İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan sonra televiziya vasitəsilə yayımlanan canlı çıxışında böyük İran xalqına müraciət etdi. O, müəllim və fəhlələrin ölkənin inkişafında oynadığı mühüm roldan danışaraq seçkilərin sözün həqiqi mənasında əziz İran üçün mühüm bir fürsət, dövlətin əsaslarını möhkəmləndirən əvəzsiz bir amil olduğunu dedi. Ali Rəhbər xalqı seçkilərdən soyutmaq üçün göstərilən bəzi səyləri tənqid etdi: “Könüllülər yalan və əsassız vədlər verməsinlər, xalqa gerçək proqramlar təqdim edərək danışsınlar”.
O, habelə bəzi məsul şəxslərin xarici siyasətlə bağlı səsləndirdikləri doğru olmayan fikirlərə görə təəccübləndiyini və təəssüf hissi keçirdiyini dedi: “Qüds Qüvvələri Qərbi-Asiyada passiv diplomatiyanın qarşısını alan ən böyük təsir gücünə malik amildir. Yadların fikirlərini düşüncələrə sirayət etdirən sözlər danışmaq olmaz”.
O, çıxışının əvvəlində mübarək Qədir gecələrinin əzəmətli Ramazan ayının zirvəsi olduğunu dedi və hər kəsə Qədir günlərinin misilsiz imkanlarından istifadə etməyi tövsiyə etdi: “Dua, yalvarış, bağışlanma diləmək və göz yaşları Ramazanın bərəkətli ziyafətinin nümunələrindəndir. Kərim olan Allaha daha çox diqqət göstərib dua edərək bu qiymətli nemətlərdən istifadə etmək imkanı qazanmaq lazımdır”.
İnqilabın Rəhbəri İmam Əli ibn Əbutalibin (ə) şəxsiyyətinə qısa bir ekskursiya edərək imamət məqamının çox uca və ali bir məqam olduğunu dedi: “İmamətin mənası din və dünya rəhbərliyi deyil. İmamət çox uca bir məqamdır. Onu dərk etmək məsumlar və az sayda seçilmiş insanlardan başqa heç kəsə müyəssər deyil”.
İnqilabın Rəhbəri şiələrin, digər din və məzhəblərin mənsublarının Əmirül-mömininə olan sevgisinə işarə edərək dedi: “Bu sevgi və məhəbbətin səbəbi təqvalıların öndərinin heyrətamiz xüsusiyyətləri ilə bağlıdır. Bu xüsusiyyətlərin başında xeyirxah, güzəştsiz, geniş və heç bir mülahizəsiz ədalət dayanır”.
O, habelə qeyd etdi ki, dünyaya tamamilə etinasızlıq, zəiflərə qarşı mehribanlıq və sevgi, hegemon və imperialistlər qarşısında qətiyyət, haqq yolunda fədakarlıq, danışıqda dərin hikmət və davranışda mətanət Həzrət Əlinin (ə) simasında özünün ən yüksək zirvəsinə çatan digər xüsusiyyətlərdir.
İnqilabın Rəhbəri şəxsi keyfiyyətlər və hökümət işlərində Əmirül-mömininin (ə) yolunu getməyin ağır bir vəzifə olduğunu dedi: “Biz bu sahələrdə çox geridəyik”.
Həzrət Ayətullah Xamenei dedi ki, təqvalıların öndərinin şəhadətə misli görünməmiş bir istəyi olmuşdur: “Allaha şükür edirik ki, bizim də dövrümüzdə öz mövlalarının yolunu gedərək şəhadətə aşiq olmuş fədakar kişilər oldu. Hacı Qasim Süleymani bu yolun böyük simalarındandır”.
İnqilabın Rəhbəri sonra müəllimin mühüm rolu və mövqeyindən danışaraq Şəhid Mütəhhərinin bəzi xüsusiyyətlərini qeyd etdi: “Şəhid Mütəhhəri alim, filosof, mütəfəkkir, fəqih, fikir və düşüncə tələb edən məsələlərə hakim bir adam idi. Ancaq şəhid ustadın ən mühüm xüsusiyyəti düzgün, dərin və qətiyyətli fikir formalaşdırıb yaymaqda davamlı bir proqram təminatçısı olması idi. Auditoriyası və cəmiyyətə böyük həssaslıq göstərərək Şərq və Qərbin azdırıcı fikir dalğalarına qarşı mübarizə aparırdı”.
İnqilabın Rəhbəri məsuliyyət və vəzifə tanımanın Şəhid Mütəhhəriyə xas olan iki digər xüsusiyyət olduğunu dedi: “O, cəmiyyətin ehtiyaclarını hər şeydən öndə tutaraq fikir və elm imkanlarını bu ehtiyaclara istiqamətləndirirdi. Əziz müəllimlər bu xüsusiyyətləri və metodları nümunə götürməlidirlər”.
Həzrət Ayətullah Xamenei şagird və tələbələrin fikirlərinin qorunmasının müəllimlərin mühüm vəzifələrindən olduğunu dedi: “Müəllimlər əmanətdarlıqları, bilik və bacarıqları sayəsində bəşəriyyətin elmi sərvətlərini yeniyetmə və gənc nəsilə ötürərək öz şagirdlərini fikir və düşüncə sahibləri kimi yetişdirməlidirlər”.
O, müəllimləri ölkənin inkişaf ordusunun zabitləri adlandırdı: “Müəllimlər bu böyük mövqeyə inanmalı və məsuliyyət hissi ilə öz tarixi rollarını ifa etməlidirlər”.
İnqilabın Rəhbəri yadların və yolunu azmışların gənclərin düşüncələrinə hücum etdiyini vurğulayaraq dedi: “Müəllimlər təhsil və təlim-tərbiyənin böyük imkanlarından istifadə edərək bu böyük hücumu da dəf etmək üçün mücahidcəsinə çalışmalıdırlar ki, sapmalar sıfra yaxınlaşsın, artımlar yüksək səviyyəyə qalxsın”.
İslam İnqilabının Rəhbəri müəllimlərin çox qiymətli və effektiv mövqeyinə işarə edərək əlavə etdi: “Bu böyük və təyinedici mövqeyin dərki ümumi bir mədəniyyətə çevrilməlidir. Bu sahədə media, təbliğat vasitələri və təhsil strukturlarının üzərinə ağır bir məsuliyyət düşür”.
Həzrət Ayətullah Xamenei müəllimlərin məişət problemlərinin düyünlərinin açılmasının mühüm bir iş olduğunu deyərək hökumət və parlamentin bu sahədə böyük məsuliyyət daşıdığını dedi. O, korona dövründə təhsilin davam etdirilməsi üçün çalışan müəllimlərə və onlara yarıdm edən ailələrə, xüsusilə analara səmimi qəlbdən təşəkkür etdi.
İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində fəhlə və işçi gününü nəzərə alaraq fəhlə və zəhmətkeşlərin rolu və mövqeyindən, bu zəhmətkeş və təsir subyekti olan təbəqənin hərtərəfli himayə edilməsinin zəruriliyindən, habelə özlkənin iqtisadi inkişafı və müstəqilliyində fəhlələrin oynadığı roldan danışdı.
Həzrət Ayətullah Xamenei fəhlənin İslamdakı uca məqamı və Peyğəmbərin fəhlənin əlindən öpməsi məsələsinə işarə edərək dedi: “Müstəqil və istehsalmərkəzli bir iqtisadiyyatda fəhlə əsas sütundur. Fəhlənin bu effektiv rolu təbliğat və media vasitələrinin köməyi ilə ümumi mədəniyyətə çevrilməlidir”.
O əlavə etdi: “İslam İnqilabının qələbəsinin ilk günlərindən bədxahlar və yad ünsürlər fəhlə sinfini dövlətə qarşı qoymağa çalışdılar. Lakin fəhlələr sevgi ilə dövlətin yanında dayandılar. Bunun ən bariz nümunəsi Müəqddəs Müdafiə dövrüdür”.
İslam İnqilabının Rəhbəri ilin şüarı və istehsala dəstək mövzusuna işarə edərək dedi: “İstehsala dəstəyin növlərindən biri fəhlələrin himayə edilməsidir. Çünki fəal və yüksək əhval-ruhiyyəli fəhlələr milli sərvət yaradırlar ki, bu da sonda ölkənin abrı, iqtidarı və müstəqilliyinə zəmin yaradır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, fəhlələri himayə etmək təkcə inflyasiya artımına uyğun olaraq maaş artımı ilə ölçülməməlidir: “Fəhlələrin bilik və bacarıqlarının səviyyəsinin artırılması, onların sığortası, sağlamlığı və müalicəsinə diqqət, fəhlələrin mənzillə təmin edilməsi üçün proqram tərtib edilməsi, fəhlə, sahibkar və hökumət arasında ədalətli münasibət yaradılması fəhlənin himayə edilməsi məsələsinin digər yönləridir”.
O, iş yerlərinin açılması, onun dəqiq və inqzibati qaydada izlənməsi, habelə iş yerlərinin açılması istiqamətində özəl sektorun imkanından istifadə etmək üçün düzgün proqram işlənib hazırlanmasının ölkənin iqtisadi inkişafına böyük köməklik göstərəcəyini dedi: “İş yerlərinin açılmasının iqtisadi faydaları ilə yanaşı, sosial və siyasi faydaları da vardır. Çünki cəmiyyətdə, xüsusilə gənc nəsildə yüksək əhval-ruhiyyəyə, dinamikaya və enerjiyə səbəb olur, bir çox sosial, hətta təhlükəsizliklə bağlı problemlərin ortaya çıxmasına mane olur”.
O, cəmiyyətdə iş yerlərinin yaradılmasının bir neçə yönünə işarə edərək hökumətdən gözlənən mühüm proqramlardan birinin yeni iş yerlərinin açılması olduğunu dedi və bir neçə xatırlatma etdi: “Öz şəxsi mənafelərini, habelə yer və onun əlavə dəyərindən istifadə etmək məqsədi güdərək müəssisələrin işini dayandıran adamlar bilsinlər ki, batil və haram işə bulaşıblar. Bu davranış xalqa, fəhlələrə, ölkənin müstəqilliyinə və iqtisadiyyatına xəyanət, milli istehsala zərbədir”.
İslam İnqilabının Rəhbəri rəhbər qurumlara, xüsusilə Sənaye, Mədən, Ticarət və Kənd Təsərrüfatı nazirliklərinə bu fenomenə və fərdlərə qarşı mübarizədə cidd və təşəbbüskar rol ifa etməyi tövsiyə etdi.
Həzrət Ayətullah Xamenei iqtisadiyyat üzrə mütəxəssislərin böyük müəssisələrlə yanaşı, kiçik və orta müəssisələrin fəaliyyətinin zəruriliyi ilə bağlı rəylərinə işarə edərək dedi: “Bu müəssisələrin artırılması məşğulluğu artırmaqla yanaşı, ümumi əhali, xüsusilə zəif və orta təbəqələr üçün sərvət yaradılmasına zəmin yaradır”.
O əlavə etdi: “Sanksiyaları neytrallaşdırmaq üçün ən yaxşı metod milli istehsalı gücləndirmək məqsədi daşıyan boş şüardan ibarət olmayan həqiqi fəaliyyətdir. Bu, düşməni sanksiyaları davam etdirməkdən məyus edir, nəticədə, sanksiyalar ortadan qalxır”.
İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində seçkilərin, sözün həqiqi mənasında, ölkənin iqtidarı və təhlükəsizliyi üçün mühüm və misilsiz bir fürsət olduğunu dedi: “Bir qrup adam seçkilərə, Keşikçilər Şurası və ya digər orqanlar da daxil olmaqla bütün dövlət qurumlarının işinə kölgə salmaqla xalqın seçkilərə qarşı soyumasına səbəb olur ki, bu da yanlış işdir”.
O əlavə etdi: “İslam Respublikasında bütün seçkiləri sağlam keçirilir. Kiçik pozuntular ola bilər, ancaq bu da seçkilərin nəticəsinə təsir etməyəcək həddə olur. İslam Respublikasında seçkilər həmişə düzgün keçirilmişdir”.
İslam İnqilabının Rəhbəri dedi: “Əlbəttə, bəziləri özlərinin seçkilərdən olan gözləntilərinin hasil olduğunu gördükdə seçkiləri düzgün hesab edirlər, gözləntilərinin əksinin baş verdiyini gördükdə isə ya seçki təşkilatçılarını ittiham edirlər, ya da 88-ci ildə olduğu kimi, iğtişaş yaradırlar. Onların ittihamları insafsızcasına, iğtişaşları isə cinayətdir”.
O, seçki meydanına atılan insanlara mühüm bir tövsiyə verərək dedi: “Bu fərdlər məntiqi əsası olmayan yalançı vədlər verməkdən, ölkənin imkanlarını nəzərə almadan və ya onlardan xəbərdar olmadan danışmaqdan mütləq çəkinsinlər”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Seçki kompaniyasında iştirak edənlər mütəxəssislərin dinləyərkən təsdiq edəcəkləri gerçək bir proqram təqdim etsinlər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzi adamlardan bəzən elə sözlər çıxır ki, sanki, bu adamlar konstitusiyanı qəbul etmirlər. Halbuki seçkilərə qoşulmaq istəyən adam İslama, konstitusiyaya və xalqın səsinə inanmalıdır. Bu məsələyə riayət edilməsini ciddi şəkildə tələb edirik”.
Həzrət Ayətullah Xamenei habelə bəzi məsul şəxslərin son günlərdə İslam Respublikasına müxalif olan media vasitələrindən yayımlanan, düşmənlərin və ABŞ-ın fikirlərinin təkrarı olan açıqlamalarından təəccübləndiyini və təəssüf hissi keçirdiyini dedi: “Amerikalılar uzun illərdir ki, İranın regiondakı mənəvi nüfuzuna, bu nüfuzun icraçıları olan Qüds Qüvvələri və Şəhid Süleymaniyə görə bərk narahatdırlar. General Süleymanini, əsasən, bu səbəbdən şəhid etdilər. Buna görə də onların fikirlərini təsdiq edən sözlər danışmaq olmaz”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Ölkənin siyasəti iqtisadi, hərbi, sosial, elmi və mədəni proqramlardan, habelə xarici siyasətdən təşkil olunmuşdur. Bütün bu sahələr birlikdə irəliləməlidir. Bu sahələrdən hər hansının inkar edilməsi böyük bir səhvdir. Məsul şəxslərin heç biri bu səhvə yol verməməlidir”.
O vurğuladı: “Qüds Qüvvələri Qərbi-Asiyada passiv diplomatiyanın qarşısını alan və İslam Respublikasının izzətli siyasətinin gerçəkləşməsinə zəmin yaradan ən böyük təsir gücünə malik amildir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qərblilər diktatura rejimi dövründə İran üzərində olan hökmranlıqlarını geri qaytarmaq üçün çalışırlar: “Bu səbəbdən İranın bütün növ diplomatik dinamikliyinə, Çin, Rusiya və qonşuları ilə olan əlaqələrinin genişlənməsinə qarşıdırlar. Hətta qonşu ölkələrin rəhbərlərin bəzən təzyiq göstərərək onları İrana səfər etmək fikrindən daşındırırlar. Biz bu təzyiqlərə qarşı müstəqil şəkildə, böyük səy və bacarıqla mübarizə aparırıq”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, dünyanın hər yerində xarici siyasət XİN-də yox, yuxarı instansiyalarda təyin edilir: “XİN siyasətlərin təyinində iştirak etsə də, qərar qəbul etmir, o, icraçıdır”.
O dedi: “Bizim ölkəmizdə də xarici siyasət rəhbərliyin iştirakı ilə Milli Təhlükəsizlik Ali Şurasında təyin edilir. XİN həmin siyasəti öz üsulları ilə icra etmək vəzifəsi daşıyır”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda vətənə xidmət etmək niyyətində olan məsul şəxslərə Allahdan müvəffəqiyyət arzulayaraq vurğuladı: “Ölkə siyasətinin qəbul edilməməsi təəssüratı yaradan, düşmənləri sevindirən fikirlər səsləndirmək olmaz”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir