Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkilərin qalibi İran xalqıdır; heç nə xalqın əzmini sındıra bilmədi

Böyük İran xalqının 28 xordad (18 iyun) seçkilərindəki qəhrəmancasına və izdihamlı iştirakından sonra İslam İnqilabının Ali Rəhbəri ünvanladığı müraciətində seçkilərin böyük qalibinin İran xalqı olduğunu dedi. O vurğuladı ki, nə məişət çətinlikləri ilə bağlı şikayətlər, nə xalqı məyus etmək üçün aparılan əks təbliğatlar, nə də yolxucu xəstəlik təhdidi kimi amillər və ayrı-ayrı saatlarda baş vermiş qanun pozuntuları xalqın əzmini sındıra bilmədi. Ali Rəhbər xalqın yüksək prezidentlik vəzifəsinə və ya şuralara üzv seçdiyi şəxslərə xitab edərək dedi: “Ölkəyə və xalqa xidmət göstərmək üçün yaranmış fürsətin qədrini bilin və ilahi motivləri diqqət mərkəzində saxlayın”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Böyük və uca İran xalqı!

28 xordad seçkilərində qəhrəmancasına və izdihamlı iştirak sizin fəxarətlərinizə başqa bir parlaq səhifə əlavə etdi. Hər biri seçkilərdəki iştiraka müəyyən şəkildə mənfi təsir göstərəcək amillərə baxmayaraq, ölkənin dörd bir yanında seçki məntəqlərinə toplaşaraq yaratdığınız göz oxşayan mənzərələr möhkəm əzmin, ümidvar qəlbin və ayıq gözün aşkar nümunəsi idi. Dünənki seçkilərin böyük qalibi düşmənin muzdlu media qurumlarının təbliğatları və xam xəyalda olan bədxahların vəsvəsələri qarşısında bir daha boy göstərən və ölkənin siyasi meydasının tam ortasında olduğunu nümayiş etdirən İran xalqıdır. Nə zəif təbəqələrin məişət çətinlikləri ilə bağlı giley-guzarlar, nə pandemiyanın təhdidindən sıxılma, nə xalqı məyus etmək üçün bir neçə ay əvvəldən başladılmış müxalifətçi çağırışlar, nə də ki, seçki günü ayrı-ayrı saatlarda səsvermə prosesində baş vermiş pozuntular İran xalqının əzmini sındıra, mühüm əhəmiyyət daşıyan prezident, şəhər və kənd şuralarına seçkilərə mane ola bilmədi.

Mən şükür səcdəsi etmək üçün alnımı toprağa qoyur, İran xalqına müvəffəqiyyət bəxş etdiyi, İran və İslam Respublikasına rəhmət nəzərini saldığı üçün elm və qüdrət sahibi olan Allaha sonsuz şükürlər edirəm. İran xalqına xoşbəxtlik arzulayır, xalqın seçimi ilə yüksək prezidentlik vəzifəsinə və bütün ölkə üzrə şuralara üzv seçilmiş möhtərəm insanları təbrik edir, bu vəfalı xalqın qədrini bilmələrini, qanunda onlar üçün nəzərdə tutulmuş vəzifələrə tam şəkildə bağlı olmağı xatıladıram. Ölkəyə və xalqa xidmət göstərmək fürsətinin qədrini bilin və ilahi motivləri daim diqqət mərkəzində saxlayın.

Keşikçilər Şurası, DİN, təhlükəsizlik və sağlamlığın qorunması vəzifəsini yerinə yetirən qurumlar, zəhmətkeş milli media, möhtərəm namizədlər və hər biri bir formada bu böyük sınağa köməklik göstərmiş hər kəsə təşəkkür etməyi lazım bilirəm.

Bu ölkənin və bu dövlətin əsl sahibi olan Həzrət Vəliyyi-Əzəmə (ruhumuz ona fəda olsun) salamlarımı göndərir, İran xalqının böyük hərəkətvericisi olan əziz İmama, ölkənin ən yüksək iftixarları olan uca şəhidlərə Allahdan ali dərəcələr diləyirəm.

Seyid Əli Xamenei
29 xordad 1400
19 iyun 2021

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /