Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın müzakirə təklifi İranı tərki-silah etmək məqsədi daşıyır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Məhkəmə sisteminin sədri, hakimləri və bir qrup işçisi ilə görüşdə qeyd etdi ki, “ədalət” məhkəmə orqanının əsas sütunudur. O, bu qurumun təkmilləşdirilməsi üçün yaxşı bir proqram işlənib hazırlanması istiqamətində məhkəmə sisteminin sədrinin atdığı addımdan məmnun qaldığını vurğulayaraq bu proqramın innovativ metodlar əsasında cəsarətlə və planlı şəkildə icra edilməsinin tamamilə zəruri olduğunu dedi. O, xalqın dünya hegemonları qarşısındakı təqdirəlayiq dirənişini yüksək qiymətləndirərək əlavə etdi: “Məzlum və qüdrətli İran xalqı dünyanın ən mənfur dövləti olan ABŞ-ın təzyiqləri, iftira və təhqirləri qarşısında öz məqsədlərindən dönməmişdir və izzət, rifah, inkişaf və tərəqqiyə nail olmaq üçün İnqilabın və İmamın yolunu davam etdirəcəkdir”.

Məhkəmə hakimiyyəti həftəsi münasibətilə hər kəsi təbrik edən İslam İnqilabının Rəhbəri İslam dövlətinin məhkəmə sisteminin banisi məzlum şəhid Ayətullah Behiştinin çox böyük şəxsiyyət olduğunu dedi: “Şəhid Behişti fikir və iradə sahibi, güclü, nizam-intizamlı, işgüzar, yüksək əhval ruhiyyəli bir insan və sözün həqiqi mənasında böyük bir nemət olmuşdur”.

Həzrət Ayətullah Xamenei bu sistemin əsas vəzifəsi hesab edilən ədalətin bərqərar edilməsi prinsipinə əsaslanaraq məhkəmə sisteminin mühüm əhəmiyyət daşıdığını dedi: “Məhkəmə sistemi İslam Respublikasında yeni əkilmiş bir fidan kimi günbəgün inkişaf etmiş və ayrı-ayrı dövrlərdə müxtəlif nailiyyətlərə imza atmışdır. Bu sistem müasir dövrdə də əvvəlki dövrlərlə müqayisədə yeni bir inkişaf yolu keçməlidir”.

O vurğuladı ki, müasir dövrdə məhkəmə sisteminin ən mühüm vəzifəsi İslam, Quran və konstitusiya prinsipləri çərçiəvsində islahatlar aparmaqdır: “İslahatın mənası daha effektiv və səmərəli vasitələrdən istifadə etmək, əvvəlki metodların omtimallaşdırılması, habelə nöqsanlar, boşluqlar və problemləri ortadan qaldırmaqdır”.

İslam İnqilabının Rəhbəri məhkəmə sistemində islahat aparılması üçün makro layihələşdirmə, planlaşdırılmış və tənzimləndirilmiş proqrama ehtiyac olduğunu dedi: “İslahatlarda proqramlaşdırma və planlaşdırma işin əlli faizidir. Qalan əlli faiz dinamika, fəaliyyət və əməllə bağlıdır”.

Həzrət Ayətullah Xamenei müasir dövrdə məhkəmə sistemində islahatların reallaşacağına ümidvar olduğunu dedi: “Hazırlanmış islahat sənədinin icrasına yubanmadan başlamaq lazımdır”.

O, çıxışının davamında konstitusiya ilə məhkəmə sisteminin üzərinə böyük vəzifələrin düşdüyünü və bu sistemin çox mühüm mövqeyə malik olduğunu dedi: “İqtisadiyyat və təhlükəsizlikdən beynəlxalq sferaya qədər geniş bir müstəvini əhatə edən ictimai hüquqların bərpası, ədalət və qanuni azadlıqların inkişaf etdirilməsi, cinayətkarlığın qarşısının alınması, qanunun gözəl şəkildə icrasına nəzarət bu mühüm vəzifələrdəndir. Onların icrası üçün yeni metodlara, təşəbbüskarlığa və qüdrətli insanlara ehtiyac var”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, məhkəmə sisteminin mühüm vəzifələrindən biri bu qüvvənin daxili və xaricində korrupsiyaya qarşı kəskin mübarizədir: “Məhkəmə sistemi daxilində korrupsiya ilə mübarizə prioritet məsələdir. Çünki məhkəmə sistemində hətta bir yaramaz ünsürün olması belə, şərəfli, təmiz, vicdanlı hakimlərin və ölkənin bu sahədə çalışan etibarlı işçilərinin zəhmətlərinə kölgə sala və dağıdıcı təsirlər qoya bilər”.

Həzrət Ayətullah Xamenei dedi: “Korrupsiya ilə mübarizə aparan məsul şəxsin fərdi günahı və cinayəti bir neçə dəfə ağır və bağışlanılmazdır. Buna görə də bu sahədə ciddiyyət göstərilməlidir”.

O, xüsusilə qapısı və darvazası olmayan virtual mühitdə məhkəmə sisteminə qarşı atılan iftira, ona qarşı edilən hücumlar və bu sistem haqqında deyilən xoşagəlməz sözlərə işarə edərək dedi: “Tarix boyu Əmirül-möminini, yəni ədalətin kamil simvolunu da ədalətsizlikdə ittiham etmişlər. Buna görə də dezinformasiya və iftira əzm, iradə və fəaliyyətlərə mənfi təsir göstərməməlidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ictimai rəydə məhkəmə sistemi ilə bağlı təsəvvür yaradılması çox mühümdür: “Bu məsələdə tamamilə diqqətli və ayıq olmaq lazımdır. Çünki bəzi hadisələr məhkəmə sisteminə xas olan şərəf-ləyaqət, dürüstülk və ədalət xüsusiyyətlərini insanların gözündə əksinə cilvələndirə bilər”.

O, ictimai rəydə məhkəmə sistemi üçün zəruri olan xüsusiyyətlərdən danışarkən belə dedi: “Məhkəmə sistemi insanların gözündə təyinatların verilməsi, hökmlərin çıxarılması, danışıq və davranışlarda hikmətə əsaslanmalıdır. İnsanlar bu sistemin fəaliyyətlərinin elm və mütəxəssis işinə əsaslandığını görməlidirlər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ictimai rəydə məhkəmə sisteminin təsviri üçün tamamilə zəruri olan digər iki xüsusiyyət bütün məkəmə proseslərində eşidən qulağın olması, şikayətçilərin və müttəhimlərin dinlənilməsində səbir və hövsələ göstərilməsi, habelə qətiyyət və qüdrətin olmasıdır.

Həzrət Ayətullah Xamenei dedi ki, məhkəmə işlərinə baxılmasının uzun sürməsi məhkəmə sisteminə iqtidarına zərbə vurur: “Hər hansı məhkəmə işi on il sürərsə, insanların gözündə məhkəmə sisteminin bu işi bacarmaması və baş qatma ilə məşğul olmaq kimi qiymətləndiriləcək. Buna görə də həmin işlər lazımi sürətlə yekunlaşdırılmalı və çıxarılmış hökmlər icra edilməlidir”.

İnqilabın Rəhbəri bildirdi ki, doğru davranış, danışıq, fəaliyyət və təbliğat insanların təsəvvüründə məhkəmə sistemi ilə bağlı uyğun təsəvvür formalaşdırılmasına zəmin yaradır: “Bütün qurumlar, o cümlədən teleradio şirkəti məhkəmə sisteminə kömək etməlidir”.

Məhkəmə təyinatlarında diqqətli olmağın mühüm əhəmiyyət daşıdığını deyən İnqilabın Rəhbəri Əmirül-mömininin insanların ən yaxşısının hakim təyin edilməsi ilə bağlı Malik Əştərə ünvanladığı fərmana istinad edərək dedi: “Məhkəmə rəhbərliyi və bu sistemin məsul şəxsləri bu tarixi fərmanı mütləq oxusunlar, təyinatlar və seçimlərdə Əmirül-mömininin vurğuladığı xüsusiyyətləri özlərinə meyar seçsinlər”.

İnqilabın Rəhbəri məhkəmə sisteminin məsul şəxslərinə verdiyi tövsiyələr zamanı bildirdi ki, məhkəm sisteminin zahirən quru görünən proseslərində tətbiq edilən metodlara və etikaya diqqət göstərilməsi gözəlliyə səbəb olur.

O əlavə etdi: “Bütün məhkəmə proseslərində bütün müraciətçilərlə yaxşı davranın, hövsələli və səbirli olun, əfv və güzəşti tövsiyə edərək arbitrajın bərpa edilməsi, ixtilafların həlli şuralarından düzgün istifadə edilməsi kimi metodlara əhəmiyyət verin”.

Həzrət Ayətullah Xamenei günün aktual məsələlərinə də toxunaraq dedi: “Bu günlərdə xarici media ekspertlərə istinad edərək İran xalqının təzyiq, təhdid və sanksiyalarla dizə çökdürülməyəcəyini tez-tez etiraf edirlər. Təbii ki, bu reallıq son ayların hadisələri yox, İran xalqının qırx illik müqaviməti, izzəti, əzəməti və iqtidarının nəticəsidir”.

O bildirdi ki, İnqilabın qələbəsi xalqın zillət və xarlıq ləkəsindən azad olma nöqtəsidir: “Son qırx ildə İran kimliyi ilə İslama xas olan xüsusiyyətlərin bir-birinə çulğalaşması dünya hegemonlarının təzyiqlərinin xalq hərəkatının gedişatına təsir göstərə bilməməsinə səbəb olmuşdur”.

İnqilabın Rəhbəri qeyd etdi ki, 22 Bəhmən, Beynəlxalq Qüds Günü yürüşlərindəki davamlı iştirakı, habelə müxtəlif seçki proselərindəki iştirakı xalqın təqdirəlayiq əzm və iradəsini göstərir: “Bu ilin sonlarında da seçkilərimiz var. Fikrimizcə, bəzilərinin provakasiyalarına baxmayaraq, xalq o seçkilərdə də istək və həvəslə iştirak edərək öz böyüklüyünü göstərəcək”.

Həzrət Ayətullah Xamenei dünyanın ən mənfur ölkəsi olan ABŞ-ın ittihamları, təhqirləri və söyüşlərinə işarə edərək dedi: “Dövlətlərin və xalqların müharibə, təfriqə, qarət və talan faktoru olan ən mənfur və xəbis dünya dövləti şərafətli İran xalqına hər gün söyüş və ittihamlar yağdırır. Amma İran xalqı ABŞ-ın bu çirkin əməlləri qarşısında yerindən tərpənmir və geri çəkilmir”.

O qeyd etdi ki, ABŞ-ın sanksiyaları İran xalqına qarşı aşkar bir zülmdür: “Məzlum, eyni zamanda qüdrətli İran xalqı Allahın köməkliyi ilə dağ kimi dayanır, öz gücü ilə hərəkətinə davam edir və qarşıya qoyduğu bütün məqsədlərə nail olur”.

İnqilabın Rəhbəri bildirdi ki, İslam dövlətinin bütün məkirli planlara, o cümlədən ABŞ-ın müharibə, fitnə, nüfuz, terror tərikləri və digər mənfur addımlarına qalib gəlməsi Allahın bu xalqa aşkar yardımını göstərir: “İran xalqının qüdrətinin əsas hissəsi ilahi yardımlara dərin etiqada əsaslanırr”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın müzakirə təklifinin bir hiylə olduğunu dedi: “Düşmən təzyiq vasitəsilə məqsədinə çatmadıqda İran xalqının sadəlövh olduğunu düşünərək müzakirə təklifi irəli sürür və İranın inkişaf etməli olduğunu deyir. Təbii ki, İran xalqı mütləq inkişaf edəcək, ancaq sizsiz - bir şərtlə ki, siz yaxın durmayasınız”.

O, Pəhləvi rejimi vaxtı hər şeyin ABŞ və İngiltərənin əlində olduğunu dedi: “Siz o uğursuz dövrdə İran xalqının gerilik faktoru olmusunuz. İndi də sizin varlığınız İranın yalnız geriləməsi və inkişafdan qalması ilə nəticələnəcək”.

İnqilabın Rəhbəri vurğuladı ki, ABŞ-ın müzakirə təklifinin əsas məqsədi xalqı tərki-silah etmək və İranın iqtidar amillərini sıradan çıxarmaqdır: “Amerikalılar İran xalqının güc amillərindən qorxduqları üçün irəli gəlməyə qorxurlar. Buna görə də İranın başına istədikləri bəlanı gətirmək üçün müzakirə yolu ilə bu silahı və güc amilini İranın əlindən almaq istəyirlər”.

O əlavə etdi: “Əgər müzakirələrdə onun sözünü qəbul etsən, xalq məhv olacaq, əgər qəbul etməsən, siyasi dezinformasiyalar, təbliğatlar və təzyiqlər olduğu kimi davam edəcək”.

Həzrət Ayətullah Xamenei amerikalıların insan hüquqları vasitələrindən sui-istifadə etdiklərinə işaər edərək dedi: “Siz 300 günahsız müsafiri göydəcə öldürürsünüz, səudiyyəlilərin yardımı ilə Yəməndə təkrar-təkrar cinayətlər törədirsiniz, sonra da durub insan hüquqlarından dəm vurursunuz”.

İnqilabın Rəhbəri çıxışının sonunda vurğuladı: “İran xalqı İslam, İnqilab və İmamın çəkdiyi yolu davam etdirərək özünün qiymətli məqsədlərini, yəni izzət, maddi rifah, elm sahəsində qabaqcıllıq, sosial asayiş və əmin-amanlıq sahəsi ilə bağlı məqsədlərini reallaşdıracaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Höccətül-İslam vəl-müslimin Rəisi Şəhid Ayətullah Behiştinin xatirəsini əziz tutaraq keçən dövrlər ərzində məhkəmə sisemində həyata keçirilmiş fəaliyyətləri yüksək qiymətləndirdi: “Rəhbər, bütün xalq və məhkəmə sisteminin işçilərinin istəyi ilə məhkəmə orqanında islahat aparılması zəruridir”.

Məhkəmə sisteminin sədri hakimlər və məhkəmə işçilərinin bu qurumla bağlı planlaşdırılmış islahatlara hazır olduqlarını dedi: “Biz məhkəmə sistemində cinayətkar insanların azaldılması, müraciət sənədlərinin azaldılması, məhkəmə sisteminin islah edilməsi və istintaq prosesinə mane olan amillərin aradan qaldırılmasına çalışırıq”.

Höccətül-İslam vəl-müslimin Rəisi dedi: “Məhkəmə sistemi, qanunun düzgün icra edilməsinə nəzarət, işlərin gözəl şəkildə icra edilməsinə nəzarət vəzifəsi daşıyır. Bu orqan ictimai hüquqlar məsələsində ciddi bir tələbkar kimi fəaliyyət göstərəcək”.

Məhkəmə sisteminin sədri korrupsiya, xüsusilə ikinci addım çərçivəsində iqtisadi korrupsiyaya qarşı mübarizə sahələrində fəallığın artmasından söz açaraq dedi: “Biz bütün dövlət qurumları ilə əməkdaşlıq etmək, bir-birimizə qarşılıqlı yardım göstərmək, ədalətli qərar çıxarmaqla qanun, insanların hüquqları və beytül-mala təcavüz edənləri öz yerlərində oturtmaq vəzifəsi daşıyırıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /