İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) günortadan sonra yüzlərlə tələbə və tələbə təşkilatlarının nümayəndələri ilə görüşdə qeyd etdi ki, universitet inqilabın ən ümdə məslələrindəndir. O, universitetə inqilabçı, əksinqilabçı və mertəce baxışların mühüm və davamlı mübarizəsinin nəticələrinə aydınlıq gətirərək dedi: “İslam Respublikası bu gün öz universiteti ilə fəxr edir. Gənc tələbə bu gün təfəkkür və düşüncəsinə əsaslanmalı, ölkənin əsas məsələlərini dərindən anlamalı, hər növ ruh düşkünlüyü və ümidsizliyi özündən uzaq tutaraq ölkə rəhbərliyindən inqilab ideyalarını, habelə ciddi və həqiqi iş tələb etməlidir”.
İnqilabın Rəhbəri habelə qarşıdan gələn “Beynəlxalq Qüds Günü”nə işarə edərək dedi: “Fələstin xalqının böyük fədakarlıqları, sionistlərin cinayət və rəzilliklərinin yüksək həddə çatması onu göstərir ki, bu ilki “Qüds Günü” əvvəlki illərədn fərqli olacaq. Fələstinin məzlum, eyni zamanda müqtədir əhalisinə birlik və həmrəylik nümayiş etdirərək onların qüdrət və ruhiyyəsini artırmaq lazımdır”.
O, çıxışının əvvəlində tələbə təşkilatlarının nümayəndələrinin açıqsözlülüyü və səmimi çıxışlarından məmnun qaldığını bildirərək əlavə etdi: “Bu cür çıxışlar faydalı və zövqvericidir. Təbii ki, bu məsələlərin çoxunun cavabı var. Amma problem ondadır ki, tələbələr və məsul şəxslər arasında dialoq yoxdur. Dövlətin məsul şəxsləri, nazirlər və ayrı-ayrı idarələrin məsul şəxsləri universitetlərdə görüşlər təşkil edərək tələbələrin tələblərinə və onları narahat edən suallara cavab verməlidirlər. Əgər hər hansı məsələyə cavabları olmasa, tələbələrin həmin məsələlərlə bağlı fikir və təkliflərindən faydalansınlar”.
Həzrət Ayətullah Xamenei Əmirül-mömininin (ə) “Nəhcül-bəlağə”dəki bir kəlamına işarə edərək nəsihətin qəlbləri diriltdiyini dedi və “Məryəm” surəsinin bir ayəsinə istinad edərək bir nəsihət verdi: “Qiyamət günü həsrət günüdür. Elə yaşamalıyıq ki, o çətin gündə bir işi görməyin və ya görməməyin, bir sözü deməyin və ya deməməyin həsrətini çəkməyək. Çünki düzəliş etmək mümkün olmayacaq”.
İnqilabın Rəhbəri çıxışının əsas hissəsində universitetin əsas və həssas bir məsələ olduğunu dedi: “İlk gündən bir-birinə tamamilə zidd olan iki baxış – İmam Xomeyninin rəhbərliyi altında inqilabçı baxış; əksinqilabçı və mürtəce baxış - universitet məsələsində qarşı-qarşıya dayandılar”.
O əlavə etdi: “İnqilabçı baxışa görə, universitet intellekt yetişdirən, ölkənin problemlərini həll edən və inkişaf etdirən bir məkandır. İkinci baxışa görə, universitet Qərbin nəzərdə tutduğu fəqərələrin yetişməsi üçün bir məkandır”.
Həzrət Ayətullah Xamenei inqilab və əksinqilabın universitetlə bağlı mövqelərinin digər yönlərinə aydınlıq gətirərək əlavə etdi: “İnqilab universitetə elm istehsal edən, elmi inkişaf yaradan, nəticədə milli iqtidarı təmin edən mərkəz kimi baxır. Əksinqilabçı mürtəce cərəyan isə universitetlərə qərb elminin törtöküntülərini öyrədərək istehlakçı alim və müəllimlər yetişdirən, sonra da cəmiyyəti bu fərdlərin əli ilə idarə edərək Qərb üçün istehlakçı cəmiyyət yaradan mərkəz kimi baxır”.
O, dindarlıq, qarşılığında da dinsizləşdirmənin universitet və əksinqilab cərəyanının universitetə baxışının üçüncü ciddi yönü olduğunu bildirdi: “Əlbəttə, müxtəlif səbəblərdən onlar universitetləri tam dinsizləşdirə bilmədilər, Müqəddəs Müdafiənin generalları və şəhidlərinin çoxu, nüvə şəhidləri inqilabdan əvvəlin məzunları olublar”.
İnqilabın Rəhbəri qeyd etdi ki, universitetə şəxsiyyət verilməsi inqilabın böyük işidir: “İnqilab millətə şəxsiyyət, ideya, kimlik, müstəqillik və baxış üfüqü verdi, nəticədə, universitet də bu xüsusiyyətlərdən faydalandı”.
Həzrət Ayətullah Xamenei həqarət və zəiflik hissindən xilas olmanın, Qərb və Şərq imperialistlərinə qarşı müqavimətin universitetin şəxsiyyət hissinə malik olmasının nəticəsi olduğunu dedi: “Tələbə gənclər o günlərdə müstəqilliyin və hegemonlara qarşı mübarizə hissinin şirinliyini bütün varlıqları ilə hiss edirdilər”.
O, inqilabın universitet qarşısındakı hərəkətinin düzgün, möhkəm və təqdirəlayiq olduğunu bildirdi və hərəkətin böyük uğurlarına işarə edərək əlavə etdi: “Sonralar da universitetlərin islami cəmiyyətləri, tələbə və müəllimlərin könüllüləri inqilabın universitetdəki bayraqları kimi ucaldılar, universitetlərdə dərin nəzəri və konspetual məzmunlar formalaşdı”.
İnqilabın Rəhbəri çıxışının birinci hissəsini yekunlaşdırarkən dedi: “İslam Respublikası öz universiteti ilə fəxr edə, amma eyni zamanda universitetlə bağlı narahatlığı da ola bilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Universitetlərin mövcud vəziyyəti kəmiyyət, tələbə və müəllimlərin sayı, yüksək elmi hərəkət və inkişaf, yüksək intellektlərin yetirişdirilməsi, universitet məzunlarının müxtəlif idarəetmə sahələrində işləməsi və dinin universitetlərdəki mövqeyi baxımından İnqilabın əvvəlki illəri ilə müqayisəedilməzdir. İslam Respublikası, həqiqətən, öz universiteti ilə fəxr edə bilər”.
O, “İndiki şəraitdə universitetlə bağlı nə üçün narahatlıq olmalıdır?” sualını verərək dedi: “Xaricdən himayə edilən mürtəce və asılı əksinqilab cərəyanı hələ də fəaliyyətdədir; yeni müstəmləkə siyasətlərinin idarəçiliyi və himayəsi ilə universitetlərlə bağlı planlar hazırlayırlar. Buna görə də narahatlıq olmalıdır”.
İnqilabın Rəhbəri qeyd etdi ki, bu günkü universitetlərin inqilabın əvvəlki illərinin universitetləri ilə müqayisəolunmazlığını göstərən nüanslardan biri ölkənin qarşısında duran məsələlərə təsir miqyasıdır: “Bu gün universitetlərin malik olduqları geniş meydan onların ölkə məsələlərinə olan təsirlərini daha geniş miqyasda artırmışdır. Bu da universitetlərlə bağlı narahatlıqların olmasının səbəblərindən biridir. Buna görə də universitetlərlə bağlı iki sahədə ciddi narahatlıq olmalıdır: 1. Şəxsiyyətsizləşdirmə; 2. İdealsızlaşdırma”.
O əlavə etdi: “Şəxsiyyətsizləşdirmə deyilərkən ideologiyasızlaşdırma nəzərdə tutulur. İdeologiya bir millətin təfəkkürü, dəyərləri və kimliyidir”.
İnqilabın Rəhbəri dedi: “Amerikalılar ideologiyaları olan amerikan dəyərlərini daim qorumağa çalışırlar. İdeologiyasızlaşdırmadan dəm vuranlar bu məsələni, yəni ideologiyaya bağlılığı nə üçün amerikalılardan öyrənmirlər?”
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Şəxsiyyətsizləşdirmə deyilərkən ölkənin düşüncə əsaslarını, tarixi və milli mövqelərini, dövləti və inqilabı təhqir etmək, böyük işləri kiçik göstərmək, bəzi qüsurları şişirtmək nəzərdə tutulur”.
Ayətullah Xamenei bildirdi ki, şəxsiyyətsizləşdirmənin məqsədi Qərbin düşüncə sistemini milli və dini kimliyin əvəzinə alternativə çevirməkdir. O, 2030 sənədinin Qərbin yeni müstəmləkəsinin təzahürlərindən biri olduğunu dedi: “Qərbin düşüncə sisteminə əsasən, ölkənin əzəmətli mədəniyyəti və düşüncə mirası ya zəiflədilməli, ya da məhv edilməli, milli izzət və şərəf zirvələrinə yüksəlməyə hazır olan böyük gənclər ordusu ümidsizliyə qapanmalı, gənc nəslə çıxılmazlıq hissi inyeksiya edilməlidir. Buna görə də narahat olmaq, cəsarət, güclü məntiq və ritorika ilə bu cərəyanın qarşısında dayanmaq lazımdır”.
İnqilabın Rəhbəri qeyd etdi ki, ikinci böyük narahatlıq idealsızlaşdırma ilə bağlıdır: “İdealsızlaşdırmanın nümunələrindən biri gənc nəsildə və universitet tələblərində üç böyük şeytan və üç çirkin ünsür olan yoxsulluq, fəsad və ayrı-seçkiliyə qarşı laqeyidlik yaratmaqdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İdealsızlaşdırmanın nümunələrindən biri gənclərdə Qərbin mədəni hökmranlığına qarşı laqeyidlik, habelə İslam İnqilabına xas olan cəhətlərə qarşı maraqsızlıq yaratmaqdır”.
O bildirdi ki, zülmə qarşı müqavimət və zorakılığın qəbul edilməməsi İslam İnqilabına xas olan cəhətlərdəndir: “Bu xüsusiyyətlər dünyanı lərzəyə gətirmiş, xalqların diqqətini İran İslam dövlətinə qarşı yönəltmişdir. Bu xüsusiyyətlərə görə keçən illərdə hər hansı siyası maraqla ölkəyə rəhbərlik edən prezidentlərin hər biri xarici səfərlər zamanı xalqların arasında olarkən insanlar onlara qarşı rəğbət göstərmişlər. Bayrağı yandırılan ABŞ-dan fərqli olaraq İslam Respunlikasının bayrağını açıb dalğalandırırlar”.
İslam İnqilabının Rəhbəri xalis İslama qayıdış və mürtəceçiliyin rədd edilməsinin, habelə Fələstin məsələsinin İslam İnqilabına xas xüsusiyyətlərdən olduğunu qeyd etdi: “Şəxsiyyətsizləşdirmə və idealsızlaşdırma iki əsas narahatedici məsələdir. Onlara qarşı ayıq olmaq lazımdır. Amma şəxsiyyətsizləşdirmə, ideyasızlaşdırma və müstəqilliyin itirilməsinin kimlər tərəfindən istənilməsini, onların bu məsələdə nə qədər uğur əldə edib-etmədiklərini müəyyən etmək universitet fəallarının və mütəxəssislərin vəzifəsidir”.
Həzrət Ayətullah Xamenei keçmişlə müqayisədə bu narahatlıqların əhəmiyyətinin daha böyük olduğunu qeyd etdi: “Bu gün dünya yeni bir beynəlxalq sistemin astanasındadır. Bu sistem dünyaya iki qütbün hakim olduğu dövrdən və təkqütblü dünya sistemi nəzəriyyəsi irəli sürüldükdən sonra formalaşmaqdadır”.
O əlavə etdi: “Son Ukrayna müharibəsi fonunda baş verən hadisələrə yeni dünya sisteminin formalaşması kontekstindən baxmaq lazımdır. Ehtimal ki, mürəkkəb və çətin proseslər ondan sonra formalaşacaq. Belə bir yeni və mürəkkəb şəraitdə bütün ölkələrin, o cümlədən İslam Respublikasının vəzifəsi öz maraqlarını və təhlükəsizliyini təmin etmək üçün bu yeni sistemdə sərt və yumşaq proqram təminatı ilə iştirak etmək və kənara çıxmamaqdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Belə böyük vəzifəni yerinə yetirmək üçün ən böyük məsuliyyət tələbələrin və universitet fəallarının üzərinə düşür. Bu cəhətdən hal-hazırda universitetlərlə bağlı narahatlıq ikiqat əhəmiyyət daşıyır”.
İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsinin sonunda ekspertləri, düşüncə adamlarını və alimləri bu məsələlərlə bağlı konfranslar təşkil etməyə, araşdırmalar və müzakirələr aparmağa çağırdı.
İnqilabın Rəhbəri çıxışının başqa bir yerində tələbələr və tələbə təşkilatlarına bir neçə praktiki tövsiyə ünvanladı.
Onun birinci tövsiyəsi passivlik və ümidsizlikdən tamamilə çəkinməklə bağlı oldu. O dedi: “Siz digər sahələrə ümid inyeksiya edən mərkəz olmalısınız. Çünki ölkə bu illər ərzində elm, texnologiya və səhiyyə kimi müxtəlif sahələrdə heyrətamiz nailiyyətlərə imza atdığı kimi, digər sahələrdəki çatışmazlıqlar da ortadan qaldırıla bilər”.
Həzrət Ayətullah Xamenei gənclərin və tələbələrin ümidsizliyinin ölkənin digər inkişaf mühərriklərinə mənfi təsir göstərdiyini dedi: “Müqəddəs Müdafiə dövründə bir qrup insanın düşmənin təcavüzünə qarşı müqavimət göstərilməsinin mümkün olmadığını israrla vurğuladığı bir vaxtda sizin yaşlarınızda olan gənclər öz səy və qətiyyərləri ilə ölkəni xilas etdilər və Xürrəmşəhri azad etməklə dünyanı heyrətə gətirdilər”.
O əlavə etdi: “Əlbəttə, keçmiş nəsillərin bəzi nümayəndələri yanlışa və ümidsizliyə qapılaraq ya meydanı tərk etdilər, ya da yadlarla səs-səsə verdilər. Buna görə də zirvə və ideyalara arxa çevirməkdən ehtiyatlı olun”.
İnqilabın Rəhbərinin sonrakı tövsiyəsi düşüncə və təfəkkürün gücləndirilməsi ilə bağlı oldu.
O qeyd etdi ki, təfəkkürsüz elmin məhsulu bəşəriyyət üçün zərərli olan kütləvi qırğın silahlarının istehsalı kimi hadisələrdir.
O dedi: “Düzgün təfəkkürün ustada və bələdçiyə ehtiyacı var. Məsələn, mərhum Ayətullah Misbah Yəzdi intellektual məsələlərdə bir ustad və bələdçi idi”.
Həzrət Ayətullah Xamenei növbəti tövsiyəsində tələbələri ölkənin əsas məsələləri haqqında dərindən düşünməyə və onlarla yaxında maraqlanmağa çağırdı: “Fikri bir və ya iki məsələ üzərində cəmləşdirdikdən sonra onlar haqqında tədqiqat aparıb düşünün. Bu dərin tədqiqatların nəticələri aidiyyatı qurumların istifadəsi üçün lazım olacaq”.
O bu ilin şüarı olan elm əsaslı istehsalın tələbə təşkilatlarının fokuslana biləcəkləri məsələlərdən olduğunu dedi: “Bu məsələ üzərində fokuslanaraq onun haqqında, habelə elm əsaslı istehsala xələl gətirən faktorlara qarşı diskurslar təşkil edin. Bu faktorlara ölkədə geniş yayılmış və təəssüf doğuran hal almış xam məhsul satışını, xərc tələb edən lazımsız idxalatı və qaçamalçılığı misal göstərmək olar”.
İnqilabın Rəhbəri çıxışının davamında tələbənin tələbkar təbiətə malik olduğunu vurğuladı: “Məsul şəxslərdən ciddi və gerçək işlər tələb edin, onları reklam xarakterli işlərdən çəkindirin”.
O vurğuladı ki, tələbkarlıq məntiqlə və ayıq şəkildə yerinə yetirilməli, dava-dalaşsız, kobudluq və sərtlikdən uzaq olmalıdır: “Dəlil və sübutlarla müşayiət olunan məntiqli tələb bəzilərinin ölkə müdiriyyətinin inqilabçı təşkilatlanmaya malik olduğu bir şəraitdə tələbələrin rolunun nə qədər əhəmiyyət daşıması ilə bağlı şübhəyə düşməsinin qarşısını alır. Çünki sizin bu dövrdəki rolunuz böyükdür”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sərt və kobud münasibətdən çəkinmək heç də kompromisə getmək və təriflər yağdırmaq kimi başa düşülməməlidir. Mən gənclərə və tələbələrə əsla belə bir tövsiyə verməmişəm, vermərəm də. Mənim bu tövsiyəni verməkdə məqsədim zərərli və tənəli fikirlərdən çəkinməklə bağlıdır. Təəssüflər olsun ki, virtual məkanda bu üslub çox geniş yayılmışdır”.
O qeyd etdi ki, tələbələrin tələb irəli sürdükləri sahə iqtisadi ədalət, mədəniyyət və həyat tərzi kimi müxtəlif məsələlərin aid olduğu sahələrdir.
Ayətullah Xamanei düzgün tələb formasına xas olan başqa bir xüsusiyyəti qeyd edərək dedi: “Öz inam və iman əsaslarınızı mütaliə vasitəsilə, din və əxlaq alimlərinin mühazirələrində iştirak etməklə gücləndirin”.
İnqilabın Rəhbəri bildirdi ki, düzgün tələb forması ideyaların bəzi idarə rəhbərlərinin zəif fəaliyyətlərindən ayrılması ilə nəticələnir: “Tələbkarlığınız elə olmalıdır ki, problemləri danışarkən, həm də həll yollarını təqdim edərkən qərəzli düşmənlə ortaq məxrəcdə qərarlaşmayasınız”.
Həzrət Ayətullah Xameneinin verdiyi digər tövsiyə tələbələrin beynəlxalq fəaliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı oldu: “Avropa, ABŞ, habelə İslam ölkələrində gənclər və tələbə təşkilatları imperializm siyasətlərinə qarşı fəaldırlar. Onlarla sağlam əlaqə həm bu anti-imperialist fəaliyyətlərə daha boyük güc bəxş edəcək, həm də İslam Respublikasının onlara tanıtdırılması ilə imperailsitlərin xəbər imperiyasına qarşı müdafiə qalxanı yaradacaq. Qeyd etmək lazımdır ki, Əfqanıstan, Pakistan və İraq kimi qonşu ölkələrin tələbələri ilə əlaqələrin gücləndirilməsi daha çox lazımdır”.
İnqilabın Rəhbərinin son tövsiyəsi hal-hazırda üç qüvvənin idarə heyətində fəaliyyət göstərən tələbələrə ünvanlandı.
O vurğuladı ki, İslam Respublikası mömin və motivasiyalı gənc qüvvə olmadan irəliləməyəcək: “Mənim əziz gənclərə tövsiyəm budur ki, hazırki məsuliyyəti daha yüksək məsuliyyət üçün bir pillə etsinlər, harada olurıarsa, olsunlar, həmin sahədəki məsələrə köklənib Allah üçün iş görsünlər. İkincisi, ölkənin öhdəlik daşıdıqları sahəsinin problemlərini həll etməyi özlərinə məqsəd seçsinlər”.
İslam İnqilabının Rəhbəri çıxışının son hissəsində qarşıdan gələn “Qüds Günü”nə işarə edərək bu ilki Qüds Gününün əvvəlki illərdən fərqli olacağını dedi: “Fələstin əhalisi və gəncləri böyük fədakarlıqlar göstərdilər. Sionist rejimi rəzalət və cinayətin son həddinə çatıb. Hansı qələti bacarırsa, edir, ABŞ və Avropa da onu himayə edir”.
Fələstin xalqının məzlum olmaqla yanaşı müqtədir olduğunu deyən Həzrət Ayətullah Xamenei Fələstin məsələsinin unutdurulmasına imkan verməyən fələstinli gənclərin mübarizə və müqavimətlərinə işarə edərək dedi: “Qüds Günü məzlum Fəlstin xalqı ilə birliyi və həmrəyliyi göstərmək, onlara ruh yüksəliyi vermək üçün əlverişli fürsətdir”.
O, İslam ölkələrinin Fələstin məsələsi ilə bağlı davranışlarını kəskin şəkildə tənqid etdi: “Təəssüflər olsun ki, İslam ölkələri çox pis davranırlar. Hətta Fələstin məsələsi ilə bağlı danışmaq belə, istəmirlər. Onların bəzisi elə təsəvvür edir ki, Fələstinə kömək yolu sionistlərlə əlaqə yaradılmasından keçir. Halbuki bu, böyük bir səhvdir”.
İnqilabın Rəhbəri Misir hökumətinin keçən qırx il ərzində bu böyük səhvə yol verərək sionistlərlə əlaqə yaratması məsələsinə toxunaraq dedi: “Məgər Misirin sionist rejimi ilə əlaqə yaratması sionistlərin Fələstin xalqına qarşı cinayətlərinin, Məscidül-Əqsaya qarşı hörmətsizliyin azalmasına səbəb oldumu? İndi bəzi İslam ölkələri Ənvər Sadatın həmin səhvini təkrarlamaq istəyirlər”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, sionist rejimlə əlaqə yaradılmasının bu rejimin özünə də hər hansı faydası olmayacaq: “Ümidvarıq ki, Allahın lütfü ilə Fələstin məsələsinin aqibəti yaxşı olacaq və fələstinlilər tezliklə öz torpaqlarını geri qaytarıb Məscidül-Əqsanın ixtiyarını öz əllərinə alacaqlar”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən ölkə üzrə ən böyük tələbə təşkilatlarının nümayəndələri öz fikirlərini çatdırdılar.
Bəsic Tələbə Təşkilatının nümayəndəsi cənab Möhsün Nəraqi, Tələbələrin İslami Cəmiyyətinin nümayəndəsi Məhəmmədmöhsün Kazımi, Ədalət tələb edən Tələbə Hərəkatının nümayəndəsi Məhəmməd İsgəndəri, Vəhdətin Möhkəmləndirilməsi İdarəsnin təmsilçisi Əli Bozorgxu, Müstəqil Tələbələrin İslami Cəmiyyətlərinin təmsilçisi Əmirhüseyn Pənahi, tədbirin aparıcısı və tələbə qızların nümayəndəsi xanım Zəhra Sadatrəzəvi Ələvi aşağıdakı məsələlər haqqında fikirlərini bidirdilər:
- Mövcud imkanlara əsaslanaraq hökumət sistemində dəyişiklik yaradılması zərurəti;
- Köhnə strukturların dəyişdirilməsi və yeni mexanizmlərin yaradılması ilə dövlət idarəçiyinin proqram təminatının yeniləndirilməsi;
- Ədalətli, səmimi və cəsarətli hökumətin gerçəkləşdirilməsi;
- Universitetlərdə diplommərkəzlikdən qaçmanın və praktiki elm istiqamətində hərəkətin zəruriliyi;
- Elm ocağının dövlətin zəruri məsələlərinə təmərküzləşməsinin zəruriliyi;
- İntellektual məsələlərin dinamikliyi, universitetlər və elmi hövzələrdə fikir mübadiləsinin aparılması üçün lazımi bazaların yaradılmasının vacibliyi;
- Konstitusiyanın ayrı-ayrı yönləri və hakimiyyət bölgüsü prinsipinin qorunması zərurəti;
- Qanunverici orqanın politoloji qurumlardan müstəqilliyinin qorunmasının vacibliyi;
- Şəffaflıq hərəkatının faydalılığının təmin edilməsi zərurəti;
- Brokerlər, dövlətin siyasi və intellektul subyektlərinin öz vəzifələrini bilməsi tələbi və ümumi fikirlərin cavablandırılması zərurəti;
- Məsul şəxslərin seçki vədlərinə əməl etməsi zərurəti;
- Gənclərin, xüsusilə qadınların problemlərinə düzgün və qənaətbəxş şəkildə baxılması zərurəti;
- Tələbkarlıq, ədalət tələb edilməsi və onun hüdudları ilə bağlı məsələlər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir