İslam İnqilabının Ali Rəhbəri bu gecə (cümə) İslamın böyük və qürurverici komandanı şəhid general Hacı Qasim Süleymaninin evinə gedərək şəhidin ailəsini ziyarət etdi və ziyarət əsnasında bu uca və ixlaslı mücahidin şəhadəti münasibətilə onlara təbrik deyərək başsağlığı verdi.
Həzrət Ayətullah Xamenei şəhid Süleymaninin ixlas və fədakarlığından söz açaraq dedi: "Hacı Qasim dəfələrlə şəhadətlə qarşılaşmış, ancaq Allah yolunda üzərinə düşən vəzifənin icrası zamanı heç kəsdən və heç nədən qorxmamışdır".
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, komandan Süleymaninin dünyanın ən mənfur adamları olan amerikalılar tərəfindən şəhid edilməsi və onların bu cinayətlə fəxr etməsi bu şücaətli mücahid üçün üstün bir xüsusiyyətdir: "Onun cihadı böyük bir cihad idi. Allah da onun şəhidliyini böyük bir şəhadət etdi. Hacı Qasimə layiq olan bu böyük nemət ona nuş olsun. Hacı Qasim elə bu cür də şəhid olmalı idi".
O, şəhid komandanın ailəsi və bütün İran xalqına Allahdan səbr və dözüm diləyərək əlavə etdi: "Bu gün ölkənin ayrı-ayrı şəhərlərində insanların hansı izdiham və sevgi ilə küçələrə axışdığını gördünüz. Dəfn mərasimini də görəcəksiniz. Bu nemətlər bizim gözlərimiz önündədir. Buna görə də şəhadətin qiymətinin fərqində olmalıyıq. Xoş Hacı Qasimin halına ki, arzusuna çatdı. Onun şəhadətə istəyi var idi. Şəhadət üçün göz yaşı axıdırdı. Şəhid dostlarının həsrəti ilə alışıb yanırdı".
Xarici cihadın böyük cihada, yəni daxili cihada əsaslandığını vurğulayan Həzrət Ayətullah Xamenei şəhidin qızına dedi: "Bütün xalq sizin atanızın matəmini tutub ona hörmətlərini göstərirlər. Bu ehtiram o kişidə olan böyük bir ixlasın nəticəsidir. Çünki qəlblər Allahın əlindədir. İxlas olmadan insanların qəlbi belə fəth edilə bilməz. Allah bizim hamımıza və bütün İran xalqına xeyirli əvəz lütf etsin".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir