Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Xomeyninin misilsiz komandanlığının aspektləri

Bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə savaşının və müqavimət hərəkatının veteranlarına həsr olunmuş mərasimə videoformatda qatılaraq çıxış etdi. İran xalqının Müqəddəs Müdafiə savaşındakı parlaq və danılmaz qələbəsinə işarə edən Ali Məqamlı Rəhbər dedi: “Bu reallıq İmam Xomeyninin misilsiz liderliyinin və komandanlığının, xalqın müxtəlif təbəqələrinin hərtərəfli iştirakının, İslamın və İnqilabın müdafiəçilərinin bu tarixi qəhrəmanlıq salnaməsində atdığı rasional addımların nəticəsidir. Düşmənin İran xalqının şanlı kimliyinin bu fraqmentininə aid olan reallıqları təhrif etmək cəhdlərinə qarşı diqqətli və ehtiyatlı olmalıyıq”.

Ali Məqamlı Rəhbər həmçinin ölkədə hər gün koronavirusdan 150-yə yaxın insanın vəfat etməsindən dərin təəssüf hissi keçirdiyini bildirərək əhalini rəsmi qurumların bütün göstərişlərinə tam və ardıcıl surətdə əməl etməyə çağırdı.

Ali Baş Komandan Müqəddəs Müdafiə döyüşçüləri və veteranlarına sonsuz ehtiramla yanaşmağın mütləq milli vəzifə olduğunu və İslam dinində təkidlə tövsiyə edildiyini qeyd edərək dedi: “Əziz veteranlarımızın və onların şəhid olmuş döyüş yoldaşlarının gördüyü işin əzəmətini dərk etmək üçün Müqəddəs Müdafiə meydanının əzəmətini, habelə İran tarixinin bu mühüm etapındakı vəziyyəti lazımınca dərk etmək lazımdır”.

Ambisiyalı Səddamın böyük dövlətlərin, xüsusilə də Amerikanın əlində yeganə vasitə olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqına qarşı aparılan müharibədə qarşı tərəf əslində İslam İnqilabından zərbə almış Amerika, regionda yeni bir iranlı-müsəlman fiqurunun ortaya çıxmasından narahat olan NATO, habelə Qərbi və Şərqi Avropa dövlətləri idi. İslam dövləti və İslam İnqilabını dağıdıb məhv etmək üçün Səddamı İrana qarşı müharibəyə təhrik edən əslində onlar olmuşdu”.

Ali Məqamlı Rəhbər Amerika ilə Səddam arasında hələ müharibə başlamazdan öncə əldə edilmiş razılaşmaları əks etdirən sənədlərin yayımlandığını xatırladaraq dedi: “Müharibə illəri ərzində də Qərb və Şərq dövlətlərinin BƏƏ, Küveyt, Ərəbistan və digər kanallar vasitəsilə Səddam rejiminə hərbi, informasiya və maliyyə yardımları davam etdirilirdi”.

Düşmənin təhriklərindən əlavə, İranın daxili vəziyyətinin də Səddamı hücuma cəsarətləndirdiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müharibənin ilk illərində ordumuz maddi texniki baza və komandanlıq baxımından münasib səviyyədə deyildi, Keşikçi Korpus yeni yaranmışdı, müdafiə imkanları baxımından kəskin çatışmazlıq yaşayırdıq. Düşmənin bütün bu reallıqlardan məlumatı var idi və bu məsələlər onu hücuma daha da təhrik etmişdi”.

8 il davam etmiş Məcburi Müharibənin hansı şəraitdə başladığını şərh etdikdən sonra Həzrət Ayətullah Xamenei İran xalqının düşmən qarşısında fədakar və qələbə əzmli müdafiə hərəkatının mühüm məqamlarını konkret faktlar əsasında qeyd etdi. Ali Məqamlı Rəhbər bu xüsusda Müqəddəs Müdafiənin başlanğıcından sonuna qədər İmam Xomeyninin olduqca həssas və heyrətamiz surətdə liderlik və komandanlıq etdiyini bildirərək dedi: “İmam hələ başlanğıcdan döyüş əməliyyatlarının real həcmini və miqyasını bilirdi və buna görə də heyrətamiz bir uzaqgörənliklə elan etmişdi ki, bu, iki qonşu ölkənin müharibəsi deyil, İslam İnqilabının və İran xalqının düşmənləri İslam dövlətinin əleyhinə birləşib Səddamın arxasında durublar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqı Müqəddəs Müdafiə meydanına çəkib gətirmək dahi İmam Xomeyninin həyat əhəmiyyətli dəyərləndirməsi idi. O əlavə etdi: “İmam inqilabın özündə də olduğu kimi, öz dərin dərki əsasında xalqı hərtərəfli mübarizə meydanına çəkib gətirdi. Çünki o, sırf silahlı qüvvələrin iştirakı ilə bu məsələnin həll edilə bilməyəcəyini anlamışdı”.

Ali Məqamlı Rəhbər 8 il davam etmiş Müqəddəs Müdafiə savaşında dahi İmam Xomeyninin komandanlığının digər xüsusiyyətləri kimi onun misilsiz şəxsiyyətini, mənəvi nüfuzunu, doğruculluğunu, həqiqətləri və reallıqları hər zaman açıq-açığına söyləməsini və uzaqgörən baxışını qeyd edərək dedi: “İmam misilsiz və qeyri-adi qətiyyətlə əmrlər verərək hərb işini irəli aparırdı. Onun bu heyrətamiz qətiyyətinə misal olaraq, Abadanın mühasirədən çıxarılmasına, Xürrəmşəhr və Süsəngerdin azad edilməsinə təkid etməsini vurğulamaq olar”.

Müharibənin şərtlərinə uyğun olaraq ən müxtəlif situasiyalarda müvafiq mövqe seçməsini İmamın digər xüsusiyyətləri sırasında qeyd edən Həzrət Ayətullah Xamenei konkret misallar çəkərək dedi: “Lazımi məqamda xalqda ruh yüksəkliyi yaradaraq düşməni təhqir etmək, qələbə əldə olunduğu zamansa lovğalıq bəlasının qarşısını almaq, ehtiyac olduqda döyüşçülərin görüşünə gedərək onları ruhlandırmaq müharibə meydanının nə demək olduğunu yaxşı bilən bu mehriban ata və mənəvi başçının Müqəddəs Müdafiəni istiqamətləndirmək üçün seçdiyi metodlar idi”.

Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə barədə yazılan yazılarda və səsləndirilən fikirlərdə İmam Xomeyninin rolunun diqqətdən qaçırılmasından təəssüfləndiyini bildirərək dedi: “Bu sahədə ciddi və genişmiqyaslı işlər görülməlidir”.

“Düşmənin Müqəddəs Müdafiə reallıqlarını təhrif etmə cəhdlərinə qarşı diqqətli olmaq lazımdır”, – deyən Həzrət Ayətullah Xamenei daha sonra bu savaşın inanılmaz dərəcədə geniş aspektləri ilə bağlı məqamları sadaladı.

Ali Məqamlı Rəhbərin vurğuladığı ilk məqam İran xalqının Müqəddəs Müdafiədə qazandığı parlaq və danılmaz qələbə oldu. O dedi: “Düşmənin müharibəni ortaya atmaqda hədəfi İslam dövlətini süquta uğratmaq, yenidən İranda ağalığı ələ keçirib ölkəni bölmək idi. Amma onlar İranın 1 qarış torpağını da işğal edə, İran xalqı və İslam Respublikasını 1 addım da olsun geri çəkilməyə vadar edə bilmədilər”.

Ali Məqamlı Rəhbər son 1-2 əsrdə, yəni Qacar və Pəhləvi hakimiyyətləri dövründə İranın müharibələrdə daim məğlub olduğunu və həmin dövrlərdə ölkənin başında duranların təhqir olunduqlarını bildirərək əlavə etdi: “Müqəddəs Müdafiədə İran xalqı böyük Qərb və Şərq dövlətlərinin və onlardan asılı olan ölkələrin qarşısında durub başıucalıqla qələbə qazanmağa müvəffəq oldu. Məhz buna əsasən, qələbə ilə nəticələnmiş bu müdafiə hərəkatı İran milli kimliyinin bir hissəsi hesab oluna bilər”.

Növbəti məqamı qeyd edən Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiənin başdan sona qədər İran xalqının ən müdrik və rasional hərəkatlarından biri olduğunu bildirdi. O dedi: “Bəziləri müəyyən adamların yol verdiyi səhvi əsas gətirərək Müqəddəs Müdafiəni tədbirsizlikdə ittiham etməyə çalışırlar. Halbuki bu müdafiə hələ işin başlanğıcından, yəni Ordu ilə Keşikçi Korpusun əməkdaşlığından, təşəbbüskar və şücaətli döyüş taktikalarının seçilməsindən, hərbi əməliyyatlarda böyük və heyrətamiz addımların atılmasından tutmuş müharibənin sonuna və qətnamənin qəbuluna qədər bütünlüklə rasional və tədbirli surətdə aparılmışdı”.

Həzrət Ayətullah Xameneinin vurğuladığı 3-cü məqam Müqəddəs Müdafiədə yeni bir sosial iştirak modelinin təşəkkül tapması, parlaq istedadların üzə çıxması oldu. O əlavə etdi: “Dünyada bir ilk və misilsiz olan bu model elə bir formada idi ki, 14 yaşlı döyüşçüsündən tutmuş 70 yaşlı qocasına, arxa cəbhədəki məktəbli qızlara, möhtərəm xanımlara, həkimlərə, cərrahlara, zəhmətkeş fəhlə və kəndlilərə, tələbələrə, şairlərə, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinə qədər – hər kəs bu nəhəng xalq şəbəkəsində öz yerini və mövqeyini müəyyənləşdirərək müdafiə ilə, xidmətlə məşğul olurdu”.

O dedi: “Bu genişmiqyaslı sosial iştirak modelində önəmli istedadlar üzə çıxırdı. Misal üçün, Kirmandan adi bir kəndli oğlan Hacı Qasim Süleymaniyə, yaxud gənc bir əskər Şəhid Səyyad Şirazi və ya Şəhid Babayi kimi bacarıqlı və təcrübəli komandirə, cəbhənin od-alovu içərisində könüllü çalışan bir jurnalist Şəhid Baqiri kimi əfsanəvi kəşfiyyatçıya çevrilirdi”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Bu gün də əzm göstərilsə, məsələlərə və camaata düzgün yanaşma olsa, bu misilsiz modeldən istifadə etmək olar. Əlbəttə, müharibə iqtisadiyyatdan fərqlidir, lakin düşünən beyinlər öz tədqiqatlarında bu modeli milli iqtidar faktoru kimi diqqətdə saxlaya bilərlər”.

“Xalqın və müxtəlif qrupların arxa cəbhədəki rolu bu nəhəng modelin digər bir hissəsi idi”, – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Camaatın etdiyi maliyyə yardımları, cəbhəyə göndərilən ərzaq sovqatları, yaralılara göstərilən yardımlar, müxtəlif şəhərlərdə şəhidlərin möhtəşəm mərasimlərlə son mənzilə yola salınması, mədəni-təbliğat dəstəyi, düşmənin psixoloji əməliyyatlarına qarşı aparılan mübarizə, məcburi köçkünlərin şəhərlərdə qəbul edilib yaşayış yeri ilə təmin olunması, Səddam rejiminin raket hücumlarına məruz qalan şəhərlərdə əhalinin göstərdiyi müqavimət – bütün bunlar xalqın Müqəddəs Müdafiədə oynadığı önəmli rola nümunələrdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, döyüşçülər arasında ən yüksək mənəvi-əxlaqi keyfiyyətlərin və böyük ruh yüksəkliyinin müşahidə olunması Müqəddəs Müdafiə salnaməsinin parlaq səhifələrindən biridir. O dedi: “Bəzi döyüşçülər haqqında qələmə alınmış bioqrafiyalar, şəhidlərin vəsiyyətnamələri, saflıq, sədaqət, ixlas, təvazökarlıq, başqalarına xidmət, fədakarlıq kimi yüksək mənəvi keyfiyyətlər, sübh namazları, arifcəsinə edilən ibadətlər, dünyanın mal-mülkünə qarşı etinasızlıq, gənc övladını cəbhəyə yola salan, şəhid övladlarını dəyanətlə qəbul edən anaların davranışları – bütün bunlar İslam dininin, xalqımızın dərin dini inancının bərəkətli nəticəsi idi. Bu iman Müqəddəs Müdafiə dövründə özünü tam olaraq büruzə verdi”.

Ali Məqamlı Rəhbərin qeyd etdiyi növbəti məqam bu oldu ki, Müqəddəs Müdafiənin ölkənin gələcəyi üçün də yatırımları olmuşdur. O dedi: “Belə dəyərli yatırımlardan biri də Müqəddəs Müdafiənin bərəkəti sayəsində əldə olunmuş təhlükəsizlikdir. Müqəddəs Müdafiə ilə İran xalqı göstərdi ki, onun ölkəsinə işğal və təcavüz niyyəti ilə yanaşmaq işğalçıya çox baha başa gələcək, istənilən təcavüzçü qətiyyətli və əzici cavabını alacaq. Odur ki Müqəddəs Müdafiədən sonra İrana təcavüz etmək fikrinə düşənlər hər hansı bir addımı atmamışdan əvvəl dayanıb düşünmək, xeyrini və ziyanını ölçüb-biçmək məcburiyyətində qalır”.

“Müqəddəs Müdafiə dövrünün yatırımlarından daha biri özünəinam ruhiyyəsi, elmi və texnoloji yeniliklərə doğru irəliləyişdir”, – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran şəhərlərinin raket hücumlarına məruz qaldığı, heç bir ölkənin bizə raket və silah-sursat vermədiyi o dövrdə Şəhid Tehranimüqəddəm və onun dostları raket sənayesinin əsasını qoydular. Bizim hazırkı raket imkanlarımız həmin o özünəinam ruhiyyəsinin, o dövrdəki elmi hərəkatın nəticəsidir”.

Ali Məqamlı Rəhbər zahirən qeyri-mümkün görünən işləri həyata keçirməyə cürət etmənin, ölkənin insan kapitalının artırılmasının da Müqəddəs Müdafiə dövrünün yatırımlarından olduğunu bildirərək dedi: “Müqəddəs Müdafiə dövrünün insan kapitalına daha bir nümünə Şəhid Süleymani idi. O, regional diplomatiya müstəvisində heyrətamiz işlər görmüşdür. İran xalqının hələ o əziz şəhidimizin fəaliyyət dairəsinin nə qədər geniş olduğu barədə kifayət qədər məlumatı yoxdur”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqının Qərb sivilizasiyasının əsl mahiyyəti və reallığı ilə daha yaxşı tanış olması 8 illik Müqəddəs Müdafiənin digər bir nəticəsidir. O əlavə etdi: “Müasir İran tarixində Qərb dövlətlərinin İran xalqına qarşı düşmənçilik və xəbisliyi bir neçə dəfə aşkara çıxıb, lakin o dövlətlər bəşəriyyətə düşmən, korrupsion Səddam diktaturasını tam himayə etməklə özlərinin insan haqları və humanizm iddialarını, praktik olaraq, ayaq altına atdılar və öz mahiyyətlərini ortaya çıxardılar. Onları belə dərindən tanımaq bizim üçün çox önəmlidir və qəbul etdiyimiz bütün qərarlarda bu tanıma diqqətimizdə olmalıdır”.

Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiənin daha bir diqqətəlayiq cəhəti kimi İran xalqının istedad və potensialının dünya ictimaiyyəti qarşısında üzə çıxmasını qeyd edərək dedi: “Düşmənlərimizin təbliğat hücumlarının pik həddə çatdığı bir vaxt Müqəddəs Müdafiənin özü həqiqətləri yüksək səslə bəyan edən güclü bir təbliğat vasitəsinə çevrilərək İran xalqının şücaət, birlik, əzm və müqavimət kimi milli dəyərlərini dünya ictimaiyyətinə çatdırdı”.

“Müqəddəs Müdafiə İran xalqının gözləri önündə duran parlaq və möhtəşəm bir tablodur”, – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müharibə dəhşətli və aqressiv bir təzahürdür, lakin ortaya çıxardığı bütün çətinlik və zərərlərinə baxmayaraq, Müqəddəs Müdafiə İran xalqına öz bərəkət və müjdəsini töhfə verdi, xalqımızın inkişafına, imkanlarımızın yenilənməsinə yol açdı”.

Ali Məqamlı Rəhbər Quranda cihad barədə ruh yüksəkliyi və müjdə ilə bəhs olunduğunu, qorxu və kədərin inkar edildiyini bildirərək dedi: “Qurani-Kərimdə müqavimət haqqında da eyni ifadələr işlədilir və qeyd olunur ki, əgər möhkəm olsanız, Allah-taala hər bir qövm üçün 2 böyük bəla olan qorxu və kədəri sizdən uzaqlaşdırar”.

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə ilə bağlı görülmüş işlərin dəyərli, lakin az olduğunu qeyd edərək dedi: “O illərdən zaman baxımından uzaqlaşdıqca Müqəddəs Müdafiə haqqında daha da çox öyrənib bilməliyik, çünki təhrifçi əllər daim pusqudadır”.

Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə mövzusunda qələmə alınan əsərləri qaynayıb daşan bulağa bənzədərək vurğuladı ki, dəyərli incəsənət əsərlərinin ortaya çıxması üçün zəngin mənbə rolunu oynaya biləcək sanballı ədəbiyyat nümunələri yaradılmalı, şəhidlərin və qəhrəman döyüşçülərin şəxsiyyəti layiqincə səciyyələndirilməlidir. O əlavə etdi: “Müqəddəs Müdafiə mövzusunda memuarların yazılması da digər bir mühüm məsələdir. Bu memuarlar cihad və müqavimət ideologiyasının daşıyıcıları arasında nəsil fərqinin yaranmasının qarşısını alacaq”.

“Müqəddəs ziyarətgahların keşiyində duranlar Müqəddəs Müdafiənin bərəkətinin, gənc nəsildə cihad ruhiyyəsinin davam etdiyinə parlaq nümunədir”, – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran, Suriya, Livan və Əfqanıstandan olan, milliyətcə fərqli döyüşçülərin eyni vaxtda və eyni cəbhədə döyüşməsi zəmanəmizin heyrətamiz həqiqət və təzahürlərindən biridir”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei səhiyyə işçilərinin və aiddiyyətli qurumların rəsmilərinin koronavirusla mübarizədə ardıcıl və fədakar səylərini yüksək qiymətləndirdiyini qeyd edərək hər gün 150-170 nəfər həmvətənimizin bu virusdan dünyasını dəyişməsindən dərin təəssüf hissi keçirdiyini bildirdi. O əlavə etdi: “Bu təəssüfləndirici reallığın əlacı xalqımızın öz əlindədir və məsafə saxlamaq, maska taxmaq, əlləri tez-tez yumaq kimi gigiyenik qaydalara əməl etməkdən ibarətdir”.

Həzrət Ayətullah Xamenei “Ərbəin” məsələsinə də toxundu. O dedi: “İran xalqı İmam Hüseynin və Ərbəin ziyarətinin aşiqidir, lakin Ərbəin yürüşü məsələsi sırf Koronavirusla Milli Mübarizə Qərargahının tövsiyəsi ilə əlaqəli bir məsələdir. Qərargah buna icazə vermir, odur ki hamı bu göstərişə əməl etməlidir”.

Bəzi insanların İmam Hüseynə (ə) olan bağlılıqlarını ifadə etmək üçün sərhədə yaxınlaşmasını tənqid edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hər kəs İmam Hüseynə (ə) olan bağlılığını öz evində ifadə etməlidir. Ərbəin günü oxunması tövsiyə olunan bir neçə ziyarətnamə var. İnsanlar həmin ziyarətnamələri oxuyub Həzrət Seyyidüşşühədanın (ə) kömək və inayətinə ümid bağlamaqla bu şəkildə giley-güzar edə bilərlər ki, biz gəlmək istəyirdik, amma vəziyyət bu cür olduğu üçün qismət olmadı”.

Ali Baş Komandanın çıxışından öncə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqiri Müqəddəs Müdafiə mədəniyyətinin, bu hərəkatın inanılmaz təsirlərinin və dəyərlərinin qorunub saxlanması və genişləndirilməsi məqsədilə həyata keçirilmiş işlər haqda məruzə etdi. O dedi: “Bizim borcumuz ölkəmizin tarixindəki o qızıl dövrü, o nurlu fraqmenti daim yaşatmaq, onun keşiyində duraraq başdan-başa iftixar salnaməsi olan Müqəddəs Müdafiə həqiqətlərinin təhrif olunmasına, yaxud unudulub getməsin imkan verməməkdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /