Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın istəyinin əksinə olaraq möhkəm əlaqələrimiz olmalıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Ermənistanın baş naziri cənab Nikol Paşinyanla görüşdə İran və Ermənistanın tarixi əlaqələrə malik olan yaxşı qonşular olduğunu dedi və iqtisadi əməkdaşlıqların artırılmasının zəruri olduğunu vurğuladı: “Amerikalıların istəyinin əksinə olaraq İran və Ermənistanın münasibətləri möhkəm, davamlı və dostcasına olmalıdır”.

Həzrət Ayətullah Xamenei iranlıların öz erməni həmvətənləri ilə çox yaxşı münasibətdə olduqlarına və onların Müqəddəs Müdafiə dövründəki fədakarlıqlarına işarə edərək dedi: “Mən bu şəhidlərin Tehrandakı evlərinə baş çəkmişəm. Çünki biz məcburi müharibənin erməni şəhidlərini İranın iftixarlarından hesab edirik”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, sıxlaşmaqda olan dostluq və əməkdaşlıq əlaqələri vəzifədir, eyni zamanda İran və Ermənistanın ortaq maraqlarına xidmət edir: “Təbii ki, amerikalılara qətiyyən güvənmək olmaz. Onlar hər yerdə fitnə-fəsad, ixtilaf və müharibə olmasını istəyirlər, İran və Ermənistanın əlaqələrinə, habelə xalqların maraqlarına qarşıdırlar. Lakin biz bunun əksinə olaraq əməkdaşlığımızı və əlaqələrimizi gücləndirmək vəzifəsi daşıyırıq”.

O, tarix boyu İranla Ermənistan arasında isti və səmimi münasibətlər olduğunu qeyd edərək dedi: “İranla Ermənistanın bir-biri ilə heç vaxt problemi olmamışdır. Biz İslam təlimlərinə əsasən qonşularımızla yaxşı davranmaq vəzifəsi daşıyırıq. Təbii ki, Con Bolton kimi ABŞ rəsmiləri bu cür məsələləri və insani münasibətləri heç cür anlamaz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İran və Ermənistanın iqtisadi əməkdaşlıqlarının səviyyəsi iki ölkənin potensiallarından çox aşağadır: “Bu səfər zamanı imzalanmış müqavilə və sazişlər ciddi şəkildə nəzarətə götürülməlidir”.

İslam İnqilabının Rəhbəri habelə qeyd etdi ki, Qarabağ probleminin həlli Ermənistan və Azərbaycan tərəflərinin müzakirələrinin davamlılığından asılıdır. O, İran İslam Respublikasının bu problemin həllinə köməklik göstərməyə hazır olduğunu elan etdi.

Prezident cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Ermənistanın baş naziri cənab Paşinyan Tehran səfərində aparılmış danışıqlar və əldə edilmiş razılıqların konstruktiv və ümidverici olduğunu dedi və bu sazişlərin hər iki tərəfin ciddi səy və fəaliyyəti ilə əməl müstəvisinə keçəcəyinə ümidvar olduğunu bildirdi.

Ermənistanın baş naziri bildirdi ki, iki ölkə arasındakı dost münasibətlərinin tarixi əlaqələrin genişlənməsi üçün faydalıdır: “Ermənistan İrana qarşı atılan hər hansı addımda heç vaxt iştirak etməmiş və etməyəcəkdir. Biz İranla olan əlaqələrin daha da yaxşılaşdırılmasının xalqımız və ölkəmizin xeyrinə olduğunu bilirik”.

İranda yaşayan ermənilərin həyat şəraitinin yaxşı olduğundan məmnun qaldığını və buna görə təşəkkürünü bildirən cənab Paşinyan İslam İnqilabının Rəhbərinə xitab edərək dedi: “Əminəm ki, zat alilərinin yaxşı və çox böyük təcrübəsi, habelə İran İslam Respublikasının regiondakı mühüm rolu sayəsində iki ölkə arasındakı əməkdaşlıqlar əvvəlkindən daha çox olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /