Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bütün Fələstin müqavimət meydanına çevrilmişdir

İslam İnqilabının Ali Rəhbəri “Beynəlxalq Qüds Günü” münasibətilə etdiyi teleçıxışı zamanı Fələstin xalqını xeyirli gələcəyin gözlədiyini xəbər verən əlamətlərin olduğunu, o cümlədən müqavimət meydanının bütün Fələstini əhatə etdiyini, qarşılığında işğalçı rejim və onun əsl hamisi olan ABŞ-ın zəiflədiyini vurğulayaraq qeyd etdi ki, son illər Fələstində baş verən hadisələr sionist rejimlə olan bütün sazişlərin ləğvi deməkdir. O, müqavimət fenomeninin Qərbi-Asiya regionunda misilsiz bərəkətlərə malik olduğunu dedi: “Yalnız müqavimət qüvvəsi ilə başda Fələstin olmaqla İslam dünyasının problemlərini həll etmək olar”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində “Mübarək Qüds Günü” hərəkatının banisi olan Böyük İmama rəhmət göndərərək, bu gün ölkənin hər tərəfində meydanlara axışaraq öz coşquları ilə böyük bir qəhrəmanlıq səhnəsi yaradan əzəmətli İran xalqını salamladı: “Sizin Qüdsün həqiqi siyasi və ictimai müdafiəsi meydandakı əzəmətli və mübarək iştirakınız Qüdsü və Məscidül-Əqsanı öz canları və qanları bahasına müdafiə edən insanların əzminin artmasına səbəb olur. Allaha ümidlə Fələstinin böyük mübarizəsi öz son və mübarək nəticələrinə yaxınlaşacaqdır”.

İnqilabın Rəhbəri çıxışının davamında qeyd etdi ki, bu gün ərəb dilində bütün İslam dünyasına, xüsusilə ərəb dünyasına müraciət edərək qəsbkar və cinayətkar sionist rejimin Qüdsü işğal altında saxladığı müddət ərzində ilin bütün günlərinin Qüds Günü hesab edilməli olduğunu vurğulamaq niyyətindədir: “Şərafətli Qüds Fələstinin qəlbidir. Ölkənin dənizdən çaya qədər qəsb edilmiş bütün əraziləri Qüdsün davamıdır”.

O, Fələstin xalqının misilsiz müqaviməti və cəsarətini yüksək qiymətləndirərək fələstinli gənclərin fədakarcasına əməliyyatlarının Fələstin üçün bir müdafiə qalxanı yaratdığını və fərqli bir gələcəyin müjdəsini verdiyini dedi. Daha sonra o, Fələstinin bu günü və sabahında yeni bir əvəzlənmənin baş verdiyini göstərən əlamətlərdən danışdı: “Bu gün Fələstin və Qərbi-Asiya regionunun qırılmaz iradəsi sionizmin məğlubedilməz ordusunun alternativinə çevrilmişdir. Artıq cinayətkar ordu öz hücum mövqeyini müdafiə mövqeyi ilə əvəz etmək məcburiyyətində qalmışdır”.

Ayətullah Xamenei qeyd etdi ki, sionist rejimin hamisi olan ABŞ-ın Əfqanıstan müharibəsində, İran İslam Respublikasına qarşı maksimum təzyiq siyasətində, Asiya dövlətləri qarşısında, dünya iqtisadiyyatının nəzarət altında saxlanması və öz daxili idarəçiliyi sahəsində bir-birinin ardınca məruz qaldığı böyük məğlubiyyətlər, habelə ABŞ hakimiyyəti daxilində dərin bir uçurumun yaranması fərqli gələcəkdən xəbər verən əlamətlərdir.

O, sionist rejimin siyasi və hərbi sahədəki problemlər çoxluğu içərisində çabalamasına işarə edərək dedi: “Rejimin başında duran əvvəlki cinayətkar cəllad və cani “Seyfül-Qüds” qəhrəmanlığı sayəsində zibilliyə vasil oldu. Onun bu günkü canişini də hər saat qəhrəmanlığın iti qılıncını gözləyir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında bütün Fələstini bürümüş və sionistlərə divan tutmuş Cenin düşərgəsinin fəaliyyətləri, 70% fələstinlinin qəsbkar rejimə qarşı hərbi hücum tələb etməsi, Fələstin xalqının 1948-ci il ərazilərinin şimal və cənub hissələrindəki mücahid hərəkatları, İordaniya və Şərqi Qüdsdə ağır yürüşlər, Fələstin gənclərinin Məscidül-Əqsanı öz canları ilə müdafiə etməsi və Qəzzadakı hərbi təlimlər kimi müqavimət hərəkatlarının konkret nümunələrinə işarə edərək dedi: “Bütün Fələstin müqavimət meydanına çevrilmişdir. Fələstin xalqı cihadın davamında fikir birliyinə gəlmişlər. Bu mühüm hadisələr fələstinlilərin qəsbkar rejimə qarşı tam mübarizəyə və mücahid təşkilatların lazım bildikləri hər zaman əməl meydanına daxil olmaları üçün hazır olduqlarını göstərir”.

O bildirdi ki, bu mühüm hadisələr və son illər Fələstində baş verənlər sionist düşmənlə olan bütün saziş planlarının ləğvi deməkdir: “Fələstinin sahibləri, yəni fələstinlilərin iştirakı olmadan və ya onların rəylərinin ziddinə olan hər hansı layihə həyata keçirilə bilməz. Bu o deməkdir ki, bundan əvvəl əldə edilmiş sazişlərin, Oslo müqaviləsi, iki ərəb dövləti layihəsi, əsrin müqaviləsi və ya son illərdə həyata keçirilmiş təhqiramiz adiləşdirmə planlarının heç biri məqbul deyil”.

İnqilabın Rəhbəri qeyd etdi ki, nəfəsdən düşməsinə baxmayaraq, sionist rejimin müxtəlif cinayətləri hələ də davam edir: “Avropa və ABŞ-ın Ukrayna hadisəsi ilə bağlı hay-küy qopararaq yalançı insan hüquqları müdafiəçiləri Fələstində baş verən bütün bu cinayətlər qarşısında ağızlarına möhür vurub məzlumu müdafiə etmir, üstəlik qaniçmiş canavara kömək də edirlər”.

O, Qərbin irqçi dövlətlərinin bu davranışından böyük dərs alaraq onlara hər hansı şəkildə güvənməkdən çəkinməyin lazım olduğunu vurğuladı: “Yalnız Qurani-Kərimin təlimindən və əziz İslamın hökmlərindən qaynaqlanan müqavimət qüvvəsi başda Fələstin olmaqla İslam dünyasının problemlərini həll edə bilər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Qərbi-Asiya regionunda müqavimət hərəkatının formalaşması bu regionun ən bərəkətli hadisəsidir: “Livanın işğal edilmiş ərazilərini sionist çirkabından təmizləyən, İraqı ABŞ-ın boğazından dartıb çıxaran, İŞİD-in şərindən xilas edən, ABŞ-ın planları qarşısında Suriya müdafiəçilərinə yardım göstərən, beynəlxalq terrorizmlə mübarizə aparan, müqavimətçi Yəmən xalqına məcbur edildikləri müharibədə köməklik göstərən, sionist qəsbkarlarının mövcudluğuna pəncəsi ilə zərbə endirərək Allahın izni ilə onları diz çökdürən, öz mücahidcəsinə fəaliyyətləri ilə Qüds və Fələstin məsələsini dünya əhalisinin gözləri önündə daim aktual saxlayan müqavimət öndərləri olmuşdur”.

O, Qurani-Kərimin Allahın möminlərə və səbr edənlərə vardım göstərəcəyi müjdəsini verən ayələrini vurğulayaraq Fələstin xalqına və oranın fədakar gənclərinə səsləndi: “İran İslam Respublikası dəfələrlə dediyi və əməldə də dediyinin üzərində möhkəm dayandığı kimi müqavimət cəbhəsinin və Fələstin müqaviməti cəbhəsinin himayəçisi və tərəfdarıdır, qəsbkar rejimlə əlaqələrin xəyanətkrarcasına adiləşdirilməsi hərəkətini və adiləşdirmənin qəbul edilməsi siyasətini qınayır”.

İnqilabın Rəhbəri qeyd etdi ki, bəzi ərəb hökumətləri ABŞ-ı Fələstin probleminin həllinə tələsməyə çağırıb: “Əgər məqsədləri ABŞ-ın regionu tərk etməzdən əvvəl qəsbkar rejimin qarşısında duran bütün maneələri götürməsidirsə, birincisi, xəyanət edib ərəb dünyasına utanc gətiriblər, ikincisi, sadəlövhlük ediblər. Çünki bir kor başqa bir korun əsa tutanı ola bilməz”.

O, çıxışının sonunda fələstinli şəhidlərin ruhuna rəhmət oxuyub, onların ailələrinə hörmətlərini ifadə etdi və möhkəm iradə ilə müqavimət göstərən fələstinli əsirlər və məhbuslara salam göndərdi: “Bu böyük məsuliyyətin böyük bir hissəsini öz çiyinlərinə götürmüş fələstinli müqavimətçi qrupların əlini sıxır, İslam dünyasını, xüsusilə gəncləri bu izzət və şərəf meydanında olmağa çağırıram”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /