təhsilin mədəniyyət yaradan bir nəsil tərbiyə etdiyini dedi. Müəllimlərin xüsusilə korona dövründə göstərdikləri səylərini yüksək qiymətləndirən Ali Rəhbər onların məişət problemlərinin yaxşılaşdırılmasının zəruriliyini vurğuladı: “Yeniyetmə və gənc nəsil milli, iranlı-müsəlman kimliyinə malik, inamlı, müqavimətçi, İmamın düşüncə və ideyalarından xəbərdar alim və işbilən səviyyəsində yetişdirilməlidir”.

O qeyd etdi ki, müəllimlər gələcək nəsillərin bələdçisi olmaq şərəfinə sahibdirlər: “Müəllimlərlə görüşməkdə məqsəd müəllimlərin rolunun yüksək olması, ictimai rəydə müəllimlik dəyərinin sabitləşməsi və əbədiləşməsidir. Həm müəllimlər və onların ailələri müəllimlik peşəsi ilə fəxr etsinlər, həm də cəmiyyət müəllimə şərəfli bir şəxsiyyət kimi baxsın”.

İnqilabın Rəhbəri təhsil nazirinin çıxış edərkən toxunduğu gözəl nüanslara görə ona təşəkkür etdi: “Ölkənin qanun, sənəd və qəbul edilmiş gözəl qərar baxımından heç bir çatışmazlığı yoxdur. Mühüm olan məsələ bu qərar və qanunların diqqət mərkəzində saxlanıb ciddi cəhdlə həyata keçirilməsidir”.

O, müəllimlik anlayışının iki istifadə aspektinə aydınlıq gətirərək dedi: “Müəllim öyrədən mənasında çox böyük bir dəyərdir. Çünki Allah Quran ayələrinə əsasən, öyrədəndir. Peyğəmbərlər, bütün filosoflar, alimlər, Ustad Şəhid Mütəhhəri kimi böyük şəxsiyyətlər də bu yüksək müəllimlik dəyərinə malikdirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müəllimliyin təlim-tərbiyə işinə uyğun gələn mənası öyrətməklə yanaşı, daha böyük bir dəyərə də malikdir. Çünki bu öyrətmənin auditoriyası təsir və tərbiyəni qəbul edən ən yaxşı yaş həddində olur. Onların öyrədilməsinin təsiri digər təbəqələrlə müqayisədə daha yüksək olur”.

O, yeni və çiçəklənən İslam mədəniyyətinin yaradılmasının uzunmüddətli məqsədinə işarə edərək dedi: “İnsan resursları hər bir mədəniyyətin bazası hesab edilir. Yeni İslam mədəniyyətinin qurucuları hal-hazırda müəllimlərin ixtiyarında olan nəsildir. Buna görə də müəllimlik işinin əhəmiyyəti və dəyərini bu aspektdən dərk etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu nəsil bu çox böyük məqsəd işığında sözügedən böyük mədəniyyəti formalaşdırmaq üçün iranlı-müsəlman kimliyinə, dərin və möhkəm inanclara, özgüvənə, özünü islaha, Şərq və Qərbin köhnəlmiş mədəniyyətləri qarşısında ayıqlığa malik alim və nüfuz sahibi olmalıdır”.

Həzrət Ayətullah Xamenei İnqilabdan sonrakı təlim-tərbiyə sahəsində böyük şəxsiyyətlərin yetişməsinə işarə edərək dedi: “Müəllimlərin son qırx ildə göstərdikləri səy və fəaliyyətlər sayəsində müxtəlif sahələrdə faydalı şəxsiyyətlər yetişib inkişaf etsə də, bu fəaliyyətlər yetərli olmamışdır. Nəzərdə tutduğumuz çiçəklənən mədəniyyət üçün bu cür fəaliyyətlərin miqyası böyük olmalıdır”.

O qeyd etdi ki, belə bir nəsil yetişdirmək üçün on iki illik təhsil sistemi misilsizdir: “Müəllimlərin səy və fəaliyyətləri sayəsində İnqilabın dəyərləri və ideyalarını xalqımızın övladlarının münbit qəlblərinə və qulaqlarına köçürmək, onlarda iranlı-müsəlman kimliyini institutlaşdırmaq üçün təhsil idarəsi bütün şəhər və kəndlərdə əlverişli şəraitə malikdir”.

İnqilabın Rəhbəri Təhsil Nazirliyinin çox əzəmətli və gələcək yaradan bir qurum olduğunu bildirdi: “Təhsilin bu gününə əsasən, ölkənin sabahını təsəvvür edə bilərik”.

O, müəllimlərin zəhmətlərinin, həqiqətən, yüksək qiymətləndirildiyini vurğuladı: “Təbii ki, arzuolunan vəziyyətə nail olmaq üçün mövcud problemlər elm, tədbir, qətiyyət, səbr və əzmlə həll edilməlidir”.

Həzrət Ayətullah Xamenei problemlərin həlli istiqamətində lazım olan məsələlərə aydınlıq gətirərkən münasib mətnlərin tərtib edilməsinə və təhsil sisteminin ehtiyac duyduğu müəllimlərin təmin edilməsinə işarə etdi: “Müəllimin keyfiyyəti, dindarlığı, əxlaqı və bacarıqları çox mühümdür. İmtahanlarda aşağı bal toplamış insanlar müəllimliyə getməməlidirlər. Əlbəttə, bu gün müxtəlif dövrlərdə olduğu kimi, məsuliyyətli və ürəyiyanan müəllimlər az deyil”.

İnqilabın Rəhbəri təhsillə bağlı bir neçə məsələyə aydınlıq gətirərək dedi: “Şagird milli kimliyə malik olmalıdır. Elm bayrağını dalğalanıdrmaqla yanaşı, özünə inamla milli və şərəfli iranlı-müsəlman kimliyi bayrağını da dalğalandırmalıdır”.

O, şagirdlərin ölkənin qürur mənbələrini, o cümlədən İnqilabdan sonrakı zəhmətkeş şəxsiyyətlərini tanımamalarından, İmam Xomeyninin (r.ə) yol açan düşüncələri, İnqilabın taleyüklü ideyaları və İnqilab hadisələrindən xəbərsiz olmalarından şikaytələndi: “Müəllimlər yeniyetmə və gənc nəsli məlumatlandırmaqla yanaşı, bu cür məsələləri onların qəlbinə və canına hopdurmalıdırlar”.

O, duruş və müqavimətin dəyərinin dərk edilməsinin şagirdlərin digər ehtiyaclarından olduğunu dedi: “İstər Şərq olsun, istərsə də Qərb, hər kəsin zor dili ilə danışdığı bir dünyada gənc nəsil müqavimətin dəyərini və əhəmiyyətini bu gündən öyrənməlidir ki, bu təlimlər sayəsində mədəniyyət yaradan olmalı, milləti və dövləti izzətli etməlidir”.

İnqilabın Rəhbəri Təhsil Nazirliyinə şagirdlərin dərs proqramında faydalı elmlə faydasız elmi bir-birindən ayırmağı tövsiyə etdi: “Faydalı elm yeniyetmələr və gənclərin istedadlarını çiçəkləndirən, onun gələcəyinə yatırım etməklə ölkənin inkişafı və yüksəlişinə səbəb olan elmdir”.

O əlavə etdi: “Hazırki dərs proqramında mövcud olan bəzi məlumatlar şagirdlərin bu günü və gələcəyinə heç bir faydası olmadığı halda, onların yaddaşlarına köçürülən məlumatlardır. Bu cür məsələlər müəyyən edilərək dərsliklərdən çıxarılmalıdır”.

Həzrət Ayətullah Xamenei faydasız məsələlərin əvəzinə bacarıqların öyrədilməsinə saatlar ayrılmasının zəruriliyini vurğuladı: “İslami həyat tərzi, sosial əməkdaşlıq və yardımlaşma, araşdırma və tədqiqat, cihad fəaliyyətləri, sosial patoloji hallarla mübarizə kimi məsələlərin məktəblərdə öyrədilməsi, insanlara uşaqlıq və yeniyetməlik dövründən aşılanması vacib olan vərdişlərdir”.

O, təhsil islahatı sənədinin həyata keçirilməsi səviyyəsinin ürəkaçan olmadığını bildirdi: “Sənədin tərtib edildiyi vaxtdan on il müddət keçməsinə, ayrı-ayrı nazirlərin əvəzlənməsinə (rəhbərlərin fərqliliyi də bir növ zərər və zərbədir) baxmayaraq, bu kamil və kompleks sənədə əməl edilməmişdir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əgər sənədin düzəlişə və təkmilləşməyə ehtiyacı varsa, məsul şəxslər bu işi görsünlər. Bundan əlavə, sənədin inkişaf miqyasını ölçmək üçün kəmiyyət parametrləri də müəyyən etsinlər”.

Həzrət Ayətullah Xamenei müəllimlərin fəaliyyətləri ilə bağlı bir neçə nüansa aydınlıq gətirərkən təlim-tərbiyə sisteminin mühüm işlərinin icra yükünün ağırlığının hər kəsdən çox müəllimlərin çiynində olduğunu dedi: “İnqilab, Müqəddəs Müdafiə kimi ayrı-ayrı dövrlərdə, habelə müxtəlif siyasi hadisələr zamanı üzərlərinə düşən vəzifəni düzgün yerinə yetirərək yeniyetmləri və gəncləri istiqamətləndirən əziz müəllimlər bu gün həmişəkindən çox öz mühüm vəzifələrinə və məsuliyyətlərinə diqqət yetirsinlər. Məişət problemləri kimi məsələlər onların yorulub usanmasına, böyük işlərinin kiçik görülməsinə səbəb olmasın”.

O qeyd etdi ki, yeniyetmələr və gənclər ölkənin qiymətli inciləri və müəllimlərin əlində olan böyük əmanətlərdir: “Bu ağır əmanətlər inanclı və dindar müəllimlərin tərbiyəsi nəticəsində elmi, əxlaqi və əməli cəhətdən yüksək əlavə dəyərə malik şəxsiyyətlərə çevrilməlidirlər”.

İnqilabın Rəhbəri pedoqoji universitetlər və bütün müəllim yetişdirən mərkəzlərin ağır vəzifə daşıdığını və hərtərəfli şəkildə gücləndirilməli olduğunu dedi: “Bu mərkəzlər proqram təminatı imkanları, idarəetmə, təhsil mətnləri və tərbiyə fəaliyyətləri baxımından elə gücləndirilməlidir ki, arzuolunan müəllim yetişdirə bilsinlər”.

O, müəllimlərin təhsil aldıqları ixtisasın tədris sahələrinə mümkün olduğu qədər uyğunlaşdırılmasını tövsiyə etdi və korona dövrünün tədris çətinliklərinə və müəllimlərin əziyyətlərinə işarə edərək dedi: “Həmin dövrdə müəllimlərin zəhmətləri ikiqat artdı. Bu cəhətdən bütün müəllimlərə səmimi qəlbdən təşəkkür etməliyik”.

Həzrət Ayətullah Xamenei müəllimlərin məişətinin yaxşılaşdırılması ilə bağlı həmişəki sifarişini bir daha təkrar etdi: “Dövlətin imkanlar baxımından problemlərinin olmasına baxmayaraq, müəllimlərin məişət, sığorta, pensiya və müalicə məsələlərinə xüsusi diqqət ayrılmalıdır”.

O, çıxışının sonunda müəllimlərə tövsiyə etdi ki, öz vəzifələrinə əməl etməsi istiqamətində Təhsil Nazirliyindən çox böyük gözləntilərinin olmasına baxmayaraq, həmin gözləntilərin reallaşmasını gözləmədən öz şəxsi təşəbbüsləri, xeyirxah ruhiyyələri ilə şagirdlərin tərbiyə proqramlarını və qarşılarında duran böyük işlərini həyata keçirsinlər.

Bu görüşün əvvəlində təhsil naziri cənab Nuri nazirliyin islahat sənədinin icrası, təlim-tərbiyə sahəsində virtual məkan və yeni texnologiyaların imkanlarından istifadə, təhsil ədalətinin inkişafı, bacarıqların öyrədilməsi, parlaq istedadların yetişdirilməsi, dərəcələrin verilməsi, müəllimlərin məişəti və tədris mənbələrinin islahı sahəsində görülən işlər və həyata keçirilən proqramlar haqqında məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /