Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkənin məsul şəxsləri Avropanın hiyləsindən ehtiyatlı olsunlar

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü. Görüş zamanı bu ilin 22 bəhmən yürüşündəki böyük və ayıq iştirakına görə İran xalqına səmimi təşəkkürünü bildirən Ali Rəhbər İslam Respublikasının ən yaxşı mövqedə, başda ABŞ olmaqla imperialist cəbhəsinin isə ən zəif şəraitdə olduğunu dedi: “Xalq, xüsusilə gənclər, habelə məsul şəxslər ölkənin problemlərini həll etmək məqsədi ilə vaxtı düzgün qiymətləndirməli və vaxtında hərəkət edərək zəngin imkanlardan istifadə etməlidirlər”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində bu ilin böyük 22 bəhmən yürüşünə işarə edərək dedi: “Mən bir neçə gün əvvəl verdiyim bəyanatda İran xalqına təşəkkürümü bildirdim. Amma o təşəkkür İran xalqının layiq olduğundan daha kiçik və daha azdır. Çünki xalq bu ilki 22 bəhmən yürüşündə böyük bir iş gördü”.

O, xalqın 22 bəhmən yürüşündəki izdihamlı və irimiqyaslı iştirakını qeyd edərək vurğuladı: “Məlumatlar və qiymətləndirmələr göstərir ki, ölkənin əksər şəhərlərində əhalinin iştirakı əvvəlki illərlə müqayisədə daha çox və sıx olmuşdur. Buna görə bütün varlığımla xalqa təşəkkür edirəm”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Düşmən öz təbliğatlarında bu iştirakı ört-basdır etməyə və ya kiçik göstərməyə çalışsa da, bu həqiqəti görür və xalqın əzəmətli iştirakının fərqinə varır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, hansı ölkənin əhalisinin meydanda bu cür iştirakı olarsa, düşmənin hiyləsindən və ziyanından xilas olar: “Xalqın 22 bəhmən yürüşündəki irimiqyaslı yürüşü, əslində, siyasi, təhlükəsizlik, inqilabçı, ayıq və məzmunlu bir yürüş idi. Xalq yürüşdə imperializm, hiyləgərlik, təcavüzkarlıq, xalqların hüquqlarına təcavüz edilməsinə ölüm mənası ifadə edən “Amerikaya ölüm!” şüarını səsləndirdi”.

O əlavə etdi: “Allaha şükür etmək lazımdır. Çünki insanların qəlbi Onun əlindədir. Əslində, insanları küçələrə çıxaran məhz Allah-taala olmuşdur”.

İslam İnqilabının Rəhbəri öz zəiflikliklərini daim xalqın böynuna atan və İnqilabın zəiflədiyini iddia edən bəzi zəif və passiv insanlara işarə edərək dedi: “Xalq 22 bəhmən günü küçə və yollarda gördüklərinizdir. Allah öz kimliyini və dövlətini ayıqlıqla müdafiə edən bu xalqa qarşı lütfkarlığını göstərəcəkdir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında bir qrup təhlükəsizlik və sərhəd keşikçisinin şəhid olmasından danışaraq dedi: “Bu şəhadətlər bizi ayıltmalıdır. Biz bilməliyik ki, dövlətin təhhlükəsizliyi ölkənin ən yaxşı gənclərinin qanı bahasına başa gəlib və hər kəs bu fədakarlıqların qədrini bilməlidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, dövlətin təhlükəsizliyi, 22 bəhmən kimi böyük yürüş mərasimlərinin təhlükəsizliyi və dövlətin milli qüruru ordu və polis qüvvələrindəki təhlükəsizlik keşikçilərinin fədakarlığına borcludur.

Həzrət Ayətullah Xamenei habelə təhlükəsizliyin keşiyində durmuş şəhidlərin dəfn mərasimində izdihamlı və heyrətamiz işirakına görə şəhid yetişdirən İsfahan əhalisini də yüksək qiymətləndirərək vurğuladı: “İsfahan əhalisi daim İslam İnqilabı və hərəkatının öndə gedənlərindən olmuş və indi də belədir”.

O, çıxışının davamında Təbriz əhalisinin 29 bəhmən 1356-cı il tarixli qiyamını həqiqi “Yövmullah” (Allahın günü) adlandıraraq Təbriz və Azərbaycan əhalisinin mühüm inqilab hadisələrindəki öndərliyi, ayıqlığı və inqilabçı fəaliyyətindən danışdı: “Bu xalq qiyamının iki mühüm xüsusiyyəti var idi: 1. Vaxt və zamanı tanımaq; 2. Vaxtında addım atmaq”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, Azərbaycan əhalisi İnqilabın ikinci addımında da əvvəlki mərhələlərdə olduğu kimi, öndər və qabaqcıl olmalıdır: “Bu gün İslam Respublikası fürsət və mövqe, hərəkət və fəaliyyətin zamanı baxımından ən yaxşı şəraitdə qərarlaşmışdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu gün hökumətin, hökumət rəhbərlərinin, xalqın, xüsusilə gənclərin iş və hərəkət günüdür. Ölkənin istifadəsiz qalmış zəngin və geniş potensialları öyrənilməli və istifadə edilməlidir”.

O bildirdi ki, ölkənin potensiallarından isitfadə etmək üçün gənclərin ixtiyari mübarizə hərəkətinə ehtiyac var: “Mömin və inqilabçı gənclərdən ibarət qruplar mümkün olan hər şeyi ölkənin qanunları və maraqları çərçivəsində həyata keçirməli və kimdənsə nə isə gözləməməlidirlər”.

İslam İnqilabının Rəhbəri düşmənin, yəni başda təcavüzkar ABŞ rejimi olmaqla imperializm cəbhəsinin mövqeyinin zəiflədiyinə işarə edərək dedi: “Biz özümüzü sadəlövhlüyə vurub, düşməni diqqətdən kənarda qoya bilmərik. Ancaq gerçəklər göstərir ki, düşmən ciddi şəkildə daxili və xarici problemlərlə üzləşmişdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, sosial problemlər, gənclərin məyusluğu və depresiyası, qətl və cinayətlərin statistikasının artması, narkotik maddələrin istifadəsi və aludəçiliyinin artması, ABŞ rəhbərləri arasında gərginlik və əcaib-qəraib borclarABŞ-ın problemlərinin bir hissəsidir: “Bütün bunlar ABŞ-ın daxili və rəsmi statistika və məlumatlarına əsaslanır. Həmin problem və çətinliklər səbəbindən Suriya, İraq və Əfqanıstanda hazırkı vəziyyətdə düşüblər. Buna görə də çox əsəbidirlər”.

O, uğursuz Varşava toplantısına işarə edərək dedi: “ABŞ-ın ağıldan kəm dövlət rəhbərləri bəzi həmkar dövlətlərini, habelə zəif və qorxaq dövlətləri İrana qarşı qərar qəbul etmək üçün Varşava toplantısına dəvət etdi. Ancaq bu toplantı heç bir nəticə vermədi. Bütün bunlar zəifliyin göstəricisidir. Zəif vəziyyətində əsəbləşən düşmən mübahisə və həyasızlığa başlayır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Zəiflikdən irəli gələn bu mübahisələr filan məsul şəxsin ürəyini titrətməməli və ya filan gəncin səhvə yol verməsinə səbəb olmamalıdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu inqilab zəif bir fidan olduğu o dövrdə bütün düşmənlər birləşsə də, bir iş görə bilmədilər. Buna görə də həmin fidanın iri gövdəli bir ağaca çevrildiyi bir vaxtda heç nə edə bilməzlər”.

O, Həzrət Zeynəbin (s.ə) Yezidin sarayındakı çıxışını xatrladaraq dedi: “Bu gün də biz düşmənə deyirik, hər nə bacarırsansa, et, ancaq bil ki, heç nə edə bilməzsən”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, iflasa uğramış Varşava toplantısı, üzdə müsəlman görünən müsəlman ölkə rəhbərlərinin sionist rejimlə yoldaşlığı və ABŞ-la əməkdaşlığı onların rüsvyaçılığına səbəb oldu: “Bu adamların heç öz xalqlarının arasında da hörmətləri yoxdur”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının qırx illik sevincindən, daha irəliyə doğru hərəkət etmək üçün lazım olan hazırlıq və gücün olmasından danışaraq dedi: “Bahalıq, riyalın qiymətinin düşməsi və daxili istehsal problemlərindən asılı olmayaraq, ölkənin bütün problemləri həll edilə biləndir, sadəcə, məsul şəxslərin səbr, tədbir, birlik və cddiliyinə ehtiyac var”.

O, ölkənin imkan və potensiallarının zənginliyi, düşmənin zəifliyi və fürsətlərdən istifadə edilməsinin zəruriliyini bir daha vurğulayaraq gənclərə səsləndi: “Siz əziz gənclər ölkəni irəli aparan mühərriksiniz, özünüzü ruhi, mənəvi, əxlaqi, elmi, idarəçilik və təşkilatçılıq bacarığı baxımından hazırlayın və ölkə idaərçiliyini ələ alın. Təbii ki, yaşlıların da təcrübəsindən istifadə etməlisiniz”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ölkənin gələcəyi gənclərə məxsusdur: “Gənclər ölkəni zirvəyə çatdıra bilərlər. Buna görə də əməldə və qətiyyətlilikdəki hazırlıqlarını göstərməlidirlər”.

Həzrət Ayətullah Xamenei məsul şəxslərə də bir tövsiyə verdi: “Düşməni yaxşı tanıyın, ehtiyatlı olun ki, ona aldanmayasınız – istər o, yumruğunu göstərib, dişini qıcıdanda, istərsə də təbəssüm edəndə”.

O əlavə etdi: “Bilin ki, düşmənlərin ürəyi dillərinə gətirdikləri sözlərdən çox İslama, müsəlmanlara və İran İslam Respublikasına qarşı qəzəb və kin-küdurətlə doludur. Buna görə də düşmənin hiyləsinə aldanmaq olmaz”.

İslam İnqilabının Rəhbəri qərblilərin davranışı və fəaliyyətlərinin, sözün əsl mənasında, hiyləgərlik olduğunu dedi: “Amerikalılarla məsələ məlumdur. Çünki qılıncı üzdən bağlayıblar. Ancaq avropalılardan ehtiyatlı olmaq lazımdır. Çünki onlar da hiyləgərcəsinə davranırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən məsul şəxslərə və hökumət rəhbərlərinə demirəm, nə etsinlər. Ancaq oturmalı, düşünməli və elə etməlidirlər ki, onların hiyləsinə aldanmasınlar və elə iş görsünlər ki, özlərini və xalqı çətinliyə salmamaq ümidləri olsun”.

O, məsul şəxslərə səslənərək dedi: “Düşməndən də qorxmayın. Bilin ki, Allahın əli bütün əllərdən yuxarıdadır, Allah, Onun dininə yardım edənlərə yardım edir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda şəhidlərə ehtiram göstərilməsi və şəhid ailələrinin əziz tutulmasının yaxşı və əsas işlərdən olduğunu dedi: “Şəhidlər və onların ailələrinin adı, etibarı və mövqeləri gündən günə daha da ucaldılmalıdır. Çünki şəhidlər İnqilabın hərəkət yolunun əlamətləridir”.

Həzrət Ayətullah Xamenei İmam və şəhidlərin xatirəsini əziz tutaraq dedi: “Allahın lütfü ilə əziz gənclər bir gün bizim qarşıya qoyduğumuz hər şeyin gerçəkləşəcəyini görəcəklər”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin imam cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim Təbriz əhalisinin 29 bəhmən1356-cı il tarixli böyük qiyamının üç böyük dərsinin bunlardan ibarət olduğunu dedi: vaxtında hərəkət, təcavüzkardan qorxmazlıq və inqilabçıların birliyi.

Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi fəal və öhdəliyi olan gənclərin inkişaf üçün mühüm bir məziyyət olduğunu dedi: “Şərqi Azərbaycan əyalətinin qeyrətli əhalisi İnqilabın ikinci addım stretagiyası ilə bağlı bəyanatı həyata keçirmək istiqamətində öndə gedəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /