İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər prezident və Korona ilə Milli Mübarizə Qərargahının üzvləri ilə görüşdə göstərdiyi xidmətlərə görə qərargaha təşəkkür etdikdən sonra mühüm tövsiyələr verdi. O, hökumət tərəfindən ictimai rəyi qane edəcək qətiyyətli qərarların qəbul edilməsi, korona virusu epidemiyasının təəssüf doğuran vəziyyətinə qarşı mübarizə aparılması, bütün qurumlar və fərdlərin əlbir olmasının zəruri olduğunu vurğuladı.
İslam İnqilabının Rəhbəri bəzi adamların hökumət və prezidenti açıq və kəskin şəkildə tənqid atəşinə tutmasını və onlara qarşı hörmətsizlik göstərilməsini tənqid edərək dedi: “Təhqir haramdır. Tənqid və təhqir ayrı-ayrı şeylərdir. Yeri gəlmişkən, bu gün ölkənin həmişəkindən çox əməkdaşlığa, birliyə və vəhdətə ehtiyacı var”.
İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində onun dəvəti ilə təşkil edilmiş bu iclasın məqsədini ölkədə korona xəstəliyinin təəssüf doğuracaq bir vəziyyətdə olması, bu virusla mübarizə aparmaq üçün səylərin ikiqat artırılması və yeni tədbirlərin görülməsinin zəruriliyi ilə izah etdi: “Təbii ki, bu xəstəlik və onun payız fəslindəki yüksəlişi təkcə İrana aid deyil, bütün dünya üçün aktualdır”.
Həzrət Ayətullah Xamenei ayrı-ayrı ölkələrdə bu virusa qarşı həyata keçirilən adiminstrativ üsullara işarə edərək dedi: “ABŞ kimi bəzi ölkələrdə ən pis idarə forması seçilmişdir. Lakin biz insanların canı, sağlamlığı, təhlükəsizliyi və iqtisadiyyatına aidiyyatı olan bu hadisəni ən yaxşı adminstrativ üsul ilə adlamağa çalışmalıyıq”.
O qeyd etdi ki, ən doğru və uyğun idarəetmə hökumət tərəfindən qətiyyətli qərarların seçilməsi, ictimai rəyi qane etmək, bütün qurumlar və xalqın əməkdaşlığı ilə şərtlənir: “Təbii ki, bu əməkdaşlıq təkcə korona ilə mübarizəyə məxsus deyil. Bütün sahələrdə, xüsusilə siyasi məsələlərdə bu əməkdaşlıq olmalıdır. Çünki qüdrətli milləti, yeni sistemi və yeni sözü olan dövlət təbii ki, beynəlxalq və daxili müstəvidə mühüm problemlərlə qarşılaşmalıdır”.
Ölkə daxilində vəhdət və birliyin zəruri olduğunu vurğulayan İslam İnqilabının Rəhbəri bəzi adamların hökumət və dövlət başçısına qarşı yol verdikləri son hərəkətlərə işarə edərək dedi: “Bu qardaşlar arasında yaxşı adamlar olsa da, bu iş yalnış idi və mən bunu açıq şəkildə deyirəm”.
Həzrət Ayətullah Xamenei tənqidlə təhqirin ayrı-ayrı şeylər olduğunu dedi: “İnsanlar arasında təhqirə yol vermək haramdır. Bu hərəkəti yüksək çinli məmurlar arasında onlara qarşı etmək daha böyük günahdır”.
O dedi: “Tənqid doğru ola bilər. Tənqid edin, problem yoxdur. Lakin tənqid təhqir və hörmətsizlikdən fərqlənir. Bu cür davranışlar və təhqirlər debatlarda və mediada özlərini dünyada rüsvay etmiş amerikalıların metodudur. Onlarda bu elə bir səviyyəyə çatıb ki, yüksək çinli siyasətçilərindən biri “dünya bizə qorxu və təhqirlə baxır”, - deyə bəyan etmişdir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Bizim metodumuz İslam və Qurana əsaslanır. Yəni tənqid var, ancaq hörmətsizlik və təhqir yoxdur”.
Həzrət Ayətullah Xamenei bu mövzunu yekunlaşdırarkən dedi: “Üç qüvvənin rəhbərləri və xalqa xidmət göstərən məsul şəxslərin hörməti saxlanmalıdır”.
O bu mühüm nüansı qeyd etdikdən sonra korona mövzusuna qayıtdı, bu xəstəliklə bağlı qəbul edilmiş qərarların sağlamlıq, təhlükəsizlik və iqtisadi aspektlərinə, bu aspektlərin münqaişə ehtimalına işarə edərək dedi: “Təhlükəsizlik və iqtisadi aspektlər bu xəstəlikdən qaynaqlandığı üçün qərarların əsas prioriteti əhalinin sağlamlığıdır”.
İslam İnqilabının Rəhbəri Korona ilə Milli Mübarizə Qərargahı və onun nəzdində fəaliyyət göstərən komitələrə həyata keçirdikləri tədbirlərə görə təşəkkür edərək müalicə və səhiyyə kadrlarının fəaliyyətinin çox parlaq və Allah yolunda cihad olduğunu dedi və ardınca mühüm tövsiyələr verdi.
Həzrət Ayətullah Xameneinin birinci tövsiyəsi Korona ilə Milli Mübarizə Qərargahının qərarlarının icrası və icraya nəzarət etmək üçün təcili olaraq bir qərargah və əməliyyat dayağı yaradılmasının zəruriliyi ilə bağlı oldu.
Onun ikinci tövsiyəsi məhdudiyyətlərin istiqamətlərinin təyin edilməsi üçün Səhiyyə Nazirliyinin əsas aparıcı xətti təşkil etməsi ilə bağlı oldu.
İslam İnqilabının Rəhbəri dedi: “Səhiyyə Nazirliyi məhdudiyyətlərin istiqamətlərini təyin etdikdə digər qurumlar da bütün digər mülahizələri bir kənara qoyub onlara əməl edib icra etməlidirlər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin giriş-çıxışlarının dəqiq nəzarət altında saxlanması, şəhərlərarası qeyri-zəruri gediş-gəliş məhdudiyyətləri, ictimai nəqliyyat və ictimai yerlərlə bağlı sərt və cəmiyyəti qane edən qərarların tətbiqi məhdudiyyətlərdəndir. Bu məhdudiyyətlərin icrası və onlara nəzarətin əsas məsuliyyəti dövlət təhlükəsizlik şurası və polis qüvvələrinin üzərinə düşür”.
Səhiyyə Nazirliyinin rəhbərliyi altında Təbliğat Nazirliyi və Teleradio şirkətinin əməkdaşlığı ilə xəstəliyin yayılma vasitələri və məhəlli şəkildə qarışısının alınması metodları haqqında təlimatların verilməsi, bunun üçün məscidlər və bəsicdən istifadə edilməsi, gigiyena qaydalarını kobud surətdə pozanların ciddi şəkildə cərimə edilməsi ilə bağlı qərarların qəbul edilməsi zərurəti İslam İnqilabının korona ilə mübarizədə məsul şəxslərə verdiyi digər tövsiyələr oldu.
Həzrət Ayətullah Xamenei sərt cərimələrin tətbiqi ilə bəzi fərdlərin həyat şəraitinin ağırlaşması və məşğulluq məsələsindəki çətinliklərə işarə edərək dedi: “Bu istiqamətdə hökumət yardım paketləri nəzərdə tutmalıdır. Bundan əlavə, xeyriyyəçilər və sıravi insanlar da işə qoşularaq bu fərdlərə köməklik göstərməlidirlər. Çünki bu, ən yaxşı işlərdən və insanı Allaha yaxınlaşdıran ən üstün vasitələrdəndir”.
O, ilk günlərdə xəstəliklə aparılan mübarizənin əhəmiyyətinə işarə edərək dedi: “Mütəxəssislərin dediyinə görə, xəstəliyə tutulanlar birinci və ikinci günlərdə müəyyən edilib müalicəyə başlanılsa, tələfatlar ciddi şəkildə azalacaq ki, bu da çox vacib məsələdir”.
Elektron xidmətlərin artırılması ilə icra orqanlarına edilən müraciətlərin minimuma çatdırılmasının vacibliyini vurğulayan İslam İnqilabının Rəhbəri məsul şəxslərə gigiyenik qaydalara maksimum dərəcədə riayət edilməsini tövsiyə verdi: “Təəssüflər olsun ki, bəzi məsul şəxslər düzgün şəkildə maska taxılması və ya sosial məsafəyə riayət edilməsi kimi məsələlərə riayət edilməsində səhlənkarlıq edirlər. Bu etinasızlıq xalqın ümumi riayətlərinə mənfi təsir göstərir”.
O habelə Səhiyyə Nazirliyinin ehtiyac duyduğu personalın işə götürülməsinin zəruriliyinə işarə edərək koronavirusa qarşı dərman və vaksin tapmaq üçün araşdırma aparan tədqiqatçılara səmimi qəlbdən dərin təşəkkürünü bildirdi.
Korona ilə Milli Mübarizə Qərargahının iclasından vahid bir söz eşidilməsi Həzrət Ayətullah Xameneinin vurğuladığı növbəti tövsiyə oldu.
Xəstəliyin yayıldığı ilk aylarda çoxlu sayda könüllü qüvvələrin xidmətlərə qoşulması və onların tibb işçilərinə yardımı, keçidlər və cihazların dezinfeksiya edilməsi, ailələrin təlimatlandırılması, yaşlı insanlara kömək edilməsi kimi effektiv xidmətlərinə işarə edən İslam İnqilabının Rəhbəri bu fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğuladı və ixlaslı könüllülərdən, mömin və saleh gənclərdən yenidən meydana çıxmalarını istədi.
Həzrət Ayətullah Xamenei bəzi adamların korona nəticəsində işsiz qalması və heç bir iş sığortasının olmamasına işarə edərək dedi: “Sosial Təminat İdarəsi bu problemi həll etmək üçün tədbir görməlidir. Əlbəttə, xeyriyyəçilərin də fəaliyyəti Allah yolunda görülən ən yaxşı işlərdəndir”.
İslam İnqilabının Rəhbəri çıxışının sonunda bəlanı dəf etmək üçün dua, təvəssül və istiğfarın möcüzəvi şəkildə əhəmiyyət daşıdığını dedi: “Bütün deyilənlər vasitə səciyyəsi daşıyır. Bu vasitələrə ruh və can bəxş edən Allah-taaladır. Bu keçiddən keçmək üçün dua və yalvarışlarla Allahın lütf və diqqətini cəlb etmək lazımdır. Bu diqqət daim İran xalqına lütf edilmişdir”.
O dedi: “Ölkədə böyük işlər gedir. Allahın lütfü ilə heç bir hadisə İslam Respublikasını dayandıra bilməmişdir. Amma hərəkətin yavaşlamasına səbəb olan bu maneələr çox tez bir zamanda ortadan qaldırılmalıdır”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident cənab Ruhani keçən səkkiz ay ərzində korona ilə mübarizə istiqamətində göstərilən fəaliyyətlər haqqında məlumat verərək dedi: “Bu virusla mübarizə aparmaq üçün hal-hazırda gigiyenik və profilaktik qaydalara riayət etməkdən başqa yol yoxdur”.
Prezident əlavə etdi: “Müharibə dövründə bizə döyüş təchizatlarını almağa icazə verilmədiyi kimi, koronanın yayılmağa başladığı ilk vaxtlarda da demək olar ki, heç kəs bizə xəstəliyi təyin edən detektor, tənəffüs aparatı, İCU imkanları və təchizatlarını, hətta maska vermədi. Lakin biz elm əsaslı şirkətlər sayəsində bu təchizatları çox sürətlə istehsal etdik və hal-hazırda heç bir problemimiz yoxdur”.
Cənab Ruhani əlavə etdi: “Korona hadisəsində daxili imkanlara əsaslanmağın və başqalarının əlinə baxmamağın bizim üçün nə qədər əhəmiyyət daşıdğı məlum oldu. Biz anladıq ki, çətin günlərdə öz ayaqlarımız üzərində dayanmalıyıq. Çünki başqaları bizə insan hüquqları, səhiyyə, müalicə, insanların həyatlarının xilas edilməsi ilə bağlı olan məsələlərdə kömək etmirlər. Baxmayaraq ki, bunları şüar edirlər”.
Cənab Ruhani hal-hazırda mövcud olan koronanın mahiyyəti ilə isfənd ayında ölkəni bürümüş korona arasında fərq olduğuna işarə edərək dedi: “Həm Səhiyyə Nazirliyi, həm də mütəxəssislər deyirlər ki, son aylardakı virus Avropadan sıçramışdır. Onun yoluxma sürəti və gücü 9 dəfə çoxdur”.
Prezident bəzi insanların qanuni tövsiyələri ciddiyə almamasından gileylənərək dedi: “Təhlükənin çox olduğu regionlarda məhdudiyyətlərin kəskinləşməsi xəstəliyə yoluxmuşların karantin qaydalarını pozmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Qanuni çərimələr isə pozuntuya yol verənlər üçün nəzərdə tutulub”.
Cənab Ruhani dedi: “Karantin vaxtı insanların ehtiyac duyduğu vasitələrin hazırlanıb paylanması işində məscidlər və bəsicilərə ehtiyac var”.
Prezident habelə dərman və vaksinin tapılması ilə bağlı aparılan araşdırmaların maliyyə təminatı, hökumətin korona vaxtı ehtiyaclı ailələrə yardım göstərməsi, müalicə personallarının əməkhaqlarının ödənilməsi ilə bağlı məlumat verdi.
Prezidentdən sonra çıxış edən səhiyyə, müalicə və tib təhsili naziri doktor Nəməki göstərdiyi əvəzsiz və ümidverici yardımlarına görə İslam İnqilabının Rəhbərinə, korona ilə mübarizə istiqamətində göstərdikləri bütün zəhmətlərə görə müalicə personalı və məsullarına təşəkkür edərək dedi: “Xəstəxanaların İCU çarpayılarının yarısını korona xəstələrinə ayırdıq. Ancaq korona olmayan, lakin İCU çarpayısına ehtiyacı olan digər xəstələrin də heç birini çarpayısız qoymadıq”.
Səhiyyə naziri əlavə etdi: “Dünyanın heç bir yerində epidemik xəstəliyi xahiş və tövsiyə ilə kontrol etmək olmaz. Bu xəstəliyi qanunların tətbiqi və qanuni məhdudiyyətlərin kəskinləşdirilməsi ilə kontorl etmək lazımdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir