İslam İnqilabının Ali Rəhbəri mübarək Ramazan ayının birinci günü “Quranla Ünsiyyət” adlı nurani məclisdə çıxış edərək Ramazan ayının ziyafət ayı, İlahi rəhmətin sonsuz süfrəsi olduğunu dedi. O qeyd etdi ki, qəlbi paklamaq, Quranla dərin düşüncə işığında ünsiyyət qurmaq insanın Kərim olan Allahın ziyafətindən istifadə edəcəyi ən mühüm cəhətlərdəndir.
Həzrət Ayətullah Xamenei bildirdi ki, Allahın böyük qonaqlığına daxil olması üçün insanın ilahi dəvəti qəbul etməyə əzmkarlıq göstərməsi lazımdır: “Əgər Allahın ziyafətinə daxil ola bilsək, Allaha yaxınlaşmağımıza fürsət yaradılaraq misilsiz bir şəkildə qəbul ediləcəyik. Bundan daha üstünü təsəvvür edilə bilməz”.
O, mübarək Ramazan ayının bərəkəti və əməl fürsətlərinə işarə edərək dedi: “Bu nemətlər, əslində, Allaha yaxınlaşmaq üçün əvəzsiz fürsətlərdir. Buna görə də təvazökarlıq və itaətkarlıqla Allahdan bu fürsətlərdən istifadə etmək və günahlardan qorunmaq uğuru diləməliyik”.
İnqilabın Rəhbəri Quran ayələrinə istinad edərək “Zikr”in (xatırlama) səmavi kitabın mübarək adlarından biri, böyük bəla olan qəflətin əksi olduğunu vurğuladı: “Quranla ünsiyyət və davamlı tilavət Allahla daha çox əlaqə yaradılmasına səbəb olur”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Quran sonuncu peyğəmbərin əbədi möcüzəsidir: “Quran bütün dövrlərdə insanın fərdi, ailə, sosial, mənəvi, siyasi həyatı və bütün digər yönlərində ehtiyac duyduğu maarifi onun ixtiyarına verir”.
O, öyrənmək və dərindən düşünməyin Quranın dərin, batini və ali maarifindən əldə edilən faydalardan olduğunu dedi: “Bu maarifə nail olmaq qəlbin təmizlənməsi və ruhun paklanması ilə şərtlənir. Qeyd edilən məsələ gənc yaşlarda daha asandır”.
İnqilabın Rəhbəri çıxışının davamında Quran qarilərinə xitab edərək tilavətlə bağlı bir neçə məsələyə aydınlıq gətirdi.
O, ölkəmizdə gözəl səsli məşhur Quran qarilərinin sayının çoxluğundan məmnun qaldığını ifadə edərək bu nemətin İslam İnqilabının bərəkəti sayəsində olduğunu dedi: “Bu gün bizim qarilərimiz, hətta bəzi vaxtar İrana ustad kimi dəvət edilən digər ölkələrin qarilərinin çoxundan daha keyfiyyətli və daha üstün səviyyədə Quran oxuyurlar. Bu, qürurverici bir gerçəklikdir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İşi bitmiş hesab etmək olmaz. Davamlı olaraq inkişaf etmək, nöqsanları ortadan qaldırmaq lazımdır. Çünki insanın yolun sonuna çatdığını düşünüb dayandığı nöqtə tənəzzül nöqtəsidir. Bu tövsiyəmiz bütün fəallara, o cümlədən yazıçılar, şairlər və tələbələrə də aiddir”.
O, növbəti tövsiyəsində tilavətin müqəddəs bir sənət olduğunu dedi və vurğuladı ki, bu sənət Allahı xatırlamaq və Ona çağırışa xidmət etməlidir: “Tilavət elə olmalıdır ki, dinləyicinin imanını artırsın. Buna görə də tilavətə sırf bir peşə kimi baxılmamalı, qeyri-əsas işlərin və bəzi özünü göstərmələrin Allaha dəvəti və Onu xatırlamanı üstələməmlidir”.
İnbqilabın Rəhbəri “tilavət mühəndsiliyi” mövzusunun da qarilərin diqqət yetirməli olduqları bir məsələ olduğunu dedi: “Tilavət mühəndisliyiniz olsun, yəni elə bir uyğun ahəng seçib oxuyun ki, dinləyiciyə dərindən təsir göstərsin və onu Allah kəlamına tabe olmağa vadar etsin”.
Ölkədə Quran sahəsində göstərilən fəaliyyətlərin yaxşı, lakin yetərsiz olduğunu deyən Həzrət Ayətullah Xamenei bu fəaliyyətlərin artırılması üçün bir təklif irəli sürdü: “Hər məhəllənin məscidlərinin Quran mərkəzlərinə çevrilməsi, məhəllənin digər məscidləri ilə qarşılıqlı əlaqələr yaradılması, aralarında Quran müsabiqələri və məclisləri təşkil edilməsi yeniyetmələr və gənclərin Quran vadisinə daxil olması, xüsusilə Quran hafizlərinin yetişməsi üçün ən yaxşı stimullaşdırıcıdır”.
O əlavə etdi: “Bir neçə il bundan əvvəl 10 milyon hafizin yetişdirilməsi ilə bağlı təqdim etdiyimiz həll yolu yeniyetmələrin Quran fəaliyyətləri sahəsinə daxil edilməsidir. Bu cür proqramlar qeyd edilən təklifin reallaşmasına kömək edə bilər”.
“Quranla Ünsiyyət Məclisi”ndə qarilərin bir neçəsi Allahın müqəddəs kəlamından ayələr oxudular. Bu işıqlı mərasimdə mədhiyyə və minacatlar da oxundu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir