İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər İslami Şura Məclisinin sədri və üzvləri ilə videokonfrans formatında keçirdiyi görüşdə seçkilərin son vəziyyəti ilə bağlı mühüm məsələlərdən danışdı. O qeyd etdi ki, namizədlərin seçki platformalarında xalqın iqtisadi və məişət problemlərinin həqiqi və konkret həlli yollarının təqdim edilməsi seçkilərdə iştirak marağının artmasının əsas amilidir. O, seçki rəqabətlərinin olmalı və olmamalı cəhətlərini qeyd edərək vurğuladı: “Seçkilərin nəticəsi xalqın və ölkənin həyatını illərlə öz təsiri altına alacaq. Ümidvarıq ki, 28 xordad seçkiləri düşmənlərin istəyinin əksinə olaraq İranın abır, izzət və başıucalıq səbəbi olacaq”.
O, on birinci parlamentin fəaliyyətinin ikinci ilinin başlanğıcına təsadüf edən bu görüşdə xalqın İslami Şura Məclisindəki nümayəndələrinə inqilabçı və ağıllı hərəkət, fasiləsiz səy və fəaliyyət, faydalı və xalqdan olmaq kimi xüsusiyyətlərin davamlılığı ilə bağlı tövsiyələr verdi: “Bütün iclaslar özünü Böyük İmamın buyurduğu kimi, xalqın ayrı-ayrı parlaq dəyərlərinin təzahürü olaraq göstərməlidir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, parlamentin son bir ildəki fəaliyyəti böyük və faydalı səy və qətiyyətdən xəbər verir. Gənc və bacarıqlı qüvvələrin peşə və icra təcrübəsi olan kadrların yanında yer alması məclisin ayrı-ayrı mühüm layihələrin təsdiqi istiqamətində uğur qazanmasına səbəb olmuşdur.
O, xalqla görüşlər keçirdikləri və əyalətlərə səfər etdikləri üçün parlament sədri və nümayəndələrinə təşəkkür etdi: “Bu, çox gözəl olan fəaliyyəti davam etdirin və həmişə xalqın yanında olun”.
O, on birinci parlamentlə bağlı mənfi imic yaradılmasının islahatçı və səmimi maraqlardan doğmayan bir hərəkət olduğunu dedi: “Bəzi tənqidlər islahat və təkmilləşdirmə məqsədi daşıyır. Lakin mənfi imic yaradılmasında bu cür motivlər yoxdur. Parlament nümayəndələri bu işlərə etinasız yanaşaraq öz vəzifələrinin icrasını davam etdirməli, davranışları və çıxışlarında düşmənlərə və müxaliflərə bəhanə verməməlidirlər”.
Həzrət Ayətullah Xamenei xalqın parlamentdəki nümayəndələrinə bir neçə tövsiyə ünvanlayaraq əlavə etdi: “Əsas tövsiyə inqilabçı qalmaq, fasiləsiz hərəkət və fəaliyyət kimi xüsusiyyətləri qorumaqdır. Çünki Allah Qurani-Kərimdə buyurub ki, Özünün rəhmət mələklərini doğru yolda möhkəm dayananlara nazil edər”.
İnqilabın rəhbəri bəzi ünsürləriin tədrici sapmasına işarə edərək dedi: “Bəziləri əvvəllərdə çox bacarıqlı və hərarətli idilər. Lakin mal, məqam və şöhrət vəsvəsələri yollarını əydi, bəzilərinkini 180 dərəcə dəyişdirdi”.
O, inqilabçı qalmaq üçün daimi diqqət və özünü sorğulamaya ehtiyac olduğunu dedi: “Təqvanın həqiqi mənası təhlükələr və sapmaların qarşısında davamlı diqqətli olmaqdır”.
İnqilabın Rəhbərinin ikinci tövsiyəsi parlamentə effektivliyin, rasionallığın və mətinliyin artırılması ilə bağlı oldu.
O dedi: “Parlamentin effektivliyi bu günə qədər yaxşı olub. Amma ölkənin işlərinin islahı üçün relslərin düzülməsi daha üstün və böyük zəhmətlər tələb edir. Bunun üçün rasional sakitliyə, emosiya və həyəcan yaradan davranışlardan uzaq durmağa ehtiyac var”.
Parlamentin kollektiv düşüncənin əsas təzahürlərindən olduğunu deyən İnqilabın Rəhbəri parlamentdən kənar inqilabçılığı məsuliyyət tələb etməyən sözlər və emosional davranışlar kimi səciyyələndirən insanları tənqid edərək dedi: “İnqilabçı olmağın mənası rasionallıqdan qaynaqlanan düzgün istiqamətdə düzgün və qətiyyətli təşəbbüs ruhiyyəsinə malik olmaq deməkdir”.
İnqilabın Rəhbəri İmam Xomeyninin inqilabçı olmağın və rasionallığın tam əyarlı simvolu olduğunu dedi: “İmam (r.ə) hər kəsdən çox inqilabçı idi, həmişə ölçüb-biçib danışırdı və bu yolda heç vaxt nöqsana yol vermədi”.
İnqilabın Rəhbərinin digər tövsiyəsi nümayəndələrin davranışlarının qüsurlu cəhətlərinin müəyyən edilməsi ilə bağlı oldu.
O, axtarış və araşdırma aparılması, sual və izah tələb edilməsi kimi qanuni imkanlardan şəxsi, qrup və ya qohumluq maraqlarının xeyrinə istifadə edilməsinin ehtimal edilən qüsurlardan olduğunu dedi: “Bu imkanlardan yalnız qanun və həqiqətin icazə verdiyi istiqamətdə istifadə etmək lazımdır”.
İnqilabın Rəhbəri icra məsələlərinə müdaxilə edilməsi, şəhər və əyalət vəzifələrinin nəzərdə tutulan şəxslərə tapşırılmasının nümayəndələrin yol verdiyi nöqsanlardan olduğunu dedi.
Həzrət Ayətullah Xamenei parlament nümayəndələrinə parlament tribunasından istifadə edərkən diqqətli və ehtiyatlı olmağı tövsiyə etdi: “Bəzən tənqidlərin məhdud dairələrdə səsləndirilməsi faydalıdılır. Lakin eyni sözlərin parlament tribunasından səsləndirilməsi təsirsiz, hətta zərərlidir”.
Nazirlik vəzifəsinə və icra postlarına nail olmaq üçün çalışmaqdan uzaq durmaq İnqilabın Rəhbərinin parlament nümayəndələrinə verdiyi növbəti tövsiyə oldu.
O, nümayəndələrin davranışlarına nəzarət komissiyasına da bu cür məsələlərdə diqqətli olmağı tövsiyə etdi: “Təbii ki, nümayəndələrin özlərinin daxili diqqəti daha effektivdir”.
İnqilabın Rəhbərinin parlament nümayəndələrinə verdiyi növbəti tövsiyə proqram və layihələrin tədqiqi, qanunların keyfiyyət səviyyəsinin artırılması məsələsində mütəxəssis işinə ciddi şəkildə əhəmiyyət verilməsi ilə bağlı oldu.
Həzrət Ayətullah Xamenei dedi: “Qanunların keyfiyyət səviyyəsinin yüksək olması qanunların güclü, elmi, aydın, aşkar, boşluqsuz və yozulmaz olması deməkdir. Nümayəndələr təklif və layihələrdə mütəxəssislərlə məsləhətləşməlidirlər ki, işin pakrtikilik səviyyəsi daha yüksək olsun”.
İnqilabın Rəhbəri bir nüansa da toxunaraq dedi: “Mühüm və həssas məsələlərdə təklif yerinə layihə təqdim edilsin. Çünki icraçı kimi dövlətin razılığı ilə müşayiət olunur və dövlətin mütəxəssis fəaliyyətinin dəstəyinə malikdir”.
Həzrət Ayətullah Xamenei prioritetlər və əsas məsələlər prinsipinə riayət edilməsini tövsiyə edərək dedi: “Xoşbəxtlikdən parlamentin proqramlarında prioritetlərə riayət edilir. Amma bu mövzuya ciddi şəkildə diqqət yetirilməli, ölkənin illik şüarına əsasən, ölkənin əsas prioriteti istehsal maneələrini ortadan qaldırmaq və istehsala dəstəkdir. Çünki istehsal dirildilərsə, ölkə iqtisadiyyatı canlanacaq”.
İslam İnqilabının Rəhbəri ayrı-ayrı dövrlərdə qanunların sıxlığına əlac edilməsi ilə bağlı parlamentə verdiyi tövsiyələri xatırladaraq dedi: “Bu məsələ üçün münasib bir vaxt təyin edərək düşünmək lazımdır”.
Həzrət Ayətullah Xamenei nümayəndələrə ünvanladığı sonuncu tövsiyəsində İmamın “Parlament xalqın üstün keyfiyyətlərinin təzahürüdür” fikrinə işarə edərək dedi: “Bu kəlam, yəni “parlament xalqın üstün keyfiyyətlərinin təzahürüdür” fikri, xalqın keçən 42 il ərzində ayrı-ayrı sahələrdə təzahür edən üstün keyfiyyətləri mübarizə, fədakarlıq, izzət, özgüvən, ümid, problemlər qarşısında davam gətirmək bacarığı xüsusiyyətlərindən ibarətdir”.
O, çıxışının başqa bir yerində prezident seçkilərindən danışaraq dedi: “Düşmənlər bütün imkanlarından istifadə edirlər ki, seçkilər xalqın iflasına səbəb olsun. Bəziləri də daxildə bilərəkdən və ya bilmədən bədxahların sözlərini davam etdirirlər. Amma mən çox ümidvaram ki, Allahın lütfü və xalqın qətiyyəti ilə bu seçkilər ölkənin abır və izzətinə səbəb olacaq”.
İslam İnqilabının Rəhbəri Nəzarət Şurası tərəfindən prezidentliyə namizədlərin təsdiq edilməsi məsələsinə işarə edərək dedi: “Mən məsuliyyət hissi ilə seçkilərə qatılan bütün namizədlərə təşəkkürümü bildirməyi, habelə namizədlikləri təsdiq edilmədiyi halda, nəzakətli davranıb xalqı seçkilərdə iştirak etməyə dəvət edən şəxslərə ikiqat təşəkkür etməyi lazım bilirəm”.
Həzrət Ayətullah Xamenei dedi: “Bəzi fərdlərin namizdəliyinin təsdiq edilməməsi onların səlahiyyətlərinin olmaması demək deyil. Ola bilər ki, Nəzarət Şurası malik olduğu məlumatlar, imkanlar və informasiyalar əsasında hər hansı şəxsin səlahiyyətini müəyyən edə bilməyib. Halbuki həmin şəxs, bəlkə də, daha yüksək səlahiyyətə malik olmuşdur”.
O, Nəzarət Şurasına edilən bəzi etirazlara işarə edərək dedi: “Əlbəttə, bu etirazların motivləri fərqlidir. Bəzi etirazlar ürək yanğısından və daha aşağı iştirak narahatlığından irəli gəlir, bəziləri də istədikləri adamın namizədliyi təsdiq edilmədiyi üçün şikayətlənirlər. Bunlara heç bir irad ola bilməz. Məsələ burasındadır ki, bəziləri “nəzarət şurası prinsipi”nə müxalifdirlər, virtual məkanda və mətbuatda Nəzarət Şurasından intiqam almaq üçün bu fürsətdən istifadə etməyə çalışırlar. Allah bu adamları bağışlamayacaq”.
İslam İnqilabının Rəhbəri 28 xordad seçkilərində xalqın aşağı iştirak ehtimalı ilə bağlı mövcud olan bəzi narahatlıqlara işarə edərək dedi: “Mən hesab edirəm ki, xalqın iştirak göstəricisinin bu və ya digər adla beç bir əlaqəsi yoxdur. Xalqı ölkənin problemlərini həll etmək üçün yüksək bacarığa və güclü iradəyə malik olan rəhbər maraqlandırır. Xalq üçün həmin adamın hansı titula və ya cinaha malik olması da əhəmiyyətli deyil. Təbii ki, bu məsələ siyasi qruplar üçün mühüm ola bilər, lakin xalqın nəzərində bu, belə deyil”.
Həzrət Ayətullah Xamenei dedi: “Mühüm olan budur ki, namizədlər cəmiyyətin problemlərini bilən idarəçilik qabiliyyətinə malik, tədbirli, sədaqətli və ölkəni idarə edəcək gücdə insan olduqları ilə bağlı xalqı qane etsinlər. Belə olan surətdə Allahın lütfü ilə xalq yüksək iştirak göstərcisi ilə seçki qutularına doğru axın edəcək”.
O, bəzilərinin “namizdələr debatlarda virtual məkan və xarici siyasətlə bağlı baxışlarını elan etməlidirlər” kimi fikirlərinə işarə edərək dedi: “Bunlar xalqı maraqlandıran əsas problemlər deyil. Xalqı maraqlandıran problemlər gənclərin işsizliyi, zəif təbəqənin dolanışığı və idxalat mafiyasıdır. Qeyd olunan məsələlər istehsalı məhv edir, təşəbbüskar və motivasiyalı gəncləri məyus edir, zəhmətkeş təsərrüfatçıları çıxılmaz vəziyyətə salır”.
İnqilabın Rəhbəri əlavə etdi: “Son günlərdə təsərrüfatçıların vəziyyəti ilə bağlı məsul şəxslərə xəbərdarlıq etmişəm. Çünki təsərrüfatçı böyük bir əziyyət və zəhmətlə istehsal edir. Lakin yanlış siyasətlər və idxalat onu çökürdür və əsas fayda dəllalların cibinə axır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, icraçı qüvvənin başında elə bir adam olmalıdır ki, xalqın əsas problemlərini bilməli və onları həll etməyi bacarmalıdır: “Belə olan surətdə ölkə sözün əsl mənasında xoşbəxt olacaq”.
O, siyasi və mədəni məsələlərin də əhəmiyyətli olduğunu dedi: “Hal-hazırda ölkənin əsas və təxirəsalınmaz məsələsi iqtisadiyyatdır. Namizədlər iqtisadi problemlərin həlli ilə bağlı proqramlarını və həll yollarını xalqa təqdim etməli və iqtisadi problemləri həll edəcəkləri ilə bağlı onları qane etməlidirlər”.
İnqilabın Rəhbəri inqilabın qələbəsinin ilk günündən, xüsusilə konstitusiyaya dəyişikliklər edilməsi və dövlət idarəçiliyinin icra işlərinin prezidentə həvalə edilməsindən sonra düşmənlərin seçkilərə qarşı olması məsələsinə işarə edərək dedi: “Bu 42 il ərzində düşmənlərin təbliğat proqramı belə olmuşdur: Seçkilərdən qabaq deyirlər ki, xalq iştirak etməyəcək. Xalqın iştirakından sonra deyirlər ki, seçkilər tənzimlənmişdi. Prezident seçilən adam haqqında da deyirlər ki, onun heç bir səlahiyyəti yoxdur”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu gün də düşmənin təbliğat proqramı eynidir: “Onlar xalqa təlqin etməyə çalışırlar ki, seçkilər və prezident seçkisinin heç bir faydası yoxdur. Təəssüflər olsun ki, bəziləri daxildə də bu sözləri təkrarlayıb, əsaslandırırlar”.
O vurğuladı: “Bütün bu düşmənçiliklər və təbliğatlara baxmayaraq, hər kəsin vəzifəsi üzərinə düşən dini vəzifəni yerinə yetirmək, Allahın razılığını diqqətdə saxlamaq və öz vəzifəsinə əməl etməkdir”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında prezidentliyə namizədlərə, onların tərəfdarlarına və bütün xalqa bir neçə tövsiyə ünvanladı.
İnqilabın Rəhbəri namizdələri ABŞ və bəzi Avropa ölkələrində olduğu kimi, biabırçılığa səbəb olan güc nümayişi və təhqiramiz münasibətlər səhnəsinə çevirməkdən çəkinməyə çağırdı: “Keçmişdə də seçki debatları və proqramlarında bu cür dağıdıcı, iftiraçı və xalqda rəqibə qarşı qorxu yaratma metodlarından istifadə edildikdə ölkə zərər gördü”.
O vurğuladı: “Seçkilər xidmət və xeyir işlərin yarışdırıldığı meydandır. Nifrət səpələmək və böhtan atmaqdan çəkinmək lazımdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, gerçək olmayan aldadıcı şüarlardan çəkinmək lazımdır: “Namizədlər ölkənin imkanları və gerçəklərinə əsasən şüar və vəd verməlidirlər”.
Əxlaqi məsələlərə ciddi şəkildə riayət edilməsi, normaların və dövlətin əsas xətlərinin pozulmasından çəkinmək İnqilabın Rəhbərinin namizədlərə verdiyi növbəti tövsiyə oldu.
O dedi: “Debatlarda və müsahibələrdə İslam əxlaqına riayət edilməsi onun cəmiyyətə sirayət etməsinə və xalqın meyarına çevrilməsinə səbəb olacaq”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzi fərdlərin daha çox eşidilmək və görünmək üçün seçdikləri yol dövlətin əsas xətlərini pozmaqdan ibarətdir. Halbuki İslam Respublikası sistemi möhkəm, dayanıqlı və qətiyyətli bir sistemdir. Məhz elə bu ilahi və xalqa məxsus xətlərlə düşmənçiliklərin qarşısında dayanmışdır. Deməli, normaların pozulması xalq arasından daha yaxşı mövqe qazanılmasına səbəb olmayacaq”.
İnqilabın Rəhbəri daha sonra namizədlərin tərəfdarlarına səslənərək bildirdi ki, Allahı niyyət etmək istənilən nəticə zamanı ilahi bərəkət və razılığa səbəb olacaq: “Bəzən tərəfdarın namizədlərin özlərindən daha qaynar olması münaqişə və böhtanlara səbəb olur. Belə məqamlarda ehtiyatlı olmaq lazımdır. Çünki müxaliflərin proqramlarından biri namizədlərin tərəfdarlarını bir-birinin canına salmaq, bir-birlərinə qarşı yalan və böhtanlar yaymaq, söyüş və təhqirlər yağdırmaq üçün virtual məkandan isitfadədir”.
O əlavə etdi: “Düşmənlərin çaxnaşma yaratma motivləri çox dərindir. Əlbəttə, virtual məkanda da bəzən elə məsələlər qabardılır ki, xalqın istəyini əks etdirmir”.
Həzrət Ayətullah Xamenei namizədlərdən istədi ki, özləri ilə Allah arasında əhd bağlasınlar: seçkilərin nəticəsi hər nə olursa olsun, hamısı onu qəbul edib nəzakətlə təslim olacaqlar.
O dedi: “Seçkiləri və respublikaçılığı maraqlarımıza cavab verəcəyi təqdirdə qəbul edib, başqasının xeyrinə olmadıqda qəbul etməməkdən çəkinməliyik. Təəssüflər olsun ki, seçkilər tarixində 88-ci il hadisəsinin acı tərcübəsi qalmışdır”.
İnqilabın Rəhbəri çıxışının sonunda xalqa müraciət edərək dedi: “Seçkilər bir gün olur, ancaq təsiri bir neçə il davam edir. Buna görə də siz özünüzə aid olan seçkilərdə iştirak etməklə bu məsuliyyətə layiq olan adama səs vermək üçün Allahdan yardım diləyin”.
O vurğuladı: “İnsanları seçki qutularının yanına getməkdən çəkindirən və seçkilərin faydasız olduğunu təlqin edən adamlar yalandan deyirlər ki, xalqa ürəkləri yanır. Buna görə də onların sözlərinə etina etməyin”.
Həzrət Ayətullah Xamenei şəhər və əyalət şuralarına seçkilərin də əhəmiyyətli olduğunu dedi: “Bu seçkilərin şəhər və kəndlərin idarəçiliyinə böyük təsiri vardır”.
İnqilabın Rəhbəri vəzifəyə əməl edilməsində ilahi hidayətin cəlb edilməsinə ümidvar olduğunu bildirərək bütün sinif və təbəqələrə təsir edəcək söz sahiblərindən seçkilərin təbliğində öz nitqlərindən istifadə etmələrini istədi.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İslami Şura Məclisinin sədri cənab Qalibaf on birinci məclisin birinci ilində həyata keçirilmiş ən mühüm qanunverici və nəzarət fəaliyyətləri haqqında məlumat verdi.
Xalq iqtisadiyyatı paketi, istehsalın artırılması, mənzillərin qiymətinin azaldılması qanunları, kənd təsərrüfatı məhsullarının alış taariflərinin müəyyən edilməsi, dövlətin əsas məhsullara subsidiyalar ödəmək öhdəliyi, istehsal vahidlərinin vergilərinin azaldılması, məhrumiyyətlərin ortadan qaldırılması üçün 20 000 000000000 tümən ayrılması kimi qanunların qəbul edilməsi, büdcə islahatları, bank və vergi sisteminin yeniləndirilməsi, habelə nüvə məsələsi sahəsində strateji fəaliyyət qanunu kimi qanunların qəbul edilməsi ilə iqtisadi və məişət məsələlərinə üstünlük verilməsi cənab Qalibafın parlamentin fəaliyyəti ilə bağlı hesabatında öz əksini tapmış məsələlərdən oldu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir