Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sanksiyalar dərhal dayandırılmalıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər Qum əhalisinin 19 dey 1356-cı il (9 yanvar 1978) tarixli qiyamının ildönümü münasibətilə etdiyi teleçıxışı zamanı bu təyinedici qiyamın adı və xatirəsi, onun dini və anti-ABŞ məzmununun qorunub saxlanmasının zəruri olduğunu vurğuladı. O, ölkədə korona əleyhinə vaksin hazırlanmasının qürurverici hadisə olduğunu bildirərək dedi: “İranın sabitliyi qorumaq məqsədi daşıyan regional mövcudluğu, raket və müdafiə gücünün artırılması fəaliyyəti davam etdiriləcək. HBFP-a gəldikdə isə, biz ABŞ-ın geri dönməsinə tələsmir və bunda israrlı deyilik. Mühüm olan budur ki, sanksiyalar dərhal və tam şəkildə dayandırılmalıdır”.

İslam İnqilabının Rəhbəri Qum əhalisinin 19 dey 1356-cı il tarixli qəhrəmanlığı və günün bəzi aktual məsələləri ilə bağlı əsas çıxışına keçməzdən əvvəl xalqa şəhid general Hacı Qasim Süleymani və şəhid Əbumehdinin xatirəsini əziz tutmaq üçün göstərdiyi içdən gələn qəhrəmancasına fəaliyyətə görə təşəkkür etdi: “Bu içdən gələn qəhrəmancasına fəaliyyət xalqın duyğuları, bəsirəti və ali maraqlarından qaynaqlanırdı. Bu da ölkəyə və xalqa yeni bir ruh bəxş etdi”.

O, heblə bu iki şəhidin xatirəsini əziz tutmaq üçün İraq əhalisinin Bağdad və bir neçə başqa şəhərdə böyük və heyrətamiz şəkildə toplaşmasını yüksək qiymətləndirərək general Süleymani və Əbumehdinin yoldaşlarının (Purcəfəri, Müzəffəriniya, Tarəmi və Zamaniniya), habelə digər iraqlı şəhidlərin xatirəsini əziz tutdu.

Həzrət Ayətullah Xamenei general Süleymaninin dəfn mərasimi vaxtı dünyasını dəyişmiş şəhidlər, habelə Tehran səmasındakı çox acı və dəhşətli aviofaciədə canını tapşırmış şəhidlərin xatirəsini əziz tutaraq Allah-taaladan o əzizlərə lütf və mərhəmət, onların yaxınlarına səbr, təsəlli və təskinlik dilədi.

İnqilabın Rəhbəri əlavə etdi: “Bu məsələdə məsul şəxslərin də üzərinə müəyyən vəzifələr düşür ki, bu barədə onlara da xəbərdarlıq edilmişdir”.

Həzrət Ayətullah Xamenei ölkənin böyük alimi şəhid Fəxrizadənin şəhadətinin qırxıncı gününə də işarə edərək dedi: “Son günlər itirdiyimiz iki böyük elm adamı – şəhid Fəxrizadə və Ayətullah Misbah Yəzdi öz fəaliyyət sahələrinin tanınmış simaları idilər. Onların qiymətli irsi qorunmalı və yolları ən yaxşı şəkildə davam etdirilməlidir”.

İnqilabın Rəhbəri çıxışının əsas hissəsində Qum əhalisinin 19 dey 1356-cı il tarixli qiyamının təyinedici təsirə malik olduğunu vurğulayaraq bu hadisə və onun dərin məzmununun xatirəsinin daim qorunub saxlanmasının zəruri olduğunu dedi.

O əlavə etdi: “19 dey qiyamı İran xalqının həyatının zirvə nöqtələrindəndir. Çünki İran xalqının əzmi, iradəsi və bəsirətini göstərir. Buna görə də onun xatirəsi yaşadılmalı, təravətli saxlanmalı və gələcəyə işıq salmalıdır”.

İslam İnqilabının Rəhbəri xain əllər və qərəzli analitiklərin xalqların böyük hadisələrinin məzmununu böyük güclərin maraqlarına uyğun şəkildə dəyişmək üçün göstərdikləri səylərə işarə edərək dedi: “KİV-nin inkişafı ilə bu cür hadisələrin məzmununun dəyişdirilmə imkanı daha da artmışdır”.

İnqilabın Rəhbəri dünyada və ayrı-ayrı ölkələrdə baş verən mühüm hadisələrin gerçək mahiyyətinin, xüsusilə tanınmış şəxsiyyətlər və yazarların əli ilə təhrif etdirilməsinin casus və təhlükəsizlik orqanlarının mühüm işlərindən olduğunu dedi. O, CİA-nın bu cür fəaliyyətlərindən bəhs edən kitaba işarə edərək dedi: “Bu kitab CİA-nın ABŞ, hətta Avropanın böyük media və mətbu orqanlarına necə nüfuz edərək hadisələri təhrif etdiyini, ABŞ-ın maraqlarına uyğun yozumları ictimai rəyə necə təlqin etdiyini göstərir”.

İnqilabın Rəhbəri Qum əhalisinin 19 dey 1356-cı il tarixli qiyamının məzmununun qorunmasının zəruruliyini qeyd edərək dedi: “Qum hadisəsi bu şəhərlə məhdudlaşmadı. Bir nümunə kimi digər şəhərlərə yayılaraq İran xalqının böyük inqilabının qələbəsinə zəmin yaratdı. Buna görə də onun məzmunu yaxşı qorunmalıdır”.

Həzrət Ayətullah Xamenei xalqın asılı, korrupsioner və diktator pəhləvi rejiminə qarşı yığılmış qəzəbinin 19 dey qiyamının iki əsas məzmunundan biri olduğunu dedi: “Bu təyinedici hərəkat, əsasən, dini hərəkat idi. Çünki təqlid mərcəyi kimi İmam Xomeyninin (r.ə) rəhbərliyi, bəyanatları, çıxışları və dərslərinə əsaslanırdı. O da 1341-ci ildə qiyama başladığı ilk gündən xalqa dini prinsiplər əsasında rəhbərlik edirdi”.

İslam İnqilabının Rəhbəri 19 dey 1356-cı il qiyamının ikinci məzmununun anti-Amerika və anti-imperializm olduğunu vurğulayaraq dedi: “Bu qiyamdan bir neçə gün əvvəl ABŞ-ın o vaxtkı prezidenti Tehranın asılı, müstəbid və məhv olmaqda olan pəhləvi rejimini yüz faiz dəstəklədiyini elan etdi. Buna görə də Qum əhalisinin pəhləvi rejiminə qarşı hərəkatı həm də bir anti-ABŞ hərəkatı idi”.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “19 dey tarixli dini və anti-ABŞ məzmunlu qiyam, əslində, İbrahimin böyük bütün başına endirdiyi ilk balta zərbəsi idi. Həmin zərbələr bu günə qədər davam etdi”.

İnqilabın Rəhbəri böyük imperializm bütünün qarışmış vəziyyətinə işarə edərək dedi: “Seçki biabırçılığı, hər neçə gündən bir bir qaradərilinin qurban edildiyi insan hüquqları, ABŞ-ın iddia etdiyi dəyərlərin dünya, hətta ABŞ-ın öz dostlarının da məsxərə obyektinə çevrilmiş mahiyyətinin aşkara çıxması, iflic olmuş iqtisadiyyat, on milyonlarla işsiz, ac və evsiz-eşiksiz insan ABŞ-ın vəziyyətinin qarışıq olduğunu göstərir. Əlbəttə, bu, təəccüblü deyil. Təəccüblü olan odur ki, bir qrupun hələ də arzusu və qibləsi ABŞ-dır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir qrup adam xəyal edir ki, əgər ABŞ-la barışsaq, ölkə cənnətə çevriləcək. Bu adamlar inqilabdan əvvəlki İrana baxsınlar. ABŞ-ın himayəsinin ölkənin inkişafının necə qarşısını aldığını, iqtisadi və elmi yoxsulluğun artdığını, mədəni özbaşnalığın və degeredasiyanın necə yayıldığını görsünlər. Yeri gəlmişkən, bu gün də regionda ABŞ-ın sədəqələrinə qurban gedən rejimlərin vəziyyəti hər kəsə bəllidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, inqilabdan əvvəlki cəhənnəmlik istilasına qayıdış amerikalıların İrana qarşı 42 illik təzyiqlərinin əsl hədəfi olmuşdur: “ABŞ-ın bəzi Avropa dövlətlərindən fərqi ondadır ki, amerikalılar daha öncə İran və regionda ağalıq etdikləri üçün həmin vəziyyətin yenidən təkrarlanması istəyindədirlər. Hər kəs bu çirkin məqsədə qarşı ayıq olmalıdır”.

Həzrət Ayətullah Xamenei tanınmış ABŞ mütəxəssislərindən birinin açıq şəkildə söylədiyi fikirlərə işarə edərək dedi: “Amerikalılar regionu istila etməyənə qədər öz maraqlarını İran, İraq, Suriya, Livan və digər region ölkələrində qarışıqlıq və qeyri-sabitlik yaratmaqla təmin etməyə çalışırlar. Bu məqəsədə bəzən 88-ci ildə İranda törətdikləri fitnəyə bənzər işlərlə, bəzən də İŞİD-i yaratmaqla nail olmağa çalışırlar”.

O, son günlər ABŞ-da baş verən hadisələrə, konqresin binasına hücum edilməsi və senatorların gizli tunellərlə qaçmasına işarə edərək dedi: “Onlar 88-ci il fitnəsində İranda qeyri-sabitlik, qarışıqlıq və daxili müharibə yaratmaq məqsədi güdürdülər. Lakin buna nail ola bilmədilər. Allah eyni hadisəni 99-cu ildə onların öz başlarına gətirdi”.

Həzrət Ayətullah Xameneinin çıxışının başqa bir hissəsi İslam dövlətinin başda ABŞ olmaqla imperialist cəbhəsinin sanksiya, İranın regiondakı mövcudluğu, ölkənin müdafiə və raket imkanları ilə bağlı İslam Respublikasına qarşı iddialara son və qəti cavabını ehtiva etdi.

O, sanksiya ilə bağlı bunları dedi: “Qərb cəbhəsi və düşmənlər İran xalqına qarşı, həqiqətən, xəyanət, cinayət və heç bir səbəbsiz düşmənçilik məqsədi daşıyan çirkin sanksiya hərəkətini dayandırmalı, bütün sanksiyalara son qoymalıdırlar”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Dəfələrlə vurğulamışam ki, iqtisadiyyatı sanksiyaların götürülməməsi ehtimalı ilə elə proqramlaşdırmaq lazımdır ki, ölkə yaxşı idarə edilsin, sanksiyaların getməsi, gəlməsi və düşmənin oyunları ilə problemlə qarşılaşmasın. Bu da daxili imkanlar və müqavimət iqtisadiyyatı siyasətlərinin həyata keçirilməsi ilə mümkündür. Baxmayaraq ki, artıq sanksiyalar da tədricən öz təsirini itirməkdədir”.

Həzrət Ayətullah Xamenei bildirdi: “Buna görə də qarşı tərəfin “filan işi görün və ya görməyin” kimi sözləri boş və əhəmiyyətsizdir. İran xalqına qarşı xəyanət və cinayət olan sanksiyalar götürülməlidir”.

İslam İnqilabının Rəhbəri İranın regiondakı mövcudluğunun məna və məntiqini İslam Respublikasının dostları və tərəfdarlarının gücləndirilməsindən ibarət olduğunu dedi: “İslam Respublikasının regiondakı mövcudluğu sabitliyin yaradılması və qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Hər kəs Suriya və İraqda bu həqiqətin şahidi oldu. Buna görə də bu mövcudluq qətidir, olmalıdır və olacaq da”.

Həzrət Ayətullah Xamenei ölkənin Səddam rejiminin hava hücumları qarşısındakı gücsüzlüyünün acı təcrübəsini xatırladaraq dedi: “İran o günlərdə Tehran və ayrı-ayrı şəhərlərə edilən raket hücumları və bomba yağışı qarşısında aciz və müdafiəsiz idi. İslam Respublikasının ölkəni o şəraitdə saxlamağa haqqı yox idi”.

O, İranın bu gün müdafiə gücünü göstərən nümunələrdən, ABŞ-ın İran səmasına təcavüz etmiş dron və Eynül-əsəd bazasının darmadağın edilməsindən söz açaraq dedi: “Düşmən bu gerçəkliklər qarşısında İranın müdafiə gücü və imkanlarını öz hesablamaları və qərarlarında nəzərə almaq məcburiyyətindədir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində xalq arasında daim təkrarlanan HBFP, bəzi öhdəliklərin bir kənara qoyulması, 20% zənginləşdirməyə start verilməsi kimi məsələlərə işarə edərək dedi: “ABŞ-ın HBFP-na qayıdıb - qayıtmaması məsələsi müzakirə edilir. İslam Respublikası ABŞ-ın HBFP-na qayıtmasında qətiyyən israrlı deyil və buna tələsmir. Əksinə, bizim məntiqli tələbimiz sanksiyaların ortadan qaldırılması, xalqın qəsb edilmiş haqlarının geri qaytarılmasıdır. Bu da ABŞ və onun avropalı ardıcıllarının vəzifəsidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər sanksiyalar götürülsə, ABŞ-ın HBFP-na qayıtmasının bir mənası olar. Əlbəttə, bizim tələblərimizin bir hissəsi olan xəsarətlər məsələsi də sonrakı mərhələlərdə öz qüvvəsində qalacaq. Lakin sanksiyalar götürülmədən ABŞ-ın HBFP-na qayıdışı, hətta ölkənin zərərinə ola bilər”.

O dedi: “Bu məsələlərlə bağlı icraedici və qanunverici qurumların rəhbərlərinə qaydalara tam şəkildə diqqət və riayət etmələri deyilmişdir”.

İslam İnqilabının Rəhbəri HBFP öhdəliklərinin digər hissəsinin azaldılması ilə bağlı parlamentin qəbul etdiyi qərarın və hökumətin gördüyü tədbirlərin tamamilə doğru və rasional olduğunu dedi: “Qarşı tərəf heç bir öhdəliyə əməl etmədiyi bir şəraitdə İslam Respublikasının bütün öhdəilklərə əməl etməsi mənasızdır”.

O əlavə etdi: “Əgər onlar öz öhdəilklərinə qayıtsalar, biz də qayıdarıq. Mən HBFP-nın ilk günü dedim ki, addımlar müvafiq şəkildə atılmalıdır, onların iş və öhdəliyi bizim iş və öhdəliyimizə müvafiq olmalıdır. Başlanğıcda buna əməl edilmədi. Ancaq indi edilməlidir”.

İslam İnqilabının Rəhbərinin işarə etdiyi digər məsələ işbilən və motivasiyalı gənclərdən istifadənin təcrübəli adamlardan istifadə edilməsi ilə ziddiyyət təşkil etməməsi ilə bağlı oldu.

O, çıxışının başqa bir yerində işin əvvəlində hizbullahçı gənc hökumətin iş başına gəlməsi, davamında isə təcrübəli adamlardan istifadə edilməsindən bəhs edən bir televiziya proqramına işarə edərək dedi: “Bu iki aspekt bir-biri ilə təzad təşkil etmir. Mən lap qədimdən gənc qüvvələrə etimad göstərilməsinin tam tərəfdarı olmuşam. Onlara etimad edilməli, ölkənin bəzi mühüm idari işlərində onlardan istifadə edilməli, təşəbbüsləri, maraqları və əhval-ruhiyyələrinə qucaq açılmalıdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Ölkənin uşaq və gənclərinin işi, ruhiyyəsi və yaradıcılıq qabiliyyətindən maksimum istifadə etmək lazımdır. Ancaq bu, heç də əvvəlki nəslin işdən kənarlaşdırılması və ixtisara salınması kimi başa düşülməməlidir. Əslində, şəraitə uyğun olaraq bir yerdə gəncin idarəçiliyi, bir yerdə təcrübəli adamın idarəçiliyi lazımdır. Elə Böyük İmamın zamanında da belə idi. Əlbəttə, hizbullahçı gənc hökumət haqqında seçkilər ərəfəsində danışacağam”.

Həzrət Ayətullah Xamenei əzəmətli şəhid general Süleymaniyə işarə edərək dedi: “Bəzi orta yaşlı adamlar da gənclər kimidirlər. Şəhid Süleymani 60 yaşında heç nədən qorxmurdu, onun dinamikliyi, fasiləsiz səy və fəaliyyətləri heyrətamiz idi”.

İnqilabın Rəhbərinin çıxışının son hissəsi korona problemi ilə bağlı oldu.

Səhiyyə Nazirliyi və korona ilə mübarizədə sınaqdan keçmiş vaksinin istehsalçılarına təşəkkürünü bildirən İnqilabın Rəhbəri vaksinin ölkə üçün fəxr və izzət səbəbi olduğunu dedi. O, ölkənin hər bir böyük uğurunu inkar edən insanları tənqid edərək elmi nailiyyətlərin bu inkarlarının yeni olmadığını dedi: “İllər öncə ölkə gəncləri santrifüj cihazlarını düzəldəndə bir qrup adam məktub yazdı ki, məbada bu iddialara aldanasınız. Mərhum Kazımi və gənc həmkarları kök hüceyrələr sahəsində uğur əldə etdiklərində də bənzər mesajlar göndərdilər. Lakin o nailiyyətlər, həqiqətən, inanılan idi. Ondan sonra da nailiyyətlər 10 dəfə artdı”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında ABŞ və ingilis vaksininin ölkəyə idaxal edilməsinin qadağan olunduğunu elan etdi: “Amerikalılar vaksin istehsal edə bilsəydilər, bu korona biabırçılığı ölkələrində meydana gəlməzdi və bir gün ərzində təqribən 4 min nəfər həlak olmazdı. Bundan əlavə, əsasən, onlara heç inam yoxdur. Bəzən bu vaksinlər xalqlar üzərində sınaqdan keçirmək məqsədi daşıyır”.

O əlavə etdi: “Fransızların çirkləndirilmiş hemofiliya qan məhsulları ilə bağlı keçmişlərinə görə onlara qarşı da nikbin deyiləm. Ancaq digər ölkələrdən vaksin gətirilməsinin heç bir problemi yoxdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, əhalinin gigiyenik qaydalara davamlı olaraq riayət etməsi və cavabdeh şəxslərin korona ilə mübarizədə üzərlərinə düşən vəzifələrə əməl etməsi vacibdir: “Koronaya qarşı sınaqdan çıxmış dərmanın hazırlanması ilə bağlı bəzi yaxşı və uğurlu təcrübələr var. Cavabdeh şəxslər də bunu təsdiq edirlər. Bu cəhətlər inkar edilməməli və araşdırılmalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda İran xaqlına, Qum əhalisinə və böyük elmi hövzəyə müraciət edərək dedi: “Dünən İran xalqı birliyi, qəti əzmkarlığı, dindarlığı, vaxtında hərəkəti və mücahidliyi sayəsində bu böyük inqilabı etməklə dünya və bəşər tarixinin istiqamətini dəyişə bildi. Bu gün millət daha böyük imkanlar, təcrübələr və potensiallarla istehsal, milli valyutanın dəyəri kimi iqtisadi, mədəni, siyasi və hərbi sahələrdəki bütün maneələri aşa bilər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /