İslam İnqilabının Ali Rəhbəri rəhmət və hidayət peyğəmbəri Həzrət Məhəmməd (s) və Həzrət İmam Sadiqin (ə) mübarək mövlud ildönümü münasibəti ilə bu gün səhər hökumət rəsmiləri, XXXII İslam Vəhdət Konfransının iştirakçıları, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanlarla görüşdü.
Həzrət Ayətullah Xamenei bu görüşdə bildirdi ki, bəşəriyyətin yeganə xilas və səadət yolu İslam dini və Quran nuruna tabe olmaqdan keçir.
Müsəlman xalqalarının müqavimət ruhiyyəsi və İslam oyanışının günbəgün artmaqda olduğunu, ABŞ və müttəfiqlərinin bu mübarək hadisədən qorxuya düşdüyünü vurğulayan Ali Rəhbər dedi: “İslam İnqilabı bir nümunə kimi İran xalqının qırx illik müqaviməti sayəsində bu gün pak və gövdəli bir ağaca çevrilmişdir. ABŞ və sionist rejiminin təhdidləri və mənfur fəaliyyətlərinin keçmişdə olduğu kimi, heç bir təsiri olmayacaq və mütləq, iflasa uğrayacaqdır”.
Çıxışının əvvəlində rəhmət peyğəmbəri Həzrət Məhəmməd (s) və Həzrət İmam Sadiqin (ə) mövlud ildönümü münasibəti ilə hər kəsi təbrik edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam peyğəmbəri (s) parlaq bir günəşdir. Allah-taala onu cəhalət və cahiliyyət hiyləgərliyi dövründə bəşəriyyətə bəxş etdi və o həzrət səmavi İslam dini və nurlu Quran kitabı ilə bəşəriyyətin nicatı və xilasına zəmin yaratdı.
İslam İnqilabının Rəhbəri bildirdi ki, bəşəriyyətin İslam peyğəmbərinin (s) rəhməti, hiadəyəti və nuruna daim ehtiyacı var: “İnsanlar bu gün də güclərin mövcudluğu, onların cinayətkar davranışlarından qaynaqlanan zülm, cəhalət, hiylə və ədalətsizlik nəticəsində müxtəlif problemlər və çətinliklərə məruz qalmışdır. Bu əzablardan xilas olmağın yeganə yolu İslamın qiymətli peyğəmbərinin dəvətini qəbul etməkdən, İslam və Quranın hidayəti yolunda hərəkət etməkdən keçir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, regionda müqavimət cərəyanı və İslam oyanışı ruhiyyəsinin inkişafı bir nümunə kimi İslam və Quranın hidayəti yolunda hərəkətin nəticəsidir: “Başda böyük şeytan və cinayətkar ABŞ olmaqla dünyanın bütün imperialistlərinin Qərbi Asiyaya qarşı həssas olmasının səbəbi region xalqlarının İslama meyllənmə ruhiyyəsi və İslam oyanışdır”.
O, güclərin İslam xalqlarının oyanışından qorxduğunu vurğulayaraq dedi: “İslamın insanların qəlbinə və ruhuna hakim kəsildiyi hər yerdə imperializm sillə zərbəsi almışdır və həqiqətən, inanırıq ki, imperializm bu regionda bir daha İslam oyanışından sillə zərbəsi alacaq”.
İslam İnqilabının Rəhbəri din alimləri və ziyalılara səslənərək dedi: “Bacardığınız qədər regionda İslam oyanışını və müqaviməti gücləndirin. Çünki regionun yeganə xilas yolu bu təfəkkür və ruhiyyənin inkişaf etdirilməsindən keçir”.
Həzrət Ayətullah Xamenei habelə bəzi İslam ölkələrinin rəhbərlərinə səslənərək dedi: “Bizim sizə nəsihətimiz budur ki, İslam rəhbərliyinə qayıdın və Allahın rəhbərliyi altına keçin. Çünki ABŞ və təcavüzkarların rəhbərliyinin sizə heç bir faydası olmayacaq”.
O, İslam və Qurana tabe olmaq əvəzinə ABŞ-a tabe olan bəzi region dövlətlərinə işarə edərək dedi: “ABŞ öz imperialist təbiətinə əsasən, bu ölkələri təhqir edir. Hər kəs şahid olduğu kimi, ABŞ-ın boşboğaz prezidenti Səudiyyə rəhbərlərini sağmal inəyə bənzətdi”.
İslam İnqilabının Rəhbəri bu cür həqarətlərin Ərəbistan xalqın və regionun müsəlman xalqlarına qarşı bir təhqir olduğunu dedi: “Bəzi İlsam rəhbərləri Fələstin və Yəmənlə bağlı iki xəyanətkar fəaliyyətdə ABŞ-ın yanında yer alıblar. Ancaq qələbə mütləq, Fələstin və Yəmən xalqlarınındır. ABŞ və kölələri bu hadisədə məğlubiyyətə uğrayacaq”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ABŞ və sionist rejimin regiondakı gücü əvvəlki ilə müqayisədə tədricən zəifləmişdir: “Sionist rejim bir neçə il bundan əvvəl 33 günlük mübarizədən sonra Livan Hizbullahı qarşısında məğlub oldu, iki il sonra fələstinlilər qarşısında cəmi 22 gün davam gətirdilər. Bu müddət növbəti Qəzza müharibəsində 8 günə endi və ötən həftə Fələstinin müqaviməti qarşısında iki gündən sonra məğlub oldu. Bu faktlar sionist rejiminin gündən-günə zəiflədiyini göstərir”.
O, Allaha təvəkkül edərək güclərə qarşı müqavimət göstərən xalqlara yardım ediləcəyini ehtiva edən dəyişməz ilahi qanuna işarə edərək dedi: “Yəməndə də Ali Səud, tərəfdarları və himayədarları olan ABŞ-ın bütün cinayətləri və səbəb olduqları çətinliklərə baxmayaraq, qələbə mütləq, Yəmən xalqı və Ənsarullahla olacaq”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Fələstin xalqının qələbəsi ilahi qanuna əsasən mütləqdir: “ABŞ və müttəfiqlərinin narahatlıqları, onların boşboğazlığı, cinayətkar və zülmkar fəaliyyətlərinin əsas səbəbi regionun müsəlman xalqlarının müqavimətidir. Bu müqavimət mütləq, nəticə verəcək”.
Həzrət Ayətullah Xamenei bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, İran xalqının 40 illik müqavimətinə işarə edərək dedi: “ABŞ və sionist rejimi səhv edər İran xalqını təhdid edər”.
O, ABŞ-ın İran İslam Respublikasına qarşı yürütdüyü təhdid və sanksiya siyasətlərinin iflasa uğradığına işarə edərək dedi: “İran xalqı müqavimət və Allaha iman, habelə ilahi vədlərə inam sayəsində bütün planlar qarşısında dağ kimi dayanmışdır. Bu gün İslam dövləti və İran xalqı pak bir ağacdır ki, gündən-günə inkişaf edir və gücü daha da artır Bu isə, İslam dünyası üçün bir inkişaf reseptidir”.
İslam İnqilabının Rəhbəri çıxışının sonunda qeyd etdi ki, İslam dünyasının məkrli planlar üzərində qələbə çalmasının yeganə yolu vəhdət, birlik və həmrəylikdir.
İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən ölkə başçısı cənab Ruhani qeyd etdi ki, Allahın rəsulu (s) hər kəsə qarşı təvazökar olmuşdur: “Peyğəmbərin (s) hər kəsin, xüsusilə qadınların üzərində böyük tarixi haqqı vardır. Çünki o qadınlar üçün rəy və fikir bildirmək haqqı tanıyırdı. Halbuki bu haqq ötən əsrə qədər hətta Avropada da rəsmi olaraq tanınmamışdır”.
Cənab Ruhani bildirdi ki, Mədinətün-Nəbi İslam cəmiyyəti üçün bir nümunədir: “Kafirlərin Peyğəmbəri (s) inkar etməsinə, onun özü və silahdaşlarını iqtisadi blokadaya salmasına və sanksiya tətbiq etməsinə baxmayaraq, Peyğəmbər (s) çətinliklərə sinə gərdi və qaşlarını çatmadı”.
Prezident əlavə etdi: “Bu gün də bir qrup insan təkfirçilik şüarı ilə regionda və müsəlman cəmiyyətində sabitliyi pozmuş, İslam və Quran adı altında insanları qətlə yetirmiş, qeyri-sabitlik yaratmış, namusları ləkələmiş və mədəni abidələri dağıtmışdır”.
Cənab Ruhani qeyd etdi ki, öz təkfirçi muzdurlarının əli ilə regionda qeyri-sabitlik yaratmaq, habelə sanksiyalar vasitəsilə İran xalqına təzyiq göstərmək üçün imperialistlərin göstərdiyi səylər nəticəsiz qalacaq: “Regionun fırıldaqçı irqçiləri hər gün Fələstin xalqını qətli-am edir, Yəmən xalqını bombalayır”.
Prezident xristian, yəhudi və müsəlman ifratçıların əməkdaşlıqlarına işarə edərək kinayə ilə dedi: “Necə oldu ki, inək otaranlar və dəvə minənlər bir-birinə çatdılar və bu gün bütün zülm və qəddarlıqları insanlara rəva görürlər?”
Cənab Ruhani qeyd etdi ki, düşmənlərin İslam Respublikası ilə problemi nüvə və HBFP məsələsi deyil: “Onlar deyirlər ki, biz regionda bir iş görəndə siz gözlərinizi yumun. Onlar deyirlər ki, biz İraqda zülm törədəndə, Əfqanıstanın işğalını davam etdirəndə, Suriya xalqını qətlə yetirdikdə, evsiz-eşiksiz qoyduqda, Afrikada sabitliyi pozduqda, təkfirçiləri regiona bəla etdikdə siz heç nə deməyin, susun!”
Prezident əlavə etdi: “Onlar istəyirlər ki, İran, İslam İnqilabından əvvəlki dövrlərdə olduğu kimi davransın, regionun zülmə məruz qalmış insanlarını müdafiə etməsin. Ancaq İslam Respublikası İslam peyğəmbərinə (s) tabe olaraq güclərin təkfir və sanksiyalarından qorxmur”.
Cənab Ruhani: “Qonşularımızı öz qardaşlarımız bilir, regionun təhlükəsizliyini öz təhlükəsizliymiz hesab edir, bütün müsəlmanlara dostluq və qardaşlıq əli uzadırıq”.
Görüşün sonunda İslam İnqilabının Rəhbəri İslam Vəhdət Konfransının qonaqlarından bir neçəsi ilə görüşüb söhbət etdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir