İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Elmi-Teoloji Mərkəzlərin Ali Şurasının üzvləri ilə görüşdə gənc tələbələr arasında daha yüksək intellektual istedadların öyrənilməsi və onlardan istifadə edilməsi üçün proqram hazırlanmasının zəruri olduğunu vurğuladı.
İslam İnqilabının Rəhbəri bu görüşdə qeyd etdi ki, cəmiyyət üçün dini müəllim və tərbiyəçilərin yetişdirilməsi siyasətinin həyata keçirilməsində Elmi-Teoloji Mərkəzlərin Ali Şurası çox mühüm və həyati rola malikdir. O, bu şura və elmi-teoloji mərkəzlərin rəyasət heyətinin üzvlərinin zəhmətlərini qiymətləndirərək dedi: “Görülən işin səmərəliyinin daha yüksək olması üçün dini-teoloji mərkəzlərin rəyasət heyəti və ali şurasının vəzifələrinin sərhədləri, yəni siyasətlərin müəyyən edilməsi və icrası arasındakı fərq daha da aydınlaşdırılmalıdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam İnqilabı və bu hərəkatın səmərə verməsi üçün dahi İmamın göstərdiyi fədakarlıqların məqsədi İslam hökuməti və şəriətinin reallaşdırılması olmuşdur: “İnqilabın mühüm təsir gücünə malik olan nöqtələrini müəyyən etmək və onun əsas prinsiplərinə zərbə vurmaq üçün düşmənin proqramı var. Onların hədəflərindən biri elmi-teoloji mərkəzlərdir. Mərhum İmamın mübarək ömrünün son günlərində elan etdiyi (ruhani nizamnaməsinə) əsasən, İnqilab sevgisini və gənc tələbələri qorumaq bir zərurətdir”.
O vurğuladı ki, gənc tələbələrin geniş intellektual potensialları və istedadlarının müəyyən edilməsi vacibdir: “Ölkənin ayrı-ayrı sahələrində bəzən gənclər tərəfindən böyük işlər və heyrətamiz təşəbbüslər həyata keçirilir. Dini-teoloji mərkəzlərdə mütləq bu cür istedadlar mövcuddur. Bu istedadlar müəyyən edilməli və intellektual dairələrdə onlardan istifadə edilməli və məsuliyyət tələb edilməlidir”.
İslam İnqilabının Rəhbəri habelə keçmişdə böyük və birinci dərəcəli alimlərin ölkənin ayrı-ayrı region şəhərlərinə getməsi ilə bağlı bir neçə nümunə qeyd etdikdən sonra dedi: “Ölkənin ayrı-ayrı regionlarının dini və tərbiyəvi sahəsini daha da inkişaf etdirmək üçün tələbələrin ayrı-ayrı şəhərlərə hicrət etməsi çox yaxşı və lazımdır. Proqramlaşdırma elə olmalıdır ki, müxtəlif şəhərlər din alimlərindən faydalana bilsinlər”.
Bu görüşdə Elmi-Teloji Mərkəzlərin Ali Şurasının katibi Höccətül-İslam vəl-müslimin Hüseyni Buşəhri və Elmi-Teoloji Mərkəzlərin sədri Höccətül-İslam vəl-müslimin Ərafi Elmi-Teoloji Mərkəzlərin Ali Şurası və Elmi-Teoloji Mərkəzlərin rəyasət heyətinin dörd illik fəaliyyətləri haqqında hesabat verdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir