Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İstehsal səngərində cihad ABŞ-ın iqtisadi müharibədə məğlubiyyətinə səbəb oldu

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər istehsalçılar və sənaye fəallarından bir qrupu ilə görüşdə qeyd etdi ki, ABŞ-ın iqtisadi müharibəsinə qarşı mübarizədə sahibkarlar, iqtisadi fəallar və fəhlələr Müqəddəs Müdafiənin zabitləri, ixlaslı və səmimi döyüşçüləridirlər. O, ABŞ rəhbərliyinin bu ağır döyüşdə rüsvayçı şəkildə məğlub olduqları ilə bağlı etiraflarına toxunaraq dedi: “Çalışqan və zəhmətkeş rəhbərlik “strateji sənaye planı” sənədini yaratmaqla, habelə istehsalın idarə edilməsi, yönləndirilməsi, nəzarət altında saxlanması və dəstəklənməsi ilə xəsarətlərin azaldılması və aradan qaldırılması, istehsal, məşğulluq və ölkənin inkişafının sürətləndirilməsi xəttini - bu proses insanların həyatında özünü açıq şəkildə göstərənə qədər böyük səylə davam etdirsinlər”.

Həzrət Ayətullah Xamenei hökumət rəhbərlərinin istehsalçı və sənayeçilərin bu günkü görüşdə qabartdıqları məsələlərə diqqət yetirmələrinin zəruri olduğunu bildirdi və vurğuladı ki, iqtisadi fəalların uğurlarının bu adamların birbaşa özləri tərəfindən xalqa çatdırılması düşmənin psixoloji müharibəsinə qarşı mübarizədə faydalıdır: “Əgər bu on il ərzində məsul şəxslər istehsalçılarla daha çox əməkdaşlıq etsəydilər, az xəsarətlə daha böyük nailiyyətlər əldə edilərdi”.

İnqilabın Rəhbəri istehsalın cihad olduğunu vurğulayaraq əlavə etdi: “İstehsalçıların düşmən tərəfindən iqtisadiyyata edilən hücumlara, düşmənin neft və qaz satışına maneə yaratmaq, valyuta mənbələrinin kəsilməsi, İranın xarici mübadilələrinin qarşısını almaq üçün proqram işlənib hazırlanması istiqamətində göstərdikləri fəaliyyətlərə qarşı müqavimətləri, əsl həqiqətdə, cihad və ən böyük ibadətlərdəndir”.

O vurğuladı ki, düşmənin istehsal səngərini fəth etmək üçün hazırladığı bütün planlar məğlubiyyətə uğradı: “Ölkənin iqtisadiyyatına qarşı edilən bu hücum zamanı əhalinin məişətində çətinliklər yarandı. Amma istehsal diz çökmədi, ABŞ-ın XİN-nin sözçüsü bir neçə gün bundan əvvəl elan etdi ki, maksimum təzyiq siyasəti ABŞ-ın rüsvayçı məğlubiyyəti ilə nəticələndi”.

İnqilabın Rəhbəri dedi: “Onlar güman edirdilər ki, bir neçə ay ərzində baş verəcək iqtisadi çöküş onların mənfur siyasi məqsədlərinin gerçəkləşməsinə zəmin yaradacaq. Ancaq, Allaha şükürlər olsun ki, on ildən sonra ölkə iqtisadiyyatı və istehsal səngəri öz varlığını qoruyub saxlmaqdadır; istehsalçılar, iqtisadi fəallar və fəhlələr müqəddəs cihadın zabitləri və döyüşçüləri kimi bu qürurun ortağı və əsl faktorudurlar”.

Həzrət Ayətullah Xamenei dedi: “Keçən il də elan edildiyi kimi, ölkənin iqtisadiyyatının problemlərdən adlaması, daxili və xarici zərbələr qarşısında xəsarət almaması üçün istehsal sıçrayışına ehtiyac var. Çünki istehsal sıçrayışı stabil məşğulluq və ixracatın daha da yaxşılaşdırılması kimi iqtisadi parametrlərin yaxşılaşması ilə valyuta gəlirləri və inflyasiya əmsalının azalmasına gətirib çıxaracaq, milli təhlükəsizlik və heysiyyətə, milli özgüvənin artamsına zəmanət verən iqtisadi müstəqilliyə səbəb olacaq”.

İnqilabın Rəhbəri bütün daxili və xarici ekspertlərin İranın zəngin potensialları və geniş imkanları ilə bağlı verdikləri açıqlamalarına işarə edərək dedi: “Əgər işbilən, zəhmətkeş, çalışqan və canıyanan idarəedicilər bu imkanlardan düzgün isitfadə etsələr, mütləq vəziyyət bundan bir neçə dəfə fərqli olar”.

Həzrət Ayətullah Xamenei həmişə vurğuladığı “ölkə iqtisadiyyatını asılı vəziyyətə salmaqdan, fəaliyyətləri ixtiyarı öz əlimizdə olmayan məsələlərlə şərtləndirməkdən çəkinmək lazımdır” məsələsini yenidən təkrar edərək dedi: “Həmin onillik müddət ərzində də sanksiyaların götürülməsini gözləməyən, zəhmət və fəaliyyətləri ilə uğurlu nümunələrə çevrilmiş müəssisələr və istehsalçılar olmuşdur”.

O, 90-cı onilliyin makroiqtisadi statistikalarının, həqiqətən və insafən, məyusedici olduğunu və bu kimi məsələlərin insanların həyatına təsir etdiyini dedi: “Ümumdaxili istehsalın artımı, ölkədə investisiya təşkili, infilyasiya, likvidliyin artımı, mənzil, texnika təminatı və bənzər məsələlərlə bağlı statistika qətiyyən ürəkaçan deyil. Onun əhalinin həyatına vurduğu zərbə və bizi narahat edən cəhəti həmin məsələlər və gerçəkliklərdən qaynaqlanır”.

İnqilabın Rəhbəri vurğuladı: “Bu problemlərin əsas səbəbi sırf sanksiya deyil, yanlış qərarlar və az işlər problemlərin mühüm bir hissəsinə səbəb olur”.

O, mütəxəssislərin məsləhətlərindən maksimum dərəcədə istifadə edilməsinin əhəmiyyətinə işarə edərək bildirdi ki, bütün məsul şəxslər ekspertlərin fikirlərindən istifadə edərək daha öncədən verilmiş tövsiyələrin tam şəkildə həyata keçirilməsinə çalışsınlar. Dövlət müdaxiləsininin əvəzinə istehsalı yönləndirmək, ona nəzarət edib dəstəkləmək, biznes mühitinin sağlamlaşdırılması, fiskal intizam, istehsal maneələrinin ortadan qaldırılması, fəaliyyət lisenziyalarının alınmasının asanlaşdırılması, lisenziyanın verilməsi üçün birpəncərə sisteminin yaradılması, istehsalçının fəaliyyətləri üçün stimullaşdırıcı siyasətlərin olması, istehsal zəncirinin elmi prinsiplər əsasında qurulması, korrupsiya ilə mübarizə, daxili sənaye istehsalına dəstək, qaçaqmalçılıqla qətiyyətli və amansız mübarizə bu tövsiyələrdəndir.

Həzrət Ayətullah Xamenei nümunə üçün müxtəlif sirkulyarların verilməsi problemini qeyd edərək dedi: “1397-ci ildən 1400-cü ilə qədər 1500 sirkulyar təkcə gömrük məsələləri ilə bağlı verilmişdir. İqtisadi fəallar hansına əməl etsinlər? Hamısını oxumağa, ümumiyyətlə, fürsət varmı?”

O, sonra daxili istehsal məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasının zəruriliyini vurğulayaraq dedi: “Daxili istehsala əməli dəstəklər və bu istiqamətdə aparılan təbliğatlar məhsulların keyfiyyətinin və texnologiyanın daha da yaxşılaşdırılmasına səbəb olmalıdır. Amma təəssüflər olsun ki, bəzi sənaye sahələrində, xüsusilə avtomobil sənayesində keyfiyyət məsələsinə diqqət yetirilmir, insanlar da haqlı olaraq etiraz edirlər”.

İnqilabın Rəhbəri dedi: “Daxili istehsala dəstək mühitinin olmasına baxmayaraq, keyfiyyəti yaxşılaşdırmaq əvəzinə qiymətlərin qaldırılması pis işdir. Çünki bütün dövlət və bank dəstəkləri, habelə xarici rəqabətlərin qarşısının alınması qiymətlərin artması ilə nəticələnmişdir”.

O, ölkə daxilindəki bəzi məişət avadanlıqları istehsalçılarından gileylənərək dedi: “Bu istehsalçılara köməklər edilməsinə baxmayaraq, onların bəzi məhsullarının qiymətinin iki dəfə artırıldığı deyilir. Belə olmamalıdır”.

Həzrət Ayətullah Xamenei istehsal sahəsinin mühüm mövzularından birinin məşğulluq yaradan sənaye sahələrinə dəstək verilməsi olduğunu dedi: “Əsas və ana sənaye sahələrinə dəstək verməklə yanaşı, məşğulluq üçün zəmin yaradan aşağı sənaye sahələrinə də dövlət və banklar tərəfindən yardımlar edilməlidir. Neft sənayesi nəzdində neft-kimya emalı zavodları və polad sənayesinin aşağı sənaye zənciri bu məsələlərdəndir”.

İri sənaye sahələrinin elmiləşdirilməsinə xüsusi diqqət İnqilabın Rəhbərinin toxunduğu başqa bir məsələ oldu: “Son illərdə minlərlə kiçik və orta həcmli elmiləşdirilmiş müəssisələr yaradılmışdır. Lakin iri sənaye sahələrinin elmiləşdirilməsi diqqətdən kənarda qalmışdır. Bu sahədə istedadlı gənclərin bilik və bacarıqlarından istifadə edilməlidir. Korona əleyhinə vaksindən tutmuş hədəfi dəqiq vuran raketlərin istehsalına qədər, harada gənclərə etimad göstərildi və onlardan iş görmələri istənildisə, həqiqətən, yaxşı iş bacardılar”.

O, ümumiyyətlə, xarici şirkətlərdən istifadə edilməsinə qarşı olmadığını vurğuladı: “İnanıram ki, effektiv və elm əsaslı daxili şirkətlər neft sənayesi kimi iri sənaye sahələrindəki ehtiyaclarımızı ödəyə bilərlər. Buna görə də müxtəlif sənaye sahələrində texnologiyanın inkişafının təkcə xarici şirkətlərin iştirakı ilə şərtləndiyini düşünmək olmaz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İstedadlı gənclərimiz nanotexnologiya, kök hüceyrələr və biotexnologiya sahəsində də böyük işlər görmüş və iranlı gənclərin bacardıqlarını göstərmişlər”.

Kreditin yönləndirilməsi məsələsi İnqilabın Rəhbərinin toxunduğu digər məsələ oldu: “Likvidliyin artımı ilə ümumdaxili istehsal artımı arasındakı fasilə qəbuledilməz və astronomik həddədir. Kreditlərin istifadəsi elə bir şəkildədir ki, likvidliyin sıxlığının istehsala təsiri olmur. Halbuki dövlət və mərkəzi bank fəal şəkildə və ciddi nəzarət kontekstində bankların xidmətlərinin asanlaşdırılmasını kreditin istehsal istiqamətinə yönəltməklə şərtləndirməlidirlər”.

O, kənd təsərrüfatının elmiləşdirilməsi və texnikalaşdırılmasının da zəruri olduğunu bildirdi: “İstixana əkini diqqətəlayiqdir. Amma ölkəni onunla idarə etmək olmaz. Ölkənin yeri, torpağı və suyuna əsasən, kənd təsərrüfatını elmiləşdirməklə və optimal istehlak modelinin tapılması ilə torpağın məhv olması və suyun boş yerə axıdılmasının qarşısını almaq, suya qənaəti ciddi şəkildə izləmək lazımdır”.

Həzrət Ayətullah Xamenei yenidən ölkənin strateji sənaye xəritəsi sənədinin hazırlanıb təsdiq edilməsinin zəruriliyini vurğuladı: “Bu mühüm və qanuni sənədin varlığı hökumətlərin dəyişməsi, birinin digərini əvəz etməsi ilə ölkənin sənaye proqramlarının öz qüvvəsini itirməsinin qarşısını alacaq”.

İnqilabın Rəhbəri yenidən bütün istehsal subyektlərinə təşəkkürünü bildirərək məsul şəxsləri bu sahədəki maneələri aradan qaldırmağa çağırdı: “Hökumət rəhbərləri, həqiqətən, çalışırlar. Bu səyləri elə davam etdirmək lazımdır ki, xalqın həyatındakı təsirləri qısa zaman ərzində özünü göstərsin”.

Ayrı-ayrı istehsal sahələrinin fəallarından olan on dörd nəfər İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edərək öz fikir və baxışlarını açıqladılar:

- Rəqəmsal biznes sahəsi üzrə fəal Məhəmmədxələc Qasımabadi;

- Neft-qaz sənayesinin kəşf və istehsal sahəsi üzrə fəal Məcid Həbibi;

- İstixana məhsullarının istehsalı və ixracatı sahəsi üzrə fəal Yusif İbrahimi;

- Sənaye avadanlıqları istehsalçıları və maşınqayırma təşkilatları cəmiyyətinin idarə heyətinin sədri Əmirabbas İxtirai;

- İran İnşaat Şirkətləri Sindikatının icraçı direktoru İrəc Gülabtunçi;

- Parsacəm şirkətinin işçisi, mikroelektronika sahəsi üzrə fəal Möhsün;

- Dəmir konsentratı və dəmir filizi kütləsinin kəşfi, çıxarılması və istehsalı, valyuta zəncirinin təkmili sahəsi üzrə fəal İman Ətiqi;

- Tibb və dərman pereparatları və təchizatları sahəsi üzrə fəal Məcid Ruhi Niyasər;

- Sənaye sahəsində ehtiyac duyulan müxtəlif növ katalizator və attraktivlərin istehsalı üzrə fəal Həsən Nəvayi;

- Heyvandarlıq və quşçuluq sahəsi üzrə fəal Əli Təqvafər;

- Taxıl emalı və makaron istehsalı üzrə fəal Mürtəza Sultani;

- Məişət avadanlıqları sahəsi üzrə fəal Abbas Əbhəri;

- Tekstil və geyim sənayesi üzrə fəal Mehdi Yusififər;

- Biotexnologiya sahəsi üzrə fəal Məryəm Tacabadi.

Dörd istehsal mərkəzində quraşdırılmış ekranlar vasitəsilə istehsal müəssisələrinin işçiləri üçün yayımlanan bu görüşdə çıxış edən iştirakçılar aşağadakı məsələlərə toxundular:

- Sanksiyaların neytrallaşdırılması istiqamətində ölkənin sənaye sahəsinin ehtiyac duyduğu əksər katalizatorlarının milliləşdirilməsindən qaynaqlanan mühüm nailiyyətlər;

- Rəqəmsal iqtisadiyyatın inkişafından istifadə etməklə artıq vasitələrin ixtisar edilməsi və məhsulun paylanması sistemindəki problemlərin həlli imkanı;

- Ölkə daxilində istehsalı olduğu və İran da ekotexnologiya sahəsi üzrə yüksək yerlərdə qərarlaşdığı halda, probiotik məhsulların ölkəyə idxal edilmsəinin tənqidi;

- İstehsalı artıran və valyuta qazandıran ixracat üçün vahid komandanlıq yaradılması təklifi;

- Texniki-mühəndislik xidmətlərinin ixracatının inkişafı üzərində mərkəzləşmə zərurəti;

- İstixanalar kənd təsərrüfatı məhsullarının istehsalı və su istehlakının azaldılması istiqamətində mühüm imkanlara malikdir;

- Ölkənin nisbi məziyyətlərinin öyrənilməsi zərurəti, sənaye sahələrinin inkişafının məqsəd seçilməsi və bunlar əsasında investisiya yatırımlarının aparılması;

- Sənaye təchizatı və maşınqayırma sahəsində daxili imkanlardan maksimum istifadə qanununun zəif icriasının tənqidi;

- Elm və texnologiya parkı və mikroelektronika sahəsinə bir neçə elmi şəhərciyin salınması təklifi;

- Daxili istehsalın dəyər zəncirlərinin təkmilləşdirilməsi məqsədilə idxalatın tənzimləndirilməsi;

- Xüsusilə dünya bazarlarında üstün istehsal brendləri, adları və nişanlarının təbliği zərurəti;

- İri heyvandarlıq və quşçuluq sənayesini gücləndirmək məqsədilə istehsal amilləri probleminin həlli zərurəti.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /