Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı göstərdi ki, İnqilab və müqavimətin tərəfdarıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehranda böyük bir izdihamın müşayiəti ilə qıldığı unudulmaz Cümə namazında qeyd etdi ki, müdrik xalqın Hacı Qasım Süleymani və onun mücahid yoldaşlarının dəfn mərasimindəki ecazkar iştirakı və Sepahın amerikalıların Eynül-Əsəd bazasına hücum edərək verdikləri sarsıdıcı cavab təyinedici və dərs götürüləcək iki Allah günü idi: “Xalq öz batinini, yəni şeytan qarşısındakı əzmkarlığını bu iştirak vasitəsilə göstərdi. Bu izzətli yolun davam etdirilməsinin yeganə yolu İranın bütün sahələrdə daha da güclü olmasıdır”.

Həzrət Ayətullah Xamenei namazın birinci xütbəsinin əvvəlində hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə edərək bildirdi ki, ilahi yardım və müvəffəqiyyətlərin cəlb edilməsi, fərdi və sosial məsələlərdə inkişafa nail    olmaq təqva ilə şərtlənir. Daha sonra o, “İbrahim” surəsinin “Allahın günləri”nin qorunmasından bəhs edən ayələrini oxuyub, bu nemətlərə görə şükür edərək çıxışının əsas hissəsinə başladı.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Allah-taalanın Həzrət Musaya (ə) Allah günlərinin insanlara xatırladılması ilə bağlı göstərişi onun səbirli, əzmkar və şükür edən insanların doğru yola yönəlməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını göstərir: “Çox-çox səbir edən deyilərkən səbirli və əzmkar, xırda şeydən ötrü meydandan çıxmayan insanlar, şükür edənlər deyilərkən nemətləri tanımaq, onun aşkar və gizli tərəflərini gördükdə şükür edən, Allahın verdiyi nemət qarşısında məsuliyyət hissi keçirən insanlar nəzərdə tutulur”.

Həzrət Ayətullah Xamenei nəzər nöqtəsi olan ayələrin Məkkədə, yəni müsəlmanların mübarizələrinin zirvə həddinə çatdığı və onların küfür cərəyanı qarşısında müqavimət göstərdikləri bir vaxtda nazil olduğunu dedi: “Bu ayələr belə bir çətin şəraitdə müsəlmanlara müjdə verərək bildirirdi ki, Allah-taala sizə Allah günləri bəxş edəcək, sizin qədirbilən əməlləriniz sayəsində daha çox zəfərlər sizi gözləyir”.

İnqilabın Rəhbəri çıxışının davamında keçən iki həftənin İran xalqı üçün acı, şirin və ibrətlik hadisələrlə dolu iki müstəsna həftə olduğuru dedi və “Allahın günləri” anlayışını İraq və İranda şəhid mücahidlərə hörmət və ehtiram əlaməti olaraq təşkil edilmiş misilsiz hərəkətə tətbiq edərək vurğuladı: “Allahın günü deyilərkən hadisələrin içərisində Allahın qüdrət əlinin müşahidə edildiyi gün nəzərdə tutulur. Buna görə də Qüds briqadasının komandanının qanına ehtiram əlaməti olaraq on milyonlarla adamın İranda, yüz minlərlə adamın İraqda və digər ölkələrdə küçələrə çıxaraq dünyanın ən böyük yola salma mərasimini təşkil etməsi Allahın günlərinin bir nümunəsidir. Bu əzəmətin yalnız bir amili var, o da Allahın qüdrət əlidir”.

O qeyd etdi ki, İslam İnqilabının Keşikçilər Korpusunun raket hücumları nəticəsində ABŞ hərbi bazasının dağıdılması da Allahın günlərinin başqa bir nümunəsidir: “Bir millətin belə bir ruhi və mənəvi güc və qüdrətlə dünyanın hegemon və zorakı bir gücünə sillə vurması Allahın qüdrət əlinin göstəricisidir. Deməli, bu böyük gün də Allahın günlərindəndir”.

Allah günlərinin tarix yaradan günlər, xalqların həyatı, ruhiyyəsi və davranışına əbədi və qalıcı təsirləri olan tarixi dönüş nöqtələri olduğunu deyən Həzrət Ayətullah Xamenei İran xalqına belə bir tövsiyə verdi: “İran cəmiyyəti çox səbirli, şükür edən və qədirbilən cəmiyyətdir. İllərlə dillərə dastan olan əzmkarlığı ilə ilahi lütflər qarşısında həmişə şükür etmişdir”.

Şəhid Süleymaninin dəfn mərasiminin maddı və mənəvi yönlərinin öyrənilməsinin zəruri olduğunu vurğulayan İslam İnqilabının Rəhbəri belə bir sual ünvanladı: “İnqilabın qələbəsindən 41 il sonra bu möcüzəni və cəmiyyətin belə bir misli olmayan eşqlə meydanlara axışmasını ilahi qüdrət əlindən başqa hansı amil bacarar?”

O dedi ki, maddi təhlillərə əsaslanan adamlar Allahın qüdrət əlinin hadisələrin üzərində olduğunu görə bilməzlər: “Bu əzəmətli dəfn mərasimi və xalqın bu ilahi hərəkəti xalqın tərifəlayiq batinini və mənəviyyatını, ilahi iradənin İran xalqının qələbəsindən yana olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, onlarla milyon insanın Şəhid Süleymaninin dəfn mərasimindəki iştirakının başqa bir mesajı dahi İmamın xəttinə beyəti və əzəmətli İmamın xalqla birlikdə yaşadığı göstərməkdir: “Bu hadisədə sionizmin xəbər imperiyası və ABŞ rejiminin terrorçu rəhbərləri var gücləri ilə çalışdılar ki, bizim böyük və əziz komandanı terrorçuluqda ittiham etsinlər. Ancaq Allah-taala səhnəni elə dəyişdi ki, təkcə İranda yox, hətta müxtəlif ölkələrdə də o böyük şəxsiyyətin ruhuna salam göndərdilər, ABŞ və sionistlərin bayrağını yandırdılar”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, bu həqiqətlər Allahın ölkə və cəmiyyət üzərindəki qüdrət və hidayət əlinin olduğunu göstərdi: “O mücahidlərin dəfn mərasimi ilə yanaşı, onların şəhadətlərinin özü də ilahi qüdrət əlamətlərindəndir. Çünki bütün regionda terrorizmlə mabarizənin ən güclü və tanınmış komandanı olan general Süleymaninin terror edilməsi abırsız ABŞ dövlətinin rüsvyaçılığına səbəb oldu”.

O, Şəhid Süleymaninin çox təhlükəli və tamamilə düşmən mühasirəsində olan bir yerə cəsarətlə getməsi və əməliyyatı düşmənin qaçması ilə nəticələnəcək şəkildə idarə etməsi nümunəsinə işarə edərək dedi: “Bu cəsur şəhidi terror etdilər. Amerikalılar müharibə meydanında onunla üz-üzə gəlmədilər, qorxaqcasına və oğrular kimi gizlənərək ona qarşı cinayət törətdilər. Bu da onların daha çox rüsvay olmasına səbəb oldu”.

Həzrət Ayətullah Xamenei bu cinayət formasının, yəni müqavimət rəhbərlərinin terror edilməsinin bundan əvvəl sionist rejimə məxsus olduğunu dedi: “Təbii ki, amerikalılar İraq və Əfqanıstanda çoxlu cinayət və qırğılar törədiblər. Lakin bu dəfə ABŞ prezidenti öz dili ilə etiraf etdi ki, “Biz terrorçuyuq”. Bundan böyük rüsvayçılıq yoxdur”.

İslam İnqilabının Rəhbəri son həftələrin Allah günlərindən bir başqasına, yəni Keşikçilər Korpusunun amerikalılara verdiyi qüdrətli cavaba işarə edərək vurğuladı: “Bu güclü reaksiya effektiv bir hərbi zərbə idi. Ancaq bu hərbi zərbədən də mühümü ABŞ-ın super-güc heybətinə endirilmiş heysiyyət zərbəsi oldu”.

O bildirdi ki, Sepahın ABŞ-ın heybətinə vurduğu zərbə amerikalıların abrının getməsinə səbəb oldu: “Bu möhkəm heysiyyət zərbəsinin təsirini heç nə ilə aparmaq olmaz. Amerikalıların bu günlərdə səsləndirdikləri sanksiyalar onların getmiş abırlarını geri qaytarmayacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ilahi qüdrətin özünü Sepahın sarsıdıcı cavabında göstərməsi ixlaslı mübarizələrin nəticəsi idi: “Hər yerdə və hər işdə ixlaslı olun. Allah həmin işə bərəkət, artım və inkişaf bəxş edər, onun bərəkətlərini hər kəsə çatrırar və onu qalıcı edər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Hacı Qasim Süleymani və onun şəhid olmuş döyüş yoldaşlarının dəfn mərasimində xalqın sevgi ilə iştirak etməsi, göz yaşı axıtması və kədərlənməsi, xalqın inqilab ruhunun təzələnməsi iranlıların böyük komandanı və onun şəhid olmuş yoldaşlarının ixlasının hiss olunan nəticəsidir.

O bildirdi ki, son həftələrin Allah günlərinin dərindən dərk edilməsi, qiymətləndirilməsi və qədrinin bilinməsinin şərti budur ki, əziz Hacı Qasim və əziz Əbu Mehdiyə bir fərd yox, bir məktəb, bir yol və dərs öyrədən bir məktəb gözündə baxmaq lazımdır.

Həzrət Ayətullah Xamenei dedi ki, Qüds briqadasını bir təşkilat və idari bir qurum hesab etmək olmaz: “Qüds briqadası böyük və xilasedici motivasiyaları olan insani bir qurumdur. Məhz bu baxışla xalqın Qüds briqadasının komandanının dəfnindəki təzimi, hörmət və ehiram nümayişi öz həqiqi mənasını tapır”.

O əlavə etdi: “Əlbəttə, bütün silahlı qüvvələr, Sepah, ordu və Bəsicin ilahi hədəflərə əsaslanan fikir bazaları vardır. Yeri gəlmişkən, Qüds briqadası sərhədsiz döyüşçülər kimi harada ehtiyac yaranırsa özünü yetirir, region xalqlarının köməyinə tələsir, çarəsiz vəziyyətdə olan insanların heysiyyətini qorumaq üçün yollanır, bütün gücü və varlığı ilə özünü müqəddəs dəyərlər və müqəddəs məkanlara sipər edir”.

İslam İnqilabının Ali Rəhbəri bildirdi ki, müharibə, terror və təxribat kölgəsinin əziz İranın başı üzərindən uzaqlaşdırılması Qüds briqadasının ən mühüm işidir: “İranın təhlükəsizliyinin ən mühüm hissəsi əziz Hacı Qasim Süleymaninin komandanlığı altında uzun illər cihad edib fədakarlıq göstərmiş mömin gənclərin səylərinin nəticəsidir”.

O əlavə etdi: “Canlarını qurban verməyə hazır olan bu cəsur gənclər Fələstin və digər bölgələrin də köməyinə gedirlər. Əslində isə, iranlıların əziz vətəni üçün əmin-amanlıq yaradırlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ABŞ-ın İŞİD-i yaratmaqda və dəstəkləməkdə son məqsədi İranın sərhəd və şəhərlərinə hücum edib asayişi pozmaq, iranlı ailələrində təşviş və narahatlıq yaratmaqdır: “Bizim canlarını qurban verməyə hazır olan gənclərimiz İraq və Suriyaya kömək etməkdə, əslində, bu məkrli planı məhv etdilər”.

O, bir gün “Nə Qəzza, nə Livan” şüarı vermiş adamlara səslənərək dedi: “Bu adamlar canlarını heç vaxt İrana fəda etməyiblər, hətta ölkənin təhlükəsizliyinin qorunması yolunda rahatlıqları və mənafelərindən keçməyiblər. Komandan Süleymani və onun yoldaşları idi ki, canlarını qurban verməyə hazır olub İranın müdafiəsinə tələsdilər”.

İnqilabın Rəhbəri iranlıların fəxri olan komandanın dəfni münasibətilə Tehran, Kerman və bir neçə digər şəhərdə milyonlarla insanın məzmunlu, izdihamlı, ürək yanğısı ilə müşayiət olunan iştirakına, başqa şəhərlərdə böyük xalq kütlələrinin matəm keçirməsinə, uzaqdan Hacı Qasimin ayrılığına göz yaşı axıdan insanların hüznünə işarə edərək dedi: “On milyonlarla iranlı, öz batinləri və mənəviyyatlarını bu böyük hadisədə göstərdilər və sübut etdilər ki, hansı partiya, cinah, toplu, habelə hansı millət və coğrafi bölgədən olmasından asılı olmayaraq, bütün xalq dillərə dastan olan birlik və vəhdətlə “İnqilabın, İslam dövlətinin, zülmə qarşı mübarizənin, imperialist dövlətlərin bütün istəklərinə yox deməyin” tərəfdarıdır”.

O əlavə etdi: “İran xalqı bir daha misli olmayan yönlərdə cihad xəttini cəsarətlə müdafiə etdiyini, təslim əhli olmadığını, müqavimət simvollarını sevdiyini göstərdi. Daxildə və xaricdə bu xalqı başqa cür göstərməyə çalışanlar xalqa qarşı sədaqətli və dürüst davranmırlar”.

İnqilabın Rəhbəri bu günlərdə İran xalqının yanında olduğunu tam bir rəzilliklə iddia edən amerikalı təlxəklərə işarə edərək dedi: “Görəsən, İran xalqı mehriban və fəxarətli sərdarının şəklinə qarşı hörmətsizlik edən saydır, yoxsa küçələrdə Hacı Qasimə hörmət və ehtiramlarını göstərən bu böyük və saysız-hesabsız cəmiyyət?”

Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerikalılar heç vaxt İran xalqının yanında olmayıblar, açıq-aşkar yalan danışırlar. Hətta olsalar da, zəhərli xəncərlərini xalqın sinəsinə sancmaq üçün bunu edirlər. Əlbəttə, bu vaxta qədər bacarmayıblar, bundan sonra da heç bir qələt edə bilməzlər”.

O bildirdi ki, böyük xalq kütləsinin dəfn mərasimindəki iştirakı xalqın fikir özüllərini və sədaqətli hisslərinin cilvəsini göstərir: “İranın hər yerindən eşidilən bu intiqam fəryadı, əslində, ABŞ bazasını alt-üst etmiş raketlərin həqiqi yanacağı idi”.

İnqilabın Rəhbəri son həftələrin təyinedici Allah günlərini unutdurmağa çalışanların bəzi açıqlamalarına işarə edərək bəzi məsələlərə toxundu: “Heç bir məsələ o unudulmaz günləri öz təsiri altına almamalıdır”.

İnqilabın Rəhbəri təyyarənin qəzaya uğraması hadisəsinə görə dərindən təəssüfləndiyini dedi: “Bu çox acı hadisə sözün həqiqi mənasında ürəyimizi yandırdı, dərdə saldı. Ancaq bir qrup adam ABŞ və İngiltərə mediyasının təsiri altında bu qəmli hadisədən o əzəmətli dəfn mərasimi və Sepahın sarsıdıcı cavabını unutdurmaq üçün istfadə etməyə çalışırlar. Əlbəttə, bunların bir qrupu gənc və emosionaldır. Ancaq qalanları milli maraqları dərk etmək və onun üçün ayaqlanmaq istəməyənlərdir”.

O əlavə etdi: “Düşmənlər bizim və xalqın bu hadisəyə kədərləndiyi qədər sevindilər. Çünki Sepahı, Silahlı Qüvvələri və dövləti sual altına aparmaq üçün bir bəhanə tapıblar. Ancaq Allahın qüdrət əlinin müqabilində onların bu məkrinin heç bir təsiri yoxdur. Dəfn mərasimi olan Allah günü və amerikalıların hərbi bazalarının dağıdılması olan Allah günü unudulmayacaq və gündən günə daha da diri olacaq”.

İnqilabın Rəhbəri bu faciənin qurbanlarının ailələrinə səmimi qəlbdən başsağlığı verdikdən və onların dərdinə şərik olduğunu bildirdikdən sonra dedi: “Matəm sahibləri, düşmənlərin hiylə və vəsvəsələrinin qarşısında qəm-qüssə dolu ürəkləri ilə dayanıb onların istəklərinin əksinə danışan ata və analara təşəkkür edir, qarşılarında baş əyirəm”.

İnqilabın Rəhbəri bu hadisə ilə bağlı mövcud olan qaranlıq məqamlara diqqət çəkərək bu məsələ ilə bağlı açıqlama vermiş Sepah komandanlarına təşəkkürünü bildirdi və vurğuladı ki, bu cür hadisələrin baş verməsinin qarşısını almaq üçün ciddi işlər görmək lazımdır: “Oxşar hadisələrin baş verməməsi üçün görülən önləmə işləri sonradan görülən işlərdən daha mühümdür”.

Həzrət Ayətullah Xamenei dedi ki, son həftələrin Allah günlərinə kölgə salmaq üçün göstərilən səylərdən biri üç mənfur Avropa dövlətinin İranın nüvə məsələsini Təhlükəsizlik Şurasına təqdim edəcəklərini deyərək təhdid etməsidir.

O əlavə etdi: “Əlbəttə, ölkə rəhbərləri onlara sərt cavab verdilər. Xalq da səkkiz illik məcburi müharibə dövründə bu üç dövlətin Səddama və onun cinayətlərinə necə dəstək verdiklərini unutmayıb”.

O əlavə etdi: “Əvvəldən də demişdim ki, HBFP-dan sonra avropalıların sözlərinə etimad etmək olmaz. Onlar bir iş görmürlər, ABŞ-a xidmət edirlər. İndi də məlum oldu ki, bunlar sözün həqiqi mənasında cılız və ABŞ-ın nökəridirlər. Öz aləmlərində İran xalqını diz çökürdəcəklərini düşünürlər. Əlbəttə, onların böyükləri olan ABŞ bunu bacarmadı, bunlar haradan bacaracaqlar?!”

İnqilabın Rəhbəri avropalılarla müzakirənin də hiylə və kələklə çuğlaşdığını dedi: “Müzakirə masası arxasında oturan centlmenlər, əslində, Bağdad aeroportunun terrorçularıdır, sadəcə, paltarlarını dəyişiblər”.

İnqilabın Rəhbəri birinci xütbənin yekununda İranın daha da güclü olması üçün milli əzmkarlıq göstərilməsinin iranlıların izzət yolunun davam etdirilməsi istiqamətində yeganə yol olduğunu dedi: “Biz amerikalılar istisna olmaqla, heç kəslə müzakirə aparmaqdan boyun qaçırmırıq. Təbii ki, güc və qüdrət mövqeyindən”.

O vurğuladı: “Bu əziz xalq, bu əziz dövlət Allahın lütfü ilə daha güclü olacaq. Təkcə hərbi sahədə yox, həm də iqtisadiyyat, elm və texnoloji sıçrayış sahələrində güclü olacaq. Bu məqsədin gerçəkləşməsi üçün xalqın səhnədə iştirakı, qətiyyəti və səbri, məsul şəxslər və xalqın fasiləsiz səy və fəaliyyəti lazımdır”.

Ayətullah Xamenei əlavə etdi: “Allahın lütfü ilə bu xalq, bu dövlət yaxın gələcəkdə düşmənlərin hətta təhdid etmək üçün belə, cürət edə bilməyəckləri bir nöqtəyə yetişəcək”.

İslam İnqilabının Rəhbəri ikinci xütbənin əsas hissəsini ərəbcə danışdı. Ancaq ondan əvvəl xalqın seçkilərdəki iştirakının əhəmiyyətindən danışaraq dedi: “Seçkilərlə bağlı müəyyən nüanslar var ki, sonra onlara aydınlıq gətirəcəyəm. Ancaq mühüm nüans budur ki, seçkilər ölkənin iqtidarının ən mühüm amillərindəndir; dövləti sığortalyacaq, düşməni məyus edəcək”.

O qeyd etdi ki, düşmənlər xalqda seçkilərdə iştirak rəğbətini öldürməyə çalışırlar: “Hamımız diqqətli olmalıyıq ki, düşmən öz istəyini reallaşdırıb seçkiləri dəyərdən salmasın”.

İslam İnqilabının Rəhbəri Cümə namazının ikinci xütbəsinin davamında regionun tarixinin bu mərhələsinə diqqət çəkərək ərəb qardaşlara ərəb dilində mühüm məsələləri çatdırdı.

Həzrət Ayətullah Xamenei ABŞ-ın terrorçu prezidentinin göstərişi ilə İranın böyük və şücaətli bir komandanı, habelə İraqın fədakar və ixlaslı bir mücahidinə qarşı həyata keçirilən terrorda amerikalıların qorxaqcasına törətdiyi cinayətə işarə edərək dedi: “Komandan Şəhid Süleymanin cəbhənin təhlükəli və ön sralarında cəsarətli iştirakı Suriya və İraqda İŞİD və onun kimi terrorçu ünsürlərin məğlubiyyətinin ən həlledici amillərindən idi. Ancaq amerikalılar onunla üzbəüz döyüşməyə cürət etmədilər. Onlar İraq dövlətinin dəvəti ilə İraq aeroportuna gəlmiş bu komandana qarşı qorxaqcasına hücum etdilər, onun və yoldaşlarının pak qanını axıtdılar. Bununla da artıq neçənci dəfədir ki, Allah yolunda döyüşən İran və İraq övladlarının qanını axıdaraq bir-birinə qarışdırdılar”.

O qeyd etdi ki, İranın Keçikçilər Korpusunun yubanmadan endirdiyi cavab zərbəsi, amerikalıların hərbi bazalarının raket hücumları ilə darmadağın edilməsi zalım və hegemon ABŞ-ın dövlətinin heybət və abrının ayaqlar altında tapdalanmasına səbəb oldu. “Onların əsl tənbehi regiondan çıxarılmaları olacaq”.

İslam İnqilabının Rəhbəri Şəhid Süleymani və Şəhid Əbu Mehdinin İranın on milyonlarla əhalisi tərəfindən misilsiz bir izdihamla son mənzilə yola salınması, habelə bu iki böyük mücahidin İraqın müxtəlif şəhərlərində hörmət və ehtiramla ziyarət edilməsi, bir neçə başqa ölkədə insanların bir yerə toplaşaraq həmdərd olduqlarını bildirməsinə işarə edərək dedi: “Düşmənlər çoxlu pullar xərcləməklə, məsuliyyətsiz insanlardan və çirkin təbliğatlardan istifadə etməklə İran və İraq xalqlarını bir-birlərinə qarşı bədbin etmək üçün çox çalışdılar. Ancaq bu böyük şəhadət onların bütün şeytani və əhrimən səylərini puça çıxardı”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, region xalqları islami güc hesabına cinayətkar kapitalist güclərə qalib gələ bilərlər. O, qərblilərin region ölkələrinə elm, texnologiya, silah, dezinfomasiya və hiyləgər siyhasətlər vasitəsilə ağalıq etdiyini dedi: “Onlar xalq hərəkatları nəticəsində bir ölkədən çıxmaq məcburiyyətində qalsalar da, imkan daxilində informasiya hiyləsi və nüfuzundan, siyasi və iqtisadi nüfuzdan əl çəkmədilər, Qərbi-Asiya ölkələrini davamlı olaraq təhdid etmək üçün bədxassəli sionist vəzisini bu regionun qəlbinə yerləşdirdilər”.

O dedi ki, İslam İnqilabının qələbəsi qəsbkar sionist rejiminə çox ağır siyasi və hərbi zərbələr dəyməsinə, onun ardınca başda ABŞ olmaqla imperializmin məğlubiyyət zəncirinin İraq və Suriyadan Qəzza və Livana, Yəməndən Əfqanıstana qədər davam etməsinə səbəb oldu: “Düşmən mediası İranı başqalarının əvəzinə müharibə aparmaqda ittiham etdi. Halbuki bu, böyük bir yalandır, region xalqları ayılıb”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İranın ABŞ-ın çirkinliklərinə qarşı uzun müddət müqavimət göstərə bilmək gücü regionun mühitinə və xalqların ruhiyyəsinə təsir göstərdi: “ABŞ-ın hegemon imperiyasından xilas olmaq və Fələstinin sionistlərin hakimiyyətindən qurtulması regionun parlaq gələcəyidir. Xalqların qətiyyəti ilə bu məqsədə yetişmək zamanı daha yaxın olmalıdır”.

İslam dünyasının təfriqə amillərindən təmizlənməsinin vacib olduğunu deyən Həzrət Ayətullah Xamenei “Din alimlərinin yeni islami həyat tərzi istiqamətində İslam dininə əsaslanan həll yollarının kəşf edilməsi məsələsindəki vəhdəti, yeni sivilizasiya infrastrukturlarının yaradılması, elm və texnologiyanın inkişaf etdirilməsi üçün İslam universitetlərinin əməkdaşlığı, xalq mədəniyyətinin köklü islahı üçün İslam xəbər agentliklərinin qarşılıqlı mübadiləsi, müharibə və təcavüzü regiondan uzaqlaşdırmaq üçün İslam əsaslı Silahlı Qüvvələrin əlaqəsi, bu ölkələrin iqtisadiyyatının qarətçi kompaniyaların əsarətindən xilas etmək üçün İslam bazarlarının əlaqəsi, dil və ürək birliyini, vəhdət və dostluğu artımaq üçün xalqların gediş-gəlişi və səfərləri” kimi amilləri vəhdəti gücləndirən və təfriqədən uzaqlaşdıran həlli yollarından olduğunu dedi.

O vurğuladı ki, İran və İslamın düşmənləri öz iqtisadiyyatlarını bizim ölkələrin sərvətləri, izzətlərini bizim xalqların zilləti, ağalıqlarını bizim təfriqəmiz hesabına təmin etmək, bizi və sizi öz əlimizlə məhv etmək istəyirlər: “ABŞ Fələstinin cinayətkar sionistlər qarşısında müdafiəsiz qalmasını, Suriya və Livanın öz muzdur və asılı dövlətlərinin nəzarəti altında olmasını, İraq və onun neftinin tamamilə onun özünə aid olmasını istəyir. Bu mənfur məqsəddən ötrü Suriyada bir neçə illik ağır sınaq, Livanda ardıcıl fitnələr, İraqda davamlı təhriklər və təxribatlar kimi ən böyük zülm və cinayətlərə əl atdı”.

İslam İnqilabının Rəhbəri dedi ki, Həşdi-Şabinin cəsur komandanı şəhid Əbu Mehdi və Sepahın böyük komandanı şəhid Süleymaninin açıq şəkildə terror edilməsi amerikalıların İraqdakı fitnələrinin başqa bir misilsiz nümunəsi idi: “Onlar öz mənfur məqsədlərini həyata keçirmək üçün İraqda fitnə salmaq, daxili müharibə yaratmaq, İraqı parçalamaq, mömin, mübariz, mücahid və vətənpərvər qüvvələri ortadan götürməyə çalışırlar”.

Həzrət Ayətullah Xamenei İraq parlamentinin onların çıxarılması ilə bağlı qərarına amerikalıların verdikləri həyasıcasına açıqlamalar bu fitnələrin başqa bir nümunəsidir: “Özlərini demokratiyanın hamisi kimi göstərənlər mülayim danışığı bir kənara qoyub deyirlər ki, biz İraqda qalmağa gəlmişik, çıxmayacağıq”.

İslam İnqilabının Rəhbəri izdihamlı Cümə namazının ikinci xütbəsinin sonunda regionun bütün müsəlman xalqlarına səslənərək dedi: “İslam dünyası yeni bir səhifə açmalıdır, oyaq vicdanlar və mömin qəlblər xalqlarda özünə güvən hissini oyatmalıdır. Hamı bilməlidir ki, xalqların yeganə xilas yolu tədbir, qətiyyət və düşməndən qorxmamaqdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /