Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbəri:

İstehsal sıçrayışı hiss olunacaq dərəcədə dəyişiklik yaratmalıdır

İslam İnqilabının Ali Rəhbəri 1399-cu hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı müraciətdə ilin birinci gününün Həzrət Musa ibn Cəfərin (ə) şəhadətinin ildönümünə təsadüf etdiyini qeyd edərək o cənaba salam göndərdi. Ali Rəhbər bütün xalqı, xüsusi şəhid və müharibə veteranlarının ailələrini, səhiyyə sahəsinin mücahidlərini və ciddi cəhdlə çalışan bütün xidmətçiləri Mübarək Məbəs və təravətli Novruz bayramı müansibətilə təbrik edərək yeni ili “İstehsal sıçrayışı” ili adlandırdı.

Həzrət Ayətullah Xamenei 1398-ci ilin şəhidləri, xüsusilə başda böyük şəhid general Süleymani, şəhid Əbumehdi əl-Mühəndis və onların döyüş yoldaşları olmaqla Hərəm və sərhədlərin müdafiəsi uğrunda döyüşmüş şəhidlər, habelə Kerman hadisəsi, təyyarə qəzası və səhiyyə sahəsinin şəhidlərinin ailələrini təbrik etdi və başsağlığı diləyərək 98-ci ilin İran xalqı üçün təlatümlü bir il olduğunu dedi: “Ötən il sellə başlayıb korona ilə başa çatdı. İl ərzində də zəlzələ və sanksiyalar kimi müxtəlif hadisələr baş verdi. Ancaq bu hadisələrin kuliminasiya nöqtəsi ABŞ-ın terror cinayəti, İranın və İslamın adlı-sanlı generalı Şəhid Süleymaninin şəhadəti oldu”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Ötən il ağır il oldu. Xalqın problemləri də az olmadı. Ancaq çətinliklərlə yanaşı bənzərsiz müvəffəqiyyətlər də oldu. İran xalqı, həqiqətən, özünü yaxşı göstərdi”.

O qeyd etdi ki, ilin əvvəlində baş vermiş sel zamanı mömin və əzmkar xalq selinin xəsarətə uğramış regionların köməyinə axışması 98-ci ilin gözəlliiklərindən oldu: “Şəhid Süleymani şəhid olduğu vaxt yaranmış ümumi həyəcan və on milyonlarla insanın Tehran, Qum, Əhvaz, İsfahan, Məşhəd və Kermanda dünya və ölkəmizin tarixində analoqu olmayan əzəmətli izdihamı xalqın başıucalığının başqa bir nümunəsi, ölkənin abır cə xalqın izzət səbəbi oldu”.

Həzrət Ayətullah Xamenei korona hadisəsi vaxtı xalqın tərif və təqdirəlayiq fədakarlığının1398-ci ildəki müvəffəqiyyətlərin başqa bir nümunəsi olduğunu dedi: “Müalicə sahəsinin işçiləri, səhiyyə kompleksləri, həkimlər, tibb bacıları, səhiyyə işçiləri, tibb mərkəzlərinin rəhbərləri və işçiləri, onlarla yanaşı, universitet və mədrəsə tələbələri, bəsicilər və sair insanların könüllü xidmətləri abır və izzət səbəbidir”.

İslam İnqilabının Rəhbəri xalqın bu günlərdə tibbi ləvazimatların istehsalı və paylanması, keçidlərin dezinfeksiya edilməsi, yaşlı insanlara yardım, icarə haqlarının bağışlanması, ödəniş haqlarının alınmasının təxirə salınması kimi tədbirlərdəki əməkdaşlıqları və sosial yardımlaşması nümunələrini qeyd edərək əlavə etdi: “İran xalqı çətin və ağır hadisələr zamanı öz gözəl və üstün keyfiyyətlərini nümayiş etdirdi. Mən öncədən və səmimi qəlbdən göstərdikləri bu fəaliyyətlərə görə, hər kəsə təşəkkür edirəm. Onlara ilahi mükafat gözlədiyini müjdə verirəm”.

98-ci ilin sınaqlarının çətin sınaqlar olduğunu deyən ali Rəhbər vurğuladı ki, heç bir xalq sırf rahatlıq və rifah içində nəyəsə nail olmayıb: “Çətinliklər üzərində qələbə, yüksək əhval ruhiyyə ilə onları aşmaq bir xalqın güclənməsinə, iqtidar və etibar qazanmasına səbəb olur. İran xalqı da indiyə qədər bu şəkildə çətinliklərə qalib gəlmiş, bundan sonra da qalib gələcək”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, müxtəlif hadisələrdən çıxarılan dərslərdən biri daxili zəiflikləri öyrənmək, təkəbbür və qəflətdən çıxmaq, Allaha diqqətin zəruriliyini anlamaqdır. O, Allahdan 99-cu ili böyük qələbələr ili etməsini, Həzrət Bəqiyyətullahdan isə İranın mömin əhalisini himayə etməsini istədi: “Xalq uzun illər boyu fəlakətlərə qarşı şücaət və yüksək əhval ruhiyyə ilə mübarizə apardığı kimi, bundan sonra da bütün fəalkətlərə qarşı yüksək əhval ruhiyyə və böyük ümidlə mübarizə aparacaq. Xalqımız əmin olsun ki, acılar keçəcək və İran xalqını asanlıq və rahatlıq gözləyir. Çünki hər bir çətinlikdən sonra bir asanlıq gəlir”.

O, ölkənin ayrı-ayrı sahələrində, o cümlədən elm, tədqiqat, sosial, hökumət və ədliyyə sahələrində davam edən iş və fəaliyyətlərə işarə edərək dedi: “Allah-taala bütün bu fəaliyyətlərə bərəkət versin. Allah xalqı bu keçiddən sağlam və başıuca keçirəcək”.

Həzrət Ayətullah Xamenei müraciətinin davamında 98-ci ilin şüarı olan istehsalın daha da yaxşılaşdırılması şüarının inkişaf əmsalını qiymətləndirərək, işlərini dayandırmış və ya dondurmuş bəzi müəssisələrin fəaliyyətə başlaması ilə bağlı verilmiş etibarlı məlumatlardan, bəzi istehsal vahidlərinin istehsal imkanının artması, elm əsaslı şirkətlərin fəaliyyətə başlaması, istehsal mənbəyi kimi tədqiqat sahəsində ciddi addımların atılmasından söz açaraq dedi: “Bu məlumatlar göstərir ki, 98-ci ildə mütəxəssislər istehsalın yaxşılaşdırılması şüarını yaxşı qarşılamaqla yanaşı, əməldə də onu həyata keçirmiş, müxtəlif qurumların səy və fəaliyyətləri sayəsində istehsal müəyyən həddə qədər işə düşmüşdür. Ancaq xalqın həyatında bu fəaliyyətlərin təsiri hiss edilmədi”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, işləri onqat artıraraq istehsalı insanların həyatlarında hiss olunacaq həddə çatdırmaq lazımdır: “Ölkənin iqtisadi problemləri müxtəlifdir: bank, gömrük və vergi islahatları, biznes mühitinin yaxşılaşdırılması və s. Ancaq istehsalın rolu misilsizdir. İstehsalın yoluna düşməsi, daxildə 80 milyonluq satış bazarından istifadə, bununla yanaşı xarici bazar və satışla əlaqə yaradılmaıs ilə iqtisadi problemlər sona çatacaq, sanksiyalar ölkənin xeyrinə tamamlanacaq”.

O əlavə etdi: “Sanksiyanın bu vaxta qədər zərərlərilə yanaşı faydaları da olmuşdur. Sanksiya bizi zəruri həyat vasitələrini hazırlamağa və ölkənin ehtiyaclarını daxili imkanlar hesabına təmin etməyə vadar etmişdir. Bu çox qiymətli hərəkət Allahın izni ilə davam edəcək”.

Həzrət Ayətullah Xamenei ölkənin istehsala olan qəti ehtiyacı ilə bağlı fikirlərini yekunlaşdırarkən 99-cu ili istehsal sıçrayışı ili adlandırdı və aidiyyatı qurumlara səsələnərək vurğuladı: “Elə işləyin ki, istehsal sıçrayışı ilə xalqın həyatında hiss olunacaq dəyişiklik yaransın”.

O əlavə etdi: “Təbii ki, bu məqsədin reallaşması proqramlaşdırma ilə şərtlənir. Müxtəlif subyektlər, o cümlədən plan və proqramlaşdırma idarəsi, parlament və onun tədqiqat mərkəzi, ədliyyə, elm əsaslı komplekslər, təşəbbüskar və fəal gənclər bu proqramlaşdırmalarda iştirak etməlidirlər”.

İslam İnqilabının Rəhbəri sonda bir daha yeni il və Məbəs bayramı münasibətilə təbriklərini çatdırdı, ilahi diqqətin cəlb olunmasını arzuladı və İran xalqından diqqət, təvəssül və mənəviyyat məsələlərini daha da artırmasını istədi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /