Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həll yolu xarici ölkələrin ordularının müdaxiləsinin qarşısını almaqdır

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün Silahlı Qüvvələrin hərbi akademiyalarının İmam Hüseyn (ə) adına Hərbi Akademiyada təşkil edilmiş məzun tədbirindəki video çıxışı zamanı qürur mənbəyi olan bu qüvvələrin məğrur İran xalqının, habelə əziz və qüdrətli vətənin təhlükəsizliyinin möhkəm qalası olduğunu dedi: “Yadların regiona müdaxiləsi ixtilaf və ziyana səbəb olur. Bütün problemlər yadların müdaxiləsi olmadan həll edilməlidir. Bu məsələdə region dövlətləri İranın və İslam Respublikasının Silahlı Qüvvələrinin qüdrəti və rasionallığından nümunə götürsünlər”.

Məzunların uğur qazanacağından və Silahlı Qüvvələrin gənc kadrlarının İmam Hüseyn məktəbi və universitetindəki tərəqqisindən ümidvar olduğunu deyən İslam İnqilabının Rəhbəri mömin, sağlam, cəsur, əzmkar, qətiyyətli və ayıq gənclərə sahib olduğu üçün İran xalqını təbrik etdi: “Vətənin gənclərini bu cür yetişdirən əziz komandirlər alqışa və təşəkkürə layiqdirlər”.

Ali Baş Komandan möminlərin əmirinin silahlı qüvvələr haqqında buyurduğu kəlamın gerçəkləşdiyinə işarə edərək dedi: “Allahın lütfü ilə İranın Silahlı Qüvvələri bu gün sözün həqiqi mənasında millətin və dövlətin xarici və daxili düşmənlər qarşısındakı müdafiə qalxanıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqının hərbi xidməti izzət, şərəf və vüqarımıza səbəb olur: “İran xalqını, ölkənin islami, milli və inqilabçı kimliyini müdafiə etməyə hazır olmaq Silahlı Qüvvələr üçün böyük şərəfdir”.

O bildirdi ki, dövlətin inkişafı üçün təhlükəsizlik bütün zəruri fəaliyyətlərin əsas bazasını təşkil edir. Daha sonra o, dövlətin təhlükəsizliyinin yadlara arxalanmadan gerçəkləşə bildiyini dedi: “Bu, təbii ki, İran xalqı üçün adi bir məsələdir. Lakin ayrı-ayrı dövlətlər, hətta Avropa ölkələri də bu problemdən əziyyət çəkir”.

O, Avropa və ABŞ-ın son polemikalarına işarə edərək dedi: “Bəzi avropalılar ABŞ-ın son addımının arxadan vurulmuş bir xəncər olduğunu dedilər və bir növ bildirdilər ki, Avropa NATO-ya, əsl həqiqətdə isə ABŞ-a arxalanmadan müstəqil şəkildə öz təhlükəsizliyini təmin etməlidir”.

İnqilabın Rəhbəri əlavə etdi: “Avropa dövlətləri sabit və davamlı təhlükəsizliyin təmin edilməsində ABŞ-a, yəni Avropaya müxalif olmayan bir dövlətə arxalandıqları üçün hər hansı çatışmazlığın olduğunu hiss edirlərsə, öz silahlı qüvvələrini ABŞ-ın və digər əcnəbi dövlətlərin ixtiyarına vermiş ölkələrin vəziyyəti məlumdur”.

Ali Baş Komandan qeyd etdi ki, başqalarına güvənməklə təhlükəsizliyin təmin edildiyini düşünmək yalnız bir xülyadır: “Belə bir xülyaya qapanmış insanlar tezlikə bunun silləsini yeyəcəklər. Çünki yadların hər hansı ölkənin təhlükəsizliyi, müharibəsi və sülhünə birbaşa və dolayı müdaxiləsi fəlakət gətirən bir faciədir”.

O, Silahlı Qüvvələrin çox mühüm və çətin sınaqlardakı, xüsusilə 8 illik məcburi müharibədəki iqtidarı və uğurunun böyük bir hadisə olduğunu dedi: “Silahlı Qüvvələrin gücü təhsil proqramları, elmi yeniliklər və nailiyyətlər, təchizat və təşkilati nizam-intizam kimi amillərdən asılıdır. Ancaq Silahlı Qüvvələrin qüdrətinin ən mühüm amili ruhiyyə, mənəviyyat, dini və əxlaqi məsələlərdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ABŞ-ın mənəvi və əxlaqi ruhiyyəsi olmayan təchizatlı ordusunun Əfqanıstandan çıxması həqiqi yox, zahiri qüdrətin nəticələrinin bir nümunəsidir: “Amerikalılar 20 il bundan qabaq Talibanı yıxmaq üçün Əfqanıstana qoşun yeritdilər. Bu uzunmüdətli işğal zamanı çoxlu ziyan, qırğın və cinayətlər törətdilər. Ancaq bu qədər maddi və humanitar xərclərdən sonra hökuməti Talibana verib oradan çıxdılar. Bu reallıq bütün dövlətlər üçün ibrət dərsi olmalıdır”.

Ali Baş Komandan vurğuladı ki, Əfqanıstandan çıxarkən ABŞ ordusunun vəziyyəti bu ordunun əsl mahiyyətini göstərdi: “ABŞ və bu kimi ölkələrin ordularının Hallivud təsvirləri yalnız görüntü xarakteri daşıyır. Çünki onların əsl mahiyyəti Əfqanıstanda görünən kimidir”.

İnqilabın Rəhbəri Şərqi Asiya xalqlarının ABŞ ordusuna olan nifrətini də xatırlatdı: “Amerikalılar müdaxilə etdikləri hər yerdə xalqların nifrətini qazanırlar”.

Ali Baş Komandan vurğuladı ki, xarici dövlətlərin hərbi qüvvələrinin regiondakı varlığı da ixtilaf, ziyan və dağıntıya səbəbdir: “Region üçün ən xeyirlisi budur ki, bütün dövlətlər öz xalqına güvənən, qonşu dövlətlərin orduları ilə əməkdaşlıq edən müstəqil bir orduya malik olsunlar”.

İnqilabın Rəhbəri əlavə etdi: “Region dövlətlərinin orduları regionun təhlükəsizliyini təmin edə bilərlər. Onlar xarici dövlətlərin ordularının öz mənafelərini qorumaq üçün regiona müdaxilə etməsinə və gəlməsinə icazə verməməlidirlər”.

Ali Baş Komandan əlavə etdi: “İranın şimal-qərbindəki bəzi qonşuların ərazilərində cərəyan edən hadisələr yadların buraya gəlişinə icazə verilməməsi prinsipi ilə həll edilməlidir”.

O dedi: “Əziz ölkəmizin Silahlı Qüvvələri həmişə rasionallıqla müşayiət olunan güc prinsipinə əməl edir. Bu rasionallıq digər dövlətlər üçün də nümunə olmalı və mövcud problemlərin həllində isitfadə edilməlidir. Hər kəs bilsin ki, qardaşlarına quyu qazan adam quyuya əvvəlcə özü düşər”.

Ali Baş Komandan çıxışının sonunda Silahlı Qüvvələrə millətə və dövlətə xidmət şərəfini davam etdirməyi, maddi və mənəvi imkanları davamlı olaraq artırmağı israrla tövsiyə etdi.

Ali Baş Komandandan əvvəl çıxış edən Silahlı Qüvvələrin baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri Silahlı Qüvvələrin döyüş, müdafiə və təhlükəsizlik bacarıqları və hazırlıqları, habelə bu qüvvələrin xalqa göstərdiyi xidmətlər haqqında hesabat verdi və ABŞ-ın Əfqanıstandakı məğlubiyyətinə toxunaraq dedi: “Onların bu utancverici məğlubiyyəti, təchizatları və bazalarının böyük bir hissəsinin regiondan çıxarılması, sionist rejimin “Qüds qılıncı” adlı 12 günlük müharibədəki məğlubiyyəti ABŞ-ın süqutunun sürətləndiyini göstərən əlamətlərdir”.

Silahlı Qüvvələrin hərbi akademiyalarında eyni vaxtda birbaşa yayımlanan tədbirdə çıxış edən İmam Hüseyn (ə) adına Akademiyanın komandanı briqada generalı Qulami, Şəhid Səttari Universitetinin komandanı ikinci dərəcəli briqada generalı pilot Rudbari, Polis Akademiyasının komandanı ikinci dərəcəli briqada generalı Bəxtiyari bu universitetlərin fəaliyyətləri, tədbirləri və təhsil proqramları haqqında məlumat verdilər.

Andiçmə mərasimi, keçmiş məzunların yeni məzunlara bayraq təqdim etməsi, meydanda olan müdavimlərin xorla hərbi marş oxuması Silahlı Qüvvələrin hərbi akademiyalarının birlikdə təşkil etdiyi buraxılış tədbirinə daxil edilmiş proqramlardan idi.

Silahlı Qüvvələrin baş qərargah rəisi Ali Baş Komandandan icazə alaraq hərbi akademiyaların fərqlənən müdavimlərinin bir neçəsini hərbi rütbə və epoletlərlə təltif etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /