Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam regionu ABŞ-ın cinayətlərinə qarşı müqavimət meydanına çevrilməlidir

Həzrət Ayətullah Xamenei Həcc günləri münasibətilə dünya müsəlmanlarına ünvanlandığı müraciətində aşiqlərin Beytullah ziyafətinə olan həsrətlərinin davam etməsinin keçici bir imtahan olduğunu, Həcc mesajlarının təsirdən düşməməsi, təcavüzkar qüvvələrin, xüsusilə ABŞ-a qarşı müqavimətin zəruriliyinin bu ilahi mesajlardan olduğunu bildirdi.

O, İslam dünyasının problem və çətinliklərinə işarə edərək, xüsusilə Fələstin, Yəmən və İraqdakı oyanışın və müqavimət qüvvələrinin baş qaldırmasının regionun ümid verən gerçəkliklərindən olduğunu dedi: “Allahın doğru vədi mücahidlərin qələbə çalacağından yanadır. Onların mübarizələrinin ilk nəticəsi ABŞ və dünyanın digər hegemonların İslam ölkələrinə müdaxiləsi və cinayətinin qarşısının alınması olacaq”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Dünyanın dörd bir yerində yaşayan müsəlman qardaş və bacılar!
 
Bu il də İslam ümməti böyük Həcc nemətindən məhrum oldu. Aşiq qəlblər həsrət və qəm-qüssə içərisində hikmət və mərhəmət sahibi olan Allahın insanlar üçün inşa etdiyi əzəmətli evin ziyafətindən məhrum oldular.

Artıq ikinci ildir ki, mənəviyyat və təravət dolu həcc mövsümü həsrət və ayrılıq mövsümünə çevrilib. Pandemiya bəlası, bəlkə də elə müqəddəs hərəmə hakim olan siyasətlərin bəlası möminlərin həsrət dolu gözlərini İslam ümmətinin vəhdət, əzəmət və mənəviyyat simvolunu görməkdən məhrum edir və bu əzəmətli zirvəni bulud və tozlarla örtür. Bu sınaq İslam ümməti tarixinin digər keçici sınaqları kimi özündən sonra parlaq bir gələcək gətirə bilər. Önəmli olan Həccin bütün müsəlmanların ruhu və canında öz həqiqi simasında yaşamasıdır. Faktiki olaraq Həccin əməllərinin zahiri forması müvəqqəti olaraq yerinə yetirilmsə də, ehtiva etdiyi ali mesajlar öz qüvvəsini itirməməlidir.

Həcc sir dolu bir ibadətdir. Malik olduğunu hərəkət və sükunət gözəlliyi ilə müsəlman fərdin və cəmiyyətin kimliyini formalaşdırır, onun gözəlliklərini dünya əhalisinə nümayiş etdirir. Bir tərəfdən bəndələrin qəlbinə zikr, təvazökarlıq və dua vasitəsilə mənəvi yüksəliş bəxş edərək onları Allaha yaxınlaşdırır, digər tərəfdən də dünyanın dörd bir yanından toplaşmış qardaşları eyni geyim və hərəkətlər vasitəsilə bir-birlərinə bağlayır. Üçüncü bir tərəfdən isə İslam ümmətinin ən üstün simvolunu bütün məna və sir doli əməlləri ilə dünyaya nümayiş etdirir.

Bu il əzəmətli evi ziyarət etməkdən məhrumuq, lakin evin sahibinə diqqət, zikr, itaət, münacat və tövbəyə əlimiz çatır. Ərəfata gedə bilməsək də, Ərəfə günü mərifət artıran dua və münacatı edə bilərik. Minada şeytanı daşlamaq mümkün deyil, lakin hegemon şeytanları dəf edib geri itələmək hər yerdə mümkündir. Kəbə ətrafında fiziki olaraq vəhdət içərisində olmağımız mümkün deyil, lakin qəlblərin Qurani-Kərimin işıqlı ayələri ətrafında vahid şəkildə toplaşması və Allahın ipindən yapışması daimi vəzifədir.

Bu gün böyük topluya, geniş əraziyə, saysız-hesabsız təbii sərvətlərə və ayıq-sayıq millətlərə sahib olan biz müsəlmanlar malik olduğumuz imkan və potensiallarla öz gələcəyimizi formalaşdırmalıyıq. Son 150 il ərzində müəyyən istisnaları nəzərə almasaq, öz ölkələri və dövlətlərinin taleyində heç bir rol oynaya bilməyən müsəlman xalqlar birbaşa təcavüzkar qərb dövlətlərinin siyasətləri ilə idarə edilmiş, onların tamahkarlığı, müdaxiləsi və cinayətlərinin qurbanına çevrilmişdir.

Bu gün bir çox ölkələrin elmi cəhətdən geri qalması və siyasi asılılığı həmin passivliyin və səriştəsizliyin nəticəsidir. Xalqlarımız, gənclərimiz, alimlərimiz, din alimlərimiz, mədəni ziyalılarımız, siyasətçilərimiz, partiyalarımız və birliklərimiz bu gün o utancverici keçmişin əvəzini çıxmalı, ayağa qalxmalı və qərblilərin zorakılığı, müdaxiləsi və quldurluğuna qarşı "müqavimət” göstərməlidirlər.

Dünya hegemonlarını narahat edən və qəzəbləndirən İran İslam Respublikasının yeganə sözü olan məhz bu “müqavimət”ə çağırışdır: - ABŞ və digər təcavüzkar güclərin müdaxilələri və quldurluqları qarşısında dayanmaq və İslam maarifinə söykənərək İslam dünyasının gələcək taleyini ələ almaq. Təbii ki, ABŞ və müttəfiqləri “Müqavimət” adına qarşı çox həssasdırlar. Elə buna görə də İslami müqavimət cəbhəsinə qarşı hər növ düşmənçiliyə əl atırlar. Bəzi region dövlətlərinin onlarla müttəfiq olması bu cinayətlərin davam etdirilməsi istiqamətindəki acı bir həqiqətdir.

Həcc əməlləri (səy, təvaf, ərəfat və şeytanı daşlamaq) və Həccin vəhdət, əzəmət və şüarlarının bizə göstərdiyi doğru yol Allaha təvəkkül etmək, Allahın tükənməz gücünə diqqət yetirmək, milli özgüvən, səy və təlaşa inam, irəliləməkdə əzmkar olmaq və qələbəyə ümiddir. İslam coğrafiyasında baş verən hadisələr bu ümidi və əzmkarlığı daha da artırır. Bir tərəfdən İslam dünyasında baş verən xoşagəlməz hadisələr, elmi geriləmələr, siyasi asılılıqlar, iqtisadi və sosial xaos qarşımızda böyük bir vəzifə və yorulmaq bilmədən çalışmaq öhdəliyi qoyur, İşğal olunmuş Fələstin bizi köməyə çağırır, qana boyanmış məzlum Yəmən qəlblərimizi ağrıdır, Əfqanıstanda baş verən müsibətlər hamımızı narhat edir, ABŞ və müttəfiqlərinin müdaxiləsi və çirkin əli ilə İraq, Suriya, Livan və bəzi digər müsəlman ölkələrində baş verməkdə olan acı hadisələr gənclərin qeyrətini çuşa gətirərək onları mübarizəyə sövq edir, digər tərəfdən də bütün bu həssas bölgələrdəki müqavimət ünsürlərinin baş qaldırması, xalqların oyanışı, yüksək əhval ruhiyyəli gənc nəslin motivasiyası qəlbləri ümidlə doldurur.

Fələstin bütün sahələrdə “Qüds qılıncı”nı qınından çıxardı. Qüdsdə, Qəzzada, İordan çayının qərb sahilində, 1948-ci ildə işğal olunmuş ərazilərdə, qaçqın düşərgələrində hamı ayağa qalxdı və 12 gün ərzində təcavüzkarların burnunu yerə sürtdü. Mühasirədə saxlanılan və tək-tənha qalan Yəmən 7 ildir ki, məzlumları qətlə yetirən cani və qəddar düşmənin təcavüzünə, cinayətlərinə və məzlumları qətlə yetirməsinə dözür. Həyat minimumları, ərzaq və dərman çatışmazlığına məruz qalmasına baxmayaraq, təcavüzkarlara təslim olmur və onları öz təşəbbüsü və gücü sayəsində məyus edir.

İraqda müqavimət gücləri işğalçı ABŞ və onun itaətində olan İŞİD-i qətiyyətlə geriyə otuzdurur. ABŞ və müttəfiqlərinin hər növ müdaxiləsi və cinayətinə qarşı qətiyyətlə müabrizə apardıqlarını açıq şəkildə, çəkinmədən elan edirlər.

Amerikalıların təbliğat maşınlarının İraq, Suriya, Livan və digər ölkələrdə müqavimət gücləri və qeyrətli gənclərin qətiyyətləri, tələbləri və fəaliyyətlərini təhrif etmək, onların gördükləri işləri İran və ya hər hansı ölkənin adına çıxarmaq üçün çalışması bu cəsur və ayıq gənclərə qarşı təhqirdir və amerikalıların bu regionun xalqlarını düzgün tanıyıb dərk etməməsindən irəli gəlir. Məhz elə bu yanlış tanıma ABŞ-ın Əfqanıstanda gülünc vəziyyətə düşməsinə səbəb oldu. İyirmi il bundan qabaq hay-küylə bu ölkəyə girdikdən, uzun illər müdafiəsiz və dinc insanların üzərinə bomba və güllə yağdırdıqdan sonra özünü bataqlıqda hiss edib hərbi qüvvələrini və texnikasını Əfqanıstandan çıxartdı. Əlbəttə, Əfqanıstanın oyaq xalqı ABŞ-ın Əfqanıstandakı yumşaq müharibə silahları və kəşfiyyat vasitələrinə qarşı diqqətli olmalı və ona qarşı ayıq şəkildə mübarizə aparmalıdır.

Bölgə xalqları ayıq-sayıq olduqlarını, yollarının ABŞ-ın məmnunluğunu qoruyub saxlamağa çalışan, bunun üçün hətta önəmli olan Fələstin məsələsində də onun istəklərinə boyun əyən bəzi dövlətlərin tutduğu yoldan fərqli olduğunu göstərdilər. Qəsbkar sionist rejimlə aşkarda və gizlində dostluq nərdi oynayanlar, yəni Fələstin xalqının öz tarixi torpaqlarındakı haqqını dananlar fələstinlilərin sərmayəsini oğurlayırlar. Onlar öz ölkələrindəki təbii sərvətləri talan etməklə kifayətlənməyib, indi də Fələstin xalqının sərvətlərini talan edirlər.

Qardaşlar və bacılar!

Bizim bölgəmiz və orada baş verən sürətli və dəyişkən hadisələr dərs və ibrətlər sərgisidir: Bir tərəfdə təcavüzkarla mübarizə və müqavimət nəticəsində ortaya çıxan güc, digər tərəfdə də təcavüzkarın diktələri qarşısında təslim olub zəif olduğunu deyərək boyunduruq altına girməkdən qaynaqlanan zillət.

Allah yolunda cihad edənlərə yardım etmək Allahın doğru vədidir: “... Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”

 (“Muhəmməd” surəsi, 7-ci ayə)

Bu mübarizənin ilk nəticəsi ABŞ və dünyanın digər hegemon güclərinin İslam ölkələrinə müdaxiləsi və cinayətlərinin qarşısının alınmasıdır, inşallah.

Allah-taaladan müsəlman xalqların qələbəsini istəyir, İmam Zamana (ruhumuz ona fəda olsun) salam göndərir, böyük İmam Xomeyni və şəhidlərin məqamlarını daha da ucaltmasını diləyirəm.

Salam olsun Allahın saleh bəndələrinə


Seyid Əli Xamenei
26 tir 1400
6 zilhiccə 1442

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /