İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər televiziya vasitəsilə etdiyi canlı çıxışında əziz İran xalqını və böyük İslam ümmətini sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin mübarək mövlud ildönümü münasibətilə təbrik etdi. İslam dünyasında vəhdətin təmin edilməsinin müsəlmanların problemlərinin həqiqi əlacı olduğunu deyən Ali Rəhbər ABŞ-ın tamahkarlığı qarşısında göstərilən rasional müqavimət siyasətinə işarə edərək dedi: “İslam Respublikasının hesablanmış siyasəti ABŞ-ın hökumət başçılarının gəliş-gedişi ilə dəyişmir”.
O, habelə hökumət rəhbərlərinin daha çox iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahəsinə təmərküzləşməsinin zəruriliyini vurğulayaraq əlavə etdi: “Son günlərin qiymət artımlarının, həqiqətən, əsası yoxdur. Hökumət rəhbərləri ciddi cəhd və qarşılıqlı əməkdaşlıq sayəsində xalqın bu çətinliklərinə son qoymalıdırlar”.
Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində Quranın Əziz İslam Peyğəmbəri barəsində olan bəzi ayələrinin bəşəriyyətin müasir vəziyyəti ilə açıq şəkildə tənasüblük təşkil etdiyini dedi: “Allah-taala buyurur ki, insanların əzab və çətinlikləri Peyğəmbərə ağır gəlirdi. O, bəşəriyyətin taleyinə dərindən yanıb acı çəkirdi. Bu gün də insan cəmiyyəti həmişəkindən daha çox əzab-əziyyətlər içərisində olduğu üçün böyük Peyğəmbərin pak ruhu bəşəriyyətin bu əzablarına görə narahatdır və mehriban bir ata kimi insan cəmiyyətlərinin hidayəti və xoşbəxtliyini istəyir”.
O, imperialistlərin ədalətsizlik, müharibə, şər, fəsad və xalqların resurslarının qarət edilməsi kimi mənfur məqsədlərdən ötrü elm və texnologiyadan sui-istifadə etdiklərinə işarə edərək dedi: “Firon təkcə Misir ərazisində zülm və haqsızlığa yol verirdi. Lakin müasir dünyanın fironu olan ABŞ elmi nailiyyətlərdən istifadə edərək digər ölkələrə qoşun yeridir, müharibə odunu alovlandırır, əmin-amanlığı pozur, qarətlə məşğul olur”.
Həzrət Ayətullah Xamenei imperializm və sionizmin İslamla olan hərtərəfli düşmənçiliyinə işarə edərək dedi: “Bu mənfur düşmənçiliyin son nümunəsi karikatura vasitəsilə böyük Peyğəmbərin parlaq simasına qarşı təhqir və Fransa prezidentinin bu çirkin addımı dəstəkləməsi idi. Bu bir daha qeyd olunan məsələlərin arxasında gizli əllərin olduğundan xəbər verir”.
O əlavə etdi: “Deyilər ki, bir nəfər qətlə yetirilib. Yaxşı, həmin adama görə təəssüfünüzü və sevginizi izhar edin. Nə üçün çirkin karikaturanı açıq şəkildə dəstəkləyirsiniz? Fransa və bəzi ölkələrin acı və çirkin dəstəyi daha əvvəllər də olduğu kimi, son günlər baş verən bu cür təhqiramiz işlərin arxasında bir təşkilat və proqramın olduğunu göstərir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bütün İslam ümmətinin İslam Peyğəmbərinin parlaq simasına qarşı edilən bu təhqirə qarşı öz etiraz və qəzəblərini bildirməsi İslam ümmətin diri olduğundan xəbər verir: “Əlbəttə, əksər dövlətlərdən fərqli olaraq İslam dünyasının bəzi dövlət rəhbərləri yenə də öz zillətlərini göstərib bu çirkin işə etiraz etmədilər”.
Həzrət Ayətullah Xamenei Fransa hökumətinin bu təhqiramiz karikaturaya verdiyi dəstəyini söz və hüquq azadlığı ilə əlaqələndirilməsi məsələsinə işarə edərək dedi: “Bunu elə bir dövlət iddia edir ki, əllərini minlərlə insanın və onlarla iranlı rəsmilərin qanına batmış, dünya üzrə ən qatı və vəhşi terroçulara öz ölkəsində yer verib, məcburi müharibə dövründə Səddam kimi qaniçmiş bir canavara ən çox dəstəyi verib, etiraz şənbələrində öz ölkəsinin əhalisinə divan tutur, ancaq eyni zamanda azadlıq və insan hüquqlarından dəm vurur”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, Fransa prezidentinin və Fransa hökumətinin mədəni vəhşiliyi və o karikaturaçının cinayət əməlini müdafiə etməsi bu dövlətin bir sikkənin iki üzü olan münafiqlər və Səddamı müdafiə etməsidir: “Ötən illərdə də ABŞ və Avropa ölkələrində Quran və əziz İslam Peyğəmbərinə qarşı edilən təhqirlərin təkrarlandığı son hadisə Qərb mədəniyyətinin qaranlıq və yırtıcı mahiyyətini göstərir”.
O vurğuladı: “Unutmayın ki, Məkkə və Taif əhalisi İslamın ilk dövrlərində Peyğəmbərin müqəddəs adını gizlədə bilmədikləri kimi, bu gün də bu mənfur səylər bir nəticə verməyəcək, peyğəmbərlərin sonuncusunun şərafəti, əzəməti və böyüklüyünə heç bir zərər yetirməyəcək”.
İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində vəhdət həftəsinin dərk edilməmiş əhəmiyyətinə aydınlıq gətirərək Suriya, İraq, Liviya, Yəmən və Əfqanıstan kimi bəzi İslam ölkələrində baş verən qanlı hadisələrə toxundu: “Əzəmətli İmam Rahil sonuncu peyğəmbərin mövlud günlərini vəhdət həftəsi elan etdiyi vaxt çoxları bu addımın dərinliyini və əhəmiyyətini dərk etmədi. Amma bu gün İslam dünyasında vəhdətin nə qədər qiymətli olduğu ortaya çıxır. Əgər bu addım gerçəkləşsə, regionda baş verən qanlı çəkişmələr və müharibələrin çoxunun qarşısını almaq olar”.
O, bəzi ölkələrin qəsbkar sionist rejimlə olan əlaqəni adiləşdirməsini kəskin şəkildə tənqid edərək dedi: “Bu zatı xarab adamlar özlərinin bu alçaqcasına əməllərindən məmnun qaldıqlarını izhar edərək onunla fəxr etdiklərini deyirlər. Ancaq bilsinlər ki, Fələstin probleminə son qoya bilməyəcək qədər kiçikdirlər. Şübhəsiz ki, qəsbkar, qatil və cinayətkar rejim məhv olacaq və Fələstin fələstinlilərin olacaq”.
İslam İnqilabının Rəhbəri dedi: “Təəssüflər olsun ki, o vaxt dahi imamın “İslam məzhəblərinin ümumi strategiyalardakı vəhdəti” ilə bağlı təşəbbüsünün əhəmiyyəti düzgün başa düşülmədi. Ancaq düşmən bu siyasətin onun nüfuzunu azaldacaq təhlükəsindən duyuq düşüb onunla mübarizə aparmaq üçün əməli proqramlar hazırlayıb həyata keçirdi”.
O bildirdi ki, yaxınlaşma əleyhinə olan fikirlər istehsal edən mərkəzlərin təsis edilməsi, İŞİD kimi təkfirçi qrupların yaradılması, məlumatsız adamları bir-birinə qarşı qoymaq düşmənin vəhdəti pozmaq üçün həyata keçirdiyi əməli proqramlardandır: “Qeyd edim ki, Bəzi region dövlətləri və onların terrorçu qruplara maliyyə və silah yardımı göstərən rəhbərlərinin günahı təəssüb və cahillikləri ucbatından bu qruplara qoşulan adamların günahından daha çoxdur. Bu məsələdə əsas günahkar amerikalılar və səduyyəlilərdir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, amerikalıların başqa bir cinayəti Əfqanıstan və Suriya kimi müsəlman ölkələrinə qoşun yeritməkdir: “İraqın qeyrətli gəncləri amerikalıların nüfuz qazanmasına imkan verməyəcəklər. Çünki ABŞ-ın dünyanın hər hansı nöqtəsində olması yalnız qarışıqlıq, xaos, daxili müharibə yaradıb dövlətlərin başını qatmaqla nəticələnib”.
O bildirdi ki, İslam dünyasının Yəməndə davam edən beş illik müharibə, dinc əhalinin səudiyyəlilər tərəfindən qəddarcasına bombardman edilməsi, bir neçə rəzil dövlətin Fələstin problemini görməzdən gələrək İslam ümmətinə ağız büzməsi kimi acı hadisələrinin əlacı İslam ümmətinin vəhdətindədir: “Kəşmirdən tutmuş Liviyaya qədər İslam dövlətləri və xalqlarının mövcud olan problemləri İslam ümmətinin vəhdəti sayəsində ortadan qalxacaq”.
İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində 13 aban (6 noyabr) tarixinin İmamın yoluna sadiq olan tələbələrin 1358-ci (1979) ildə Amerikanın casus yuvasını tutmasının ildönümü olduğunu xatırladaraq dedi: “Həmin gün İran xalqının imperializmə qarşı mübarizəsinin simvolu və tələbələrin atdığı addım imperializmə qarşı mübarizəsinin simvolik və yerində olan təzahürü idi”.
O, ABŞ rejiminin müharibə odunu alovlandırmaq, terrorizm, terrorçu hazırlamaq, müdaxilə, fəsad, inhisarçılıq kimi çirkin xüsusiyyətlərə malik olduğunu dedi: “Tələbələrin belə bir varlığa qarşı mübarizədə atdıqları addım rasionallıq idi. Təslimçilik və boyunduruq altına girmək rasionallığa ziddir”.
İslam İnqilabının Rəhbəri tələbələrin 13 aban tarixindəki inqilabi hərəkatının müdafiə və tamamilə rasional bir hərəkat olduğunu dedi: “Amerikalılara qarşı mübarizəyə ilk başlayan biz olmamışıq. İnqilabın qələbəsindən sonra konqresdə qətnamə qəbul etmək, terrorçu qruplar təsis etmək, öz səfirliklərində casus şəbəkəsi yaratmaq, çevriliş cəhdlərini planlaşdırmaq və onu himayə etməklə İran xalqına düşmənçiliyi ilk dəfə onlar başladılar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəziləri güman edir ki, əgər hər hansı hökumət ABŞ-ın istəkləri və siyasətləri qarşısında təslim olsa, fayda və mənfəət əldə edəcək. Halbuki ABŞ-ın hegemonluğu qarşısında təslim olmuş dövlətlər daha böyük zərbələr almış və onların problemləri daha çox olmuşdur”.
O vurğuladı ki, İran İslam Respublikasının ABŞ qarşısındakı siyasəti hesablanıb müəyyən edilmişdir, şəxslərin gəliş-gedişi ilə dəyişməz: “Kiminsə gəlməsi və ya gəlməməsi ilə müəyyən hadisələr baş verə bilər, ancaq bunun bizə heç bir aidiyyatı yoxdur və İslam Respublikasının siyasətinə heç bir təsiri olmayacaq”.
İslam İnqilabının Rəhbəri ABŞ rejiminin gördüyü işlərin bir teatr tamaşası olduğunu dedi: “Bu gün dövlətin başında olan və seçkiləri təşkil etməli olan prezident deyir ki, bu, ABŞ seçkilərinin ən saxtakar olanıdır. Rəqibi də deyir ki, Tramp böyük bir saxtakarlıq etmək istəyir”.
Həzrət Ayətullah Xamenei bu vəziyyətin liberal demokratiyanın çirkin simasının bir nümunəsi olduğunu dedi: “ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, mövcud vəziyyətin ABŞ-da mədəni, siyasi və əxlaqi tənəzzüldən xəbər verməsi ABŞ-ın fikir və düşüncə sahiblərinin etiraf etdikləri bir məsələdir”.
O, belə bir siyasi sistemin məhvə məhkum olduğunu dedi: “Əlbəttə, bəzi adamlar iş başına gəlsələr, bu çöküş daha tez baş verəcək. Əgər kimlərsə gəlsələr, bu, bəlkə bir az gecikər. Ancaq məhv qaçılmazdır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ABŞ-ın İran İslam dövləti ilə düşmənçiliyinin əsas səbəbi qəddar siyasətlərə boyun əyməməsi və onların ağalığını rəsmən tanımamasıdır: “Bu düşmənçilik davam edəcək. Buna son qoymağın yeganə yolu budur ki, qarşı tərəf İran xalqı və dövlətinə əsaslı zərbə endirə biləcəyi fikrindən məyus olsun”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənin məyusluğu həqiqi güc vasitələrinin güclənməsi ilə şərtlənir: “Əlbəttə, İran xalqı həqiqətən və insafən, təzyiqlər və problemlərə yaxşı sinə gərdi. Amma güclü olmaq üçün ölkə rəhbərləri iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahəsində daha çox çalışıb ciddiyət göstərməlidirlər”.
O, iqtisadiyyat sahəsi ilə bağlı bunları dedi: “İqtisadiyyat sahəsində qətiyyən xaricə göz dikmək olmaz. Təbii ki, bu, xariclə heç bir əlaqənin olmaması demək deyil. Əksinə, əlaqə olmalıdır, sadəcə, problemlərin həllini daxildə axtarmalıyıq. Əsas həll yollarından biri də istehsalı artırmaqdır”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “İqtisadiyyat sahəsində proqramlaşdırılmış və təşkilatlanmış bir fəaliyyət həyata keçirilməlidir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, hal-hazırda mövcud olan iqtisadi problemlərin bir çoxunun sanksiya ilə heç bir əlaqəsi yoxdur, onlar qarşılıqlı əlaqələrin olmamasından qaynaqlanır: “Son günlərdəki bahalıqların çoxunun əsası yoxdur. Aidiyyatı qurumlar arasında əlaqə yaratmaqla çox tez bir zamanda buna əlac edilməlidir”.
O dedi ki, məhsul və cinsin olmasına baxmayaraq, ət, cücə, pomidor və uşaq paltarlarının bahalığının heç bir əsası yoxdur: “Bütün bu bahalıq və problemlər qurumların qarşılıqlı əlaqəsi ilə həll edilə bilər. İnsanların önündəki problemlər ortadan qaldırılmalıdır”.
İslam İnqilabının Rəhbəri təhlükəsizlik məsələsinə toxunaraq dedi: “Xarici təhlükəsizliyi təmin etmək və düşmənin tamahkarlığının qarşısını almaq üçün raket, pilotsuz uçuş aparatları və təyyarələr kimi müdafiə vasitələri gücləndirilməli, daxili təhlükəsizliyi təmin etmək üçün isə aidiyyatı qurumlar nüfuz məsələsini ciddi nəzarətə götürməlidirlər”.
Həzrət Ayətullah Xamenei mədəniyyət sahəsindən danışarkən də mədəniyyət işləri üzrə məsul şəxsləri ayıq və düşüncəli şəkildə səy göstərməyə çağırdı.
O, çıxışının sonunda Ermənistan və Azərbaycan Respublikası arasında gedən son müharibəyə işarə edərək vurğuladı ki, bu, regionu təhdid edən acı bir hadisədir: “Bu hərbi toqquşmaya çox tez bir zamanda son qoyulmalıdır. Təbii ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bütün torpaqları azad edilərək Azərbaycana qaytarılmalıdır”.
Həzrət Ayətullah Xamenei bu torpaqlardakı ermənilərin təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq sərhədlərin hər iki ölkə tərəfindən qorunmasının vacibliyini vurğuladı: “Əldə edilən etibarlı məlumatlara əsasən, regiona daxil olmuş terrorçular İran sərhəddinə heç bir vəchlə yaxınlaşmamalıdırlar. Əgər onlar sərhədə yaxınlaşarlarsa, mütləq qətiyyətli reaksiya olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir