Valyuta, sikkə və qızıl alqı-satqısı
Sual-1: Qanuni yolla valyuta və ya qızıl alsaq, ya da öncədən müəyyən miqdarda valyuta və qızılımız olsa, ölkənin hal-hazırki ağır iqtisadi şəraitində sərmayəmizi qorumaq üçün bu valyuta və qızılı saxlasaq (dövriyyəyə buraxmasaq), bunun şəri baxımdan bir problemi varmı?
Cavab: Bu cür işlər aidiyyatı üzrə qanunlara tabedir. Əgər qanunla nəzərdə tutulmuş qadağa yoxdursa, bu işin özü-özlüyündə problemi yoxdur.
Baha satmaq
Sual-2: Mal satarkən üzərinə nə qədər qazanc əlavə etmək olar?
Cavab: Satılan əşyanın üzərinə qoyulmuş qazanc miqdarı zülm həddinə çatmayıbsa və dövlət qanunlarına da zidd deyilsə, eybi yoxdur. Amma daha yaxşı olar, hətta müstəhbdir ki, satıcı xərclərini təmin edəcək qazanc miqdarı ilə kifayətlənsin.
İctimai yerlərdə it al-veri etməyin hökmü
Sual-3: İt al-veri etməyin və evdə it saxlamağın hökmü nədir?
Cavab: Gözətçi, çoban və ov itini alıb-satmağın, habelə bu heyvanları onlara məxsus yerlərdə saxlamağın eybi yoxdur. Daha yaxşı olar ki, tənəzzülə uğramış Qərb mədəniyyətinə xas olan it saxlama formalarından imtina edilsin.
Yarışların nəticələri ilə bağlı proqnoz verilməsində iştirak etməyin hökmü
Sual-4: İnternet üzərindən yarışların nəticələri ilə bağlı proqnoz verilməsi oyununda iştirak etməyin şəri baxımdan problemi vardırmı? Bu vasitə ilə qazanılan pul halaldır, ya haram?
Cavab: Ehtiyat budur ki, bu cür yarışlarda iştirak edilməsin, baxmayaraq ki, iştirak etmək haram deyil. Bu oyunlarda qalib gələn şəxs udduğu mükafatın sahibi ola bilməz. O yalnız bir şərtlə udduğu mükafata sahib ola bilər ki, mükafatın həqiqi sahibi yarışın qalibi üçün təyin edilmiş mükafatı şəri qaydada (hibə, müsalihə və sair şərtlər altında) udanın mülküyyətinə keçirtsin.
Qoyunları istifadəyə yararsız ərazilərdə otarmaq
Sual-5: Qoyunları əhalinin istifadəyə yararsız olan torpaqlarında otarmaq olarmı?
Cavab: Əgər həmin yerlərin bəlli bir sahibi varsa, sahibin icazəsi və razılığı olmadan o yerlərdən istifadə etmək olmaz.
Meyyit namazı qılınan əsnada namaza qoşulmağın şərtləri
Sual-6: Meyyit namazı qılınan əsnada namaza hansı şərtlərdə qoşulmaq olar?
Cavab: Meyyit namazı qılınan əsnada namaza çatan şəxs pişnamaza iqtida edə və təkbirlərdə ona tabe ola bilər. Belə ki birinci təkbirini deyib məhz elə birinci təkbirlə bağlı vəzifəsinə əməl edərək şəhadəteyni deyəcək. Pişnamaz, tutaq ki, özünün üçüncü təkbirini deyəndə, o da özünün ikinci təkbirini deyəcək - Peyğəmbər (s) və Əhli-Beytinə (ə) salavat göndərəcək. Pişnamaz namazını tamamladıqdan sonra imkan daxilində qalan təkbirləri və duaları qısa da olsa, özü deyəcək. Əgər fürsət olmasa, elə dayandığı yerdə qalan təkbirləri bir-birinin ardınca duasız deməlidir.
Borc əvəzinə sədəqəni götürmək
Sual-7: İmkansız bir şəxsə müəyyən məbləğdə borc pul vermişəm. Digər tərəfdən də onun üçün sədəqə niyyəti ilə müəyyən məbləğdə pul ayırmışam. İndi onun üçün ayırdığım sədəqəni həmin borcun əvəzinə götürə bilərəmmi?
Cavab: İmkansız adama verdiyiniz pulu sədəqə hesab edə və onun üçün ayırdığınız sədəqəni də özünüzə götürə bilərsiniz.
Yanmış meyyitlərin qüsl, kəfən və dəfn edilməsinin hökmü
Sual-8:
a)Yanğın zamanı bir neçə müsəlman və qeyri-müsəlman yanıb və cəsədləri bir-birinə qarışıb. Belə ki həmin cəsədlərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığı halda, onların qüsl, namaz və dəfni ilə bağlı vəzifəmiz nədən ibarətdir və bu barədə hökmünüz nədir?
b) Qeyd olunan şəraitdə onların arasında qadın da olarsa və onun da cəsədi tanınmaz halda olarsa, vəzifəmiz nədir?
Cavab:
a) Sualda qeyd olunan şəraitdə onların hər birinə qüsl vermək, kəfənləmək və digər vacib əməlləri yerinə yetirilməsi vacibdir.
d) Həmin cənazələrə müsəlman qadın və kişi libasın üstündən qüsl verməlidir.
Meyyitə cəbirə qüslü verilməsi və təyəmmüm etməyin hökmü
Sual-9: Cəsəd yara olarsa və yaralardan qan gələrsə, ona cəbirə qüslü vermək olarmı? Əgər cəbirə qüslü vermək olarsa, bu necə yerinə yetirilir? Cəbirə qüslü vermək olmazsa, cəbirə təyəmmümü etmək olarmı? Olarsa, necə?
Cavab: Meyyitə tez və təcili qüsl vermək vacib deyil. Cəsədin qanı daynana qədər gözləmək lazımdır. Əgər qanaxma dayanmasa, gips və bu kimi vasitələrlə qanın qarşısını alsınlar. Qan dayandıqdan sonra gipsi yuyub meyyitə qüsl versinlər.
Meyyitə təyəmmüm etmək
Sual-10: Su olmayan yerdə meyyitə qüsl əvəzinə neçə təyəmmüm lazımdır?
Cavab: Meyyitə qüsl vermək üçün su tapılmazsa, üç qüslün əvəzinə ona qüsldəki ardıcıllıqla üç təyəmmüm edilməlidir. Ehtiyat müstəhəbbə görə, bir təyəmmüm də hər üç qüslün əvəzində verilməlidir.
Meyyitə irtimasi qüsl vermək
Sual-11: Meyyitə irtimasi qüsl vermək olarmı?
Cavab: Ehtiyat vacibə görə, meyyitə bu üç qüslün əvəzinə verilən irtimasi qüsldə qüsllərdən hər birindən ötrü meyyiti tamamilə suyun altına batırmaq kifayət etmir. Amma hər üç qüsldə meyyitin üzvlərini tərtibi qüsldəki ardıcıllıqla kür suya batırmaqla bunu yerinə yetirmək olar.