Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqımıza qarşı yönəlmiş informasiya müharibəsindəki yerinizi tapın

İslam İnqilabının Rəhbəri Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud ildönümü günü bur qrup Əhli-beyt (ə) məddahı ilə təşkil edilmiş görüşdə Həzrət Siddiqeyi-Kübranın (s.ə) şəxsiyyətinin bəzi üstün yönlərindən, o cümlədən onun ictimai fəaliyyətləri və xalqa minnətsiz xidmətlərindən danışaraq heyətlərin böyük maarifləndirmə cihadının mərkəzi olduğunu dedi: “Heyətlər cəmiyyətin, xüsusilə gənclərin suallarına düzgün və əsaslı cavab verən aydınladıcı mənbə olmalıdır”.

Həzrət Ayətullah Xamenei bu görüşdə hər kəsi həm Həzrət Fatimeyi Zəhranın (s.ə), həm İmam Xomeyninin (r.ə) mövlud ildönümü, həm də ana və qadınlar günü münasibətilə təbrik etdikdən sonra Quran ayələri və hədislər əsasında Həzrət Zəhranın (s.ə) fövqəladə şəxsiyyətinin bəzi yönlərindən danışdı: “Paklıq, Allah üçün iş görmək, minnətsiz xidmət, “Mübahilə hadisəsi” zamanı batil cəbhəsi ilə qarşılaşmada üstün mövqe o xanımın Qurani-Kərimdə açıq şəkildə qeyd edilən misilsiz xüsusiyyətlərindəndir”.

O, “Dəhr” surəsinin ayələrinə işarə edərək ehtiycalı insanlara minnətsiz xidmət və ixlaslı köməyin Fatimi cəmiyyətinin mühüm əlamətlərindən olduğunu dedi: “Allahın lütfü ilə İslam İnqilabından sonra İran cəmiyyəti Fatimi olmuşdur. Keçən 43 il ərzində Fatimi davranışları Müqəddəs Müdafiə dövründə, şəhid Fəxrizadə kimi şəhidlərin, nüvə şəhidləri və böyük alim mərhum Kazimi Aştiyaninin minnətsiz xidmətləri və elmi fəaliyyətləri dövründə, habelə sel və zəlzələ kimi təbii fəlakətlər zamanı görmüşük”.

İnqilabın Rəhbəri qeyd etdi ki, korona xəstəliyinin yayıldığı dövrdə göstərilən qarşılıqsız və minnətsiz xidmətlər hələ də davam edir. Bunlar Fatimi xüsusiyyətindən qaynaqlanan davranışın başqa bir nümunəsidir: “Həzrət Fatimeyi-Zəhra bütün cəhətlərdə, xüsusilə sosial və inqilabi fəaliyyətlərdə nümunə olmalıdır”.

Həzrət Ayətullah Xamanei çıxışının başqa bir hissəsində heyətlər məsələsinə toxunaraq dedi: “Heyətlərin sosial bir institut kimi formalaşmasının əsasında Əhli-beytə sevgi, imamların yolu və məktəbinin diri saxlanması prinsipləri dayanmışdır. Bu prinsiplər imamların öz dövrlərindən formalaşmışdır”.

O, heytələrin müxtəlif dövrlərdə, xüsusilə İslam İnqilabı və Müqəddəs Müdafiə dövrlərindəki rolu və fəaliyyətinin çox böyük və effektiv olduğunu dedi: “Pak imamların buyuruqlarına əsasən, heyət böyük aydınlaşdırıcı və maarifləndirici mübarizə mərkəzidir”.

İnqilabın Rəhbəri heyətin sütrukturunun beyin və məna, hərəkət və dinamikadan ibarət olduğunu vurğuladı: “Heyətin beyni və mənası deyilərkən məktəbin izahı və təbliği nəzərdə tutulur. Heyət İslam maarifi və konsepsiyalarına aydınlıq gətirən, gənclərin prinsipial məsələlər və həyat tərzi ilə bağlı verdikləri müxtəlif suallara cavab verən mühüm mərkəzdir. Heyətin hərəkətliliyi və dinamikası deyildikdə qarşı tərəflə birbaşa qarşılaşma fürsəti və hisslərin ötürülməsi nəzərdə tutulur”.

O bildirdi ki, heyətin əsasını və gücünü cihad prinsipi təşkil edir: “Hər yaxşı və yerində göstərilən fəaliyyət də cihad deyil. Cihadın mənası düşməni hədəfə almaq üçün göstərilən fəaliyyətdir. Hər zaman cihad meydanını düzgün təyin etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei hərbi və elmi cihad, sosial fəaliyyət və xidmətlər kimi müxtəlif dövrlərdə aparılmış mübarizə meydanlarına işarə edərək dedi: “Nümunə üçün qeyd edim ki, düşmənin iqtisadi təzyiq vasitəsilə xalqı İslam dövlətinə qarşı qaldırmağa çalışdığı bir şəraitdə xalqa göstərilən ictimai xidmət qiymətli bir cihaddır”.

O, kütləvi informasiya vasitələri, habelə minlərlə incəsənət və media mütəxəssisi, böyük maliyyə və təhlükəsizlik yardımları ilə xalqın fikrini qarışdırmaq, iman və inanclarını sarsıtmaq üçün “İran xalqının düşmənləri”nin göstərdikləri səy və fəaliyyətlərə işarə edərək qeyd etdi ki, cihadın ən mühüm arenası aydınlatma və maarifləndirmədir: “Bu şeytani fəaliyyət müqabilində heyətlər özlərinə sual verməlidirlər ki, haqla batilin amansız cəbhəsində, yalan və doğru xəbərin qarşıdurmasında harada yer alıblar? İnqilabın əsas ideya və prinsiplərini necə yaymalıdırlar?”

İnqilabın Rəhbəri vaiz və məddahın heyətin iki mühüm və möhkəm sütunu olduğunu qeyd edərək məddahlıq sənətinin özünməxsus bir xüsusiyyətə malik olduğunu vurğuladı: “Mədhiyyə dinləyicinin qəlbini cilalayıb onu tarixin dərinliyinə apararaq dini, əxlaqi və siyasi informasiya ötürür”.

O, Əhli-beyt məclislərini daha məhsuldar etmək və dini şeirlərin səviyyəsini daha da yaxşılaşdırmaq üçün ritual şairlər və məddahların əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirdi: “Səs, ahəng və xanəndəlik məddahlıq sənətinin formasını təşkil edir. Ancaq prinsipcə vasitə olan forma məzmunu üstələməməli, cəmiyyətin hərəkətinə yön verən hidayət və məhəbbət formanın içində itməməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, məddahlıqda təşəbbüs və yenilik yaxşı və faydalıdır: “Yenilik normaların pozulması və məddahlığın mahiyyətinin dəyişməsinə aparıb çıxarmamalı, məddahın performansı məddahlıq olmayan istiqamətlərə sapmamalıdır. Çünki məddahlıq pop musiqisi deyil”.

İslam İnqilabının Rəhbəri məddahların Müqəddəs Müdafiə, habelə 88-ci il fitnəsi dövründəki həlledici roluna və imtahanlarına işarə edərək dedi: “Məddahlar sözün həqiqi mənasında mücahidpərvərlik və şəhidpərvərlik etdilər. İslam Respublikası ilə düşmənin media və mədəni müharibəsində inqilabçı məddaharın uca səsi həlledici idi. Bu gün də bu uca səs böyük düşmən cəbhəsi ilə mübarizədə həlledici olmalıdır”.

Məddahların gəncləri cəlb etmək üçün göstərdikləri səy və yeniliklərin yaxşı olduğunu deyən Həzrət Ayətullah Xamenei eyni zamanda vurğuladı: “Diqqətli olun ki, bu səyləriniz gəncləri nəyin bahasına olursa olsun, cəlb etmək xarakteri almasın. Gəncləri cəlb etmək üçün bəzi münasib olmayan musiqi, ahəng və melodiyalardan istifadə edilməsin”.

O vurğuladı ki, gəncləri cəlb etmək heyətin düzgün strukturunu pozmadan həyata keçirilməlidir: “Məddahlıq, onun həqiqəti və mahiyyətinin aradan getməməsində çox diqqətli olmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri məddahlara mötəbər məlumatlar və şeirlərdən istifadə etməyi tövsiyə etdi: “Bəzən zəif bir söz, natamam və səhv bir açıqlama İslam və şiəliklə bağlı şübhə yaranmasına, böyük alimlər və dini maarifə qarşı hücumlar edilməsinə bəhanə verir. Buna görə də sənədli və əsaslı məlumatlardan istifadə məddahların proqramının əsasını təşkil etməlidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl on bir nəfər məddah və şair Həzrət Fatimeyi-Zəhranın (ə) fəzilətləri ilə bağlı şeir və mədhiyyələr oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /