Komandanlar, döyüşçülər, fədailər və incəsənət nümayəndələrindən bir qrupu “Müqəddəs Müdafiə” həftəsi və Abadanın mühasirədən azad edilməsi münasibəti ilə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Proqramın əvvəlində məcburi müharibənin veteranlarından bir neçəsi Müqəddəs Müdafiə dövrünün müqavimət, şücaət, iman, fədakarlıq və şəhadət xatirələrindən danışdı.
Mərasimdəki çıxışı zamanı Müqəddəs Müdafiə xatirələri və dəyərlərininin yaşadılması bayrağını məsuliyyətlə yüksəkdə saxlayan hər kəsə səmimi qəlbdən təşəkkürünü bildirən İslam İnqilabının Rəhbəri vurğuladı: “Müqəddəs Müdafiə haqqında yazılmış əsərlərin tərcüməsini, bu barədə sənət əsərlərinin yaradılması və filmlərin çəkilməsini ehtiva edən bir hərəkat yaradaraq İran xalqının iman, mübarizlik və məğlubedilməzlik ruhuna malik olması mesajını bütün dünyaya çatdırmaq lazımdır”.
Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə dövrünün döyüşçüləri və onların ailə üzvlərinin xatirələrinin İran xalqının sərmayəsi və əvəzsiz xəzinələri olduğunu dedi: “Bu xəzinələri yaşatmaqla Müqəddəs Müdafiə tarixi ilə bağlı doğru olmayan xəbərlərdən qaynaqlanan tullantıların qarşısını almaq lazımdır”.
O bildirdi ki, Müqəddəs Müdafiə dövrü imperializmin hakim olduğu dünyada güc balanslarının hansı vəziyyətdə olduğunu göstərir: “Müqəddəs Müdafiə döyüşçüləri öz davranışları ilə o dövrün vəhşi, despot, insaf və mənəviyyatdan uzaq olan dünyasının gerçək simasını üzə çıxardılar. Bu sima bütün dünya əhalisinə təqdim edilməlidir”.
İslam İnqilabının Rəhbəri İran xalqının təcavüzkar düşmən olan BƏƏS-lə qarşıladığı vaxt mövcud olan qeyri-bərabər şərtlərindən bir neçə nümunəsinə işarə edərək dedi: “Müqəddəs Müdafiə dövründə İran xalqına minimum imkanlar, təchizatlar, hətta tikanlı məftildən istifadə etməyə icazə verilmədiyi halda, qarşı tərəfə ən müasir müharibə təchizatı, hətta kimyəvi silah da verilmişdi”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün kimyəvi silah iftirası ilə hay-həşir qoparan Qərb dövlətləri məcburi müharibə dövründə Səddam rejiminə təkcə döyüş cəbhələrində yox, Sərdəşt və sair şəhərlərdə istifadə etmək üçün kimyəvi silah verdi”.
O vurğuladı: “İran İslam Respublikası o dövrdə siyasi-iqtisadi sanksiyalara məruz qalmaqla yanaşı, təbliğat sanksiyasına da məruz qlamışdı. İran xalqının səsi eşidilmirdi. Sionistlərin tabeçiliyində olan dünya mediası var gücü ilə anti-İran təbliğatı aparırdı”.
İslam İnqilabının Rəhbəri Fransa və Almaniyanın da Səddam rejiminə silah yardımları göstərdiyinə işarə edərək əlavə etdi: “Nə üçün Fransa və Alman xalqı dövlətlərinin 8 il ərzində İran xalqına qarşı nə etdiklərini bilməməlidir?”
Həzrət Ayətullah Xamenei vurğuladı ki, dünya hal-hazırda imperializmin İran xalqı qarşısındakı şəffaf və rüsvayçı simasını görmür: “Bu bizim səhlənkarlığımızdır. Çünki ədəbiyyat, kino, teatr, televiziya, mətbuat və virtual məkanda Müqəddəs Müdafiə dövrü ilə bağlı görməli olduğumuz bir çox işləri görməmişik”.
O əlavə etdi: “Təbii ki, məsuliyyətlə görülən işlər, həcm etibarı ilə az olsa da, effektiv olmuşdur”.
Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə dövrü ilə bağlı məsələlərin əhəmiyyəti və dərinliyinə işarə edərək dedi: “Qərb festivallarında Müqəddəs Müdafiə dövründən bəhs edən filmlərlə müqayisədə daha aşağı keyfiyyətli bəzi İran filmləri nümayiş etdirilir. Lakin Müqəddəs Müdafiə dövründən bəhs edən filmləri nümayiş etdirməkdən qorxurlar. Çünki bu filmlər imperialist hakimiyyətin dünyadakı qüdrət balansını ifşa edən görüntülərə malikdir”.
O vurğuladı ki, Müqəddəs Müdafiə dövründən bəhs edən ədəbiyyat və incəsənət əsərləri böyük və effektiv silahdır: “Müqəddəs Müdafiə ilə bağlı yazılmış yüksək səviyyəli ədəbi əsərlər ayrı-ayrı xalqların dillərinə tərcümə edilməlidir ki, dünya əhalisi Abadan və Xürrəmşəhr, habelə digər şəhər və kəndlərdə baş verənlərdən, bizim həyata keçirdiyimiz əməliyyatlardan xəbər tutsun və İran xalqının necə xalq olduğunu bilsinlər”.
O əlavə etdi: “Əgər bu gün Müqəddəs Müdafiə dövrünün xatirələri toplanmazsa və bu sərmayə zənginləşdirilməzsə, düşmən müharibə haqqında şübhəsiz ki, ürəyi istədiyi kimi danışacaq. Bu isə, hər kəsin özünə vəzifə bilərək ciddi yanaşmalı olduğu bir təhlükədir”.
İslam İnqilabının Rəhbəri dedi: “Müqəddəs Müdafiə haqqında məlumat verərkən iman, fədakarlıq, sevgi, mübarizə ruhu, habelə şövqlə müharibə meydanına yollanan İran xalqının məğlubedilməzlik mesajı daha parlaq təsvir edilməlidir”.
Həzrət Ayətullah Xamenei dedi: “Bu gün də 8 illik müharibə dövrünün və şəhdilərin mesajını bütün ruhumuzla dinləsək, nə qorxar, nə də qəm-qüssəyə batarıq. Ondan bizə xoşbxətlik, cəsarət və fəaliyyət ərməğan olunar”.
O vurğuladı ki, aidiyyatı qurumlar Müqəddəs Müdafiə dövrü ilə bağlı yazılmış ədəbiyyat və incəsənət əsərlərinin yüz dəfə artırılması işi ilə ciddi məşğul olsunlar: “Əgər bu iş doğru-düzgün yerinə yetirilsə, imperializmin hərtərəfli planı alt-üst olar”.
İslam İnqilabının Rəhbəri sonda vurğuladı: “İnqilabın əvvəlləri və Müqəddəs Müdafiə dövründə İnqilabın gövdəsini kökündən qoparmaq istəyən imperializmin planı iflasa uğradığı və buna görə də imperialist qüvvələr geri çəkilmək məcburiyyətində qaldığı kimi, indi də Allaha təvəkkül etməklə, habelə ciddi cəhdlə çalışaraq bu planı iflasa uğratmaq olar”.
Tədbir zamanı İslam Təbliğatı Təşkilatnın rəhbəri Höccətül-İslam vəl-müslimin Qummi Əhvazdakı terror hadisəsinin ən kiçik yaşlı qurbanı olmuş dörd yaşlı Şəhid Məhəmmədtahir İqdaminin ailəsi tərəfindən İslam İnqilabının Rəhbərinə hədiyyə edilmiş köynəyini Ayətullah Xameneiyə təqdim etdi.
İslam İnqilabının Rəhbəri də öz növbəsində bu qiymətli hədiyyəyə hörmət əlaməti olaraq İslam Təbliğatı Təşkilatnın rəhbərindən, onun səmimi salamlarını və təşəkkürünü kiçik yaşlı şəhidin ailəsinə və Əhvaz əhalisnə çatdırmasını istədi.
Mərasimdə Müqəddəs Müdafiə dövrünün döyüşçülərindən on bir nəfəri çıxış etdi:
İncəsənət sahəsi üzrə Müqavimət Ədəbiyyatı və İncəsənəti İdarəsinin direktoru Mürtəza Sərhəngi
Müqəddəs Müdafiə döyüşçüsü və Ərvənd çayı üzərindəki körpünün layihələşdirilməsinin təşəbbüskarı Mürtəza Babayi Xorasani
Savalan eskadra mina gəmisinin komandiri və Müqəddəs Müdafiə yazıçısı admiral Abdulla Mənəvi
Müqəddəs Müdafiə dövrünün döyüşçüsü Musəvi
Müqəddəs Müdafiə döyüşçüsü və veteranı general Rohambəxş Həbibi
İnqilab döyüşçüsü və incəsənət xadimi Seyyid Məsud Şücai
Müqəddəs Müdafiə dövrünün döyüşçüsü palkovnik pilot Əmir Əli Milan
Abadanın mühasirədə olduğu vaxt Abadan ordusunun korpus rəisinin müavini general Həmid Sərxili
XXI Həmzə divizionunun komandiri briqada generalı Səid Purdarab
XIX Fəcr Fars divizyonunun komandiri briqada generalı Nəbiyyullah Rudəki
Müqəddəs Müdafiə yazıçısı veteran Fatimə Cuşi
Çıxış edənlər Müqəddəs Müdafiə dövrü ilə bağlı xatirələrindən danışdılar.
Müqəddəs Müdafiə dövrünün döyüşçüləri və yazıçılarından bir neçəsi öz əsərlərini İslam İnqilabının Rəhbərinə təqdim etdi.
Bu tədbirdə çıxış edən Silahlı Qüvvələrin qərargah rəisi genral mayor Baqiri Müqəddəs Müdafiə mədəniyyəti və dəyərlərinin qorunması və təbliği sahəsində həyata keçirilmiş proqramlar və fəaliyyətlər haqqında məlumat verdi.
Mərasimdə İslam İnqilabının Rəhbərinin imamətliyi ilə məğrib və işa namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir