Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı sanksiyanı iflasa uğratmaqla ABŞ-a sillə vuracaq

Yüz minlik tamaşaçı tutan “Azadi” stadionuna toplaşmış bəsici izdihamı ilə görüşdə ölkənin həlli yolunun gənclər olduğunu vurğulayan İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei hal-hazırkı həssas şəraitlə bağlı bir analiz təqdim etdi: “Amerikalılar hay-həşir, boş-boş danışıqlar və puç fantaziyalarla öz gücləri və İranın vəziyyəti ilə bağlı tamamilə kəllə-mayallaq mənzərə yaratmaq niyyətindədirlər. Ancaq vətənimizin gənclərinin böyük əksəriyyəti və böyük İran xalqı bilir ki, düşmənin sonuncu hücumu olan sanksiyanı iflasa uğratmaqla ABŞ-a bir daha sillə vuracaq. İnşallah belə də olacaq”.

İslam İnqilabının Rəhbəri Zeynəbi-Kübra (s.ə) və Həzrət İmam Səccadın (ə) Aşura hadisəsinin əbədiləşdirilməsində göstərdikləri parlaq və əzəmətli qəhrəmanlıqlardan söz açaraq qarşıdan İmam Hüseynin “Ərbəin” günlərinin gəldiyini dedi: “İran, İraq və digər ölkələrin müsəlmanlarının iştirakı ilə hər il təkrarlanan böyük Ərbəin qəhrəmanlığı Allahın lütfü ilə İslam dünyasının çox böyük ehtiyac duyduğu bir vaxtda formalaşmış çox mühüm bir hadisədir”.

O bildirdi ki, ABŞ-ın imperialist və hegemon rəhbərlərinin hay-həşirləri, mömin gənclərin güc nümayişi, onların ayrı-ayrı meydanlardakı ardıcıl qələbələri, eyni zamanda əhalinin böyük bir hissəsinin məişət sıxıntıları və iqtisadi problemlərinin olması, habelə mövcud problemləri həll etmək üçün İran elitasının xüsusi diqqət və həssaslıqla səy və fəaliyyət göstərməsi ölkənin həssas şəraitinin ayrı-ayrı yönlərindən xəbər verir.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İranın əzəməti, İslam Respubliaksının iqtidarı və İran xalqının məğlubedilməzliyi üç inkaredilməz gerçəklikdir: “Bunlar rəcəz deyil, elə gerçəklərdir ki, düşmən İran xalqının bunlardan xəbər tutmamasını və ya bunları bilməməsini, nəticədə, öz ölkəsinin vəziyyəti və imkanları ilə bağlı yanlış təsəvvürdə olmasını arzu edir”.

Həzrət Ayətullah Xamenei bu üç həqiqətlə bağlı daha ətraflı məlumat verərək İranın əzəmətinin tarixi bir gerçəklik olduğunu dedi: “İslam İnqilabının qələbəsindən əvvəlki 200 il istisna olmaqla (Qacarlar dövrünün ortalarından pəhləvilərin sonuna qədər) əziz İranımız müxtəlif sahələrdə müsəlman xalqların önündə getmiş, hətta müəyyən zaman kəsiklərində bütün xalqlardan öndə dayanmışdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İranın İngiltərə və Amerikanın despot müstəmləkəsindən xilas olması İslam Respublikasının iqtidarının sübutu üçün yetərlidir: “Ölkənin irsi şahənşahlıq və istibdad hökumətinin şərindən xilas olması, son 40 ilin məkrli planlarına müqavimət göstərilməsi, İranın region və dünyadakı hörmət və etibarının artması İslam Respublikasının iqtidarının digər göstəricilərindəndir”.

O habelə vurğuladı: “İslam dövləti 8 illik məcburi müharibə dövründə böyük düşmən cəbhəsi üzərində qələbə çaldı və ölkənin ərazi bütövlüyünü qorumaqla son yüzilliklərdə ilk dəfə olaraq təcavüzkarlara əziz vətənimizi parçalamağa və ya İrandakı sistemin davam etdirilməsi ilə xalqın təhqir edilməsinə imkan vermədi”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İran xalqının məğlubedilməzliyi əziz İslamın bərəkəti sayəsindədir: “Sözügedən məğlubeilməzliyi bu böyük xalqın İslam İnqilabı çərçivəsində əldə etdiyi qələbə, Müqəddəs Müdafiə, habelə son 40 ilin məkrli planlarına qarşı müqavimətdə görmək olar. Belə ki, millət düşmənin müxtəlif plan və tədbirləri ilə qarşılaşdıqda zəiflik, yorğunluq hiss etməmiş, geri addım atmamışdır”.

Həzrət Ayətullah Xamenei siyasi və iqtisadi müharibə arenasını hərbi müharibə arenasına bənzədərək bütün bu sahələrdə təkəbbürün qələbənin bəlası olduğunu dedi: “Qürrələnmək bizi əməlsizliyə, təşəbbüssüzlüyə, plansızqlıq və proqramsızlığa sürükləyir, nəticədə, düşmənin qələbəsinə səbəb olur”.

İnqilabın Rəhbəri əlavə etdi: “Hələ yolun başındayıq, səy, təlaş, yol öyrənmək, şücaət, tədbir və imkanlardan düzgün istifadə etməklə inkişaf yolunu davam etdirməli, xalqın və İnqilabın nəzər nöqtəsi olan zirvəyə çatmalıyıq”.

O, çıxışının mühüm bir hissəsini son qırx il ərzində baş verən dəyişikliklər zamanı gənclərin oynadığı roldan danışmağa həsr etdi: “Əziz gənclər! Bilin ki, böyük milli hərəkat oxunun ucusunuz. Siz yolu açmalısınız. Təcrübəli qocalar da yorulub, halszılaşıb və işdən düşüblərsə, sizə yol göstərə, bələdçilik edə bilərlər. Ancaq bu qatarın aparıcı mühərriki siz gənclərsiniz”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İnqilabın qələbəsindən əvvəl və qələbə vaxtı diktaturaya, İnqilabın ilk illərində isə separatçılara qarşı mübarizədə, quruculuq hərəkatında xalqa göstərilən genişmiqyaslı xidmətlərdə, 60-cı ilin əvvələrində xəyanətkar münafiqlərə qarşı mübarizədə, səkkiz illik məcburi müharibə dövründə, müharibə nəticəsində yaranmış dağıntıların aradan qaldırılması və təmir-bərpa işlərində, 70-ci illərdə düşmənin mədəni hücumlarına qarşı mübarizədə, 80-ci illərin başlanğıcına təsadüf edən elmi sıçrayışda gənclər qabaqcıl və təyinedici rol oynamışdır: “Son illərdə də gənclər terrorizmə qarşı mübarizədə ön sıralarda yer almış, bu gün də elmi və fikri mübarizə meydanında vəzifə və məsuliyyət hissi ilə iqtyisadi problemlərin həllini qarşılarına məqsəd qoyaraq həlledici və yetkin təkliflər irəli sürürlər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ölkənin dörd bir yanında on minlərlə mübariz gənclərdən ibarət təşkilatların olması və onların xüsusilə zəif təbəqədən olan insanlara göstərdikləri sonsuz xidmətlər böyük bir sərmayədir və daha gözəl gələcəyin olacağı müjdəsini verir.

Gənclərin bu ölkənin sahibləri olduğunu deyən Həzrət Ayətullah Xamenei xüsusi bir nüansa toxunaraq dedi: “Bəziləri belə düşünür ki, mənim bəzi gənclərin yanlışlarından və doğru yolda olmamasından xəbərim yoxdur. Əslində, bu cür gənclər qopub düşənlərdir, inkişaf edib artanlar onlardan çoxdur. Mənim gənclərə hörmət və təşəkkürüm bu cür məsələlərlə bağlı yetərincə məlumatımın olmasına əsaslanır”.

Həzrət Ayətullah Xamenei gənclərin ölkənin indi və gələcəyini tam təyin edəcək rolunu diqqətdən kənarda qoyan insanları tənqid edərək dedi: “Bu cür insanlar gəncləri ölkənin problemi kimi göstərməyə çalışır və ya onları ölkənin probleminə çevirirlər. Lakin mən inamla vurğulayıram ki, gənclər ölkənin problemi yox, problemin həlli yoludur”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, ölkənin inkişaf yolu açıqdır. Ancaq bu yolda aşılması vacib olan maneələr, eniş və yoxuşlar var: “İnkişaf yolunu qət etməyin və maneələri aradan qaldırmağın şərtləri var. Bu yolda tələb olunan birinci addım düşmənin varlığını və iştirakını dərk və hiss etməkdir. Çünki insan düşmənin varlığını hiss etmədən lazım olan səngər, mühafizə və silah tədarükü görməz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “ABŞ-ın düşmən olduğunu inkar edən, İran xalqı və dövlətinin ABŞ qarşısında təslim olması üçün resept yazan münafiq, riyakar və rahatlıq axtarışında olan ziyalınüma ABŞ-ın vəkili olmasa da, ölkənin inkişaf meydanının ər kişisi deyil”.

O bildirdi ki, enişli-yoxuşlu inkişaf yolunu qət etməyin ikinci şərti özgüvən və qətiyyətli müqavimətdir: “Ruhiyyəsiz, qorxaq, məyus, tənbəl, fürsətcil və özlərini kiçik görən insanlar bu meydanda başqlarına mane olmaqdan başqa bir hünər göstərə bilməzlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Əlbəttə, ölkə gəncləri, istər İslam inqilabı dövründə olsun, istərsə də keçən qırx ilin ayrı-ayrı mərhələlərində, bu bəlaya düçar olmamış, əsla tərəddüd etməmiş, qorxmamış, hürkməmiş, özünə güvənmiş və cəsarətli olmuşdur ”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, inkişaf yolunda hərəkət etməyin və maneələri adlamağın üçüncü şərti düşmənin təhdidini düzgün anlamaq və döyüş meydanını doğru öyrənməkdir: “Birinci döyüş meydanı İslam və İslam inancıdır. Çünki ABŞ İslam və İslam İnqilabından sillə yeyib, İnqilab ölkənin hər şeyinə hakim olmuş amerikalıların əlini İrandan kəsmişdir”.

İslam İnqilabının Rəhbəri dedi: “Bəzi bəhanəçilər deyirlər ki, İranla düşmənçilik etməməsi üçün ABŞ-ı pisləmək olmaz. Halbuki amerikalıların kin-küdurətinin səbəbi təkcə İran xalqının “Amerikaya ölüm” şüarı deyil. Onlar İslamın özünə və İslam İnqilabına qarşıdırlar. Çünki regionda böyük bir islamçı və inqilabçı gücün yüksəlişindən çox qorxurlar. Bu səbəbdən də ölkənin güc komponenetlərini sıradan çıxarmağa çalışırlar ”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, imperializmin məqsədi İran İslam Respublikasının güc komponentlərinə zərbə vurmaqdır: “Sosial sabitlik və stabillik, təhlükəsizlik və milli birlik, İnqilabın əsas və prinsiplərinə bağlılıq, elmi inkişaf istiqamətində reallaşan inkişaf hərəkətinin davam etməsi, İslam və İnqilab mədəniyyətinin inkişafı və dərinləşməsi, regionda iştirak, müdafiə və raket texnologiyasının inkişafı İslam Respublikasının güc komponentləridir. Düşmənlər bu güc komponentlərinə zərbə vurmağa çalışırlar”.

O bildirdi ki, İran və dünya gerçəklərini düzgün anlamaq və yanlış təsvirlərə aldanmamaq inkişaf maneələrinə qalib gəlməyin şərtlərindən bir başqasıdır: “İran xalqına kin-küdurəti olanlar və onun pisliyini istəyənlər media vasitələrindən, xüsusilə müasir media vasitələrindən istifadə edərək İran, region, habelə özləri haqqında təhrif olunmuş təsəvvür formalaşdırmağa, İran xalqının reallıqla bağlı düşüncələrini dəyişməyə çalışırlar”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, bu cür yanlış təsəvvür formalaşdırılması üsullarından biri ABŞ-ın güc mövqeyində olduğunu təlqin etməkdir: “Amerikalılar sərt güc vasitələrinə malik olsalar da, heç də güc mövqeyinə malik deyillər. Çünki beynəlxalq qarşıdurmalarda gücün əsas və təyinedici faktoru məntiq, arqument və yeni söz hesab edilən yumşaq güc vasitəsidir. ABŞ isə belə məsələlərdə zəifdir. Məntiq və dəlilləri olmadığı üçün hərbə-zorba gəlirlər”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın liberal demokratiyasının rüsvayçı vəziyyətə düşməsinə və dünyada onun tənqid edilməsinə işarə edərək dedi: “Bu səbəbdəndir ki, ABŞ atom gücünə, mütərəqqi texnologiyaya və külli miqdarda maliyyə imkanlarına malik olmasına baxmayaraq, bir çox regionlarda, o cümlədən İraq, Suriya, Livan, Pakistan və Əfqanıstanda məğlubiyyətə uğradı, hələ onu digər məğlubiyyətlər də gözləyir”.

İslam İnqilabının Rəhbəri düşmənlərin İran haqqında yaratdıqları hiyləgərcəsinə və qeyri-real təsvirlərə işarə edərək dedi: “Onlar çalışırlar ki,İran İslam Respublikası haqqında yanlış təsəvvürlər təqdim etməklə dünya əhalisini və İran xalqını öz batil fikirlərinə inandırsınlar”.

O, ölkədə mövcud olan iqtisadi problemlərə toxunaraq dedi: “Amerikalılar bu problemləri əsas götürərək tədbirsiz və ağıldan kəm başlarında xəyallar qururlar. Bu səbəbdən də ABŞ prezidenti Avropanın bəzi liderlərinə deyib ki, iki-üç ay da səbr etsələr, İran İslam Respublikasının işi tamamdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu xəyallar qırx il bundan qabaq İslam Respublikasının altı aya dağılacağını bir-birinə müjdə verən amerikalılar və onların ölkə daxilindəki nökələrinin sözlərini yada salır. Halbuki indi İslam dövlətinin ömründən qırx il keçir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ-ın miskin prezidentinin sevinc və şadlığı İslam İnqilabını və İran xalqını tanımamasının, bu xalqın iman və inqilabçı ruhiyyəsindən xəbərdar olmamasının nəticəsidir: “Bu yanlış analiz keçən qırx ildə amerikalıların səhvə yol verməsinə səbəb olmuşdur. İranın düşmənlərini nadanlardan və əbləhlərdən etdiyi üçün Allaha şükür etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, bizim iqtisadi problemlər və neft iqtisadiyyatı kimi bir eybimiz, qənaət mədəniyyətinin zəif olması və israf kimi problemlərimiz var, ancaq bu, həqiqi nöqsanlar deyil, əsl eyib çıxılmazlıqdır ki, ölkəmizdə də çıxılmazlıq problemi yoxdur”.

O vurğuladı ki, bir qrup insan düşmənə sığınmaqdan başqa bir həll yolunun olmadığını gənclərə təlqin etməyə çalışır: “Düşmən İran xalqının ölkədə çıxılmazlıq olması, ABŞ-ın qarşısında diz çöküb təslim olmaqdan başqa bir yol olmaması qənaətinə gəlməsini istəyir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Mən açıq şəkildə elan edirəm, ölkə daxilində düşmənə qarşı sevgi və rəğbət düşüncəsini yayan insanlar ölkəyə və xalqa ən böyük xəyanəti etməkdədirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Təbii ki, bu baş verməyəcək, Allahın qüdrəti, xalqın və gənclərin dəstəyi sayəsində nə qədər ömrüm və gücüm var, ölkədə belə bir halın baş verməsinə imkan verməyəcəyəm”.

O vurğuladı ki, İran dövləti və xalqının həqiqi siması və mövqeyini tanıyıb tanıtdırmaq lazımdır: “Dünyanın böyük siyasətçiləri və sınaqdan çıxmış siyasi beyinləri, qırx il təzyiqlərə müqavimət göstərdiyi, eyni zamanda inkişafa nail olduğu və nüfuzlu bir gücə çevrildiyi üçün İran xaqlını alqışlayır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ölkənin zəngin coğrafi və iqlim imkanları, işçi qüvvəsi, yerüstü və yeraltı sərvətləri İran reallıqlarındandır: “Biz bu imkanlardan düzgün isitfadə etməmişik. Mənim cavabdeh şəxslərə daim tövsiyəm budur ki, imkanları öyrənib onlardan istifadə etsinlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, gənclər ölkənin faktiki potensialıdır: “Ölkənin əsl siması müxtəlif səhnələrdə öz müdafiə, elmi, mədəni və sosial imkanlarını göstərmiş həmin mömin gənclərdir”.

O, çıxışının davamında ABŞ-ın sanksiyalarından söz açaraq dedi: “Sanksiyaların mövcud vəziyyəti onu göstərir ki, düşmən İslam dövləti ilə mübarizədə iqtisadi sanksiyadan başqa heç bir yol tapmamışdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Ölkənin milli iqtisadiyyatı sanksiyaları iflasa uğrada bilər. Allahın köməkliyi ilə sanksiyaları iflasa uğradacağıq. Sankiyaların iflası Amerikanın iflasıdır. Amerika bu məğlubiyyətlə İran xalqından təkrar sillə alacaq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, bəzi xalqlar üçün örnəyə çevrilmiş ümumrespublika milli və əzəmətli Bəsic təşkilatı İran İslam Respublikasının reallıqlarındandır: “Xalıqn içindən çıxmış bəsicilər ölkənin gerçək portretinin qabarıq nöqtələrindəndir. Bəsic düşmənin təhdidləri qarşısında geri çəkilmir, əksinə, bəsicilərin imanı daha da artır. Bu səbəbdən də düşmən və onun əlaltıları Bəsicə çox qarşıdırlar”.

O qeyd etdi ki, Cihad qrupları, Könüllü qurucular, Nur yolçuları düşərgələri, yürüşlər, etikaf mərasimləri, İmam Hüseynə (ə) həsr edilmiş matəm mərasimləri İranın bir başqa gerçəkləridir: “İran xalqını yaxşı tanımaqdan ötrü bu cəhətlərə diqqət yetirilməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsində aidiyyatı qurumların Bəsic, Cihad düşərgələri və Nur yolçuları karvanlarının fəaliyyətlərinə yardım göstərməyi və onlarla əməkdaşlıq etməyi göstəriş verdi.

Həzrət Ayətullah Xamenei yüz min nəfər tamaşaçı tutan “Azadi” stadionuna toplaşmış bəsicilər izdihamı qarşısında etdiyi çıxışının sonunda bir neçə nüansı diqqətlərə çatdırdı.

O, düşmənin media vasitələrindən istifadə edərək ictimai rəyə təsir göstərmək üçün çalışdığını dedi: “Media vasitələri mühüm əhəmiyyət daşıyır. Əgər düşmənin əlində olsa, təhlükəlidir. Onu müharibələrdə istifadə edilən kimyəvi silaha bənzətmək olar”.

Düşmənlərin radio, televiziya, internet, sosial şəbəkələr və virtual məkandan ictimai rəyə qarşı istifadə etdiyini deyən İslam İnqilabının Rəhbəri kommunikasiya sahəsinin cavabdeh şəxslərinə səslənərək dedi: “Vizual iclaslarda da qeyd etdiyimiz kimi, bu məsələlərə xüsusilə diqqət yetirin, öz vəzifənizə ciddi riayət edin. Alətə çevrilməyin ki, düşmən öz kimyəvi silahından xalqa qarşı istifadə edə bilməsin”.

Vəhdət zərurəti, möhkəm qətiyyət, güc hüssi İnqilabın Rəhbərinin çıxışının sonunda toxunduğu ikinci nüans oldu: “Xalqın, xüsusilə gənclərin meydanda qüdrətli iştirakı, məsul şəxslərin eyni cəhətdə yer alması və eyni sözü danışması, xalqla məsul şəxslərin həmrəyliyi ilə düşmənə güc mesajı vermək lazımdır. Çünki düşmən xalqın sözü, davranışı və həyat tərzində güclü bir birliklə qarşılaşmasa, həyasızlaşacaq”.

Həzrət Ayətullah Xamenei qətiyyətlə vurğuladı: “Ölkənin reallıqları göstərir ki, xalq və gənc nəsil yenidən təhqir edilməmək, yad və düşmən güclərin ardınca düşməmək, əziz İranı izzət və qürurun zirvəsinə qaldırmaq qərarına gəlmişdir. Allahın lütfü ilə bunu etmək gücündə və əzmindədir”.

İnqilabın Rəhbəri bəsicilərin bu gün yüz min nəfərlik stadiona toplaşmasının onların 60-cı illərin ortalarındakı izdihamını xatırlatdığını dedi: “O əzəmətli izdiham ölkə üçün böyük hərəkat və qələbələrlə nəticələndi. İnşallah siz əziz gənclər də elm, fəaliyyət, iqtisadi fəallıq, shibkarlıq, fərdi və sosial fəaliyyətlər, sosial və mədəni şəbəkələr yaradılması, ixtiyari atəşin zəruri tədbirləri sahələrində qələbə və müvəffəqiyyət əldə edəcəksiniz”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /