İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Pakistanın baş naziri Cənab İmran Xan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İranla Pakistan arasındakı əlaqələrin çox dərin və xalqlar səviyyəsində olduğunu qeyd etdi və vurğuladı ki, iki dövlət arasındakı əməkdaşlıqların artırılması üçün bu imkandan istifadə etmək lazımdır: “İran İslam Respublikası bir müddət bundan əvvəl Yəmən müharibəsini dayandırmaq üçün dörd maddədən ibarət bir layihə təqdim etmişdir. Bu müharibənin başa çatması regiona müsbət təsirlər göstərə bilər”.
Həzrət Ayətullah Xamenei bu görüşdə İran və Paksitan xalqlarının xalqlar səviyyəsində olan yaxın və dərin əlaqələri ilə bağlı bir neçə nümunəni qeyd etdikdən sonra vurğuladı: “İran İslam Respublikasının Pakistana baxışı qonşuluqdakı qardaşa olan baxışdır. Bu əvəzsiz fürsət əsasında iki dövlətin əlaqələri mövcud vəziyyətdən daha isti və daha yaxşı olmalıdır. Sərhədlərin təhlükəsizliyi yaxşılaşdırılmalı, qaz boru xətlərinin çəkilməsi istiqamətində yarımçıq qalmış proqrmalar təkmilləşdirilməlidir”.
İslam İnqilabının Rəhbəri Pakistan hökumətinin sülh və təhlükəsizliyin bərqərar edilməsi ilə bağlı narahatlığını yüksək qiymətləndirərək Qərbi Asiya regionunun çox həssas və mühüm bir region olduğunu dedi. O hər hansı hadisənin baş verməsinin qarşısının alınmasının hər kəsin vəzifəsi olduğunu vurğuladı, İraq və Suriyada terrorçu qruplaşmaları himayə edən bəzi region dövlətlərinin dağıdıcı rolundan, Yəməndə müharibənin aparılması və qan axıdılmasından təəssüf hissi keçirdiyini dedi: “Bizim bu dövlətlərlə düşmənçilik etmək kimi bir marağımız yoxdur, ancaq onlar ABŞ-ın istək və iradəsi ilə İran İslam Respublikasına qarşı çıxırlar”.
O dedi: “İran İslam Respublikası bir müddət bundan əvvəl Yəmən müharibəsinin başa çatdırılması üçün dörd maddədən ibarət bir layihə təklif edib. Əgər bu müharibəyə düzgün şəkildə son qoyulsa, bunun regiona müsbət təsirləri ola bilər”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, İran İslam Respublikası heç bir müharibəni başlatmamışdır: “Təbii ki, kimsə İrana qarşı müharibəyə başlasa, heç şübhəsiz, peşman olacaq”.
Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə çıxış edən Pakistanın baş naziri cənab İmran xan İran və Pakistanın iki qardaş ölkə olduğunu dedi: “Tehran və İslamabadın əməkdaşlıqları genişlənməlidir və əlaqələr üçün İranın üzünə xüsusi bir hesab açmışıq. Çünki biz İranı, xüsusilə ticarət sahəsində önəmli bir ortaq hesab edirik”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir