On üçüncü prezidentin vəzifə səlahiyyətlərinin icrasına başlamasının təsdiqi münasibətilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə mərasim təşkil edildi. İslam İnqilabının Ali Rəhbəri xalqın səsini təsdiq edərək Höccətül-İslam Seyid İbrahim Rəisini İran İslam Respublikasının prezidenti təyin etdi.
Həzrət Ayətullah Xamenei imzaladığı hökmdə xalqın seçkilərdəki məzmunlu və əzəmətli iştirakının, xalqın yanında olan təqvalı və parlaq idarəetmə keçmişinə malik bir insanı seçməsinin xalqın işıqlı inqilab yolunda, yəni ədalət, inkişaf və azadlıq yolunda qətiyyətlə hərəkət etdiyindən xəbər verdiyini dedi. Ölkənin bütün sahələrdə sıçrayışa nail olmaq üçün hazır olduğunu deyən Ali Rəhbər bildirdi ki, istehsal maneələrinin aradan qaldırılması, milli valyutanın gücləndirilməsi, cəmiyyətin orta və aşağı təbəqəsinin vəziyyətinin yaxşılaşdırılması və ölkənin layiq olduğu yerə çatdırılması istiqamətində sürətli hərəkət etmək lazımdır.
Höccətül-İslam vəl-müslimin Məhəmmədi Gülpayiqani tərəfindən oxunan təsdiqnamənin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Həmd Aləmlərin Rəbbi üçündür. Allahın salavat və salamı olsun Muhəmmədə, onun pak ailəsinə, xüsusilə yer üzərindəki höccətinə
Alim və qadir Allaha şükür edirəm ki, Öz lütf və yardımı ilə İranı bir daha seçkilərin siyasi və sosial sınağından üzüağ çıxardı. Əzəmətli xalq mürəkkəb və çətin bir şəraitdə məzmunlu və başıucalıq gətirən bir iştirakla dövlət idarəçiliyinin xalqın səsindən asılı olduğunu, xalqın yanında olan dəyərli, ağıllı, təqvalı, seyid, alim və parlaq idarəetmə keçmişinə malik bir adamı seçməklə yolu ədalət, inkişaf, azadlıq və izzət olan işıqlı inqilab xəttində qətiyyətli olduğunu göstərdi.
Bu gün bütün sahələrdə xidmətə susuz və sıçrayışa hazır olan əziz vətənimizin xalqın, xüsusilə problemlərin fövqündə dayanan gənclərin aşkar və gizli bacarıqlarını səfərbər edib iş və fəaliyyət meydanına çəkməyi, istehsal yolu üzərindəki maneələri ortadan qaldırmağı, milli valyutanın güclənidirilməsi siyasətini yürütməyi, iqtisadi problemlərin ağırlığını öz çiyinlərində daşıyan orta və aşağı təbəqənin vəziyyətini yaxşılaşdırmağı, müdrik mədəni hərəkəti ilə İran xalqının maddi və mədəni yüksəliş yolunu hamarlamağı, ölkənin layiq olduğu yerə çatması istiqamətindəki hərəkətini sürətləndirməyi bacaran layiqli, mücahid, savadlı və cəsur bir idarəetməyə ehtiyacı var.
Əziz xalqımıza təşəkkür edir, onların seçimini rəhbər tutaraq xalqla olan təcrübəli, yorulmaz və yüksək savada malik alim Höccətül-İslam Seyid İbrahim Rəisinin prezidentliyini təsdiqləyərək onu İran İslam Respublikasının prezidenti təyin edir, Allah-taaladan ona və həmkarlarına müvəffəqiyyət və başıucalıq diləyirəm. Qeyd edim ki, xalqın səsi və mənim hökmüm onlar İslam və İnqilabın doğru yoluna sadiq qaldıqları təqdirdə öz qüvvəsində qalır. Allahın lütfü ilə belə də olacaq, İnşallah.
Allahın saleh bəndələrinə salam olsun
Seyid Əli Xamenei
12 mordad 1400
İslam İnqilabının Rəhbəri təsdiqetmə mərasimində etdiyi çıxışı zamanı Allah-taaladan bu ümid dolu günü xalq və ölkə üçün mübarək etməsini diləyərək xalqın prezident seçkilərindəki iştirakının çox böyük bir məzmun ifadə etdiyini, dini demokratiyanın simvolu olduğunu dedi. Sonra o, on ikinci prezident və hökumətə təşəkkür edərək, cənab Rəisi və onun yeni hökumət sistemindəki həmkarlarına Allahdan müvəffəqiyyət və yardım dilədi.
O, təsdiqetmə mərasiminin konstitusiya və əsası İmam Xomeyni (r.ə) tərəfindən qoyulmuş bir mərasim olduğunu dedi: “Bu mərasim icraedici orqanda, əsl həqiqətdə isə dövlət idarəçiliyi sistemində çox mühüm əhəmiyyət daşıyan rasional, sakit və mətin bir yerdəyişmənin təzahürüdür”.
İnqilabın Rəhbəri siyasi müxtəlifliyin olmasının təsdiqetmə mərasiminin çox mühüm məzmunlarından olduğunu bildirdi: “Hökumətlərin bir-birindən fərqlənən siyasi baxışları ölkədə siyasi müxtəlifliyin olmasından xəbər verir və bu reallıq seçkilərin azadlığı və sağlamlığını göstərir”.
O, seçkilərin tamamilə sağlam və təhlükəsiz şəraitdə keçirilməsinə işarə edərək seçkiləri təşkil etmiş bütün qurumlara, nizam-intizamı və təhlükəsizliyi təmin edən orqanlara, xüsusilə əziz İran xalqına səmimi qəlbdən təşəkkür etdi: “İllər öncə seçkilərin baykot edilməsi planı düşmənlərin siyasi məclislərində planlaşdırılıb həyata keçirilirdi. Ölkə daxilində də bir qrup adam bilməzlik üzündən, bir qrup insan isə, bəlkə də, qərəzli şəkildə eyni xətti izləyirdi. Lakin xalq qəti cavab nümayiş etdirdi və vəziyyəti düzgün qiymətləndirərək seçkilərdə yaxşı iştirak etdi”.
Həzrət Ayətullah Xamenei icraedici orqanda iqtidar yerdəyişməsinin ümidverici olduğunu dedi: “Yeni simaların yeni iradə və təşəbbüslə səhnəyə çıxması hamı üçün, xüsusilə gənclər üçün ümidvericidir. Bu ümid çox böyük qənimətdir”.
O əlavə etdi: “Bu yerdəyişmə dəqiq mülahizələrlə keçmişdəki xətaları tapıb həll yolları təqdim etməkləri üçün fikir, düşüncə və nəzər sahiblərinə lazım olan bir fürsətdir”.
İslam İnqilabının Rəhbəri cənab Rəisinin seçki təbliğatlarında İnqilab dəyərlərinə əsaslandığını vurğuladı: “Bu doğru yol davam etdirilməlidir. Çünki xalqı əsas hüquqlarına çatdırır və İranı layiq olduğu yerdə qərarlaşdırır”.
O əlavə etdi: “İnqilab dəyərləri utopiya deyil. Böyük İmamın (r.ə) çıxışlarında bu məsələlərə aydın şəkildə təkrar-təkrar izah verilib. Həmin açıqlamalar meyar götürülüb izlənməlidir”.
İnqilabın Rəhbəri xalqın müxtəlif məsələlərə daxil olmasının problemlərin əsl açarı olduğunu dedi: “İnqilab dəyərlərinin rəhbər tutulması xalqın maraqlarının artmasına və onların meydana atılmasına səbəb olur. Xalqın bu iştirakı isə əvəzsiz, misilsiz, çox qiymətli və həlledicidir”.
Həzrət Ayətullah Xamenei xalqın passiv və dağınıq bir cəmiyyətdən vahid, motivasiyalı, məqsədli, idealı olan bir topluya çevrilməsinin İnqilab və İmamın məhsulu olduğunu dedi: “Xalqın birliyini, marağını və ümidini artıran, onu meydana dartıb gətirə bilən hər bir amil və faktor qiymətlidir. İnqilab dəyərləri bu təyinedici xüsusiyyətə malikdir”.
İnqilabın Rəhbəri cənab Rəisinin xalqla olmaq, xalqı dinləmək və xalqın arasında olmaq kimi seçki şüarlarına işarə edərək dedi: “Xalqla olmaq çox mühüm bir məsələdir. Möhtərəm prezident və həmkarları bu şüarın gerçəkləşməsinə çalışmalı, sinfi və qrup imtiyazlarını nəzərə almadan sözün həqiqi mənasında xalqın arasında olmalıdırlar”.
Həzrət Ayətullah Xamenei dedi: “Xalqın meydandakı iştirakı mütəxəssislərin diqqətdən kənarda qalmasına səbəb olmamalıdır. Elit şəxslərlə əlaqə və fikir mübadiləsinin aparılması lazım və faydalıdır”.
İnqilabın Rəhbəri vurğuladı ki, hökumət milli konsensusun simvolu olmalı və xalqa xüsusi bir qayğı və lütfkarlıqla baxmalıdır: “Hökumətin xalqla olmasına kömək edən ən mühüm işlərdən biri xalqa danışarkən verilmiş doğru və bəzək-düzəksiz sözlərə əməl etməkdir. Xalqla danışarkən düz olmaq, problemləri və həll yollarını demək, gözləntiləri açıqlamaq və lazımi köməkləri xalqa təqdim etmək lazımdır”.
Həzrət Ayətullah Xameneinin on üçüncü hökumətə ünvanladığı növbəti tövsiyəsində bildirdi ki, ölkənin zəngin imkanlarını tanımaq və onları ciddi şəkildə nəzərə almaq laızmdır.
O dedi: “Son günlər ölkədə problem və çatışmazlıqların çoxluğundan danışılır. Amma ölkənin su, neft, mədən sahəsindəki imkan və potensialları, böyük daxili bazar, qonşular, gənclərin heyrətamiz istedadları və hazırlıqları problemlərdən çox-çox yüksəkdə dayanır”.
İnqilabın Rəhbəri vurğuladı: “Şübhəsiz ki, bu imkanlar sayəsində problemləri ortadan qaldırmaq olar. Ancaq bir şərtlə ki, problemlər yaxşı öyrənilsin, sonra gecə-gündüz bilmədən, yorulmadan həmin imkanlardan istifadə edilsin”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, xalqla olmanın başqa bir yolu korrupsiya və korrupsionerə qarşı amansız mübarizədir: “Cənab Rəisi əvvəlki vəzifəsində korrupsiyaya qarşı mübarizəyə start verib yaxşı addımlar atdı. Amma korrpusiyanın cərəyan etdiyi əsl yataqlar və bazalar icraedici qurumlardadır. Onunla ciddi şəkildə mübarizə aparmaq lazımdır”.
O qeyd etdi ki, vergidən yayınmalar, səbəbsiz manapoliyalar, qeyri-sağlam ticari fəaliyyətlər, güzəştli qiymətlərdən sui-istifadələr qanun pozuntusunun yol verildiyi yerlərdəndir. Bu hallarla mübarizə aparmaq üçün proqram tərtib edib həyata keçirmək lazımdır.
Həzrət Ayətullah Xamenei bildirdi ki, iqtisadi problemləri həll etmək üçün proqram işlənib hazırlanmasına və ümumi proqram əsasında hərəkət edilməsinə ehtiyac var: “Gündəlik və proqnozlaşdırılmamış tədbirlərlə problemləri həll etmək olmaz. Yeri gəlmişkən, hər kəs bilməlidir ki, iqtisadi problemlərin həlli zaman tələb edir. Məsul şəxslər bu zamanı mümkün qədər qısaltmaq üçün bütün səylərini səfərbər etməlidirlər”.
O, hökumət təşkilində sürətli davranmağın zəruri olduğunu dedi: “Ölkənin mövcud şəraiti hökumətin təşkili sahəsində gecikmənin baş verməsini qəbul etmir. Buna görə də möhtərəm prezident təklif edilən nazirlərin təqdimatında, parlament isə nazirlərin səlahiyyətlərinin araşdırılmasında sürətli olmalıdır”.
İnqilabın Rəhbərinin toxunduğu son məsələ təbliğat müharibəsi ilə bağlı oldu.
Həzrət Ayətullah Xamenei düşmənlərin yumşaq, təbliğat və media müharibəsi vasitəsilə ölkələrin, o cümlədən İranın əhalisinin fikirlərinə təsir göstərib onları özlərinə tabe etmək üçün çalışdıqlarını dedi: “Əgər hər hansı xalqın fikir və düşüncələri yadlar tərəfindən formalaşarsa, həmin xalq yadların istəyinə uyğun şəkildə hərəkət edəcəkdir”.
İnqilabın Rəhbəri ölkə mediası və təbliğat vasitələrinin fəaliyyətində zəiflik və çatışmazlıqların mövcudluğuna işarə edərək dedi: “Bu məsələlərdə daha güclü və ayıq davranmaq lazımdır”.
Mərasimdə çıxış edən İran İslam Respublikasının prezidenti Höccətül-İslam Rəisi bütün xalqa və seçkilərdə əməyi keçən hər kəsə təşəkkür etdi: “28 xordad seçkilərində xalq bütün məişət və səhiyyə problemlərinin olmasına baxmayaraq, böyük bir qəhrəmanlığa imza ataraq düşmənləri məyus edib, dostlarda ümid yaratdı”.
Cənab Rəisi 28 xordad seçkilərinin mesajlarının dəyişiklik və ədalət istəyi, yoxsulluq, korrupsiya, ayrıseçkilik və rüşvətə qarşı mübarizə, İnqilab dəyərlərinin qorunması, problemlərin ortadan qaldırılması zərurəti, bir sözlə, mövcud vəziyyətin dəyişdirilməsindən ibarət olduğunu dedi: “Problemlər, o cümlədən 44%-lik inflyasiya, likvidikliyin sürətli artımı, dövlət borclarının artması, büdcə kəsri, işsizlik, düşmənçiliklər və habelə daxildə mövcud olan bəzi səriştəsizliklər nəticəsində yaranmış mənzil probleminin aradan qaldırılmasına ehtiyac var. Əhali zədələnmiş güvəninin təkrar qazanılmasını təvəqqe edir”.
Prezident vurğuladı ki, rəhbərin tövsiyələrinə əməl edilməyən yerlərdə problemlə qarşılaşdıq: “Sanksiyaları ortadan qaldırmağa çalışacağıq. Ancaq xalqın süfrəsini yadların iradəsindən asılı etməyəcəyik”.
Cənab Rəisi dedi: “Büdcə kəsri investisiya bazarının sabitliyi, inflyasiya, korona, su və elektrik məsələlərinə nəzarət həll edilməsi təcili olan mühüm məsələlərdəndir. Hökumət 10 prioritet məsələni nəzərə alaraq qısamüddətli bir dəyişmə proqramı hazırlamışdır”.
Prezident əlavə etdi: “Hökumətin tezliklə ekspertlərin ixtiyarına verəcəyi dörd illik islahat proqramı yeddinci inkişaf proqramına zəmin yaradacaq”.
Mərasimdə çıxış edən daxili işlər naziri on üçüncü prezident seçkilərinin keçirilmə prosesi ilə bağlı məlumat verdi.
Cənab Rəhmanifəzl qeyd etdi ki, siyasi əhval-ruhiyyənin artırılmasını və xalqın iştirakını artırmaq məqsədilə qanunlara tam riayət edilməsi, əmanətdarlıq, tam təhlükəsizlik, sağlam rəqabət, maksimum iştirak, icraçıların, könüllülərin və səs verənlərin sağlamlığının qorunması seçkilərin təşkilinin əsas prinsiplərindən idi: “Mühafizəçilər şurası seçkilərin düzgünlüyünü və qanuniliyini heç bir seçki qutusunun nəticəsini ləğv etmədən elan etdi”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir