Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əliəkbər Vilayəti Suriyanın İrandakı yeni səfiri doktor Şəfiq Dəyub ilə görüşərək Ali Rəhbərin Suriya prezdienti Bəşər Əsədin vəziyyəti ilə maraqlandığını bildirdi və ona Allahdan sağlamlıq dilədiyini çatdırdı.
Doktor Vilayəti bu görüşdə qeyd etdi ki, Suriya prezidenti güclü və cəsur rəhbərdir. O, beynəlxalq və regional cinayətkarlar tərəfindən həyata keçirilən 8 illik elan edilməmiş qeyri-bərabər müharibədə bütün hücumlar, düşmənçiliklər və hiylələr qarşısında möhkəm dayanaraq Suriya dövlətinin müstəqilliyinin qorunmasında çox mühüm və qiymətli rol oynamışdır: “Ali Rəhbərə görə, Bəşər Əsəd seçilən bir şəxsiyyət, öz ölkəsində, region və müqavimət cəbhəsi səviyyəsində böyük və təqdirəlayiq rəhbərlərdən biridir. Buna görə də Ali Rəhbər məni ezam etdi ki, sizin vasitənizlə Ali Rəhbərin ona olan salamlarını çatdırım”.
Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri qeyd etdi ki, Suriya müqavimətin əsas sütunlarından biridir: “İran və Suriya xalqları və hökumətlərinin əməkdaşlıqları stratejidir və inkişaf etməkdədir”.
Doktor Vilayəti habelə bildirdi ki, İran İslam Respublikası dünya səviyyəsində çox qiymətli təcrübələri olan mütəxəssis həkimlərdən ibarət bir heyəti Suriya prezidentini yoxlamaq üçün Dəməşqə ezam etməyə hazırlaşır.
Bu görüşdə Suriyanın səfiri Ali Rəhbəri, İran xalqını və hökumətini Şaban ayı və Novruz bayramının gəlişi münasibətilə təbrik edərək İslam İnqilabının Rəhbərinə göndərdiyi sevgi dolu mesajına və verdiyi dəstəklərə görə təşəkkür etdi: “Allaha şükürlər olsun ki, Suriya prezidentinin vəziyyəti yaxşılaşmağa doğru gedir. Bu gün ev şəraitində karantin rejimi çərçivəsində bərpa mərhələsindədir”.
Doktor Şəfiq Dəyub İran İslam Respublikasının regionda və Suriyada çox müsbət və konstruktiv rol oynadığını vurğulayaraq ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilib möhkəmləndirilməsini istədi: “Bu əlaqələr iki dövlət arasında dərin hörmət və qardaşlıq əlaqələrinin olduğunu, ikitərəfli əlaqələrin inkişafında və region xalqlarının heysiyyətinin qorunmasında mühüm rol oynadığını göstərir. Bu əlaqələr günbəgün artırılmalı və dərinləşdirilməlidir”.
Suriyanın səfiri İranın müqavimət sahəsində oynadığı mühüm rola işarə edərək dedi: “Biz əminik ki, gündən günə daha da qalib və güclü olan müqavimət istiqaməti Allahın istəyi ilə ABŞ və sionizmin zülmkar qüvvələrinin məğlub edilməsi və qovulub çıxarılmasında digər qələbələrə də nail olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir