Gülabla dəstəmaz almaq
Sual-1: Gülabla dəstəmaz almaq müstəhəbdirmi?
Cavab: Gülab müzaf (qatışıq) sudur və onunla alınan dəstəmaz batildir.
Ev sahibinin qonağın müstəhəb orucunun qarşısını alması
Sual-2: Qonağın müstəhəb oruc tutmaq istəməsinə rəğmən, ev sahibi qonağa müstəhəb oruc tutmağa icazə verməsə və qonaq da ev sahibinin icazə vermədiyi üçün oruc tutmasa, həmin müstəhəb orucun savabını qazanırmı?
Cavab: Ev sahibinin icazə olmadan və ya ev sahibi qadağan etdiyi halda, qonağın müstəhəb oruc tutması məkruhdur. Əgər qonaq müstəhəb oruc tutarsa, ev sahibi də qonağı yeməyə dəvət edərsə, möminin dəvətini qəbul etmək şəriətdə bəyənilmiş işdir. Mömin qardaşın dəvəti ilə xörək yemək orucu batil etsə də, qonağı həmin orucun savab və əcrindən məhrum etmir.
Sələmçiliklə məşğul olan adamın hədiyyəsi
Sual-3: Bir nəfər mənə bayramlıq verib. Mən də həmin şəxs sələmçiliklə məşğul olduğunu bilirəm. Belə olan halda mənə verdiyi bayramlıq pulu nə edim?
Cavab: Əgər sizə verdiyi bayramlıq pulun haramdan olmasına yəqinliyiniz yoxdursa, həmin puldan istifadə etməyinizin bir problemi yoxdur.
Namazda gözləri yummaq
Sual-4: Namazda fikrini bir yerə toplamaq məqsədi ilə gözləri yummaq olarmı?
Cavab: Namazda gözləri yummağın şəri baxımdan eybi yoxdur. Baxmayaraq ki, rükudan başqa hallarda gözləri yummaq məkruhdur.
Dəri iltihabı
Sual-5: Dəri üzərindəki suluğun (blister) suyu nəcisdirmi?
Cavab: Əgər qanla qarışıq olmazsa, pakdır.
Tısbağanın sidiyi
Sual-6: Tısbağa kimi heyvanların sperması, ifrazatı və sidiyinin hökmü nədir?
Cavab: Atıcı qanı olmayan heyvanların sidik, ifrazat və sperması pakdır. Tısbağanın hansı növ heyvanlardan olmasını təyin etmək mükəlləfin vəzifəsidir.
Aytutulma namazının qəzası
Sual-7: Bir ay bundan əvvəl aytutulma baş verib və mən bunu təzəlikcə bilmişəm. İndi Ayət namazını qəza niyyəti ilə qılmalıyam?
Cavab: Əgər ay kamil şəkildə tutulubsa, qəza niyyəti ilə qılmalısınız.
Nikahın sözlərinin doğruluğunda şəkk etmək
Sual-8: Əgər kişi və qadın öz əqdlərini (nikah siğəsi, kəbin) özləri oxusalar və ərəbcə oxunuşun düzgünlüyü məsələsində şübhəyə düşərlərsə, bu oxunan kəbinin hökmü nədir?
Cavab: Ehtiyat vacibə görə kəbin ərəb dilində səhih və düzgün oxunmalıdır. Əgər bu məsələdə diqqətli olublarsa, kəbinin düzgün oxunuşu ilə bağlı şübhə də kəbin oxunduqdan sonra yaranıbsa, kəbin səhihdir.
Müstəhəb namazı kəsməyin hökmü
Sual-9: Müstəhəb namaz qılarkən ata və ya anamız bizi səsləyərsə, namazı kəsməyimiz vacibdirmi?
Cavab: Əgər cavab verməmək onların inciməsinə səbəb olmazsa, namazı kəsmək vacib deyil.
Müstəhəb namazlarda bir neçə ayə oxumaq
Sual-10: Müstəhəb namazda bir bütöv surə yerinə hər hansı surədən bir neçə ayə deyə bilərikmi?
Cavab: Eybi yoxdur.
Nəcisin əhatə dairəsi ilə bağlı şübhəyə düşmək
Sual-11: Əgər bir şeyin nəcis olduğunu bilsək, amma hansı hissənin nəcis olduğunu bilməsək, hökm nədir?
Cavab: Həmin şeyin paklanması üçün nəcis olduğu ehtimal edilən bütün hissələr yuyulub paklanmalıdır. Sözügedən şey paklanmazdan əvvəl nəmli bir şey onun bəzi hissələrinə toxunarsa, nəcis sayılmaz.