İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər “Təbii sərvətlər həftəsi və ağacəkmə günü” münasibəti ilə iki meyvə ağacı əkdi.
Daha sonra çıxış edən Həzrət Ayətullah Xamenei ağac əkiminin bərəkətli bir hərəkət olduğunu bildirdi və ölkədə yayılmış xəstəlikdən söz açaraq dedi: “Daha öncə həkimlər, tibb işçiləri və tibbi heyətlərə səmimi qəlbdən təşəkkür etdiyim kimi, çox qiymətli fəaliyyətləri ilə Allah yolunda cihad edən bu əzizlərə bir daha təşəkkür etməyi lazım bilirəm”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, xəstələrin müalicəsi işində tibbi heyətlərin göstərdiyi səy və fəaliyyətlərin örnək olacaq nümunələri onların insani məsuliyyətini göstərir: “Habelə, səbir və təmkinlə gecə-gündüz bilmədən çalışan əzizlərinin yanında olan həkim, tibb işçiləri və müalicə sektorunun bütün işçilərinin ailələrinə təşəkkür etməyi də lazım bilirəm”.
O, xəstələrə şəfa, bu xəstlikdən dünyasını dəyişmiş insanlara rəhmət və bağışlanmaq, dünyasını dəyişmiş insanların yaxınlarına səbir diləyərək xalqa bir neçə tövsiyə verdi.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, aidiyyəti şəxslərin infeksiyanın qarşısının alınması ilə bağlı tövsiyə və göstərişlərinə riayət etmək laızmdır: “Bu göstərişlərdən çıxmaq olmaz. Çünki Allah bizə özümüz və başqalarının sağlamlığı qarşısında məsuliyyətli olmağı vacib etmişdir. Buna görə də cəmiyyətin sağlamlığı və bu xəstləyin yayılmasının qarşısının alınmasına kömək edən istənilən əməl yaxşı, onun yayılmasına köməklik göstərən istənilən əməl günahdır”.
İslam İnqilabının Rəhbəri başqa bir tövsiyəsində hər kəsi Allaha üz tutub dua etməyə çağırdı: “Bu bəla o qədər də böyük deyil. Bundan böyüyü də olub. Mən böyük bəlaların dəf edilməsi üçün dua edən gənclərin və təqvalı insanların pak və saf qəlbindən ucalan dualara çox ümidvaram. Çünki Allah dərgahına üz tutmaq, İslamın əziz Peyğəmbəri və böyük imamları şəfaətçi etmək çox problemləri ortadan qaldıra bilər”.
O əlavə etdi: “Səhifeyi-Səccadiyyə”nin yeddinci duası çox yaxşı və gözəl məzmunludur. Bu gözəl ifadələr və onların mənalarına diqqət göstərməklə Allahla danışmaq olar”.
Həzrət Ayətullah Xamenei ölkənin bütün qurumlarını xəstəliklə mübarizənin birinci sırasında yer almış Səhiyyə Nazirliyi ilə əməkdaşlığa və bu nazirliyin ehtiyac duyduğu bütün imkanları onun ixtiyarına verməyi tövsiyə etdi: “Silahlı Qüvvələr və Rəhbərlik İdarəsinə tabe olan qurumlar da bu işə cəlb olunub”.
İslam İnqilabının Rəhbəri bu xəstəliyin dünyanın bir çox ölkəsində olduğuna işarə edərək dedi: “Bizim məsul şəxslər ilk gündən dürüst, düzgün və şəffaf məlumat verərək, xalqı məlumatlandırdılar. Ancaq bu xəstəliyin daha güclü olduğu və daha çox yayıldığı bəzi ölkələrdə məlumatlar gizlədilərək məxfi saxlanır. Əlbəttə, biz o xəstələrə də Allahdan şəfa diləyirik”.
O, meydana çıxmış bu hadisənin ötəri olduğunu və fövqəladə bir hadisə olmadığını dedi: “Təbii ki, mən məsələni çox da kiçiltmək istəmirəm. Ancaq onu çox şişirtməməliyik də. Bu problem bir müddət ölkədə davam edəcək, sonra ortadan qalxacaq. Ancaq bu hadisədən, habelə ümumi bir mübarizəni xatırladan xalq və qurumların birgə fəaliyyətindən hasil olan təcrübələr bir nailiyyət kimi qalıcı ola bilər”.
Həzrət Ayətullah Xamenei bəzi həmvətənlərin maliyyə köməkləri və tibbi ləvazimatların paylanması kimi bəyənilən və xeyriyyəçi tədbirlərə işarə edərək dedi: “Bu işlər çox yaxşıdır. Bu nailiyyətlərin qorunub saxlanması ilə bəla nemətə, təhdid isə fürsətə çevrilir. Əziz İran xalqının tam sağlamlığa qovuşacağı günün yaxında olduğuna ümidvaram”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir