Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni istiftaat (azər ayı)

 
Tanışlıqla işə düzəlmək
Sual 1. Tanışlıqla işə düzələn şəxsin aldığı maaş haramdırmı?
Cavab: Əgər həmin iş üçün lazımi ixtisas və bacarığa sahibdirsə və işə qəbul olunmanın qanunlarına riayət olunubsa, habelə qanuna müvafiq şəkildə və ona həvalə edilən vəzifəni yerinə yetirdiyinə görə ona maaş verilirsə, aldığı maaş haram deyildir.
 
Bağışlanan yumurta hüceyrəsindən istifadə etmək
Sual 2. Əgər bir qadın ailə qurduqdan sonra yumurta hüceyrəsinə sahib olmadığına görə hamiləlik problemi ilə qarşılaşarsa, başqa bir qadının yumurta hüceyrəsi onun ərinin sperması ilə mayalandırılıb, mayalanmış yumurta hüceyrəsi onun uşaqlığına yerləşdirilə bilərmi? Bu yolla dünyaya gələn uşaq kimin övladı hesab olunacaq?
Cavab: Əgər bu işin önhazırlıqlarında haram işlərdən, məsələn, haram baxış və toxunuşdan çəkinilərsə, bu işin öz-özlüyündə iradı yoxdur. Bu yolla dünyaya gələn uşaq sperma və yumurta hüceyrəsinin sahibinə aiddir. Uşağın uşaqlıq sahibi olan qadına aid olmasını söyləmək isə çətindir. Odur ki, nəsilə aid şəriət hökmləri barəsində ehtiyata riayət olunmalıdır. Amma əgər uşaqlıq sahibi olan qadın körpə dünyaya gəldikdən sonra ona lazımi şərtlər daxilində süd verərsə, bu halda uşaq ilə qadının əri və qohumları arasında südvermənin hökmləri icra olunacaqdır.
 
Xüms ili başa çatdıqdan bir neçə gün sonra ilin gəlirindən istifadə etmək
Sual 3. İlin gəlirindən yalnız xüms ilinin son gününədək istifadə etmək olar, yoxsa mükəlləf (yəni şəri vəzifəsi olan şəxs) öz məişət ehtiyaclarını təmin etmək üçün xüms ili başa çatdıqdan bir neçə gün sonra ilin gəlirinin xümsünü vermədən ondan istifadə edə bilər?
Cavab: Xüms ili başa çatdığı gündən etibarən iki-üç gün ərzində ilin gəlirindən istifadə etmək olar.
 
Qızılı icarəyə vermək
Sual 4. Bir kiloqram işlənməmiş qızılı, yaxud qızıl külçəni, yaxud qızıl sikkəni icarəyə verib, ayda (məsələn, iki yüz manat) icarə haqqı almaq və ilin sonunda, yaxud müqavilə başa çatdıqda bir kiloqram qızılı geri almaq olarmı?
Cavab: Qızılı icarəyə vermək yalnız o halda düzgündür ki, müqavilə müddəti ərzində həmin qızıl olduğu kimi qalmalı, yəni alğı-satqı edilməməli və qızıldan sadəcə (məsələn, toy məclislərində və s.) istifadə edilməlidir. Bundan qeyri halda icarə düzgün deyildir.
 
Təkbirətul-ehramı deyərkən əlləri yuxarı qaldırmaq
Sual 5. Namazın təkbirətul-ehramını deyərkən əlləri üzün müqabilinədək yuxarı qaldırmalıyıq?
Cavab: Təkbirətul-ehramı deyərkən əlləri qulaqların və ya üzün müqabilinədək yuxarı qaldırmaq müstəhəbdir. Belə ki, təkbiri deməyə başlayarkən əllər – barmaqlar bir-birinə bitişik və əlin içi qibləyə tərəf olduğu halda – yuxarı qaldırılmalı və təkbirin axırında əllər qulağın və ya üzün müqabilinə çatmalıdır.
 
Müsafir şəxsin Məkkə və Mədinə şəhərlərində namazı qəsr və ya tam qılmaqda seçim edə bilməsi
Sual 6. Müsafir şəxs yalnız “Məscidul-həram”da (Kəbəni əhatə edən məscid) və “Məscidun-Nəbi”də (Peyğəmbər (s) məscidi) namazı qəsr və ya tam qılmaqda seçim edə bilər, yoxsa bu hökm Məkkə və Mədinə şəhərlərinin bütün ərazisində icra olunur? Məkkə və Mədinə şəhərlərinin genişləndiyini nəzərə alaraq, yeni məntəqələrin hökmü nədir?
Cavab: Müsafir şəxs Məkkə və Mədinə şəhərlərinin bütün ərazisində namazı qəsr və ya tam qılmaqda seçim edə bilər və bu hökm yalnız Məscidul-həram və Məscidun-Nəbiyə aid deyil. Amma sözügedən iki məscidin ərazisi ilə kifayətlənmək ehtiyat-müstəhəbə müvafiqdir. Məkkə və Mədinə şəhərləri dedikdə, qədim Məkkə və Mədinə şəhərlərinin ərazisi deyil, indiki əraziləri nəzərdə tutulur.
 
Kufə məscidi daxilində namazı qəsr və ya tam qılmaqda seçim etmək
Bilirsinizmi…
7. Müsafir şəxs yalnız Kufə məscidi daxilində namazı qəsr və ya tam qılmaqda seçim edə bilər. Ehtiyat-vacibə görə, bu hökm Kufə şəhəri ərazisinə aid deyil.
 
Müsafir şəxsin namazı qəsr və ya tam qılmaqda seçim edə bildiyi məkanlarda orucun hökmü
Sual 8. Müsafir şəxsin namazı qəsr və ya tam qılmaqda seçim edə bildiyi məkanlarda (Kufə məscidi, “Məscidul-həram” və “Məscidun-Nəbi” kimi) o, orucu da tutub-tutmamaqda seçim edə bilərmi?
Cavab: Müsafir şəxs dörd müəyyən məkanda namazı qəsr və ya tam qılmaqda seçim edə bilər, amma o, bu məkanlarda mübarək ramazan ayının orucunu tuta bilməz.
 
Zöhr namazını qəsr, əsr namazını isə tam qılmaq
Sual 9. Müsafir şəxs namazı qəsr və ya tam qılmaqda seçim edə bildiyi dörd müəyyən məkanda zöhr namazını qəsr, əsr namazını tam qıla bilərmi?
Cavab: Bunun maneəsi yoxdur.
 
Namaz əsnasında niyyəti qəsr namazından tam namaza çevirmək
10. Əgər sözügedən dörd məkanda müsafir şəxs qəsr niyyəti edib namaza başlasa, amma namaz əsnasında niyyəti tam namaza çevirsə, bunun maneəsi yoxdur və onun namazı düzgündür.
 
Namaz əsnasında qəsr və ya tam namaz niyyəti etmək
11. Əgər müsafir şəxs sözügedən dörd məkanda qəsr və ya tam namaz niyyəti etmədən namaza başlasa və üçüncü rəkət üçün ayağa qalxmamışdan öncə qəsr namazı niyyəti edib namazı iki rəkət qılsa, yaxud da ikinci rəkətdə təşəhhüddən sonra salam deməyib tam namaz niyyəti etsə və namazı dörd rəkət qılsa, bunun maneəsi yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər