Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni istiftaat (zumar ayı)

Kənddən şəhərə iki gediş-gəliş yolunun olması
Sual 1: Bir kəndin şəhərə iki gediş-gəliş yolu var ki, onlardan biri 19 kilometr, digəri isə 22 kilometrdir. Əgər bir şəxs şəhərə 19 kilometr olan yol ilə getsə, amma qayıdarkən 22 kilometr olan yol ilə qayıtsa, onun namazı tamdır, yoxsa qəsrdir?
Cavab: Nəzərə alsaq ki, şəri məsafənin reallaşması üçün gediş yolu 4 fərsəxdən (yəni 20,5 kilometrdən) az olmamalıdır, buna görə də onun namazı tamdır.
 
İmam Rza (ə) hərəminin xadimi olan şəxsin namazının hökmü
Sual 2: Mən İmam Rzanın (ə) hərəminin xadimiyəm və həftədə bir dəfə pak hərəmdə xidmət göstərmək üçün yaşadığım məntəqədən ora səfər edirəm. Mənim yaşadığım yerdən pak hərəmə qədər məsafə 130 kilometrdir. Mənim namazımın hökmü nədir?
Cavab: Əgər bu iş ürfə görə sizin işiniz sayılmırsa, müsafir hökmündəsiniz və on gün orada qalmaq niyyətində olmadığınız təqdirdə namazınız qəsrdir. Amma əgər bu iş ürfə görə sizin işiniz sayılarsa, namazınız tamdır.
 
Süni saçlarla dəstəmaz almaq və qüsl etmək
Sual 3: Süni saçlar qoydurmuş şəxs dəstəmaz alarkən süni saçların üzərinə məsh çəkə bilərmi? Qüsl edərkən vəzifəsi nədir?
Cavab: Əgər süni saçlar parik şəklində olarsa, dəstəmazda başa məsh çəkərkən parik hökmən çıxarılmalıdır. Amma əgər süni saçlar dəriyə əkilibsə və başa məsh çəkərkən yaşlığın başın dərisinə və ya həqiqi saçların dibinə dəyməsinə mane olarsa, habelə onu çıxartmaq böyük çətinliyə və əziyyətə səbəb olarsa, bu saçların üzərinə məsh çəkmək kifayət edir. Qüslün də hökmü eynilə belədir.
 
Dəstəmazdan öncə dəstəmaz üzvlərində maneənin olduğuna şəkk etmək
Sual 4: Əgər bir şəxs dəstəmazdan öncə dəstəmaz üzvlərində hər hansı bir maneənin olub-olmadığına şəkk etsə, onun vəzifəsi nədir?
Cavab: Əgər hər hansı bir maneənin olması ehtimalı insanların nəzərində məntiqi bir ehtimal olarsa – məsələn, suvaq işindən sonra ələ palçığın yapışdığına ehtimal verilməsi kimi – belə bir ehtimalı verən şəxs axtarış aparmalı, yaxud da dəstəmaz üzvlərini əl ilə o qədər sürtüb təmizləməlidir ki, hətta əgər bir maneə olubsa da, onun aradan getdiyinə və suyun onun altına dəydiyinə əmin olmalıdır.
 
Təsbihati-ərbə`ənin sayında şəkk etmək
Sual 5:
1) Əgər namazın üçüncü və ya dördüncü rəkətində təsbihati-ərbə`əni iki, yoxsa üç dəfə dediyimizə şəkk etsək, vəzifəmiz nədir?
2) Əgər bu barədə çox şəkk etsək və bir növ vasvasılıq halı yaransa, vəzifəmiz nədir?
Cavab:
1) Təsbihati-ərbə`əni daha bir dəfə təkrar edə bilərsiniz.
2) Şəkkinizə etina etməməlisiniz və təsbihati-ərbə`əni üçüncü dəfə dediyinizi qəbul etməlisiniz.
 
Hədiyyənin xümsü
Sual 6: Xüms ilimin axırına yaxın günlərdə mən öz həyat yoldaşıma bir məbləğ pul bağışladım. Bu pula xüms düşürmü, yoxsa düşmür?
Cavab: Əgər hədiyyə ürfə görə sizin şəninizə uyğundursa – yəni ağıllı insanların nəzərində səfehlik və israf sayılmırsa – habelə hədiyyə formal xarakter daşıyıb xümsdən yayınmaq məqsədilə deyilsə, bu hədiyyəyə xüms düşmür.
 
Mal almaq üçün bankın verdiyi pul krediti
Sual 7: Bank mal almaq üçün müştərinin ixtiyarında müəyyən məbləğ pul qoyur və müştəriyə vəkalət verir ki, malı satıcıdan nağd şəkildə bank üçün alsın, sonra bu malı nisyə şəklində və kreditlərlə yuxarı qiymətə özü üçün alsın. Suallarım budur:
1) Alış hökmən bankın verdiyi həmin pul ilə həyata keçməlidirmi?
2) Əgər malı almaq niyyətində olsaq, amma onu bir neçə ay sonra almaq istəsək, malı almamışdan öncə ödədiyimiz xeyirin (faizin) iradı varmı? Əgər belə etmişiksə, indi vəzifəmiz nədir?
Cavab:
1) Əgər bank malın həmin pul ilə alınmasını qeyd edibsə, pulu dəyişmək haqqınız yoxdur. Əks halda, başqa pul ilə alış edə bilərsiniz.
2) Alışdan öncə xeyir ödəməyin şəri əsası yoxdur. Sualda qeyd edilənlərə əsasən, aidiyyatı məsullara müraciət edərək qanuna müvafiq şəkildə hərəkət edin. Əgər aidiyyatı məsulun yeni müqavilə bağlamaq səlahiyyəti varsa, istifadə məqsədi barəsində yeni müqavilə – hətta şifahi olsa belə – bağlayın.
 
Pensiya pulunun xümsü
Sual 8: İdarə işçiləri, fəhlələr işlədikləri zaman icbari müqavilə əsasında hər ay sığortaya müəyyən məbləğ pul ödəyirlər, eyni zamanda dövlət, yaxud onların işlədikləri müəssisə də sığortaya müəyyən məbləğ pul ödəyir. Onlar pensiyaya çıxdıqdan sonra sığortadan pul alırlar. Pensiya puluna xüms düşürmü?
Cavab: Pensiya pulu iş gəliridir və ona xüms düşür.
 
Müqavilədə qoyulan şərt
Sual 9: Bir şəxs evin satış müqaviləsində alıcıya şərt qoyub ki, filan tarixədək evin pulunu ödəmədiyi təqdirdə satıcının müqaviləni pozmaq haqqı vardır, bundan əlavə alıcı filan məbləğdə cərimə də ödəməlidir. Yəni həm ev satıcının mülkiyyətinə geri qayıdır, həm də satıcı cərimə alır. Bu alğı-satqı və müqavilədə qoyulan şərt düzgündürmü?
Cavab: Müqavilədə qoyulan şərt düzgündür. Satıcı əvvəlcə cəriməni tələb etsin, sonra müqaviləni pozsun.
 
Təsbihati-ərbə`əni iki dəfə demək
Sual 10: Əgər camaat namazının üçüncü və dördüncü rəkətlərində məmum (yəni imam-camaata iqtida edən şəxs) təsbihati-ərbə`əni üç dəfə deyib tamamlamamış imam-camaat rükuya getsə, məmumun vəzifəsi nədir? Əgər məmum təsbihati-ərbə`əni iki dəfə deyibsə, imam-camaatla birlikdə rükuya gedə bilərmi?
Cavab: O, imam-camaatın rükusuna çatmaqdan ötrü üçüncü təsbihati-ərbə`əni deməyə bilər.
 
İzdivacın vacibliyi
Sual 11: Daima günaha düşmək şəraitində olan bir şəxsə izdivac etmək vacibdirmi?
Cavab: İzdivac etmək vacib əməl deyil, amma günahdan qorunmaq vacibdir. Qeyd edək ki, əgər günahdan uzaq olmağın yeganə yolu izdivac etmək olarsa, izdivac etmək vacibdir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər