Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ərbəin yürüşü İslam ümmətinin qalib olacağını göstərir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər iraqlı mokəbçilər və Ərbəin yürüşünün xidmətçilərinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür mərasimində iştirak etdi. O, çıxışı zamanı böyük İraq xalqına alicənab davranışlarına görə səmimi qəlbdən təşəkkür etdikdən sonra Ərbəin yürüşünün Hüseynin (ə) tanınmasına böyük miqyasda zəmin yaradan və yeni İslam mədəniyyətini formalaşdıran misilsiz və qlobal bir məsələ olduğunu dedi: “Böyük Ərbəin yürüşü Allahın İslam ümmətinin qələbəsini istədiyini göstərən böyük ilahi möcüzədir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Ərbəin ziyarətçilərinə qarşı göstərilən qonaqpərvərlik zamanı İraq xalqının nümayiş etdirdiyi İslam və ərəb millətinə xas alicənablıq İmam Hüseynin (ə) eşqinə əsaslanan misilsiz bir davranışdır: “Ərbəin günləri alicənablıq və sevgini ən yüksək həddə nümayiş etdirən siz mokəbçilərə, böyük İraq xalqına və təhlükəsizliyi təmin edərək bu böyük hərəkətə zəmin yaradan İraq hökumətinin rəhbərliyinə, iraqlı alimlər və təqlid mərcələrinə İran xalqı adından səmimi qəlbdən təşəkkür edirik”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İmam Hüseynin (ə) zəvvarlarına xidmət göstərmək ilahi nemət və rəhmətdir. Bunun qədrini bilmək lazımdır: “İmam Hüseynə (ə) qarşı sevgi tarix boyu misli olmamış və olmayacaq müstəsna bir məsələ, hər il Ərbəin münasibətilə İraqda, xüsusilə, Nəcəf-Kərbəla istiqamətində təşkil edilən böyük bir ictimai hərəkətdir. Hal-hazırda beynəlxalq xarakter almış İmam Hüseyn (ə) və hüseynçilik maarifi ümumdünya səciyyəsi qazanmışdır”.

O əlavə etdi: “Zülm, fəsad və əxlaqsızlıq probleminə məruz qalmış müasr dünyanın hüseynçi azadlığının tanınmasına ehtiyacı var. Əgər İmam Hüseyn (ə) doğru-dürüst tanınsa, əslində, İslam və Quran tanınar”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İmam Hüseynin (ə) məntiqi və mesajı dünyanı küfür və imperializm cəbhəsinin hakimiyyətindən xilas edəcək: “İmam Hüseynin (ə) məntiqi haqqı müdafiə, zülm, təcavüz, azğınlıq və imperializmə qarşı müqavimət məntiqidir. Qərəzsiz xalqlar və dünya gəncləri bu gün bu məntiqə möhtac və ona susuzdurlar. Böyük Ərbəin yürüşü hüseynçi maarifi və məntiqini dünyaya tanıtdıra bilər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Ərbəin yürüşü günbəgün daha da qloballaşır. O bildirdi ki, bu böyük yürüş 1400 ildən sonra İmam Hüseynin (ə) qanının cuşa gəlməsi və aşura mesajının təcəllasıdır: “İmam Hüseyn (ə) təkcə şiələrə məxsus deyil, şiə və sünni olmasından asılı olmayaraq, bütün İslam məzhəblərinə, eləcə də bütün bəşəriyyətə aiddir. Bu cəhətdən biz qeyri-müsəlmanların da Ərbəin yürüşündə iştirak etdiyinin şahidi oluruq”.

O əlavə etdi: “İslam düşmənlərinin İslam ümməti ilə mübarizə aparmaq üçün bütün maddi və maliyyə imkan və vasitələrindən istifadə etdikləri bir şəraitdə Allah-taala Ərbəin yürüşünə qəfildən bu cür əzəmət və cilvə verir. Əsl həqiqətdə onu hüseynçi cəbhəsinin küfür və imperializm cəbhəsi üzərindəki qələbəsinin böyük bir əlaməti kimi nümayiş etdirir”.

Ərbəin yürüşünün mənəvi və mədəni cəhətdən zənginləşdirilməsinin zəruri olduğunu vurğulayan İslam İnqilabının Rəhbəri fikir və mədəniyyət insanlarını bu böyük hərəkətlə bağlı bir proqram hazırlamağa dəvət etdi: “Ərbəin yürüşü İslam ümmətinin son məqəsdinin reallaşmasına, yəni yeni və böyük İslam mədəniyyətinin təşəkkülünə zəmin yarada bilər. Bu cəhətdən şiə və sünni olmasından asılı olmayaraq müsəlmanlar və digər millət və xalqlar arasında möhkəm bağlılıqlar bu yürüşdə daha çox olmalıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər Qərbi Asiya və Şimali Afrikadakı İslam ümmətlərinin saysız-hesabsız potensialları bir-birilə çulğalandırılarsa və bu da əməldə özünü göstərsə, o zaman ilahi izzət və böyük İslam mədəniyyətinin əsl mənası bütün dünyaya aşkar olar”.

O, müsəlman xalqların oyanışına işarə edərək bildirdi ki, böyük İraq xalqı yüksək iradə, əzmkarlıq, izzət və mədəniyyətə malikdir: “İraqlı gənclər son illər baş verən hadisələrdə öz güclərini göstərdilər və İraqın böyük mərcə təqlidlərinin fətvası ilə İŞİD və təkfirçi qruplaşmaların böyük planlarını iflasa uğrada, ölkələrini və xalqlarını daxili müharibə yaratmaq məqsədi daşıyan beynəlxalq plandan qoruya bildilər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran və İraq xalqları canı və qəlbi bir-birinə bağlı olan iki xalqdır: “Düşmənlər iki millət arasında təfriqə salmaq üçün çox çalışdılar, amma Allahın lütfü ilə bacarmadılar, bundan sonra da bacarmayacaqlar. Çünki İran və İraq xalqlarını birləşdirən əsas amil Allah-taalaya iman, Əhli-beytə (ə) məhəbbət və İmam Hüseynə (ə) qarşı sevgidir”.

Həzrət Ayətullah Xamenei ABŞ, onun quyruqları və muzdurlarının İran xalqına qarşı olan qırx illik planı, təhdidi və sanksiyasına işarə edərək dedi: “Bütün bu məkrli planlara rəğmən, onların acığına İran İslam Respublikası zərif bir fidandan gövdəli bir ağaca çevrilmişdir. Bu ağacın meyvələri günbəgün artmaqdadır”.

O, çıxışının sonunda oradakıların ABŞ və sionist rejiminə ölüm şüarlarına işarə edərək dedi: “Allahın lütfü ilə bu şüarlar çox yaxın gələcəkdə reallaşacaq və İslam ümməti öz düşmənlərinə qalib gələcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Astani-Qüdsi-Rəzəvi kompleksinin rəhbəri Höccətül-İslam vəl-müslimin Mərvi İmam Hüseyn (ə) ərbəinindəki mökəblərin sahiblərinin bəşəriyyətin əzəmətli məşəlçiləri olduğunu dedi: “İmam Hüseynə (ə) məxsus olan əzəmətli ərbəin mərasimi xalis Məhəmmədi İslamı ilə saxta əməvi və amerikan İslamı arasındakı sərhədləri göstərir”.

Astani-Qüdsi-Rəzəvi kompleksinin rəhbəri iraqlı mokəbçilərin Müqəddəs Məşhəd şəhərindəki konfranslarına işarə edərək dedi: “Bu konfransda İraqın mokəbçiləri və mədəni fəalları ilə yanaşı, sünni, xristian, sufi və kürd mokəbçiləri də iştirak etdi”.

Bu görüşdə iraqlı mokəbçilər, xətiblər, şairlər və mədhiyyəçilərdən bir neçəsi də çıxış etdi, şeir, mərsiyə və zikri-müsibətlər oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /