Təkallahlı bəndələrin bayramı olan Mübarək Fitr bayramı günü İran İslam dövlətinin mömin əhalisi bir aylıq orucluğun və Allaha-taalaya ibadətin şükrünü yerinə yetirmək üçün namaza durdu və Kərim olan Allahdan ən yaxşı arzularını dilədi. Bu iman və eşq dolu izdihamın mərkəzi Tehran şəhərinin İmam Xomeyni (r.ə) adına müsəllası idi. Sözlə ifadə edilməsi mümkün olmayan əzəmətli bayram namazı İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə qılındı.
Həzrət Ayətullah Xamenei bayram namazının birinci xütbəsində İslam ümmətini və İran xalqını bu böyük bayram münasibətilə təbrik etdikdən sonra 1342-ci il 15 xordad faciəsinin şəhidlərinin pak ruhuna salam göndərdi və Allahdan İran xalqının şəhidlərin şərəfli yolunda sabitqədəm olmasını dilədi.
İslam İnqilabının Rəhbəri böyük “Qüds günü” yürüşündə əzəmətli iştirakına görə İran xalqına səmimi qəlbdən təşəkkür etdi: “Xalqın bu böyük hərəkatdakı güclü və qətiyyətli iştirakının İran xalqının düşmənlərinin iradəsi və beynəlxalq siyasətlərinə çox böyük təsiri var; onların hesablamalarını darmadağın edir”.
Mübarək Ramazan ayının İlahi rəhmət və bərəkətlər, qəlblərin təmizləndiyi və imanın aşkara çıxdığı bir ay olduğunu deyən Ali Rəhbər imtahanlar ərəfəsinə təsadüf etməsinə baxmayaraq, isti günlərdə oruc tutmaqla Allahın əmrinə itaət edən gənclər və yeniyetmələrdən danışaraq dedi: “Bu səhnələr gənc nəsillərin imanı və mənəviyyatının artmaqda olduğunu göstərir”.
Həzrət Ayətullah Xamenei xalqın Quran-Kərimin qiraəti məclisləri, maarifləndirici və bəsirət dolu vəz məclislərindəki əzamətli və yüksək əhval-ruhiyyəli iştirakının, Mübarək Ramazan ayının səhərlərində axıdılan göz yaşlarının Allahın böyük nemətləri olduğunu dedi: “Gənclər və yeniyetmələrin pak qəlbindən qalxan bu mənəvi xəzinələr ölkənin gələcəyini bərəkətli edəcək”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, xalqın Qədir gecələrindəki əzəmətli iştirakı bəndəçiliyin mühüm və ibrətamiz cilvələrindən biridir: “Qədir gecələrində cəmiyyətin ayır-ayrı təbəqələrinin mənsubları müxtəlif geyimləri, üslub və davranışları ilə bir damın altına toplaşdı və Allaha yalvararaq göz yaşları tökdülər. Bu fürsətlərin qədrini bilmək lazımdır”.
Həzrət Ayətullah Xamenei bayram namazının ikinci xütbəsində mübarək İslam adətlərinin bəzisinə, o cümlədən ölkə əhalisinin qarşılıqlı yardımlaşma ənənəsinin daha da genişlənməsinə və Mübarək Ramazan ayında daha da geniş vüsət almasına işarə edərək dedi: “Yardım göstərmək məqsədilə insanların məscidlər, hüseyniyələr və ümumi məkanlarda sadə iftar süfrələrinin təşkilinə daha böyük maraq göstərməsi, habelə selə məruz qalmış insanlara göstərilən Ramazan yardımları xalq səviyyəsində həyata keçirilən gözəl tədbirlərdəndir”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, xalqın hər bir fərdi, habelə məsul şəxslər daşqınlardan əziyyət çəkmiş insanları yaddan çıxarmasınlar: “Lazımlı və təxirəsalınmaz işlərdən biri daşqınlara məruz qalmış insanların problemləridir. Məsul şəxslər onların, xüsusilə havası dözülməz dərəcədə isti keçən Xuzistan kimi regionların əhalisinin problemləri ilə ciddi məşğul olmalı və həmin problemləri həll etməlidirlər”.
O, çıxışının davamında Fələstin məsələsindən, ABŞ-ın “Əsrin müqaviləsi” adlı xain planından söz açaraq onun İslam dünyasının bir nömrəli problemlərindən olduğunu dedi: “Bəhreyn və Ərəbistan kimi bəzi İslam ölkələrinin xəyanəti belə bir mənfur plan üçün zəmin yaratmışdır”.
Həzrət Ayətullah Xamenei Bəhreynin “Əsrin müqaviləsi” adlı layihə ilə bağlı təşkil edilmiş iqtisadi sammitə ev sahibliyi etdiyini qeyd edərək dedi: “Bu sammit amerikalılara aiddir. Ancaq Bəhreyn rəhbərliyi öz zəiflikləri, acizlikləri, xalq və İslam əleyhinə olan ruhiyyələri ilə bu sammitə ev sahibliyi etdi. Bəhreyn və Səudiyyə rəhbərləri hansı bataqlığıa ayaq basdıqlarını bilməlidirlər”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, “Əsrin müqaviləsi” adlı layihə heç vaxt yekun nəticəyə nail olmayacaq. O bu layihəyə qarşı olduqlarını elan etmiş ərəb ölkələrinə, habelə fələstinli qruplara təşəkkür etdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir