Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İdarəetmə yararsızlığı və zəifliklərinin həlli yolu düzgün seçimdir

Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə etdiyi teleçıxışında İslam Respublikası nəzəriyyəsinin irəli sürülməsi və gerçəkləşdirilməsinin, yəni xalis İslam bünövrəsinə və İslamın dərinliklərindən qaynaqlanan xalq hakimiyyətinə əsaslanan hökumət təşkilinin mərhum və əzəmətli İmamın ən mühüm təşəbbüslərindən olduğunu dedi: “Düşmənlərin İslam Respublikası və İmam Xomeyni dövlətinin süquta uğrayacağı ilə bağlı verdikləri proqnozlara rəğmən, bu dövlətin davamlılığının əzəmətinin sirri respublika və İslam sözlərinin birlikdəliyi, yəni İslam və xalqın vahid hakimiyyətidir. Bundan sonra da bu iki sözün birlikdəliyi davamlı inkişafın zəmanətçisi olacaq”.

İnqilabın Rəhbəri İmam Xomeyninin daim xalqın bütün fərdlərinin seçkilərdə iştirak etməsi zərurətini vurğuladığını qeyd edərək layiqli şəxsin seçilməsinin nizamsızlıq və mövcud problemlərin həlli yolu olduğunu dedi.

O, seçiləcək prezidentin sosial ədalətin bərqərar edilməsi, korrupsiya ilə qeyd-şərtsiz açıq mübarizə aparılması və daxili istehsalın gücləndirilməsi prinsiplərinə bağlı olması zərurəti ilə bağlı bir neçə mühüm nüansı qeyd etdi: “Xalqın bütün fərdləri seçkilərdə iştirakı və başqalarının da bu işdə iştiraka təşviq edilməsini özlərinə borc bilsinlər”.

İnqilabın Rəhbəri İmamın vəfat ildönümü günlərində o böyük şəxsiyyətin xatirəsinin yenidən yad edilməsinə işarə edərək dedi: “Millət və dövlət həmişə o əzəmətli insanın, əvəzolunmaz rəhbərin, polad iradəyə, dərin imana və sevgi dolu qəlbə malik ağıllı və müdrik şəxsiyyətin xatirəsini və müəyyən etdiyi yolları qorumağa borcludur”.

İnqilabın Rəhbəri inqilabın ilk günləri və dünyanın tamahkar qüvvələrinin İslam Respublikası ilə bağlı iki ay, altı ay, maksimum bir il ərzində süquta uğrayacağı ilə bağlı verdikləri proqnozların misilsiz həcminə işarə edərək dedi: “İmamın mətanəti və qətiyyəti, xalqın müharibə və digər məsələlərdəki parlaq qələbələri bu səs-küyü azaltdı. Amma İmam Xomeyninin vəfatından sonra düşmənlər və bədxahlar İslam Respublikasının süquta uğrayacağı ilə bağlı arzularını yenidən təkrarladılar”.

Həzrət Ayətullah Xamenei 69-cu ildə çürük və iddialı bir partiyanın rəsmi elanı, bir neçə il sonra parlamentin bir qrup nümayəndəsinin İslam Respublikasının ömrünün sona yetmək üzrə olacağı ilə bağlı məktubu və ABŞ-ın bəzi rəsmilərinin İslam Respublikasının 40 illiyini görməyəcəyi ilə bağlı aşkar elanının İslam Respublikasının süqutu ilə bağlı verilmiş səhv proqnozlardan olduğunu dedi: “Bu fərdlər və qruplar öz proqnozlarında arzularını dilə gətirməklə yanaşı, dünya inqilablarının məğlubiyyəti və süqutuna da istinad edirdilər”.

İnqilabın Rəhbəri əlavə etdi: “Hətta ölkə daxilində də məşrutə və milli inqilab da təşəkkül tapdıqdan bir neçə il sonra Rzaxanın tamamilə qara rəngdə olan diktaturası və Məhəmmədrzanın dərin və mürəkkəb çevriliş istibdadının iş başına gəlməsi ilə süquta uğradı. Buna görə də İslam Respublikasının süqutu ilə bağlı proqnozlar bu tarixi məsələlərə əsaslanırdı”.

Həzrət Ayətullah Xamenei düşmənlərin proqnozlarının tamamilə iflasa uğramasına və İslam Respublikasının davamlı iqtidarı və inkişafına işarə edərək əlavə etdi: “İmam Xomeyni dövlətinin davamlılığının əzəmətinin sirri respublika və İslam sözlərinin birlikdəliyidir”.

O, İslam Respublikası nəzəriyyəsinin yaradılmasının İmam Xomeyninin böyük işi olduğunu dedi: “Dahi İmam bu nəzəriyyəni beynəlxalq siyasi nəzəriyyələr silsiləsinə daxil etdi, xalqın gücü və özünün çox dərin düşüncəsi ilə onu gerçəkləşdirdi”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İmam Xomeyninin İslam maarifini dərindən bilməsi və ona əhatəli şəkildə hakim olması İslam Respublikası nəzəriyyəsinin yaradılması və gerçəkləşməsinə güc verdi: “İmam İslam hakimiyyəti və xalqa inamın lazımlığını xalis İslamın mətnindən əxz edib onlara dərindən inanırdı”.

O, İslamın Respublikasının İslam və xalq yönlərinə qəti şəkildə müxalif olanlara işarə edərək dedi: “İslam hakimiyyətinin müxaliflərinin bir hissəsi qeyri-dindar sekulyarlardır. Onlar hesab edirlər ki, din siyasi sistem yaratmaq və ölkəni idarə etmək səlahiyyətinə malik deyil və o, yalnız fərdi və ibadi məsələlərlə məhdudlaşır. Bəzi sekulyarlar da dini inancın cəmiyyət üçün zərərli və tiryək olduğunu hesab edirlər”.

İnqilabın Rəhbəri əlavə etdi: “İslam hakimiyyətinə müxalif olan digər bir dəstə isə dinə inanır, amma deyir ki, İslam siyasətə bulaşmamalıdır. Bu adamlar, əslində, dini sekulyarlardır və dinin siyasi-ictimai həyata müdaxiləsini və hakimiyyətini qəbul etmirlər”.

Həzrət Ayətullah Xamenei İslam Respublikasının demokratikliyinə müxalif olanların da iki dəstəyə bölündüyünü dedi: “Bu müxaliflərin bir qrupu liberal sekulyarlardır. Onlar deyirlər ki, demokratiyanı liberallar və teknokratlar yaratmalıdır və bu məsələnin dinə heç bir aidiyyəti yoxdur”.

O vurğuladı: “Dini demokraityaya müxalif olan ikinci dəstə dinə etiqad etsə də, deyir ki, xalqın dini hakimiyyətdə heç bir rolu yoxdur. Din xalqın roluna istinad etmədən hökumət yaratmalıdır. Bu baxış bucağının ifrat forması son illərdə özünü İŞİD qruplaşmasının formalaşmasında göstərdi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqa istinad edən din hakimiyyəti emosional yox, elmi bir nəzəriyyə və əsaslandırmadır: “Dini demokratiya İslamın mətnindən qaynaqlanır. Bunu inkar edən adam Quranı oxuyub düşünməmişdir”.

O, Quranda insanların Allah Rəsuluna itaət göstərməsinin zəruriliyini təkrar-təkrar ifadə edən ayələrə istinad edərək bildirdi: “Yüzlərlə Quran ayəsində insanların Peyğəmbərə itaət göstərməsi kontekstləri bəyan edilmişdir. Cihad ayələri, ədalətin bərqərar edilməsi, şəri cəzaların icrası, sosial və iqtisadi mübadilələr, beynəlxalq müqavilələr və onlarla digər sahələr bu istiqamətlərdəndir. Həmin istiqamətlər hökumət təşkilini ehtiva edir”.

İnqilabın Rəhbəri hökumət təşkili ilə bağlı çoxlu sayda hədislərə və Peyğəmbərin sünnəsinə istinad edərək əlavə etdi: “Peyğəmbərin vəfatından sonra onun canişinin kim olması məsələsində ixtilafların olmasına baxmayaraq, heç bir müsəlman hökumətin din və Quran əsasında davam etməsinə şübhə etmədi”.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən vurğuladı: “Qurani-Məcidin ayələri, hədislər və Peyğəmbərin sünnəsinə əsasən, əgər kiminsə İslama etiqadı varsa, İslam hakimiyyətinə də etiqadı olmalıdır”.

İnqilabın Rəhbəri İslam hakimiyyəti məsələsinə aydınlıq gətirdikdən sonra respublika və demokratiya haqqında danışdı. O vurğuladı ki, xalqın rəyinin etibarlılığı çox mühüm bir məsələdir: “Bu məsələyə iki yöndən baxmaq olar: 1. Dini və etiqadi yöndən, eyni zamanda məsuliyyət və haqq çərçivəsində; 2. Dinin hakimiyyəti xalq olmadan əməli şəkildə mümkün deyil”.

O, dini və etiqadi baxımdan xalqın rəyi məsələsinə aydınlıq gətirərək dedi: “Ayə və hədislərdə xalqın bütün fərdləri və seçkin insanların cəmiyyətin tale yüklü məsələlərində, habelə sapmaların və sinfi uçurumların meydana gəlməsinin qarşısının alınmasında məsuliyyət daşıdıqları qeyd edilir. Yaxşıya çağırış (əmr be məruf) da ümumi bir vəzifə olaraq qeyd edilmişdir. Yaxşı əməllərin ən mühümlərindən biri dini hökumət yaratmaqdır. Habelə insanlar öz talelərini təyin etmək iradəsinə və haqqına sahibdirlər. Xalqın hakimiyyəti taleyin təyin edilməsi haqqının təzahürlərindən biridir”.

İnqilabın Rəhbəri dini demokratiyaya, hökumətlərin xalqın dəstəyinə ehtiyacı baxımından da aydınlıq gətirdi: “Xalqın dəstəyi olmasa, hökumətlərin zülm və zorakılığa üz tutmaqdan başqa çarəsi qalmır. İslam hökumətində zülm yolverilməz olduğu üçün İslam hökumətinin gerçəkləşməsi və davamlılığı yalnız xalqın dəstəyi ilə mümkündür”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Buna görə də dini demokratiya və İslam Respublikası xalis dini bir proqramdır. Bəziləri deyəndə ki, demokratiya qərblilərdən götürülmüş bir anlayışdır, əsassız iddiadır. Çünki İmam üzə düşüb Allahın hökmündən üz çevirəçək bir adam deyildi”.

O əlavə etdi: “İmam cəmiyyətdə hicabın vacibliyi məsələsini irəli sürəndə bəziləri, o cümlədən İmamın bəzi yaxınları buna qarşı çıxdı. Lakin o, qətiyyətlə dinin göstərişini həyata keçirdi”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Dahi İmam dərin dini maarifə əsaslanan bu yeni dini düşüncəni reallaşdırmaqla yüzilliklər boyu istibdada öyrəşmiş İran xalqını öz imkanlarına inanaraq neçə min illik imperiyanı süquta uğratmaq, dünyanın böyük güclərinin dəstəyi ilə həyata keçirilən səkkiz illik müharibədə duruş gətirmək kimi böyük işləri həyata keçirmək üçün meydana çəkdi”.

O vurğuladı ki, İmam respublika və İslam sözlərinin, yəni İslam hakimiyyəti və xalqın hakimiyyətinin bütün problemlərin həlli yolu olduğunu bildirirdi: “Nə zaman xalq aktiv oldu və İslam meyarlarına riayət edildi irəlilədik. Bu ikisindən birinə riayət edilmədiyi yerdə irəliləmədik”.

İnqilabın Rəhbəri bir nümunəyə işarə etdi: “Əgər iqtisadiyyatda kiçik və orta müəssisələrin inkişafı, yəni xalqın istehsal sahəsinə girişi təmin edilsəydi, hal-hazırda iqtisadiyyatın vəziyyəti daha yaxşı olardı”.

O əlavə etdi: “Əgər məsul şəxslər daxili və xarici məsələlərdə İslamın hədləri və normalarına riayət etsələr, habelə xalqın səhnədə iştirak mexanizmini təmin etsələr, problemlər həllini tapacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında İmamın (r.ə) İslam və demokratiya ilə bağlı bəzi bəyanatlarına işarə edərək dedi: “İmama (r.ə) görə, İslam bir tərəfdən ətalət və eklektizm, zülm, imperializm, korrupsiya və ayrıseçkilik, ABŞ imperializmi və yadların müdaxiləsinə, arisotkartlığa və sinfi təbəqələşməyə qarşıdır, digər tərfdən də məhrumların və ədaləttələbliyin tərəfdarıdır”.

O, habelə İmamın demokratiya və seçkilərlə bağlı baxışından da danışdı: “İmam seçkilərin dini bir vacib olduğunu hesab edirdi. Öz vəsiyyətnaməsində yazırdı ki, seçkilərdə iştirak etməmək bəzi məqamlarda böyük günaharın başında gələn bir günah ola bilər. İştiraka səhlənkar yanaşmağın Allahın cəzasına səbəb olacaq dünyəvi nəticələri var. Bu nəticələr sonrakı nəsillərə qədər uzana bilər”.

İslam İnqilabının Rəhbəri dedi: “Allahın lütfü ilə İmamın vəfatından sonra İran xalqı Allahın bəxşeşi olan dini demokratiyanı qoruyub saxladı və düşmənlərin xalqı dövlətdən ayırmaq, onları İslam və demokratiya inancından çıxarmaq üçün cızdıqları plan qarşısında möhkəm dayandı”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təəssüflər olsun ki, bəziləri müxtəlif terminlərlə düşmənlərin sözlərini təkrar edirlər. Bəzən ideologiyadan xilas olmağın və liberal demokratiya istiqamətində hərəkət etməyin zəruriliyindən danışır, bəzən də dinin müqəddəsliyinə ürəyiyananlıq mövqeyindən çıxış edirlər. Bəziləri hətta deyir ki, İslamın qanunları demokratiya ilə bir araya gələ bilməz”.

O vurğuladı: “Bu sözləri təkrarlayan adamların İranın xalqına ürəyi yanmır və İslamın kökünü kəsməyə çalışırlar”.

İnqilabın Rəhbəri həm respublikaçılığın, həm də İslamçılığın nəzərə alındığı konstitusiyaya işarə edərək dedi: “Konstitusiyada prezidentin şərtləri sırasında siyasətçi və dindar olmaq, təqva və əmanəti qorumaq şərtləri yer almışdır. Bu da o deməkdir ki, icra orqanının rəhbəri ağıllı addımlar ataraq siyasətdə xalqın məsləhətini nəzərdə tutmalı, inanclar meydanında da xalqın dininə rəhbərlik edib onu qorumalıdır”.

O, çıxışının başqa bir hissəsində seçkilər mühitinin daha da istiləşməsinə işarə edərək dedi: “Boş-boş bəhanələrlə xalqı seçkilərdə iştirak etməməyə çağıran çağırış düşmənlərin istəyinə əməl etməkdir. Demokratiya və din sütunlarından hər hansı zəifləsə, İslama və İrana zərbə və sillə olacaq”.

İnqilabın Rəhbəri əlavə etdi: “Deyirlər ki, bəzi adamlar hamımızın yaşadığı məişət sıxıntıları üzündən seçkilərdə iştirak etməyə tərəddüd edirlər. Bəziləri deyirlər ki, əvvəlki dövrlərdə böyük həvəslə bir nəfərə səs verdik, ancaq dövrün sonunda narahatlığımıza səbəb oldu. Buna görə də seçkilərdə iştirak etməyəcəyik. Bu cür əsaslandırmalar doğru deyil və bizi seçkilərdə iştirakdan soyutmamalıdır”.

O vurğuladı: “Əgər idarəçilikdə nizam-intizamsızlıq, yetərsizlik və zəiflik varsa, onu seçkilərdə iştirakdan imtina etməklə yox, seçimlə düzəltmək, xalqdan olan islamçı bir rəhbərin iş başına gətirilməsi ilə ortadan qaldırmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei seçkidə diqqətli olmağın və namizədlərin fəaliyyətinə diqqət yetirilməsinin zəruriliyini vurğuladı: “Sırf vədlər və sözlərlə kifayətlənmək olmaz. Nüvə müzakirələrində də hər zaman məsul şəxslərə demişəm ki, əməllə nə isə etmək olar, sözlərə və vədlərə etimad etmək olmaz”.

İnqilabın Rəhbəri bildirdi: “Effektivliyi sözlə müəyyən etmək olmaz. Buna görə də baxmaq lazımdır ki, görəsən, namizədlərin keçmişi və fəaliyyəti onların vədlərini təsdiq edirmi?”

O, çıxışının davamında möhtərəm namizdələrə bir neçə mühüm tövsiyə verdi:

İslamın Rəhbəri namizədlərə yerinə yetirməkdə əmin olmadıqları vədlər verməkdən çəkinməyi israrla tövsiyə etdi: “Əməli bazası olmayan vədlər vermək yolverilməzdir. Bu cür vədlər günah və ölkənin zərərinədir. Çünki həmin vədlərin gerçəkləşməməsi ilə xalq seçkilərdən və dövlətdən soyuyur. Buna görə də elə vədlər verin ki, ixtisaslı kadrlar onları təsdiq edir”.

Həzrət Ayətullah Xamenei namizədlərdən xalqa qarşı sədaqətli olmağı və qəlblərində tam inandıqları şüarları vermələrini təvəqqe etdi: “Namizədlər xalqa qarşı dürüst olsunlar, inanmadıqları şüarları verməsinlər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, seçkilərdə iştirak xalqın hər tək-tək fərdinin vəzifəsidir: “Xalqın hər tək-tək fərdi xalqın bütün fərdlərini, ailəsini, dostlarını və tanışlarını seçkilərə dəvət etməyi özlərinə vəzifə bilsinlər. Bu, haqqa çağırışın bir nümunəsidir”.

O əlavə etdi: “Namizdələrdən başqa bir təvəqqe budur ki, qələbə çalacağı təqdirdə sosial ədalətin bərqərar edilməsi, yoxsul və zəngin arasındakı fasilənin azaldılması, korrupsiya ilə qeyd-şərtsiz mübarizəni, daxili istehsalın gücləndirilməsi, qaçaqmalçılıq, sistemsiz idxalatla və idxalat vasitəsilə öz ciblərini dolduraraq daxili istesalın belini sındıran fərdlərlə mübarizəni qarşılarına vəzifə qoysunlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Namizədlər bu məsələlərdə ortaya açıq mövqe qoysunlar. Əgər seçildikdən sonra vədlərə əməl etməsələr, nəzarət qurumları onlardan hesabat tələb edib cəzalandırsınlar”.

İnqilabın Rəhbəri çıxışının sonunda seçkilərdə qeydiyyata düşmüş bəzi adamların səlahiyyətlərinin təsdiq edilməməsi prosesində qarşıya çıxmış məsələlərlə bağlı zəruri dini və insani bir məsələyə aydınlıq gətirdi.

O dedi: “Namizədliyi təsdiq edilməmiş bəzi fərdlərə zülm oldu. Onlara və ya hörmətli və iffətli ailələrinə reallığı əks etdirməyən sözlər aid edildi. Sonradan sübut oldu ki, məlumatlar səhv olub”.

Həzrət Ayətullah Xamenei bu cür məsələlərin xalq arasında, azad virtual məkanda yayılmasına işarə edərək dedi: “Abır və heysiyyətin qorunması insanların hüquqlarıdır. Buna görə də mənim cavabdeh qurumlardan istək və tələbim budur ki, kiminsə övladı və ailəsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatı təkzib edib bu yanlışı düzəltsinlər”.

O əlavə etdi: “Allah-taala bizi zülmdən, möminin hörmətini sındırmaqdan və vəzifəmizi pozmaqdan qorusun. Böyük İmamı Özünün böyük övliyası ilə məhşur etsin, onu və şəhidləri bizdən razı etsin, İran xalqına xeyir verməklə bu seçkiləri düşmən sındıran seçkilərdən etsin”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /