Orucun vacib olmasının şərtləri
Oruc aşağıdakı şərtlərə malik olan şəxsə vacib olur:
- Həddi-büluğa çatmalıdır;
- Ağıllı olmalıdır;
- Oruc tutmağa qadir olmalıdır;
- Huşsuz vəziyyətdə olmamalıdır;
- Müsafir olmamalıdır;
- Heyzli və nifaslı olmamalıdır;
- Orucun ziyanı olmamalıdır;
- Orucun böyük əziyyət və çətinliyi olmamalıdır.
Həddi-büluğ yaşının əvvəllərində oruc tutmağa qadir olmamaq
Sual 1. Şəri vəzifə yaşına yeni çatan və oruc tutmağa bir qədər çətinlik çəkən şəxslərin hökmü nədir? Onlar oruc tutmadıqları təqdirdə, yalnız orucun qəzası onlara vacib olur, yoxsa qəza ilə yanaşı orucun kəffarəsi də vacib olur?
Cavab: Oruc şəri vəzifə yaşına yeni çatan şəxslərə də vacibdir və sırf zəifliyə və bəzi üzrlərə görə orucu tərk etməyə icazə verilmir. Oruc tutmadıqları təqdirdə, orucun qəzasından əlavə, kəffarə də onlara vacib olur. Amma əgər orucun onlara ziyanı olduğuna məntiqi ehtimal etsələr, yaxud ziyanı olacağından qorxsalar və bu qorxunun da məntiqi əsası olsa, orucu iftar edə bilərlər.
Oruc tutmaq böyük əziyyət və çətinliyə səbəb olduğuna görə orucu iftar etmək
Sual 2. Əgər bir şəxs işi ilə əlaqədar çox susayır və ya acırsa və buna görə də oruc tutmağın ona böyük əziyyət və çətinliyi vardırsa, eyni zamanda öz işini də kənara qoya bilmirsə, bu şəxs elə günün əvvəlindən orucunu iftar edə bilərmi? Yoxsa onun başqa bir hökmü vardır?
Cavab: Sualda qeyd olunanları nəzərə alaraq, əziyyət və çətinlik çəkdiyi zaman iftar edə bilər. Sonradan isə həmin günün orucunun qəzasını tutmalıdır.
Gündüz ərzində oruc niyyətindən dönmək
Sual 3. Mübarək Ramazan ayının gündüzündə şeytanın vəsvəsəsi nəticəsində orucumu pozmağı qərara aldım. Amma orucu pozan bir işi yerinə yetirməmişdən öncə öz qərarımdan döndüm. Mənim orucumun hökmü nədir? Əgər bu məsələ Ramazan ayının orucundan qeyri bir orucda qarşıya çıxarsa, hökm nədir?
Cavab: Əgər mükəlləf Ramazan ayının orucunu tutarkən gündüz vaxtı oruc tutmaq niyyətindən dönərsə, belə ki, daha orucu davam etdirmək məqsədi olmazsa, onun orucu pozulur. Orucu davam etdirməyi yenidən qərara almasının heç bir faydası yoxdur. Amma məğrib azanına qədər orucu pozan işləri yerinə yetirməməlidir.
Amma əgər tərəddüd edərsə, yəni orucu pozmağı hələ qərara almayıbsa, yaxud da orucu pozan işlərdən birini görməyi qərara alıbsa, amma həmin işi hələ görməyibsə, bu halda onun orucunun düzgünlüyü şübhə altındadır. Ehtiyat-vacibə görə, həmin günün orucunu başa çatdırmalı, sonradan onun qəzasını tutmalıdır.
Günü müəyyən edilmiş hər bir vacib orucun – məsələn, günü müəyyən edilmiş nəzir orucunun və s. – hökmü də eynidir.
Sübh azanından sonra obaşdanlıq məqsədilə yemək və içmək
Sual 4. Əgər Ramazan ayında obaşdanlığa oyanıb yemək yesək, amma sonradan bilsək ki, yemək yediyimiz vaxt sübh azanı artıq deyilibmiş, həmin günün orucu düzgündürmü? Yoxsa orucun qəzasını tutmalıyıq?
Cavab: Əgər oruc tutan şəxs Ramazan ayının səhər çağında sübh namazının vaxtının daxil olub-olmadığını araşdırmadan orucu pozan bir iş görsə, amma sonradan məlum olsa ki, həmin vaxtda sübh namazının vaxtı daxil olubmuş, həmin günün orucunun qəzasını tutmalıdır. Amma əgər araşdırma aparsa və sübh namazının vaxtının daxil olmadığı qənaətinə gəlsə, buna görə də bir şey yesə, amma sonradan məlum olsa ki, həmin vaxtda sübh namazının vaxtı daxil olubmuş, həmin günün orucunun qəzası ona vacib olmur.
Oruc halında peyvənd vurdurmaq
Sual 5. Əzələyə və ya dəri altına vurulan peyvənd orucu pozurmu?
Cavab: Orucu pozmur.
Oruc ikən ağızdan qan gəlməsi
Sual 6. Mən dünən dişimi plomblatdırdım. Bu gün damağımdan az miqdarda qan gəlir. Bu vəziyyətdə ağız suyunu (yəni qana bulaşmış ağız suyunu) uda bilərəmmi? Orucumun hökmü nədir?
Cavab: Damaqdan gələn qanı bilərəkdən udmayanadək orucunuz pozulmur. Amma əgər bu qan ağız suyuna qarışıb yox olarsa, ağız suyu pakdır və onu udmağın maneəsi yoxdur, orucu da pozmur.
Susuzluğun aradan qalxması üçün su ilə ağızı yaxalamaq
Sual 7. Əgər bir şəxs oruc ikən susuzluğunu aradan qaldırmaq məqsədilə ağzını su ilə yaxalasa, belə ki, suyun az bir miqdarı belə boğazdan keçməsə, bu işin hökmü nədir?
Cavab: Bunun iradı yoxdur. Amma əgər su qeyri-ixtiyari olaraq boğazdan keçsə, ehtiyat-vacibə görə, orucun qəzasını tutmalıdır.
Heyzli qadının orucu
Sual 8. Əgər heyzli qadın mübarək Ramazan ayında sübh azanından qabaq heyzdən paklanarsa, onun vəzifəsi nədir?
Cavab: Əgər qüsl etmək üçün vaxt varsa, sübh azanından qabaq qüsl etməlidir. Əgər qüsl etmək üçün vaxt yoxdursa, təyəmmüm etməli və oruc tutmalıdır. Orucu da düzgündür. O, bilərəkdən qüsl və ya təyəmmüm etmədiyi təqdirdə, orucu düzgün deyildir və orucun həm qəzası, həm də orucu bilərəkdən iftar etməyin kəffarəsi ona vacib olur.
Oruc halında hicamət etdirmək
Sual 9. Oruc halında hicamət etdirmək olarmı?
Cavab: Maneəsi yoxdur. Amma əgər zəifliyə səbəb olarsa, məkruhdur.
Orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək iqtidarında olmamaq
Sual 10. Əgər illərcə oruc tutmayan bir şəxs tövbə etsə, amma orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək üçün nə oruc tutmağa fiziki gücü, nə də kəffarə ünvanında pul verməyə maddi imkanı olmasa, onun vəzifəsi nədir?
Cavab: Neçə fəqirə kəffarə verməyə imkanı çatırsa, həmin miqdarda kəffarəsini versin. Ehtiyata görə, Allahdan bağışlanma da diləsin. Amma əgər kəffarə verməyə əsla imkanı yoxdursa, Allahdan bağışlanma diləməsi kifayət edir. Yəni səmimi-qəlblə desin: “Əstəğfirullah”. (Allahdan bağışlanma diləyirəm.)
Oruc halında tənəffüs aerozolundan istifadə etmək
Sual 11. Təngnəfəsliyi aradan qaldırmaq üçün istifadə edilən aerozollar orucu pozurmu? Belə ki, bu aerozollar vasitəsilə boğaza və ağ ciyərə xüsusi qaz daxil edilir.
Cavab: Əgər sözügedən aerozol sırf tənəffüs yolunu açmaqdan ötrü olsa və tərkibində heç bir dərman preparatı olmasa, yaxud tərkibində dərman preparatı olsa da, dərman toz şəklində ağ ciyərlərə səpilsə, belə aerozollar orucu pozmur.
Oruc halında dilin altına qoyulan dərmandan istifadə etmək
Sual 12. Əgər dilin altına qoyulan dərman boğazdan aşağı əsla keçməzsə və sırf dilin altı ilə bədənə cəzb olunarsa, ondan istifadə etmək orucu pozurmu?
Cavab: Əgər bu dərmana qarışan ağız suyu çölə tüpürülərsə və bu ağız suyu boğazdan əsla keçməzsə, oruc pozulmur.