İslam İnqilabının Rəhbəri bu gün səhər saatlarında (01.01.2022) Şəhid Hacı Qasim Süleymaninin ailəsi və bir neçə silahdaşı ilə görüşündə “sədaqət” və “ixlas” prinsiplərinin Süleymani məktəbinin məğzi, rəmzi və göstəricisi olduğunu vurğuladı. O, məntəqə gənclərinin Hacı Qasimi özlərinə örnək götürdüklərini qeyd edərək, sözünə belə davam etdi: “Şəhid Süleymani İran ölkəsinin və bütün İslam dünyasının parlaq simasıdır.”
İslam İnqilabının Rəhbəri Sərdar Süleymaninin şəhadətini milli, eləcə də müsəlman millətləri arasında beynəlxalq bir hadisə kimi qələmə verərək, sözünə belə davam etdi: “Hacı Qasimin xatirəsinin İranın bütün bölgələrində xalq kütlələri tərəfindən anılması onların bu uca şəhidə verdikləri böyük dəyəri göstərir.”
O, Qurani-Kərimin bir neçə ayəsinə istinad edərək dedi: “Sədaqət və ixlas Süleymani məktəbini formalaşdıran və təşkil edən prinsiplərdir. Bu prinsiplər həm onun həyatını, həm də şəhadətini bərəkətli etdi. Onun hansı şəkildə şəhid edilməsi isə Allahın lütfü sayəsində heç kimə, eləcə də İslam düşmənlərinə bəhanə yeri qoymadı.”
Həzrət Ayətullah Xamenei Sərdar Süleymaninin Rəbb ilə bağladığı əhdə vəfadırlığını, habelə İmam Xomeyni (r.ə) məktəbinə, İslamın və İnqilabın amallarına sədaqətini onun fəaliyyətlərinin uğur amili hesab edərək, sözünə belə davam etdi: “İran xalqının əziz komandanı amallar uğrunda mübarəzənin əziyyətlərinə sinə gərdi, İran xalqı və İslam ümməti qarşısında vəzifələrini ömrü boyu tam diqqətlə yerinə yetirdi.”
O, “millət” və “ümmət” ayrıseçkiliyi düşüncəsini yayan düşmən siyasətini qərəzli və ya qərəzsiz şəkildə dəstəkləyən insanları qınayaraq dedi: “Hacı Qasim sübut etdi ki, millətə faydalı bir insan olmaqla yanaşı, ümmətə də faydalı bir insan olmaq mümkündür.”
İslam İnqilabının Rəhbəri Sərdar Süleymaninin dəfn mərasimində milyonlarla insanın iştirak etdiyini qeyd edərək dedi: “Bu həqiqət onu göstərir ki, Hacı Qasim xalqın parlaq simasıdır. Onun şəxsiyyətinin İslam dünyasında günü-gündən daha da çox tanınması sübut etdi ki, Süleymani İslam dünyasnın da parlaq simasıdır.”
Ayətullah Xamenei Hacı Qasimi yorulmaz və heyrətamiz bir fəaliyyətin rəmzi kimi qələmə verərək, sözünə belə davam etdi: “İran xalqının qəhrəman komandanı bütün iş və fəaliyyətlərini tərifəlayiq bir şücaət və şəhamətlə, eyni zamanda ağıl və məntiqə dayanaraq yerinə yetirirdi. Düşməni və onun imkanlarını dəqiq şəkildə tanımaqla yanaşı, zərrə qədər də qorxu bilmədən, iqtidar və tədbirlə mübarizə meydanına atılır və insanı təəccübləndirən işlər görürdü.”
İslam İnqilabının Rəhbəri vurğuladı ki, xalqın Sərdar Süleymaninin şücaətini alqışlaması onun ilahi əhdə vəfadarlığı və sədaqətinin səmərələrindəndir.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, “ixlas və Allah yolunda xidmət” Şəhid Süleymaninin başqa bir xüsusiyyəti olub, onun fəaliyyətinin uğur amilidir. İslam İnqilabının Rəhbəri sözünün davamında dedi: “O, məşhurlaşmaqdan qaçardı, ad-san axtarmırdı. Milyonlarla insanın onu axirət mənzilinə yola salması və onun adının dünyada məşhurlaşması Allahın onun ixlasına bu dünyada verdiyi ilk mükafat idi.”
O, Şəhid Süleymaninin İslam dünyası və region gənclərinin örnəyinə və qəhrəmanına çevrildiyini vurğulayaraq dedi: “Bu gün Süleymani bizim regionda ümid, özünəgüvən, rəşadət, dönməzlik və qələbə rəmzidir. Necə ki, bəziləri haqlı olaraq deyir: “Şəhid Süleymani düşmənlər üçün Sərdar Süleymanidən daha təhlükəlidir.”
Ayətullah Xamenei sözünə belə davam etdi: “Düşmənlər elə düşünürdülər ki, Süleymanini, Əbu Mehdini və onların silahdaşlarını şəhid etməklə işi bitirəcəklər. Amma məzlumcasına axıdılan o hörmətli qanın bərəkəti sayəsində bu gün Amerika Əfqanıstandan qaçıb çıxdı. İraqa hərbi müdaxilə etməyəcəyini qəbul etdi. Əlbəttə, iraqlı qardaşlar da bu məsələni ayıq-sayıqlıqla icra etməlidirlər. Yəməndə və Livanda mübarizə hərəkatı genişlənməkdədir. Suriyada düşmən gələcəyə ümidini itirib. Bir sözlə, bu gün regionumuzda hegemonçulara qarşı mübarizə hərəkatı iki il əvvəl ilə müqayisədə daha aktiv və ümidvericidir.”
İslam İnqilabının rəhbəri Şəhid Süleymaninin şəhid övladlarına qarşı çox mehriban davranışlarından bir nümunəni danışaraq, belə qeyd etdi: “Şəhid ailələrinə qarşı son həddə mehriban olan bu əziz şəhid, daxili və xarici şər qüvvələrə qarşı o qədər sərt və qətiyyətli idi ki, onun hansısa bir məntəqəyə gəlişi belə, düşmənlərin ruhiyyəsini darmadağın edirdi.”
O, sosial şəbəkələrdə Şəhid Süleymaniyə aid məlumatların axtarışının əngəllənməsini hegemon dövlətlərin Şəhid Süleymaninin hətta adından belə qorxduqlarının, o qiymətli örnəyin yaylmasından nigaran olduqlarının sübutu kimi qeyd edib, dedi: “İndiki dünyada kiberməkan hegemon dövlətlərin nəzarəti altındadır. Bu gerçəklik ölkəmizin bu sahə üzrə olan məsullarının diqqət mərkəzində olmalıdır. Onlar elə etməlidirlər ki, düşmən ölkənin kiberməkanına istədiyi şəkildə və istədiyi yerə nüfuz edə bilməsin.”
Ayətullah Xamenei Şəhid Süleymanini əbədiyaşar bir hadisə kimi qələmə verərək, dedi: “Onun qatilləri – Tramp və onun kimilər tarixin unudulan səhifələrində və zibilliklərində itib batacaqlar. Əlbəttə, bu cinayətin qisası bu dünyada ikən onlardan alınacaqdır.”
İslam İnqilabının Rəhbəri Şəhid Süleymaninin ailəsi, silahdaşları və dostlarının fəaliyyətini, xüsusilə də, Sepahe-Qüds Hərbi Qüvvələrinin komandanı Qaaninin mübarizə hərəkatının genişlənməsi istiqamətindəki fəaliyyətlərini alqışlayaraq dedi: “Allah Onun istəyi və hədəfi yolunda hərəkət edən insanlara müdafiə və kömək vədi vermişdir. Bu ümidverici vəd İran xalqına aid olacaq.”
İslam İnqilabının Rəhbərinin çıxışından öncə şəhid Süleymaninin övladı və Şəhid Süleymani Müəssisəsinin rəhbəri xanım Zeynəb Süleymani bu müəssisənin fəaliyyətlərini qısaca raport etdi. Həmçinin mübarizə hərəkatının şəhidlərinin ikinci ildönümünün anım mərasimi üçün könüllü dəstələr təşkilatının gördükləri hazırlıqlardan söz açdı.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Sərdar Səlami də Şəhid Süleymaninin müsəlman gəncləri üçün həmişəyaşar və ruhverən bir həqiqət olduğunu vurğulayaraq dedi: “Düşmən bu böyük cinayəti ilə mübarizə nurunu söndürməyə çalışırdı. Amma qürurverən şəhidlərimizin qanının möcüzəsi mübarizə hərəkatının daha da inkişaf etməsinə və düşmənlərin geri çəkilməsinə səbəb oldu.”
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir