Qadının öz pulundan Allah yolunda xərcləməsi
Sual-1: Qadın ərinin icazəsi olmadan ərinin ona verdiyi dolanışıq xərcindən və ya öz şəxsi gəlirindən Allah yolunda xərcləyə bilərmi?
Cavab: Eybi yoxdur və (qeyd edilən halda) ərin icazəsi şərt deyil.
Yarımoturaq vəziyyətdə təşəhhüd
Sual-2: Camaat namazında yarımoturaq vəziyyətdə olan məmum təşəhhüdü camaat imamı ilə birlikdə demələdir, yoxsa imam təşəhhüdü sona çatdırana qədər sakit dayanmalıdır?
Cavab: Təşəhhüdü demək vacib deyil, hər halda müstəhəbdir.
Rəngli ayaqqabı geymək və rəngli yaylıq örtmək
Sual-3: Gənc bır xanımam. Soruşmaq istəyirdim ki, rəngli ayaqqabı geymək və rəngli yaylıq örtməyin hökmü nədir?
Cavab: Hicab qadının bütün bədənini (üz və əldən başqa) tam örtməklə yanaşı, həm də elə olmalıdır ki, haməhrəmin diqqətini cəlb etməsin.
Dua edərkən qadının örtünməsi
Sual-4: Dua edərkən, yəni məsumlara (ə) salam göndərdiyimiz ziyarətnamə və duaları (məsələn, "Camee-yi-Kəbir" və "Əhd duası" kimi ziyarətnamə və duaları) oxuyarkən qadın mütləq hicablı olmalıdırmı?
Cavab: Qeyd olunan yerlərdə naməhrəm olmazsa, hicab vacib deyil.
Müstəhəb namazların qəza namazı niyyəti ilə qılınması
Sual-5: Müstəhəb namazları qəza namazı niyyəti ilə qılmaq olarmı? Məsələn, iki rükət gecə namazının yerinə iki rükət Sübh namazının qəzasını qılmaq kimi?
Cavab: Qeyd olunan halda qılınan namaz qəza hesab ediləcəkdir, gecənin nafiləsi yox.
Atanın oğula hədiyyə etdiyi pulun xümsü
Sual-6: Tələbəyəm və atam hər həftə mənə müəyyən miqdar cib xərcliyi verir. Mən də həmin pulları bankda açdığım hesaba yatırıram. İndi mən xüms verməliyəmmi?
Cavab: Atanızın sizə bağışladığı pula xüms düşmür. Amma həmin pulla gəlir əldə edilərsə və xüms ilinin başınadək də gündəlik məişət xərclərinə sərf edilməzsə, sözügedən gəlirə xüms düşəcəkdir.
Yaşda və yolda böyük olanların qeybət məclisi
Sual-7: Ata, ana, xala və sair kimi böyüklər qeybət etidkləri vaxt onlara xəbərdarlıq verməliyəmmi? Əgər verməliyəmsə, bunu necə etməliyəm?
Cavab: Əgər hər hansı məclisdə qeybət ediləcəyini bilsəniz, həmin məclisdə iştirak etməyiniz icazəli deyil. Qeybətə cəhd edilən və ya qeybətə yol verilən bir məclisdə "nəhy əz münkər" etmək (insanları pis işlərdən çəkindirmək) üçün şərait olarsa, bunu dilinizlə və sözdə etməyiniz vacibdir. Hər halda, bir müsəlmanın qeybətini eşitsəniz, qeybəti edilən adamı müdafiə etməlisiniz.(1)
Əqiqə(2) heyvanları
Sual-8: Əti halal olan istənilən heyvanı "əqiqə" niyyəti ilə qurban kəsmək olarmı?
Cavab: Əqiqə qurbanı qoyun (qoyun və ya keçi), inək və dəvədən olmalıdır. Xoruz, toyuq və bu kimi heyvanları kəsmək kifayət etmir.
Qız və oğlan uşağı üçün kəsilən əqiqənin fərqi
Sual-9: Qız uşağı üçün kəsilən əqiqə ilə oğlan uşağı üçün kəsilən əqiqə fərqlidirmi?
Cavab: Fərqi yoxdur. Amma müstəhəbdir ki, oğlan uşağı üçün erkək və qız uşağı üçün dişi heyvan əqiqə edilsin.
Murdar olmuş heyvanın qeyri-müsəlmana satılması
Sual-10: Əgər bir heyvan murdar olarsa və ya şəri qaydalara uyğun kəsilməzsə, həmin heyvanın ətini və o ətdən hazırlanmış məmulatları qeyri-müsəlmanlara satmaq olarmı?
Cavab: Həmin əti - istər müsəlman olsun, istərsə də qeyri-müsəlman - yemək məqsədi ilə heç kimə satmaq olmaz.
Dəniz bitkiləri
Sual-11: Yemək hazırlanmasında dəniz bitkilərindən istifadə etmək olarmı?
Cavab: Eybi yoxdur.
İbadətdə vasvasılığa etina etmək
Sual-12: İbadətlərdə vasvasılığa etina etmək haram olmaqla yanaşı, əməlin də batil olmasına səbəb olurmu?
Cavab: Vasvasılıq üzündən namazda hərəkətlərin təkrar edilməsinə icazə verilmir və təkrarçılıq namazı batil edir. Habelə vasvasılıq üzündən qiraəti və zikrləri təkrarlamaq olmaz. Bu davranış, ehtiyat vacibə əsasən əməli batil edir. Amma dəstəmaz və qüsldə vasvasılıq üzündən əməlin təkrar edilməsi haram olsa da, qüsl və dəstamazı batil etmir. Bir şərtlə ki, qüsl və dəstamazın düzgünlük şərtlərindən biri pozulmamış olsun. Dəstəmazda sol əli iki dəfədən çox yumaq və ya dəstəmazdan kənar su ilə məsh edilməsini buna misal göstərə bilərik.
1. “Qeybəti edilən adamın müdafiəsi” deyilərkən qeybət edən adamın qeybəti olunan adama aid etdiyi sözlərin inkar edilməsi nəzərdə tutulur. Məsələn, “Filankəs haram və nahaq mal yeyib” deyilərkən, biz “Haradan bilirsən? Bəlkə alver edib, bəlkə halal mal olub” deməliyik. Əgər vəziyyət yozula biləcək həddə olmasa, onda “Ola bilsin artıq tövbə edib, Allahdan bağışlanma diləyib” deməliyik.
2. Əqiqə - Uşaq doğulduqdan sonra onun adına kəsilmiş qurbanlıq heyvana deyilir. Əqiqə qurbanını uşaq dünyaya gəldiyi həftə, ona ad qoyduqdan sonra kəsmək müstəhəbdir.