Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni istiftaat (İyul)

 
Camaat namazında namaz qılanlar arasındakı məsafə
Sual 1. Aşağıda qeyd edilən hallarda camaat namazında namaz qılanlar arasındakı məsafə hansı ölçüyədək olduqda, namazın düzgünlüyünə xələl gəlmir?
a) Məmumun səcdə yeri ilə imam-camaatın ayaq üstə dayandığı yer arasındakı məsafə;
b) Hansısa bir cərgədə dayanan məmumun səcdə yeri ilə ondan qabaqkı cərgədə dayanan məmumun ayaq üstə dayandığı yer arasındakı məsafə, hansı ki, arxa cərgədəki məmum qabaq cərgədəki həmin məmum vasitəsilə imam-camaata birləşir;
c) Eyni cərgədə dayanan iki məmum arasındakı məsafə, belə ki, onlardan biri sağ və ya sol tərəfdən digəri vasitəsilə imam-camaata birləşir.
Cavab: Qeyd edilən bütün hallarda aralarındakı məsafə təxminən bir metrədək olduqda, iradı yoxdur.
 
Tərəxxüs həddi ilə şəri məsafənin fərqi
Sual 2.
1) Tərəxxüs həddi ilə şəri məsafənin fərqi nədir?
2) Əgər gəzintiyə çıxsaq və şəri məsafəni qət etmək niyyətimiz də olmasa, amma şəhərdən şəri məsafə qədər uzaqlaşsaq, namazımız qəsr olacaqmı?
Cavab:
1) Şəri məsafə səkkiz fərsəxdir (təxminən 41 kilometr). Bu məsafə gediş-qayıdış birlikdə də hesablana bilər, amma bu halda gediş istiqamətində ən azı 20,5 kilometr məsafə qət edilməlidir. Amma tərəxxüs həddi* o yerə deyilir ki, şəhərdən uzaqlaşdıqda daha həmin yerdə şəhərin azan səsi eşidilmir.
2) Əgər müsafir səfərə çıxarkən şəri məsafəni (istər təkcə gediş istiqamətində, istərsə də gediş-qayıdış birlikdə) qət etmək niyyətində olmayıbsa, yaxud şəri məsafəni qət edib-etməyəcəyi barədə tərəddüddə olubsa, onun namazı tamdır, baxmayaraq ki, təsadüfən şəri məsafəni qət etmişdir. Amma əgər qayıdarkən qət edəcəyi məsafə səkkiz fərsəx olacaqsa, qayıdarkən onun namazı qəsrdir.
---------------------------------------------------------
* Aparılan araşdırmalara görə, tərəxxüs həddi şəhərin sonundan təxminən 1350 metrlikdədir.
 
Əks cinsin paltarını geyinmək
Sual 3. Qadın kişi paltarı, yaxud kişi qadın paltarı geyinə bilərmi?
Cavab: Əgər bu işi özünü əks cinsə oxşatmaq məqsədilə edərsə və özünü əks cinsin nümayəndəsi kimi apararsa, buna icazə verilmir.
 
Muzaribə müqaviləsi vasitəsilə birjada səhm alğı-satqısı həyata keçirmək
Sual 4. Muzaribə müqaviləsində “icraçı tərəf” sərmayəni birjada səhm alğı-satqısına yatıra bilərmi?
Cavab: Səhm alğı-satqısı üçün muzaribə müqaviləsi bağlamağın maneəsi yoxdur. Bu zaman alğı-satqıdan əldə edilən gəlirdən hər iki tərəfin payı, yəni icraçının və sərmayə qoyanın payı faiz hesabı ilə təyin edilməlidir. Sərmayə qoyan tərəf üçün aylıq gəlir ünvanında müəyyən bir məbləğin təyin edilməsi düzgün deyildir. Amma sərmayə qoyana hər ay müəyyən bir məbləği verə bilməkdən ötrü ilk öncə icraçının və sərmayə qoyanın payı faiz hesabı ilə təyin edilməlidir. Daha sonra hər ay müəyyən bir məbləğ təxmini olaraq sərmayə qoyan tərəfə verilə, müqavilənin müddəti başa çatdıqdan sonra isə müqavilədə təyin olunmuş faiz əsasında hər bir tərəfin payı hesablanıb ödənilə bilər və ya razılıq əldə oluna bilər.
 
Uzun saçlara məsh çəkmək
Sual 5. Əgər saçları daradıqda, saçlar məsələn, gözün üstünə tökülürsə, bu halda başa məsh çəkərkən ayrıc ayırmaq lazımdırmı?
Cavab: Ümumiyyətlə, başın qabaq hissəsində çıxan saçların üstünə məsh çəkmək kifayət edir. Amma əgər başın qabağındakı saçlar uzun olsa, belə ki, onları daradıqda başın qabağından kənarlara tökülsə, kənarlara tökülən saçların üstünə məsh çəkmək düzgün deyildir, istər bu saçlar açıq vəziyyətdə olsun, istərsə də başın qabağında yığılmış olsun.
 
Kəffarənin istifadəsi
Sual 6. Əgər orucun fidyəsi və ya kəffarəsi ünvanında olan buğda pulunu xeyriyyə müəssisəsinə versək, müəssisə bu pula hökmən çörək alıb, fəqirlərə verməlidirmi? Yoxsa bu pulu ümumi mənada fəqirlərin yedizdirilməsinə sərf edə bilər, məsələn, bir miqdar yağ və ət alıb fəqirlərə verə bilər?
Cavab: Fidyə və ya kəffarə verən şəxsin nəzərdə tutduğu sayda fəqirin hər birinə 750 qram məhz “təam”, yəni buğda, arpa, un, çörək, düyü və bu kimi ərzaq məhsulları alınıb verilməlidir. Odur ki, yağ və bu kimi ərzaq məhsulları “təam” sayılmadığına görə, onları alıb fəqirlərə vermək düzgün deyildir. Əgər müəssisənin təhvil aldığı pul bir kəffarə üçün 750 qram buğdanın puludursa, hər bir fəqirə qiyməti 750 qram buğdanın qiymətindən baha olan təam alınmamalıdır. Çünki əks halda, kəffarə verən şəxsin nəzərdə tutduğu sayda kəffarə ödənilməyəcəkdir.
 
Namazda Allahdan qeyrisinə müraciət etmək
Sual 7. Namazın qunutunda “Fərəc duası”nı (İlahi, əzumə bəla...) oxumaq olarmı?
Cavab: Sözügedən duanı Allaha müraciət olan hissəsinədək oxumağın maneəsi yoxdur. Amma duanın davamı Allahdan qeyrisinə müraciət olduğuna görə, o hissəni oxumağa icazə verilmir. Əgər oxunarsa, namazın pozulmasına səbəb olar.
 
Qadın müğənnini dinləmək
Sual 8. Naməhrəm kişinin solada ifa edən qadın müğənnini dinləməsi haramdırmı?
Cavab: Adətən fəsad yaradan ifalara qulaq asmaqdan çəkinmək lazımdır.
 
Müsafirin on gün qalmağı qərara aldığı yerdən xaric olması
Sual 9. Əgər müsafir on gün müəyyən bir şəhərdə qalmaq, amma on gün əsnasında həmin şəhərin ətraf məntəqələrinə də getmək istəyirsə, onun namazı tamdır, yoxsa qəsrdir?
Cavab: Əgər həmin şəhərdən şəri məsafədən az olaraq xaric olmaq niyyətindədirsə və ürfə görə orada on gün qaldığı söyləniləcək bir surətdə oradan xaric olub geri qayıdarsa, bunun iradı yoxdur. Məsələn, əgər iki-üç dəfə xaric olmaq və ən çoxu yarım günədək qayıtmaq niyyətində olarsa, həmin yerdə on gün qalmağı qərara ala bilər. Oradan xaric olması, onun orada on gün qalmaq qərarına zidd deyildir. Amma həmin yerdən bir dəfədə 15 saat xaric olmaq niyyətində olmaq irad yaradır.
 
Uzun dırnaqlarla dəstəmaz almaq və namaz qılmaq
Sual 10. Uzun dırnaqla dəstəmaz almaq və namaz qılmağın iradı varmı?
Cavab: Əgər dırnaq adi həddən uzun olarsa, belə ki, dırnağın uzun olan hissəsinin altı ürfə görə zahirdən hesab olunarsa (yəni əlin iç tərəfindən baxdıqda dırnaq barmaqdan kənara çıxarsa), dəstəmaz və qüsl zamanı bu hissənin altındakı çirk təmizlənməli və onun altına su dəyməlidir. Həmçinin namazda səcdə edərkən, ehtiyat-vacibə görə, ayağın baş barmağının başı yerə dəyməlidir.
 
Qoyun can verməmişdən öncə onun başını bədənindən ayırmaq
Sual 11. Əgər heyvan can verməmişdən öncə onun başını bədənindən ayırsaq, bunun iradı varmı?
Cavab: Heyvanın başını kəsdikdən sonra onun ruhu bədənindən tam çıxmamış, onun başını bədənindən ayırmaq haramdır. Amma bunu etdikdə heyvanın əti haram olmur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər