Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Rəhbər “Əllamə Cəfəri” konfransının təşkilatçıları ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin “Əllamə Məhəmmədtəqi Cəfərinin fəlsəfi fikirlərinin tədqiqi” adlı konfransın təşkilatçıları ilə 13 noyabr 2017-ci il tarixində baş tutan görüşü zamanı verdiyi bəyanat bu gün səhər konfransın baş tutduğu “Təbrizin Müsəlla Meydanı”nda yayımlandı.

Bu görüşdə Əllamə Cəfərinin yüksək elmi dərəcələri və təbliğatçılıq xüsusiyyətlərindən danışan Həzrət Ayətullah Xamenei dedi: “Mərhum Əllamə Cəfərinin ən bariz xüsusiyyətlərindən biri əhatəliliyi olmuşdur. Yəni o, konkret bir sahə ilə məhdudlaşmamışdır. Fiqh, fəlsəfə, təbliğat və incəsənət sahələrində üstün biliyə malik olmuş, onların hər biri ilə bağlı məhsuldar fəaliyyətə imza atmış, elm və təfəkkür müstəvisinin heç bir sahəsi onun başqa bir sahə ilə məşğul olmasına mane olmamışdır”.

Əllamə Cəfərinin virtuoz bir şəxsiyyət olduğunu deyən Ali Rəhbər o mərhumun İslam maarifini yaymaq məsuliyyətindən də danışdı: “Əllamə Cəfərinin üstün elmi və intellektual mövqeyə malik olması onun təbliğat fəaliyyətlərinə, gənclər, tələbələr, alimlər, ustadlar və ümumi əhali ilə əlaqələrinə heç vaxt mane olmadı”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Əllamə Cəfəriyə xas olan xüsusiyyətlərdən biri də onun düşüncə və ideoloji sapmalara qarşı dini təəssübkeşlik və məsuliyyət hissinə malik olması idi: “Əllamə Cəfəri dini məsələlərdə çox təəssübkeş və qətiyyətli idi, ideoloji sapmalara qarşı açıq mübarizə aparır, düşmənçiliklərə qarşı müqavimət göstərirdi”.

Həzrət Ayətullah Xamenei Əllamə Cəfəriyə hörmət və ehtiram göstərmək, habelə onun düşüncələrinin ayrı-ayrı yönlərini tanıtdırmaq məqsədi ilə təşkil edilmiş bu konfransdan məmnunluq duyduğunu dedi: “Ümidvaram ki, bu hörmət və ehtiram mərhum Əllamə Cəfərinin şəxsiyyəti və fikirlərinin qəriblikdən çıxmasına səbəb olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /