Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin məişət problemləri və korona ilə bağlı ümidləri puç oldu

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər Ayətullah Behiştinin şəhadətinin ildönümü və məhkəmə sistemi günü münasibətilə ali məhkəmənin sədri və məsul şəxslərini qəbul etdi. Görüş zamanı o, son iki il ərzində yaradılmış inam və ümidverici yolun, yeni mövsümdə məhkəmə sisteminin təkmilləşdirmə sənədinin icrasının davam etdirilməsi zəruruliyini vurğulayaraq xalqın 28 xordad seçkilərindəki qəhərmanlığını yüksək qiymətləndirdi: “Xalq korona, iqtisadi problemlər və digər çətinliklərin olduğu bir şəraitdə imperializm dünyasının bir neçə aylıq planını alt-üst etdi və seçkilərin əsl qalibi kimi İranın düşmənlərini və onlardan asılı olan ünsürləri məğlub edib arzularını ürəklərində qoydu”.

Həzrət Ayətullah Xamenei bu görüşdə şəhid Ayətullah Behiştinin mütəfəkkir və nəzəriyyəçi bir alim, üstün və həqiqi inqilabçı, mömin, dindar və çox nüfuzlu bir şəxsiyyət olduğunu dedi: “Şəhid Behişti İslam ədliyyə sisteminin yaradılması kimi böyük və çətin bir işin əsasını qoymaqla, habelə konstitusiyanın işlənib hazırlanmasında oynadığı rolla ölkənin və xalqın üzərində böyük bir haqq qoymuşdur. Bu haqq tanınmalı və əvəzi ödənməlidir”.

İnqilabın Rəhbəri münafiqlərin Ayətullah Behişti və təqribən 70 nəfərin şəhid eidlməsi ilə nəticələnən dəhşətli cinayətinə işarə edərək dedi: “Bu qatillər törətdikləri cinayəti açıq şəkildə etiraf ediblər. Ancaq bu gün Fransa və insan hüquqları iddiası ilə çıxış edən digər ölkələrin himayəsi altında azad şəkildə öz fəaliyyətlərini davam etdirirlər. Adam qərblilərin insan hüquqları iddiası ilə çıxış edə-edə bu terrorçulara tribuna verib onların dəstəklənməsində göstərdikləri həyasızlığa mat qalır”.

Məsul şəxslərə və ölkə üzrə bütün məhkəmə orqanlarında çalışan şəxsi heyətə göstərdikləri fəaliyyətlərə görə təşəkkür edən Həzrət Ayətullah Xamenei cənab Rəisinin rəhbərlik etdiyi müddət ərzində göstərdiyi fəaliyyətin mücahid bir hərəkət olduğunu dedi və ona təşəkkürünü bildirdi: “Bu gecə-gündüz bilmədən böyük həvəslə göstərilən səy və təlaş Allahın lütfü ilə yaxşı nəticələr verdi”.

O, ümid işığının dirilməsi, xalqın məhkəmə sisteminə olan etimadının artmasının son iki il ərzində məhkəmə sistemində həyata keçirilən mücahid fəaliyyətinin ən mühüm nəticəsi olduğunu dedi: “Bu ümid və etimad qiymətli bir sosial sərmayədir, heç nə onunla müqayisə oluna bilməz”.

İnqilabın Rəhbəri cənab Rəsininin xalq tərəfindən prezident seçilməsindən sonra məhkəmə sistemində baş verəcək təbii dəyişikliklərə işarə edərək məhkəmə orqanının gələcək fəaliyyət istiqaməti ilə bağlı bir neçə nüansa aydınlıq gətirdi.

O, məhkəmə sistemindəki dəyişikliklərin və təkmilləşmənin davam etdirilməsinin çox mühüm və tamamilə zəruri olduğunu dedi: “Bu istiqamət qətiyyətlə, hətta daha sürətlə davam etdirilməli, sistemdəki şüar və görüntü xətrinə olmayan yaxşı, möhkəm və əməli səciyyə daşıyan təkmilləşdirmə sənədi təkmilləşmə hərəkətinin meyarı olsun”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, məhkəmə sisteminin bütün qüvvələrinin təkmilləşdirmə sənədindən xəbərdar olub onu dərk etməsi zəruridir: “Məhkəmə orqanı təkmilləşmə sənədinin icrası istiqamətindəki inzibati boşluqların aradan qaldırılmasında fəal olmalı, sistemnin əsas gövdəsini bu sənədin düzgün, kamil və davamlı icrasına müxtəlif şəkillərdə təşviq etməlidir”.

İnqilabın Rəhbəri məhkəmə orqanının ümumi hüquqların dirçəldilməsi mövzusuna daxil olmasından məmnun olduğunu dedi: “Bu çox lazımlı və qiymətli bir iş olmaqla yanaşı, məhkəmə sisteminin qəti vəzifələrindəndir. Bu vəzifənin əhatə dairəsi istehsal vahidlərinin dirçəldilməsi və təbii maneələrin ortadan qaldırılmasından tutmuş sağlamlıq, təhsil, ekologiya, yaxşıya çağırış və pisdən çəkindirməyə qədər genişləndirilməlidir”.

O, cəmiyyətdə yaxşıya çağırış və pisdən çəkindirmənin aktual olmamasından təəssüfləndiyini dedi: “Hay-küy yaratmaq və ya digər məqsədlər üçün yox, həqiqi şəkildə bu ilahi vacibə əməl edən adamlar himayə edilməlidir”.

İnqilabın Rəhbəri məhkəmə orqanını ümumi hüquqlar məsələsində mövcud olan inzibati boşluqları ortadan qaldırmağa çağırdı: “Ümumi hüquqların hansı amillər vasitəsilə pozulduğu müəyyən edilməlidir ki, diskriminasiyalı qərarların verilməsinin qarşısı alınsın”.

Həzrət Ayətullah Xamenei məhkəmə sistemi daxilində korrupsiyaya qarşı aparılan mübarizədən məmnun qaldığını dedi və bu işin ən vacib və prioritet məsələlərdən olduğunu bildirdi: “Əlbəttə, hakimlər və məhkəmə işçilərinin böyük əksəriyyəti mömin, şərəfli, iffətli və məsuliyyətli adamlardır. Bəzən də məhkəmə orqanındakı korrupsiyanın həcmi ilə bağlı ifrata və ajiotaja yol verilir. Ancaq sayları hər nə qədər az olsa da, korrupsioner ünsürlərlə bağlı sərt və qətiyyətli ölçü götürmək lazımdır”.

O, xalqın məhkəmə sistemində mövcud olan korrupsioner ünsürlərlə bağlı verdiyi məlumatlara çox sürətli və fəal şəkildə baxılmasının zəruri olduğunu dedi: “Təbii ki, bu məlumatlar gerçəyi əks etdirməyə də bilər. Ancaq bu məlumatlar qənimət hesab edilərək xoşgörüdən uzaq durub, dərhal aşkar, gizli və məxfi araşdırmalara start verib sübuta yetəcəyi təqdirdə pozuntuya yol vermiş ünsürlər haqqında, həqiqətən, ölçü götürülməlidir”.

İnqilabın Rəhbəri xalqın arasında olmağı cənab Rəsinin güclü cəhətlərindən olduğunu dedi: “Məhkəmə orqanının növbəti məsul şəxsləri də bu çox yaxşı, zəruri və bərəkətli işi davam etdirsinlər”.

Həzrət Ayətullah Xamenei məsul şəxslərin, xüsusilə məhkəmə orqanının rəhbərinin cəmiyyətin universitet, mədrəsə, iqtisadiyyat, işçi heyətləri, istehsal sahələri, habelə qadınlara aid olan sahələrin fəalları kimi aktiv qruplarla əlaqə yaradılmasının xalqla əlaqələr kateqoriyasına aid olduğunu dedi: “Cəmiyyətin fəal qrupları ilə görüşərkən onları dinləyin, siyasətləri onlara düzgün şəkildə izah edin. Çünki bəzən elə olur ki, bəzi etirazların səbəbi siyasətlər və gerçəklərdən xəbərsizlik olur”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən məhkəmə sisteminin özünün yeni mövsümündə son iki ildəki yolunu davam etdirəcəyinə, daha böyük fəaliyyətlərlə xalqa və ölkəyə daha yaxşı nəticələr verəcəklərinə ümidvar olduğunu dedi.

İnqilabın Rəhbəri çıxışının digər hissəsində xalqın 28 xordad seçkilərindəki qəhrəmanlığına işarə edərək xalqın bu böyük işini inkar etmək üçün virtual məkan və KİV-lərdə göstərilən bəzi fəaliyyətlərin əbəs bir iş olduğunu dedi: “Bu seçkilər, həqiqətən və insafən, bir qəhrəmanlıq idi. Gözləri İranın seçkilərində olan analitiklər necə mühüm bir hadisə baş verdiyini başa düşdülər”.

O, bildirdi ki, xalqı seçkilərdə iştirakdan çəkindirmək üçün minlərlə təbliğat qurumlarının, o cümlədən ABŞ, İngiltərə, bəzi mürtəce və bədbəxt ölkələrin təbliğat orqanlarının fəaliyyətləri, habelə ölkə daxilində iranlı xain ünsürlərdən istifadə edilməsinin dünyada analoqu olmamışdır: “Onlar məişət problemləri kimi bəhanələrə, səlahiyyətli olub olmamaq kimi sonradan baş verən hadisələrə ümid bağlamışdılar”.

Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, mən Keşikçilər Şurasının bir-iki və ya bundan az və çox məsələ ilə bağlı verdikləri qərarlarla razılaşmaya bilərəm. Ancaq bu şuranın möhtərəm üzvlərinin dindar, mömin və öz dini vəzifələrinə bağlı olub qanun və dini vəzifəyə uyğun əməl edən adamlar olduğunu bilirəm”.

O əlavə etdi: “Yadlar ümid edirdilər ki, bu bəhanələr nəticəsində seçkilərdəki iştirak 20-25%-ə çatacaq. Ancaq bu ümid gerçəkləşmədi”.

İnqilabın Rəhbəri korona probleminə və mütəxəssislərin hesablamalarına əsasən, onun iştiraka 10% təsir göstərdiyini bildirdi: “Bütün bu problemlərə baxmayaraq, xalq izdihamlı sıralar və ruh yüksəkliyi yağan açıqlamaları ilə səhər saatlarından böyük və gerçək bir qəhrəmanlıq yaradaraq sanksiyaçıların, müxaliflərin və seçkilərə etiraz edənlərin sinəsinə möhkəm bir yumruq vurdu”.

O, 28 xordad seçkilərinin qalib və məğlublarının kimliyinə də aydınlıq gətirərək dedi: “Seçkilərin qalibi İran xalqı və seçkilərə böyük həyəcan və coşqu ilə kömək etmiş bütün şəxslərdir. Buna görə də səs toplamamış namizədlər də qaliblərdəndirlər. Məğlub tərəf isə xalqı seçki qutusundan uzaqlaşdırmaq üçün var gücləri ilə çalışanlardır. Xalq öz iştirakı ilə onları geri itələyib onların seçkilərin nəticələrinə olan ümid və tamahlarını puça çıxardı”.

Həzrət Ayətullah Xamenei qeydə alınmayan səslərlə bağlı bəzi yanlış analizlərə işarə edərək dedi: “Bu səslər qətiyyən onların dövlətdən ayrı olduğunu göstərmir. Hətta bunun əksini deməyə əsas verir. Çünki səsvermə məntəqəsinə gəlib namizədlər siyahısında nəzərdə tutduğu adamın adını görməyən, lakin məqbul saydığı adamın adını bülletenə yazan və ya bülleteni işarələmədən seçki qutusuna atmış adam, əslində, özünün seçki qutusuna və dövlətə olan sevgisini və bağlılığını göstərmişdir”.

O, seçkilər prosesində baş vermiş bəzi hadisələrin təcrübə və ibrət olduğunu dedi: “Debatlarda metodlar fərqliliyi müşahidə edildi. Eyni zamanda bütün möhtərəm namizədlər düşmənin təlqinlərinin əksinə olaraq bir məsələdə ortaq idilər ki, ölkənin iqtisadi problemlərinin həlli var və dalan yoxdur. Sadəcə, biri deyirdi ki, mənim həll yolum düzdür, digəri də deyirdi, mənim irəli sürdüyüm həll yolu düzdür”.

İnqilabın Rəhbəri əlavə etdi: “Debatlarda bəzi namizədlər inqilabın mövqelərini müdafiə edərək lazım olan şəri ədəb qaydalarına riayət etdilər. Lakin bəziləri təəssüf doğuran əxlaqsızlıqlara yol verdilər”.

O, ABŞ-dakı seçki rəqabətlərinə və namizədlərin bir-birlərinə qarşı yağdırdıları söyüşlərə işarə edərək dedi: “Amerikalılar yaxşı nümunələr deyillər. Buna görə də siyasi məsələlərdə ədəb qaydalarına riayət etmək, danışarkən amerikalılar və Tranpın söyüş və təhqir üsullarından isitfadə etmək yox, etik və dini cəhətləri gözləmək, böhtan və təhqirə yol vermədən danışmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei bir amerikan rəsmisinin ölkəmizdə keçirilən seçkilərlə bağlı səsləndirdiyi fikirlərə işarə edərək dedi: “ABŞ-dakı seçkilər bütün dünyanın gözləri önündə rüsvayçılığı ilə yadda qaldı. Rüsvay olmuş adamlar bir neçə aydan sonra dilə gəlib İranın seçkilərinə irad tuturlar. Halbuki onlar o rüsvayçılıqlarından sonra bir daha seçkilərlə bağlı heç bir kəlmə də danışmamalı idilər”.

İnqilabın Rəhbəri məsul şəxslər və seçkilərin digər namizədlərinin seçilmiş prezidentə qarşı davranışlarını yüksək qiymətləndirdi: “Seçkilərdən və xalqın qəbul etdiyi namizədin yüksək və yaxşı səs faizi ilə qələbəsindən sonra birinci dərəcəli məsul şəxslər və digər namizədlər çox yaxşı davrandılar, seçilmiş prezidentlə görüşüb fikir mübadiləsi apardılar, təbriklərini bidlirərək ölkədə lazımi əmin-amanlıq və mənəvi arxayınlıq olduğunu göstərdilər”.

O, bu mətin davranışla ABŞ seçkilərindən sonrakı qarşıdurmaları müqayisə edərək ölkəyə belə bir neməti bəxş etdiyi üçün Allaha şükür etdi və bu cəhətlərin daha da çox olmasını istədi.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda seçkilərin nəticəsinin xalq və seçilmiş prezident üçün mübarək olacağına, məsul şəxslərin üzərlərinə düşən vəzifələrə yaxşı əməl edəcəklərinə ümidvar olduğunu dedi.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Höccətül-İslam vəl-müslimin Rəisi özü və həmkarlarının son bir il ərzində məhkəmə sistemindəki təkmilləşdirmə sənədinin icrası, korrupsiya ilə mübarizə, ümumi hüquqların dirçəldilməsi, xalqla olmaq istiqamətlərində gördükləri işlər barəsində hesabat verdi.

Məhkəmə sisteminin sədri məhkəmə sisteminin təkmilləşdirilməsi sənədinin elanı və icrasına başlanmasının İnqilabın Rəhbərinin gerçəkləşmiş tələblərindən olduğunu dedi. O qeyd etdi ki, bu sənəd hakimlərin işinin yüngülləşməsinə, məhkəmə işinin sürətlənməsinə, bu orqanda sənədlərə baxılması zamanının orta həddinin 20 gün azalmasına səbəb oldu.

Höccətül-İslam vəl-müslimin Rəisi korrupsiya ilə mübarizənin milli disput olduğunu dedi və məhkəmə sistemində qanun pozuntularının statistikasının azaldığına toxunaraq 90 milyard tüməndən artıq məbləğin dövət büdcəsinə qaytarıldığını və makroiqtisadi işlər üzrə cinayətkarların hökmlərinin qətiləşdiyini bildirdi.

Cənab Rəisi mülkiyyət hüququnun tənzimlənməsinə və keçən illər ərzində minlərlə hektarın dövlət ərazisindən çıxarılmasına işarə edərək ekologiya və kadastr planının icrası məsələsinə diqqət göstərilməsinin bu orqanın ümumi hüquqların dirçəldilməsi istiqamətindəki addımlarından olduğunu dedi.

Məhkəmənin sədri bildirdi ki, xalqla əlaqələrin gücləndirilməsi sayəsində xalqın bu orqana olan dəstəyi keçən illərdəkindən daha çox olmuşdur. Sonra o, şübhəli sənədlər, maliyyə və kredit müəssisələri sənədlərinə xüsusilə baxılması, habelə istehsalçılara dəstək və bankların bu sahə ilə bağlı dərhal qərar verməsinin qarşısının alınması ilə bağlı direktivlər çıxarıldığını dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /