İslam Təbliğatı İdarəsinin məsul şəxsləri ilə görüşdə gənclər, tələbələr və mədəni təsiri olan qrupların suallarının cavablandırılması və onların intellektual tələbatlarının təmin edilməsinin bu idarənin mühüm bir vəzifəsi olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei virtual məkanda axın yaradılması və təbliğat sahəsinin çatışmazlıqlarının öyrənilməsində iştirakla bağlı tövsiyələr verdi.
Həzrət Ayətullah Xamenei İslam Təbliğatı İdarəsinin göstərdiyi xidmətləri yüksək qiymətləndirərək bu idarədə dini intellekt və modern düşüncənin olmasının bir qənimət olduğunu dedi: “İndi inqilab, iş və sıçrayış fəaliyyətləri zamanıdır. Qumun yeni strategiyalara və bu cür baxışlara əvvəlkindən daha çox ehtiyacı var”.
O bildirdi ki, İslam Təbliğatı İdarəsi çoxsaylı məcmuələrə malik olan canlı bir mərkəzdir: “Təbliğat idarəsinin ölkənin təsir gücü olan komplekslər arasında yeri var. Bu idarə mədəni təsiri olan kompleksləri öyrənməklə və onların dini suallarına cavab verməklə həmin komplekslərin intellektual zənginliyini artırmalıdır”.
İnqilabın Rəhbəri mədəniyyət və incəsənət işçilərinin qabartdıqları müxtəlif dini suallara işarə edərək dedi: “Bu suallara cavab vermək və qaranlıq məqamlara aydınlıq gətirmək Teoloji Mərkəzin və İslam Təbliğatı İdarəsi kimi qurumların vəzifəsidir”.
O, təbliğat idarəsinə Qum Elmi-Teoloji Mərkəzinin diqqətdən kənarda qalan işlərinə diqqət ayrılması, həmin işlərin prioritetə çevrilməsi və virtual məkanda təbliğat fəaliyyətlərinin aparılması ilə bağlı tövsiyə verdi: “Müxtəlif qurumlar virtual fəaliyyətlə məşğuldur. Ancaq bu məkanda iştirak axın yaradan bir fəaliyyət olmalıdır. Yeri gəlmişkən, mədəni təsiri olan qrupların öyrənilməsi, onlarla əlaqə yaradılması, onların suallarına və intellektual ipuclarına cavab tapılmasının ən yaxşı yolu virtual məkandan istifadədir”.
Həzrət Ayətullah Xamenei habelə qeyd etdi ki, gənclər və tələbələrin intellektualn şübhələrinə cavab verilməsini ehtiva edən kitabların yazılması və nəşri də zəruridir.
İslama yardımçı olan biliklərin kompilyasiyası, təbliğat işində digər aktiv qurumlarla şəbəkə yaradılması və qarşılıqlı əlaqə, təbliğin pataloji cəhətlərinin öyrənilməsi İslam İnqilabı Rəhbərinin bu görüşdə səsləndirdiyi tövsiyələrdən oldu.
O, təbliğat fəaliyyətlərində mühüm halqa hesab edilən təbliğin təsiri və əks reaksiyasından söz açaraq dedi: “Təbliğatçılar və təbliğat qruplarının şəhərlərə və kəndlərə sırf gedib-gəlməsi və onların gözəl nitq qabiliyyətinə malik olması kifayət etmir. Təbliğatçılar elə təlimatlandırılmalıdrlar ki, təbliğat dövrü başa çatdıqdan sonra da istedadlı gənclərlə öz intellektual əlaqə və mübadilələrini davam etdirə və bir neçə il ərzində həmin gəncləri öz regionlarında din təbliğatçılarına çevirə bilsinlər”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, problem və müəmmaların həllində Qum Elmi-Teoloji Mərkəzdən gözləntilər böyükdür: “Keçmişdə Qumdan belə bir gözlənti yox idi. Elmi-Teoloji Mərkəz başını aşağı salıb öz işi ilə məşğul idi. Ancaq bu gün dini problemlərin və müəmmaların həlli isitqamətində Qum Elmi-Teoloji Mərkəzdən belə bir gözlənti var”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İslam Təbliğatı Mərkəzinin rəhbəri Höccətül-İslam Vaizi və İslam Təbliğatı İdarəsinin Himayəçilər Heyətinin sədri Höccətül-İslam Cəfəri bu idarənin fəaliyyətləri və proqramları haqqında məlumat verdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir