Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkənin iqtisadi problemi həll yolunun olmaması deyil

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər üç qüvvənin rəhbərləri və İqtisadi Koordinasiya Ali Şurasının digər üzvləri ilə görüşdə ölkə iqtisadiyyatının dörd əsas lazımlı istiqamətini təşkil edən büdcə kəsri probleminin həlli, investisiyanın artırılması, istehsal sıçrayışı, zəif təbəqələrin himayə edilməsi məsələlərinə toxunaraq dedi: “Məsul şəxslərin ciddi və davamlı səyləri ilə elmi həll yollarının icrasının insanların həyatına təsirləri müəyyən edilməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, iqtisadiyyat ölkənin əsas mövzusudur: “Son illərdə hər ilin şüarının iqtisadi mövzulardan seçilməsinin səbəbi budur. Onu da nəzərə almaq lazımdır ki, insanların məişəti, həqiqətən, çətinləşib, son aylarda korona problemləri daha da artırıb”.

O əlavə etdi: “Bu iclasın keçirilməsinin məqsədi qısa müddət ərzində nəticə verəcək əməli həll yollarını bəyan etmək və onların insanların həyat şəraitinə təsirini müəyyən etməkdir. Təbii ki, bu əməli həll yollarının icrası və onların effektivliyi üç qüvvənin rəhbərləri və üç qüvvənin nəzdində olan təşkilat və idarələrin məsul şəxslərinin ciddi və davamlı səyləri ilə şərtlənir”.

İslam İnqilabının Rəhbəri həll yollarını qeyd etməzdən əvvəl iki mühüm məsələyə toxunaraq etdi: “Mütəxəssislərin ölkənin iqtisadi problemləri ilə bağlı təqdim etdikləri ortaq həll yolları vardır. Buna görə də problem həll yolunun olmaması və ya onu bilməməkdə deyil. Bizim qətiyyətə, şücaətə, ciddi və davamlı səyə ehtiyacımız var”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ikinci məsələ ABŞ və onun avropalı ortaqlarının İran xalqına qarşı olan cinayəti və acı bir reallıq olan sanksiyalar məsələsidir: “Bu cinayət uzun illərdir ki, İran xalqına qarşı həyata keçirilir. Amma son üç ildə daha da kəskin xarakter almışdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, sanksiyaların iki həlli yolu var: sanksiyaları nəticəsiz qoyub onlara qalib gəlmək; sanksiyaları aradan qaldırmaq. O, daha sonra əlavə etdi: “Biz sanksiyanın aradan qaldırılması istiqamətini bir dəfə sınadıq, bir neçə il müzakirə apardıq, ancaq heç bir nəticə hasil olmadı”.

İslam İnqilabının Rəhbəri sanksiyalara qalib gəlib onların təsirsizləşdirilməsi istiqamətinə işarə edərək dedi: “Bu istiqamətə gəlincə, başlanğıcda çətinliklər və problemlər ola bilər, ancaq sonu yaxşıdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Əgər səy, təşəbbüs, problemlərə sinə gərməklə sanksiyalara qalib gələ bilsək, qarşı tərəf də sanksiyaların nəticəsiz olduğunu görsə, tədricən sanksiyadan əl çəkəcək”.

O, çıxışının iki giriş məsələsi ilə bağlı hissəsini belə yekunlaşdırdı: “Bizim sanksiyaları təsirdən salmaq üçün çoxlu imkan və potensiallarımız var. Ancaq bir şərtlə ki, bunu istəməli, qətiyyət göstərməli və problemlərin üzərinə getməliyik”.

Həzrət Ayətullah Xamenei daha sonra mütəxəssislərin büdcə kəsri, dövlət qurumlarının investisiyalarının artırılması, istehsal sıçrayışı və zəif təbəqələrin himayə edilməsi ilə bağlı təklif etdikləri bəzi həll yollarına ümidvar olduğunu dedi və bildirdi ki, bu həll yollarının icrası ilə ölkə iqtisadiyyatı və əhalinin həyatında müsbət nəticələrə nail olmaq olar.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bəzi işlərin görülməsinə baxmayaraq, ilin şüarı gözlənildiyi səviyyədə reallaşmamışdır: “Dövlət və qeyri-dövlət sektorunun mütəxəssisləri istehsal sıçrayışı ilə bağlı müəyyən əməli həll yolları təklif ediblər. Bunlara daxildə ehtiyat hissələrinin istehsalı potensialına əsaslanaraq avtomobil istehsalının artırılması, neft sənayesinin elmiləşdirilməsinə əsaslanaraq neft sənayesi məhsullarının istehsalının artırılması, heyvan yemləri və yağlı bitkilərin istehsalının artırılmasını misal göstərmək olar”.

İnqilabın Rəhbəri habelə zəif təbəqələrin də himayə edilməsi məsələsinin zəruriliyini vurğulayaraq dedi: “İnflyasiya böhranı səbəbindən ailələrin maddi vəziyyəti son illər çox ağırlaşıb. İndi də korona problemləri artırıb, əhalinin bir çox qruplarında ciddi məişət çətinliklərinin yaranmasına səbəb olub. Bu sahədə ciddi addımlar atılmalıdır”.

O bildirdi ki, əhalinin hər tək-tək fərdi üçün mərkəzləşdirilmiş sosial təminat sistemi, müxtəlif informasiya bazalarının bir-biri ilə əlaqələndirilməsi ilə İranlıların Milli Bazasınının yaradılması mütəxəssislərin əhalinin problemlərini azaltmaq üçün təklif etdikləri həll yollarındandır.

Həzrət Ayətullah Xamenei çıxışının davamında vurğuladı ki, həll yolunun xaricdən olmayacağı bizim əsas məsələmiz olmalıdır: “Bəzilərinin ümid bəslədikləri adamlar bizimlə düşmənçilik edirlər. Bundan əlavə, onların daxili şəraitləri də heç aydın deyil. Son problemlər onlara beynəlxalq məsələlərlə bağlı danışmaq, mövqe bildirmək imkanı vermir. Onların sözləri ilə hesablaşıb proqram qurmaq olmaz”.

O, habelə üç Avropa ölkəsinin son boşboğazlıqlarına da işarə edərək dedi: “ABŞ-ın vəziyyəti bəlli deyil. Avropalılar da daim İrana qarşı mövqe tutublar. Onlar region məsələlərinə daha çox doğru olmayan müdaxilələr etdikləri halda, bizə deyirlər ki, regiona müdaxilə etməyin. İngiltərə və Fransanın dağıdıcı atom raketləri olduğu, Almaniya da bu qrupda yer aldığı halda, bizə deyirlər ki, sizin raketiniz olmasın”.

İslam İnqilabının Rəhbəri dedi: “Sizə nə dəxli var? Siz əvvəlcə özünüzü islah edin, sonra fikir bildirin”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Yadlara etibar etmək və onların yola gələcəyinə ümid bəsləmək olmaz”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda dedi: “Əgər iş planında hərəkət və əməl yer alsa, xalqın xeyrinə olan işlər görülsə, on ikinci hökumətin sonu mütləq yaxşı olacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən dövlət başçısı cənab Ruhani qeyd etdi ki, İqtisadi Koordinasiya Şurası təşkil edildiyi vaxtdan onun 50 iclası baş tutmuşdur: “Bu iclaslarda müxtəlif sahələrlə, o cümlədən məşğulluq, bank və büdcə fəaliyyətlərinin islahatı, şəffaflıq, ödəmə sistemi, investisiya, neft satışı, valyuta qiymətinə nəzarət və əsas məhsullarla bağlı 226 layihə təsdiq edildi”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /